• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

Müəllim valideynlə necə əlaqə yaratmalıdır? - Araşdırma

28.10.16 11:03 4508
Müəllim valideynlə necə əlaqə yaratmalıdır? - Araşdırma
"İstəmirəm müəllim mənim dərsdə şuluqluq saldığımı, ya da dərsimi yaxşı oxumadığımı gündəliyimə yazsın. Çünki direktor, ya da evimizə gələn qonaq gündəliyimə baxanda görəcək, mən də pis olacam. Anama vatsapdan da yazmağını istəmirəm, çünki başqası vatsapımızı açıb baxsa, görəcək. Amma telefonla danışsa, anamdan başqa bu danışığı heç kəs eşitməyəcək”. Bunu bizimlə söhbətində 2-ci sinif şagirdi Mustafa dedi.
Hər şeyin yol-yolağasını böyük adamlar kimi izah edən Mustafa deyir ki, müəllimi gündəliyinə onun barəsində nəsə yazanda pis olur: "Bir dəfə belə oldu. Müəllimimi çox sevsəm də, özümü yaxşı hiss etmədim. İndi xalam bizə gəlib gündəliyimi istəyəndə vermək istəmirəm ki, müəllimin səs salmağımla bağlı qeydini görəcək”.
Bir müddət öncə orta məktəblərdən birində müəllimin uşağın gündəliyinə yazdığı qeyd sosial şəbəkələrdə və KİV-də müzakirələrə səbəb oldu, birmənalı qarşılanmadı: "Hörmətli valideyn, övladınız musiqi dərsində Üzeyir Mehdizadənin repertuarından "Yarım” mahnısını oxuduğu üçün onu cəzalandırmışıq. Xahiş edirik, övladınızla maraqlanın”.
Çoxları müəllimin gündəlikdə qeyd yazmasını düzgün saymasa da, müəllimin düz etdiyini deyənlər də az olmadı. Bəs müəllim valideynlə necə ünsiyyətə girməlidir? Onun evinə getməlidir, telefonuna zəng etməlidir, sosial şəbəkələr vasitəsilə əlaqə saxlamalıdır, yoxsa ən gözəli elə şagirdin gündəliyinə yazmaqdır? Mövzunu araşdırmaq üçün bütün tərəflərin - şagirdlərin, müəllimlərin, valideynlərin, təhsil ekspertlərinin və psixoloqların fikrini aldıq.

"Müəllim uşağın xarakterini nəzərə almalıdır”

Dörd uşaq anası valideyn Cəmalə Yusifli deyir ki, uşaqlarının hərəsi müxtəlif xarakterə malikdir: "Məsələn, kiçik qızımın müəlliməsi bilir ki, Lamiyə çox həssasdır, söz götürməyi, özünə söz dedirtməyi sevmir. Buna görə də müəllimə hər uşaqla onun xüsusiyyətinə uyğun davranır. Məsələn, heç vaxt Lamiyənin gündəliyinə etdiyi səhv hərəkəti, yanlışı yazmır, bunu birbaşa mənə deyir. Amma müəllimi böyük qızımın gündəliyinə nəsə yazsa, bunu ürəyinə salmayacaq və normal qəbul edəcək. Məncə, müəllim uşağın xarakterini, hansı uşaqla necə davranmalı olduğunu bilməlidir. Bilməlidir ki, hansı uşağın birbaşa gündəliyinə yazmalı, hansı uşağın valideyninə zəng etyməli, yaxud valideyn iclasında deməlidir. Əgər uşaq hiperhəssasdırsa, etdiyi hansısa yanlışı uşağın xəbəri olmadan valideynlə ayrıca danışıb deyə bilər. Nəticədə, valideyn hansısa yolla uşağını yaralamadan onun dəyişməsini təmin edər”.
Cəmalənin 7-ci sinifdə oxuyan böyük qızı Humay anasının dediklərini təsdiqləyir. Humay müəllimin şagirdin gündəliyinə onun nöqsanını yazaraq valideyninə çatdırmasına normal baxır: "Müəllim uşaqları bir-birindən ayırmayıb, səhv edəndə hamının gündəliyinə yazırsa, bunu normal qarşılayaram. Amma təkcə mənim gündəliyimə yazsa, inciyərəm. Müəllimin anama zəng etməyinin tərəfdarı deyiləm. Mənim səhvimi demək üçün zəng etsə, anam o dəqiqə həyəcanlanacaq ki, gör nə boyda səhv etmişəm ki, müəllim telefonla zəng edib”.

Uşaq zaman-zaman gündəliyini açıb, həmin səhifəni görərsə...

Təhsil eksperti Kamran Əsədov
isə bizimlə söhbətində bildirdi ki, uşağın davranışındakı hər hansı pozğunluğun, dərsə zəif hazırlaşmasının, yaxud dərsini yaxşı oxumamasının gündəlikdə, yəni müvəffəqiyyət kitabçasında qeyd olunması heç də yaxşı hal deyil: "Çünki məktəblinin müvəffəqiyyət kitabçası il boyu şagirdin yanında olacaq və zaman-zaman həmin səhifəyə qayıdanda onun psixologiyasına mənfi təsir göstərəcək. Buna görə də gündəliyə nəsə yazılmasının tərəfdarı deyiləm. Düzdür, bu gün informasiya əsrində yaşayırıq və müəllimin əlində daha çox imkanlar var ki, valideynlə qısa müddətdə əlaqə yaradıb çatışmazlıqları aradan qaldırsın. Amma müəllim-şagird, müəllim-valideyn münasibətləri hansısa texnoloji vasitə ilə yox, ilk növbədə məktəblərdəki Məktəb İcmaları vasitəsilə yaradılmalıdır. Yəni şagirdin hazırlıqsızlığı o, evə getmədən məktəbin daxilində həll edilməlidir. Valideynlər şəxsi problemləri, işdəki müəyyən gərginlikləri ucbatından bir az əsəbi ola və bu zaman evdə övladlarına qarşı sərt cəza tədbirləri həyata keçirə bilərlər. Yaxud bir çox şagirdlər müəllimin gündəliklərində qeyd yazdığı vərəqi qoparır və ya valideynlərinə demirlər. Bu da şagirdlərdə yalançılıq vərdişləri yarada bilər. Buna görə də ilk növbədə sinif rəhbərləri, valideyn icmaları bu məsələni müzakirəyə çıxarmalı və sinif rəhbəri həmin şagirdi nəzarət altında saxlamalıdır ki, bu tip problemlərdə özünü kiçildilmiş, alçaldılmış hiss etməsin”.
Müsahibimiz pedaqoji qaydalara görə, şagirdin məktəbli kitabçasına qeydlərin yazılmasının o qədər də yaxşı qəbul edilmədiyini dedi: "Doğrudur, gündəliyin aşağısında sinif rəhbərinin qeydi üçün yer ayrılıb. Amma təəssüflər olsun ki, biz onu istənilən müəllimin qeyd yeri və valideynlə məktublaşması kimi qəbul edirik. Amma bu, doğru deyil. Ümumilikdə hesab edirəm ki, istər sosial şəbəkələrdə, istərsə də vatsapda qrup yaradaraq müəllimin şagirdlərin vəziyyəti ilə bağlı valideynlərə məlumat verməsi müəyyən qədər doğru hesab edilə bilər. Amma bu, rəsmiyyəti və ciddiliyi aradan qaldıra bilər. Sosiallaşmaq yaxşıdır, əlaqələri gücləndirir, amma rəsmiyyəti və ciddiyyəti aradan qaldırdığına görə burada təkcə dərs məsələləri müzakuirə olunmur. Azərbaycan reallığı, milli mentalitetimiz var, orada digər məslələlər də müzakirə oluna bilər, yaxud müəllimə nələrsə təklif oluna bilər. Buna görə də mən müəllim-valideyn münasibətlərinin şəxsi müstəvidə deyil, məktəbdə olan valideyn komitələri, icmaları tərəfindən həyata keçirilməsinin və bunların hər birinin rəsmiləşdirilməsinin, sənədləşdirilməsinin tərəfdarıyam”.

Müəllimlər nə düşünür?

Yasamal rayonu 308 saylı məktəbin ibtidai sinif müəlliməsi Həcər Əliyeva
hesab edir ki, valideynlə hansı vasitə ilə əlaqə saxlamaq problemin böyüklüyündən və uşağın xarakterindən asılıdır: "Uşaq özünü yaxşı aparmırsa, onun gündəliyində valideyninə yazmaq olar ki, mənimlə əlaqə saxlayın. Amma uşaqdan-uşağa fərq var. Elə uşaq var ki, söz götürməyi sevmir və beləsinə deyirsən ki, bu dəfə nöqtə qoyuram, amma gələn dəfə belə olsa, gündəliyinə yazacam. Bu zaman uşaq özünü yığışdırır. Amma uşaq həssas deyilsə, deyilən söz ona heç təsir etmirsə, gündəliyinə yazmaq olar. Belə uşağa pis təsir etməyəcək. Əslində bu da bir tərbiyə metodudur. Qoy uşaq görsün ki, müəllim dedi və dediyini etdi”.
H.Əliyeva deyir ki, əgər valideyn gündəlikdə yazılanı oxumursa və onunla telefonla danışmaq mümkün deyilsə, evlərinə də getmək olar.
İbtidai sinif müəllimi Natavan Dəmirova deyir ki, valideynlə əlaqə yaratmaq üçün telefona o qədər də ehtiyac yoxdur, ən yaxşısı gündəlikdir: "Əgər uşağın gündəliyinə tez-tez yazıb, onu buna alışdırsaq, onun üçün adi hala çevriləcək. Uşaq gərək həmişə sənədi sayılan gündəliyinə nəsə yazılmasından ehtiyat etsin”.
N.Dəmirova da lazım olanda şagirdlərin gündəliyində valideynlərinə xitabən qeydlər edir: "Amma əvvəlcə bir-iki dəfə xəbərdarlıq edirəm. Xəbərdarlıqdan sonra nəticə olmasa, onda yazmaq olar. Mən yazmağı həmişə son ana saxlayıram. Düşünürəm ki, əgər müəllim əvvəldən uşaqla səmimi münasibət qurubsa, onun gündəliyinə nəsə yazsa, ortada inciklik olmayacaq. Münasibət səmimi deyilsə, ortada qərəz varsa, onda əlbəttə, valideyn də, uşaq da narazı qalacaq”.

Məsələyə psixoloq yanaşması

Psixoloq Aydan Talıbovanınfikrincə, müəllim valideynə zəng etmək məcburiyyətində deyil: "Valideyn özü uşağı ilə maraqlanmalıdır. Müəllim kritik durumlarda telefonla əlaqə saxlaya bilər. O halda ki, valideyn müəllimin gündəliyə yazdığına baxmırsa, uşağı ilə maraqlanmırsa. Amma bu, o demək deyil ki, müəllim hər gün valideynə zəng etməlidir. Ən yaxşısı budur ki, valideynlər özləri yaxınlaşıb uşaqları haqqında məlumat almalıdırlar”.
Psixoloq Hüseyn Xəlilov isə həmkarından fərqli düşünür. O, müəllimin valideynlə ən yaxşı ünsiyyət vasitəsinin telefon, ya da canlı ünsiyyət olduğunu deyir: "Uşaq özünü yaxşı aparmayanda, dərsini yaxşı oxumayanda, müəllimin gündəliyinə yazdığını cıra, valideynindən müxtəlif bəhanələrlə gizlədə bilər. Həssas uşaqdırsa, stress keçirə, həmin gün evə getməyə, stresdən nitq qüsuru, kəkələmə yarana bilər. Bu, uşaqların şəxsiyyətinə bağlıdır. Elə uşaq var ki, özünə qiymət verəndir, eləsi var ki, özünü qiymətləndirmir və s. Buna görə də müəllim hər bir şagirdə fərdi yanaşmalıdır. Ən yaxşı çıxış yolu müəllimin iradlarını valideynlə üzbəüz görüşüb deməsi, yaxud telefonla danışmasıdır. Müəllim valideyndən uşağın etdiyi hərəkətlərin səbəblərini öyrənə bilər; ailədənmi qaynaqlanır, ailədə hansısa problemmi var, yaxud bəlkə dostları ilə aralarında nəsə baş verib və s. Müəllimin boynuna düşən vəzifə valideynə suallar verib uşağın vəziyyətini öyrənmək və buna uyğun davranmaqdır”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər