Müəllim və tələbələr dərsə milli geyimdə gəliblər - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU)
universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevin ötən
ay tələbələrlə görüş zamanı irəli sürdüyü "Milli adət-ənənələrimizi yaşadaq”
adlı təşəbbüs həyata keçirilib. ADU-nun İnformasiya Departamentindən "Kaspi”yə
bildirilib ki, təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və
tələbələri dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir
elementini əks etdirən tərzdə gəliblər.
ADU-nun rektoru vəzifəsini
icra edən professor Dünyamin Yunusov Azərbaycan xalqının özünəməxsus tarixi, mədəniyyəti
və adət-ənənələrinin olduğunu bildirib. O, xalqımızın mədəni həyatında mühüm
yer tutan milli geyimlərin universitet əməkdaşları və tələbələri tərəfindən təbliğ
edilməsini yüksək qiymətləndirib. Dünyamin Yunusov xalqımıza xas olan dəyərləri
unutmamağın vacibliyini vurğulayıb.
Tələbələrin vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə
bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi
daşıyan layihəyə əsasən hər ayın bir günü universitet tələbələrinin könüllü
olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks
etdirən tərzdə gəlməsi nəzərdə tutulub.
Təşəbbüs çərçivəsində
milli musiqi proqramı təşkil olunub. Proqramda Asəf Zeynallı adına Musiqi
Kollecinin muğam üçlüyü, aşıq İlham Aslanbəyli, Dövlət Televiziyasının solistləri-Mirələm
Mirələmov və Kamilə Nəbiyeva, həmçinin ADU-nun tələbələrinin ifası maraqla
qarşılanıb.