• çərşənbə, 24 Aprel, 17:01
  • Baku Bakı 27°C

Müəllim öz elektron poçtuna “sayt” deyirsə... - araşdırma

13.08.13 09:06 2832
Müəllim öz elektron poçtuna “sayt” deyirsə... - araşdırma
“İnternet resurslardan istifadəni müəllimlər əllərinə almasalar, onlar nəinki zamandan, hətta şagirdlərdən də geri qalacaqlar”. Bu həyəcan təbili ölkənin ali, orta ixtisas və ümumtəhsil məktəblərinin qapısını döyməklə onlardan təkcə hazırkı dövrün tələblərinə uyğunlaşmağı yox, həm də müasir təhsildə elektron tədris resurslarının rolunun əvəzsiz olduğuna inamı tələb edir.
Bəs ölkə məktəblərinin bütünlüklə “Elektron təhsilə keçid”i astanasında real mənzərə necədir? Təhsil müəssisələri, pedaqoji heyət prosesə nə qədər hazırdırlar?
Bu kimi suallara cavab axtararkən “Elektron təhsilə keçid” şüarının gerçəkləşməsi üçün hələ çox vaxtın lazım olduğu qənaətinə gəldik.
Tədris resurslarının yoxluğu
Müasir dövrdə elektron təhsil resurslarının əhəmiyyətini yüksək qiymətləndirən Milli İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması istiqamətində bir sıra addımlar atıldığını bildirir. Belə ki, 2005-ci ildən başlanan proses təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Dövlət Proqramının qəbul olunması ilə nəticələnib. Daha sonra 2008-2012-ci illəri əhatə edən daha bir Dövlət Proqramı qəbul olunub. Bu proqram çərçivəsində təhsildə müxtəlif istiqamətlərdə işlər həyata keçirilib. “Təhsil müəssisələrinin kompyuterlə təchizi, müəllimlərin hazırlığı üçün təlimlərin keçirilməsi, elektron tədris vəsaitlərinin hazırlanması və s. istiqamətlərdə xeyli addımlar atılsa da, hazırda gözə görünən əsas problemli sahələrdən biri elə elektron tədris vəsaitləri ilə bağlıdır. Belə baxanda görürük ki, məktəblərə xeyli sayda vəsaitlər verilib. Bu, 50 faizə qədər məktəbi əhatə edir və yaxşı göstərici deyil. Bir sıra məktəblərdə avadanlıqlar, texnologiyalar olsa da, bunların tədris prosesinə inteqrasiyası yetərli deyil. Yəni tədris prosesinin qurulmasında bu texnologiyadan daha effektiv istifadə etmək olar. Bu effektiv istifadənin qarşısını alan məqam da məhz elektron tədris resurslarının olmamasıdır». Dünya təcrübəsindən danışan MİF prezidenti qeyd edib ki, Avropa ölkələrində hansısa fəndən bir dərs üzrə resurs axtaranda kifayət qədər elektron resurslar tapmaq mümkün olduğu halda, bizdə vəziyyət fərqlidir: “Azərbaycanda dərs üzrə resurs axtarsan ya bir dənə tapmaq mümkündür, ya da ümumiyyətlə, yoxdur. Ona görə də qarşıdakı dövrdə ciddi diqqət yetiriləsi məqamlardan biri hər bir fənnin, dərsin və bölmənin multimedia vəsaiti ilə bağlıdır. Elektron vəsaitlər, animasiyalar, elektron cədvəllər hazırlanmalıdır”. O.Gündüzün sözlərinə görə, hazırda Təhsil Nazirliyində bu istiqamətdə həyata keçirilən layihə – Elektron Təhsil Müsabiqəsi layihəsi üzrə müəllimlər özləri elektron təhsil resursları təqdim edirlər. Belə ki, həmin resurslar internetə pulsuz yerləşdirilir və yüzlərlə müəllim ondan istifadə edir: “Bu, müəllimlərin hesabına hazırlanır və keyfiyyəti də yetərli olmur». MİF prezidentinin fikrincə, məktəblərin internetləşdirilməsinə xüsusi diqqət yetirilməlidir: «Hələ məktəblərdə geniş zolaqlı, sürətli və keyfiyyətli internetlə bağlı böyük problemlər var. Təhsil müəssisələrinin informasiyalaşdırılması distant təhsil formasının tətbiqinə də kömək edəcək». Müəllimlərin internetdən istifadəsinə gəlincə, MİF prezidenti hesab edir ki, burada seçim onların özünün üzərinə düşür: “Bu, artıq dünyanın tələbidir. Hələ ki, bəşəriyyət bundan effektiv texnologiya kəşf etməyib. Müasir dövrdə internet, mobil və kompyuter texnologiyası biliyin, bacarıqların uşaqlara çatdırılması üçün ən əsas vasitələrdən biridir. Bunun üçün müəllimlər hazırlanmalı, həm ictimai qurumlar, həm də dövlət tərəfindən müəllimlərin hazırlanması üçün işlər görülməlidir. Təhsil Nazirliyi tərəfindən aparılan təlimlərin keyfiyyətinin artırılmasına daha çox diqqət yetirilməlidir”. MİF prezidentinin fikrincə, müəyyən mərhələdə – bir neçə təlimdən sonra internetdən istifadə edə bilməyən müəllimlərin attestasiyası keçirilməli və attestasiya qaydaları sərtləşdirilməlidir: “Əgər müəllimlər məsuliyyətsizlik edib öyrənmirlərsə, hesab edirəm ki, onların attestasiyasına yenidən baxılmalıdır. Attestasiyadan uğursuz keçənlər təhsillə üzüşməlidirlər». MİF prezidenti hesab edir ki, ümumiyyətlə, elektron tədris resursları ilə bağlı ölkəmizdə yeni dövlət proqramının hazırlanmasına ehtiyac var.
Məktəbin şəraiti imkan vermir...
M.İ.Cuvarlinski adına orta məktəbin ibtidai siniflər üzrə direktor müavini Lətafət Həsənova «Hələ ki, müsbət bir fikir söyləyə bilmərəm”- deyə elektron təhsillə bağlı ümidsiz danışdı: “Məktəbdə sinif otaqlarının hamısında kompyuter yoxdur. Bu il ortaqlarımızda kompyuterlərin quraşdırılması heç gözlənilmir. Bu, həm də təmirlə bağlıdır. Özünüz bilirsiniz ki, hər şey də məktəbdən asılı deyil. Hələlik məktəbin şəraiti tam internetə keçidə imkan vermir». Direktor müavini həmçinin məktəb müəllimlərinin hamısının da elektron təhsilə hazır olmadığını bildirir: «Müəllimlərin səviyyəsini də o dərəcədə qənaətbəxş hesab etmirəm. Elə müəllimlərimiz var ki, yaşlıdırlar. Ola bilsin ki, bəzi cavan müəllimlərlə iş görmək mümkün oldu. Bəlkə otaqda şərait qurulsa, yaşlı müəllimlərlə də nəsə alındı. Əgər əlinin altında internet yoxdursa, texnologiyalardan istifadə etmirsənsə, bu barədə danışmaq çətindir. Elə müəllimlər var ki, evində internet yoxdur. O, internetdən istifadəni haradan biləcək?” L.Həsənova hesab edir ki, indiki şagirdlər müasir texnologiyalara daha tez yiyələnirlər: “Onlar bu sahədə bizdən savadlıdırlar. Şagirdlərin əksəriyyəti evlərində internetə qoşulur. Valideynləri də onlara nəzarət edir. Şagirdlər müntəzəm məşğul olduqları üçün daha çox məlumatlıdırlar».
Tutaq ki, internetlə təmin olundu...
Əməkdar müəllim Almaz Həsrət hesab edir ki, məktəblərin təkcə internetlə təmin olunması hələ hər şey demək deyil. Belə ki, internetdən istifadə edən, təhlükəsizlik qaydalarını bilən və s. pedaqoji heyət olmalıdır. İlk növbədə həmin heyəti maarifləndirməyə ehtiyac var: «Bu istiqamətdə ən yaxşı addım mütəxəssislər tərəfindən kursların təşkili ola bilər. Müxtəlif bölgələrdə maarifləndirmə işləri eyni qaydada aparılmalıdır. Son vaxtlar QHT-lərin çoxu təhsillə bağlı öz kurslarını təşkil edirlər. Hər kəs də bunu öz bildiyi yöndə həyata keçirir. Çox istərdim ki, bu, bir yöndə, bir mənbədən və bir xətt üzrə həyata keçirilsin”. A.Həsrətin fikrincə, müəllimlər həm iş fəaliyyətinə, həm də dünyagörüşünə görə yenilənməlidirlər: “Elə ailələr var ki, ümumiyyətlə, kompyuterin varlığına pis baxırlar. Elə bilirlər ki, internet tamamilə başqa pəncərədən baxışdır. Bilmirlər ki, internet dünyaya baxışdır. Təəssüf ki, müəllimlərin özlərinin bəziləri internetdən istifadə qaydalarını bilmirlər. Müəllim özü istifadə edə bilmirsə, demək, şagirdə də aşılaya bilmir və bu, ailə üçün də qaranlıq qalır. Müəllimə qaranlıq qalan məqamlar həm şagird, həm də cəmiyyət üçün zülmət deməkdir. Müəllim istifadə qaydalarını bilsə və onun qaydalarını şagirdə öyrətsə, bu, sözsüz ki, ailəyə də daxil olacaq. Bakı məktəblərinin əksəriyyətində internetə çıxışın olması ilə əlaqədar müəllimlərin də əksəriyyəti ondan istifadə qaydalarına yiyələniblər». İnternetdən istifadə mədəniyyətinin zəruriliyini vurğulayan A.Həsrət prosesdə müəllimlərin rolunu önəmli sayır: «Əgər bu, məndə bir müəllim kimi varsa, bunu şagirdə düzgün ötürə bilirəmsə və həmin şagird bu qaydaları ailədə düzgün tətbiq etməyi bacarar və elektron resursların yaradılmasında özü şəxsən iştirak edərsə, valideynlər də bunu dəstəkləyəcəklər». A.Həsrət müasir texnologiyalar sahəsində şagirdlərin müəllimlərdən irəli getməsini inkar etmir:
«Bu, realdır. İndiki dövrün şagirdləri texnoloji cəhətdən müəllimlərdən üstündürlər. Müəllimdə elmi bilik yüksək, texnoloji bilik zəifdir. Öz üzərində işləməyi bacaran müəllim elmi biliklə texnoloji bilik arasında balans yaradır və şagirdi keçir. Əgər müəllim sinifdə öz elektron poçtuna “sayt” deyirsə, onda şagird müəllimin zəif bildiyini anlayır və onun tədrisə marağı azalır. Biz müəllimlər qat-qat üstün olmağa çalışmalıyıq. Əgər müəllimin özündə istək varsa, o, müxtəlif üsullar tapıb öyrənər. Elə müəllimlər var ki, məktəb direktoru onu kursa məcburi göndərir. Əgər öyrənmək istəmirsə, ya gedib öz repetitorluğu ilə məşğul olsun, ya da ənənəvi təhsili əldə tutub saxlayırsa, yaradıcı müəllimə yer versin». Hazırda Bakının və ölkənin müxtəlif rayon məktəblərinin müəllimləri tərəfindən fənn saytlarının yaradıldığını qeyd edən A.Həsrət müəllimlərin elmi biliyinin elektron versiyaya köçürülməsinin üstünlüklərini vurğulayır: «Müəllimlər xeyli həvəsləniblər. Bununla belə, prosesin tam həyata keçməsi üçün təxminən 5 il vaxt lazımdır. Bu müddətdən sonra hansısa uğurdan danışmaq olar. Çünki mən özüm biologiya fənni üzrə www.biologiya.org saytını 5 ilə hazırlamışam. Bir var, şagirdə gözəyarı «get, filan mövzunu hazırla» - deyəsən və o da gedib kor-koranə axtarış eləsin, bir də var biz öz dilimizdə bu resursları yaradaq. Öz doğma dilimizdə bu resursları nə qədər tez yaratsaq, o qədər faydalı olar. Bütün bunlar üçünsə maarifləndirmə kursları yüksək səviyyədə aparılmalıdır».
Bizimçün yeni, əslində dünya ölkələri üçün cığırları bəlkə də çoxdan köhnələn “Elektron təhsil” layihəsinin vədləri ilə nəticələri arasında böyük bir fərqin olmaması üçün mütəxəssislərin də dediyi kimi, hələ bir müddət də gözləmək lazım gələcək. Müddəti isə yəqin ki, yuxarıda sadalanan həlli vacib işlərin hansı minvalla həyata keçməsi göstərəcək...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər