• cümə, 19 Aprel, 23:38
  • Baku Bakı 24°C

Müəllimlər, sertifikatlaşmaya hazırsınızmı?

26.09.18 09:00 6222
Müəllimlər, sertifikatlaşmaya hazırsınızmı?
"Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək. Belə ki, gələn ildən ölkə üzrə müəllimlərin sertifikatlaşdırılması sisteminin tətbiqinə başlanılması planlaşdırılır. Qeyd edək ki, sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında” qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar.
Təhsilin səviyyəsinin müəllimin səviyyəsindən asılı olduğu qənaətinə əsas verəcək sertifikatlaşdırmada əsas hədəf müəllimlərin səviyyəsinin artırılmasıdır. Məhz bunun nəticəsidir ki, bundan sonra hər 5 ildən bir təhsilverənlərin sertifikasiyası keçiriləcək. Bildiyimiz kimi, əmək qanunvericiliyinə əsasən idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər 5 ildən bir attestasiyadan keçirlər. Bu məsələ ümumtəhsil müəssisələrində sertifikasiyadan keçmə ilə əvəz olunur. Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.
"Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Odur ki, müəyyən müddətdən bir müəllimlər biliyini nümayiş etdirməlidirlər.Hazırda sertifikatlaşdırmanın qaydaları, onun keçirilmə ardıcıllığı üzərində iş aparılır. Sertifikatlaşdırma birdəfəlik proses olmamalıdır. Hər bir müəllimin 5 ildən bir həmin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulur”- deyə təhsil naziri Ceyhun Bayramov bildirib. Nazirin sözlərinə görə, sertifikatlaşdırma nəticəsində daha dəqiq ölçmələr və daha detallı məlumatlar əldə ediləcək: "Həmin prosesin davamlı olması ona işarə edir ki, hər bir müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi bir stimul olacaq”.
Sertifikasiya müvafiq icra hakimiyyəti tərəfindən aparılacaq. Üzrlü səbəblərdən sertifikasiyadan keçə bilməyənlər 1 il müddətində təkrar iştirak hüququna sahib olacaqlar. Hamilə qadınlar, ilk dəfə işə qəbul olunanlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiya olunmayacaq.
Təhsilin inkişafına yönəlmiş addım
Müəllimlərin sertifikasiyasını konseptual baxımdan tamamilə fərqli proses adlandıran təhsil eksperti Asif Cahangirov bildirir ki, bu zaman hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydada dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji fəaliyyəti müəyyənləşdirilir: "Sertifikatlaşdırma prosesinə müsbət yanaşıram. Bu, beynəlxalq praktikada da var. ABŞ-ın bir neçə ştatında 5-7 ildən bir müəllimlər sertifikasiyadan keçirilir. O cümlədən qonşu Gürcüstanda ingilis dilini mükəmməl bilən, imtahan nəticələri yaxşı olan müəllimlər daha çox əməkhaqqı alırlar. Düşünürəm ki, bu sistemi bizdə də tətbiq edilsə, əla nəticələr əldə etmək olar. Bunun məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin zəmanəyə, müasir təhsilə nə dərəcədə uyğun olmasını yoxlamaqdır”.
Ekspertin fikrincə, sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq. Belə ki, bu, ilk növbədə müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir: "Sertifikatlaşma nəticəsində müəllim müəyyən dövr üçün müasir tələblərə cavab verəcək və istənilən məktəbdə işləmək üçün müsabiqələrə qoşula biləcək. Müəllimlik dünyada nüfuzlu sahələrdən biridir. Amma bu sahədə əməkhaqqı azdır. Ümumiyyətlə, müəllimlər dünyanın bir çox ölkələrində az əməkhaqqı alırlar. Düşünürəm ki, bu sahədə çalışan insan yaxşı əməkhaqqı almalıdır ki, işini də keyfiyyətli görə bilsin, gördüyü işdən zövq alsın. Sertifikatlaşma imkan verəcək ki, imtahanda yaxşı nəticə göstərən müəllimlər yüksək əməkhaqqı alsınlar. Bu təklif həm də rəqabəti artıracaq”. Sertifikasiyanın diaqnostik qiymətləndirmədən fərqinə gəlincə, ekspert bildirir ki, diaqnostik qiymətləndirmə bir sınaqdır. Belə ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Diaqnostik qiymətləndirmə Azərbaycanın bir sıra rayonlarında müəllimlərin hazırlıq səviyyəsi və pedaqoji səriştələrinin hansı səviyyədə olmasını müəyyən etmək üçündür. Bu diaqnostikanın nəticəsində Təhsil Nazirliyi düzgün olaraq sertifikatlaşdırma xəttini seçib. Bu, dünya təcrübəsində yenilik deyil, düzgün yanaşmadır. Çünki təhsil daim inkişaf edən sahədir. Bu sistemdə çalışan müəllim müasir tendensiyaları anlamalı, qəbul etməli və ona uyğun olaraq öz peşəkarlıq səviyyəsini yüksəltməlidir».
Formal xarakter daşımasa
Sertifikatlaşdırmanı attestasiyanın adının dəyişdirilmiş forması hesab edənlər də var. Belə ki, fərq sadəcə sertifikasiyadan keçən müəllimin bilik və bacarığına müvafiq olaraq, diferensial əməkhaqqının tətbiq edilə biləcəyidir.
Sertifikatlaşdırmanın bütün dünyada çox məşhur olduğunu deyəntəhsil eksperti Etibar Əliyev isə müəllimlərin sertifikasiyasını attestasiyadan fərqli proses hesab edir: "Attestasiya sertifikasiya ilə identik ola bilməz. Sertifikasiya mahiyyətcə tamamilə fərqli prosesdir: hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və s. daxil ola bilər. Düşünürəm ki, sertifikasiya baş tutandan sonra attestasiyanın adı ümumiyyətlə çəkilməyəcək”.
Ekspert diaqnostik qiymətləndirməni ağıllı addım hesab edərək bu prosesinsertifikatlaşdırmaya yalnız köməyi olacağını düşünür: "Ancaq müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi ilə müqayisədə sertifikatlaşdırma daha dolğun sənəd olar. Çünki diaqnostik qiymətləndirmədə müəllimə biliyinin qiymətləndirilməsi ilə bağlı hər hansı sənəd verilmir. Ancaq sertifikasiya zamanı müəllim konkret olaraq sertifikat qazanır. Bu da bəlli müddət ərzində müəllimin tədris fəaliyyəti ilə məşğul olmasına şərait yaradır. Həm də sertifikatlaşdırma müəllimin üzərinə daha çox məsuliyyət qoyma baxımından ciddi prosedur sayılır”. Ekspertin fikrincə, pedaqoji işçilərin sertifikasiyasıonların peşəkar kompetensiyalarının daxili qiymətləndirilməsidir və müəllimin sosial statusunun yüksəldilməsinə xidmət edir: "Qərbdə müəllim üçün 2 diplom vacibdir: universitet hazırlığı diplomu və peşəkar yararlılıq diplomu. Bu baxımdan, sertifikasiya daha önəmlidir”.
Qərbdə müəllimlərin təkmilləşməsinin həmişə gündəmdə olan məsələ olduğunu deyən ekspert hesab edir ki, təkmilləşmə bütün hallarda sertifikasiya prosesinin həyata keçirilməsinə yardımçı olur: "Burada dərs deyən müəllimin bakalavr, yaxud magistr ali təhsilli olması da önəm kəsb edir. Məsələn, Finlandiyada yalnız magistr pilləsini bitirən şəxslər dərs demək hüququna malikdirlər. Sertifikasiyalaşma anlayışı sonradan düşünüldü və bu, formal xarakter daşımasa, yaxşı nəticələr verə bilər”. Sertifikatlaşdırmanın test yolu ilə və ya şifahi müsahibə şəklində keçirilməsi ilə bağlı təkliflərə gəlincə, ekspertin fikrincə, bu üsulların keçirilməsinin hansı effektinin olacağı haqqında düşünmək lazımdır: "Hər halda bu gün gündəmdə incə bir məsələ dayanır: proqramın yerinə yetirilməsində müəllim öz bilik və bacarığını nümayiş etdirsin. Bunun üçün də müəllimdə bir sıra bacarıqlar formalaşdırmaq lazımdır. Həmin bacarıqların qiymətləndirilməsi məhz sertifikatlaşdırmada ehtiva olunur. Bu, bir müzakirə formasıdır, ancaq bütün hallarda sertifikatlaşdırma ciddi prosedurdur və bu prosesin şəffaf formada həyata keçirilməsi yaxşı müəllim nəslinin yetişməsinə səbəb ola bilər”.
Həm diaqnostik qiymətləndirmə, həm də attestasiya öncəsi müəllimlərin keçirdiyi həyəcanı əvəz edən yeni bir həyəcan – sertifikatlaşdırma da özü ilə bağlı çoxlu suallar gətirir. Təbii ki, sualların hamısına daha dəqiq cavab yalnız proses başlayandan sonra tapılacaq...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər