• çərşənbə axşamı, 19 mart, 11:58
  • Baku Bakı 8°C

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

08.09.16 13:00 6455
Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?
Orta ümumtəhsil məktəblərində, xüsusən də ibtidai siniflərdə oxuyan şagirdlər üçün sinif müəllimləri çox vaxt kulta çevrilir. Uşaqlar müəllimə o qədər alışırlar ki, nəinki onun tədris metodunu sevir, hətta jestlərini, mimikasını, hərəkətlərini əzbərləyir, özlərini ona oxşatmağa çalışırlar. İbtidai sinif pilləsində bəzən müəllimin məktəbdən ayrılıb sinfi yarıda buraxması, az hallarda olsa belə sinif müəlliminin dəyişdirilməsi və s. bu kimi hallar şagirdlər tərəfindən ruh düşkünlüyü ilə qarşılansa da, valideynlər bu məqama daha narazı yanaşırlar. "Sinif müəllimlərinin yarı pillədə dəyişdirilməsi nə qədər dogrudur? Bu, uşaqların fənləri mənimsəməsinə mane olacaq”- deyə məktəb rəhbərliyinə, öz aralarında bir-birlərinə və ya digər şəxslərə sual ünvanlayırlar. Onlar övladlarının üz-gözünün öyrəşdiyi və dilini bildikləri müəllimlərinin dəyişməsinin, həmçinin onların tədris metodunun əvəzlənməsinin heç vəchlə tərəfdarı deyillər.

"İbtidai sinifdə sinif müəlliminin dəyişdirilməsi halı baş verərsə, bu, gerçəkdən tədris prosesinə necə təsir edir? Ən mühümü, prosesin uşağın psixologiyasında qoyacağı iz keçicidirmi? Yoxsa şagird ibtidai sinif pilləsində yalnız eyni müəlllimlərdən dərs almalıdırmı?” suallarına cavab axtararkən təhsil ekspertlərinin fikirləri də haçalanır.
Yalnız zəruri məqamda

Təhsil eksperti Etibar Əliyevin fikrincə, əgər ibtidai sinif müəllimi hər hansı bir sinfin rəhbərliyini götürübsə, o sinifdə 1-ci sinifdən 4-cü sinfə qədər tədrisi aparmalıdır. Belə ki, müəllim məktəbdən yalnız hansısa səbəblərdən ayrıla bilər: "Əgər I-IV siniflərdə ciddi bir səbəb yoxdursa, müəllimin başqa bir müəllimlə əvəz olunması yolverilməzdir. İbtidai sinif müəllimi 1-ci sinifdən başlayaraq əlifbadan nisbətən çətin mətnlərə, rəqəmlərdən riyazi əməliyyatlara doğru – sadədən mürəkkəbə sinif-sinif hərəkət edir. Ola bilsin ki, yeni müəllim özü ilə yeni metod gətirsin. Bu, müəyyən dərəcədə inkişafa da səbəb olar, eyni zamanda, sinifdəki mühiti bir qədər poza da bilər”. Hazırda müəllimlərin işə qəbulu ilə bağlı prosesin yekunlaşdığını, vakant yerlərə yeni müəllimlərin qəbul olunduğunu deyən ekspertin fikrincə, əgər məktəbdə vakant yer varsa belə, bu, ibtidai sinif müəlliminin dərsinin parçalanması ilə nəticələnməməlidir: "Konkret olaraq ibtidai sinif müəllimi müəyyənləşdirilmiş tədris planına uyğun olaraq fənləri tədris edir. Ona görə də imtahan vermiş və qəbul olmuş istər ibtidai sinif, istərsə də digər fənn müəllimləri başqasını əvəz etməlidir. Çünki onlar hər hansı səbəbdən məktəbdə yaranmış vakant yerlər üçün imtahan verirlər. Ancaq hesab edirəm ki, bu cür nüanslar məktəblərdə çox azdır. Sadəcə, ibtidai sinif müəllimi hər 4 ildən bir yenilənməlidir. O, buraxılışı olan sinfin – ibtidai sinif pilləsini bitirmiş şagirdlərin orta təhsil pillələrində necə irəlilədiklərini, bu prosesdə boşluq və uğurların nədən ibarət olduğunu izləməlidir”. Ekspertin fikrincə, müəllim yalnız zəruri məqamda – əgər hansısa vacib bir səbəb üzündən məktəbdən ayrılıbsa, əvəzlənə bilər: «Kimsə tədris ilinin ortasında məktəbi tərk edəcəksə, onun yerinə müəllim cəlb edə bilərlər».
Müxtəlif müəllimlərdən dərs alma...

İbtidai sinif müəlliminin adi fənn müəllimlərindən tam fərqli xüsusiyyətə malik olan şəxs olduğunu deyən Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, ibtidai sinif müəllimi ilk növbədə məktəbə yenicə addım atmış uşağın təhsilə, məktəbə, sinfə, sinif yoldaşlarına, müəllimlərə olan münasibətlərinin formalaşmasına səbəb olandır: "Bütün bu dərketmələri formalaşdırdıqdan sonra sosial mühit və məktəb mühitinə yiyələnmiş olan uşaq artıq şagird kimi yuxarı sinif müəllimlərinin qarşısına çıxır. Fənn müəllimləri ən əsası digər fənlərin öyrənilməsini artıq dinləməyi bacaran, yazmağı, saymağı bacaran hazır şagirdə ötürür. Deməli, ən böyük əziyyət məhz ibtidai sinif müəllimlərinin üzərinə düşür”. Araşdırmalara istinad edən ekspert bildirir ki, əksər ibtidai sinif müəllimləri heç də özləri tam məsuliyyəti dərk etmədən səthi olaraq uşaqlarla çalışır: "Onlar ilk növbədə özləri tam vətənpərvər deyillər, həmin müəllimlər öncə məktəbi, dövlətini, torpağını, flora və faunanı, ətraf aləmi dərindən özləri sevməlidirlər ki, özlərində mövcud olan bu hissləri qarşısındakı şagirdlərinə də ötürə bilsinlər. Bu hissləri öyrətməklə deyil, öz əməlləri ilə ötürməlidirlər. Ən böyük uğur öz müsbət bilik və mükəmməl bacarıqlarını, xeyirli əməllərini gənc nəslə ötürməkdir”.
İbtidai sinif müəllimlərinin dəyişməsinə gəlincə, ekspert hesab edir ki, bu, tədris prosesinə heç bir mənfi təsir göstərə bilməz. Belə ki, nə qədər çox müəllim fərqliliyi olsa, bir o qədər də şagirdlərin müxtəlif xarakterə və öyrətmə metodikasına malik olan müəllimlərlə ünsiyyəti yaranar: "Çox köhnə zamanlarda bir müəllim yalnız bir sinfə dərs deyərdi, bu da təbii ki, o dövrlərdə müəllim qıtlğı ilə əlaqədar idi. Artıq dövr dəyişib, bir–birindən savadına, bacarığına, metodiki fəaliyyətinə və mükəmməlliliyinə görə fərqlənən müəllim ordusu var. Bu müəllim ordusu, xüsusilə də ibtidai siniflərdə dərs deyənlərin uyğun fənlərə görə istisaslaşması, dərs deməsinin heç bir ziyanı yoxdur. Əksinə, şagirdlərin daha dərin bilgilərə yiyələnməsi məhz bilikləri müxtəlif müəllimlərdən almasından formalaşacaq”.
Ekspert valideynlərə səslənərək öz dövrlərindəki təhsillə müasir dövrün təhsilini eyniləşdirməməyi, hər il yeniliklər baş verdiyini və bundan sonra da olacağını bildirir: "Çünki illər irəlilədikcə, təhsildə də müasirləşmə gedir. Bizlər də bu axının qarşısını heç cür ala bilmərik, alsaq da özümüz ziyan çəkə bilərik. Ziyan ona görə çəkərik ki, zəmanədən geri qala bilərik… Bizim şagirdlərimizin hərtərəfli inkişafı və mükəmməlləşməsi üçün, uğura doğru getməsi üçün ibtidai sinifdə müxtəlif müəllimlərdən dərs almasının böyük xeyri var. İdman dərsini idman müəlliminin deməsinin, riyaziyyat, xarici dil, informatika, Azərbaycan dili, rəsm və digər fənlərin daha da ixtisaslaşmış müəllimlər tərəfindən keçirilməsinin heç bir ziyanı olmaz. Bu yanaşmanı valideynlər özləri dərindən dərk etməli, anlamalıdır”. A.Həsrətin fikrincə, bu prosesin daha dərindən anlaşılması üçün məktəblərdə bu məsələ ilə bağlı ciddi və düzgün maarifləndirmə işləri aparılmalıdır.

Ekspert hesab edir ki, şagirdin həmişə eyni müəllimdən dərs alması daha dar çərçivənin yaranmasına səbəb ola bilər: "Əsas odur ki, şagirdlər uşaq yaşlarından müxtəlif istiqamətli bilik əldə olunması üçün müxtəlif müəllimlərlə üzləşsinlər. Bu zaman daha keyfiyyətli və daha dərin bilik qazana bilərlər”.
Yolverilməz vəziyyət
60 saylı Klassik Gimnaziyanın ibtidai sinif müəllimi Ulduz Ocaqova isə ibtidai sinif müəlliminin dəyişdirilməsini yolverilməz hesab edir. Yəni bu kimi dəyişiklik şagirdlərə ciddi təsir edə bilər: "Belə vəziyyət uşaqların psixologiyasında iz qoyar. Çünki uşaq bir və ya iki il ərzində bir müəllimə öyrəşdisə, həmin müəllim dəyişiləndə bu, uşağın psixologiyasına mənfi təsir edər”. U.Ocaqova ibtidai sinif müəllimi kimi çalışdığı 24 il ərzində əldə etdiyi təcrübəyə əsasən deyir ki, hətta sinifdə bir uşaq yerini başqa məktəbə dəyişəndə bu ona psixoloji təsir edir: "Həmin şagirdə digər müəllim nə qədər isti münasibət göstərsə də, o, əvvəlki sinif yoldaşlarını və müəllimlərini daha əziz bilir. Düşdüyü mühitə hələm-hələm öyrəşə bilmir. Uşaq ikinci dəfə gələn müəlliməyə alışmaqda çətinlik çəkir, depressiyaya düşür, aqressivləşir. Bəlkə gələn müəllimə əvvəlki müəllimədən daha savadlıdır, metodikası güclüdür, ancaq bu, uşaqlar üçün mənfi təsirdir”.

Psixoloqlar isə bu kimi halların uşağın şəxsi keyfiyyətlərindən, psixoloji durumundan da asılı olduğunu bildirirlər. Yəni uşaq var ki, duruma tez alışa bilər, uşaq da var ki, prosesi çətin yaşayar, ruh düşkünlüyünə qapılar. Hərçənd sinif müəllimlərinin dəyişməsi tez-tez baş verən proses deyil. Ən mühümü belə vəziyyətdə şagirdlərin digər müəllimin tədris metodologiyasına həmişəlik yadlaşmaması, yeni müəllimə və onun yaratdığı mühitə tezliklə alışmasıdır. Psixoloqların dediyi kimi: "Bu işdə valideynlərin də üzərinə mühüm vəzifə düşür: özləri ilə bərabər övladlarını da ruh düşkünlüyündən xilas etməli, dəyişikliyə alışmalı və qəbul etməli”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər