“Müəllim, kompüterdən nə vaxt istifadə edəcəyik?”

“Müəllim, kompüterdən nə vaxt istifadə edəcəyik?”

Cəmiyyət
22 Noyabr 2012, 09:17 1663
“Müəllim, kompüterdən nə vaxt istifadə edəcəyik, dərsi niyə kompüter otağında keçmirik? Niyə işləmir ki?” və s. kimi ifadələr bir neçə il əvvəl orta məktəb şagirdlərinin tez-tez işlədilən sualları olub. Söhbətin nədən getdiyini hər halda müəyyən etdiniz. Hətta, yadımdadır 2002-2003-cü illərdə təhsil aldığım müəssisədə də bu suallar tərəfimizdən tez-tez səslənib. Ona görə ki, o vaxt məktəblərə bir, yaxud iki kompüter verilirdi.

Bizim məktəb də ucqar rayonda yerləşdiyindən cəmi bir kompüterimiz vardı. Ondan istifadə edən şagird isə həmin gün özünü xoşbəxt hiss edirdi. Nə yalan deyim, əvvəl bir-iki dəfə mənim də əlim dəymişdi həmin kompüterə. Amma, az sonra o bircə kompüterimiz də üzümüzə bağlandı. Səbəb kimi göstərilirdi ki, ya kompüter işləmir, ya da hansısa səbəbdən icazə yoxdur.

Lakin sevindirici haldır ki, bu gün respublika ərazisində hər 27 şagirdə bir kompüter düşür. Yəni orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Lakin Təhsil Nazirliyində keçirilən son kollegiya iclasında təhsil naziri Misir Mərdanovun orta məktəblərə verilən kompüterlər barədə açıqlaması bu mövzunu yenidən gündəmə gətirdi. Noyabrın 17-də keçirilən kollegiya iclasında M.Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompüterlərin təyinatı üzrə istifadə edilməməyini kəskin tənqid edib. Nazirin sözlərinə görə, bəzi rayonlarda dövlət vəsaiti hesabına alınan kompüterlər icra başçılarının katibəsinin, ya da məktəb direktorlarının katibəsinin evindədir. M.Mərdanov dövlətin puluna alınan vəsaiti belə israf etməyin cinayət olduğunu deyib. O qeyd edib ki, bu cür qanunsuz fəaliyyətlə məşğul olan adamlara 1 ay vaxt verilir: “Əgər bu müddətdə aşkarlanan nöqsanları düzəltməsələr, o şəxslər haqda cinayət işinin qaldırılması üçün müraciət edəcəyəm”.

Nazirin “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə” Dövlət Proqramının nəticəsi ilə bağlı verdiyi məlumatda göstərilir ki, 4 min 522 məktəbdən 3769-u kompüterlə təmin olunub. Proqramın nəticələrindən biri kimi qeyd olunub ki, məktəblər üzrə hər 27 şagirdə 1 kompüter düşür. Bu proqramın nəticəsi olaraq məktəblərə 31700 kompüter verilib, onlarınsa 21 min ədədi “Kür” şirkətinə məxsus olub. Amma aparılan araşdırmalar göstərir ki, məktəblərə verilən kompüterlərin də mütləq biri direktorun, biri katibənin otağında, kompüter az olan məktəblərdə isə təkcə direktorun otağındadır.

Səbəbsə məktəbin dəftərxana işlərinin görülməsi göstərilir. Baxmayaraq ki, idarəçilikdə işlədilən bu kompüter də şagird sayına düşən kompüter kimi hesablanır. Məlumatda həmçinin bildirilir ki, rayon məktəblərində də vəziyyət ürəkaçan deyil. Belə ki, kompüterlər ya istifadə olunmur, ya da direktorların otağındadır.

Nazirliyin yuxarıda qeyd olunan məlumatlarını oxuduqdan sonra belə bir sual yaranır: Deyək ki, əvvəllər kompüterlərin sayı az idi deyə, istifadəsi də məhdud idi. Madam ki, hər 27 şagirdə bir kompüter düşür, indi nədir problem, nə üçün məktəblərdəki kompüterlər tam olaraq şagirdlərin istifadəsinə verilmir?

Ekspertlər bunu məktəblərdə bu işlə məşğul ola biləcək mütəxəssislərin olmaması ilə əlaqələndirirlər. XXI əsr Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev hesab edir ki, orta məktəblər kompüterləşdirilərkən heç bir müəllim hazırlığı həyata keçirilmədi. İndi isə məktəblərin zirzəmiləri kompüterlərlə doludur: “Təxminən hər 30 şagirdə bir kompüter düşür. Sonra başa düşdülər ki, şagirdlərə dərs keçəcək nə müəllim var, nə texnologiya ilə bağlı dərsliklər var. Bu səbəbə görə, hazırda acınacaqlı vəziyyət yaranıb. Mümkündür ki, bir neçə məktəbdə kompüterlər işlək vəziyyətədir, müəllimlər var. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda 4 mindən çox orta məktəb var. Rayonlarda isə vəziyyət acınacaqlıdır. Kənd məktəblərində kompüterdən istifadə, internetə daxil olma kimi problemlərlə yanaşı, müəllim çatışmazlığı da mövcuddur”.

Təhsil məsələləri üzrə digər ekspert Nadir İsrafilov isə problemə bir az geniş yanaşdı. O qeyd etdi ki, hər dəfə təhsil nazirinin açıqlamalarını eşidəndə adamın yadına “Uzaq sahillərdə” filmindən bir fraqment düşür – yenə də həmin dalğa, həmin kordinant: “Söhbət ondan gedir ki, hər dəfə hamıya bəlli olan problemlər sadalanır, səmimi etiraf edilir, günahkarlar təhsil sferasında deyil, başqa məkanda axtarılır, gələcəyə ünvanlanan təkliflər və vədlər olur və ictimaiyyətdən kömək umulur və s. Mən 35 illik pedaqoji təhsil müddətimin 25 ilini Bakı Təhsil İdarəsində işləmişəm. Proseslərin içində olmuşam. Məktəblərə kompüterlərin verilməsi 1999-2000-ci ildən başladı. Əvvəl ayrı-ayrı məktəblərə, 2005-ci ildən sonra kütləvi şəkildə bütün məktəblərə kompüterlər verildi. Amma həmin kompüterlər verilərkən onların internetə qoşulması, işlədilməsi və s. işləri bilən mütəxəssislər yox idi. Biz praktik olaraq həmin məktəblərə yoxlamalara gedirdik və görürdük ki, məktəblərə verilən həmin kompüterlər elə qablardaca zallarda, yaxud anbarlarda yığılıb qalıb. Dəfələrlə bu məsələ qaldırılmışdı ki, kompüterlər istifadə edilsin və konkret otaqlara yerləşdirilsin. Ondan sonra kompüterlər daha çox moda düşdü və nazirin dediyi kimi, direktorların katibələri onları evlərinə apardı, yaxud katibələrin istifadəsinə verildi. Bunlar yeni məsələ deyil. Mənə təəccüblü gələn neçə illər keçəndən sonra Misir Mərdanovun bu məsələləri kollegiya səviyyəsinə çıxarmasıdır”.

Ekspert kollegiya iclasının necə təşkil olunmasından da söz açdı: “Əgər bu məsələyə toxunuruqsa, aydınlıq gətirməliyik ki, kollegiyaya çıxarılan hər hansı bir məsələ “bişirilir”, sonra kollegiyaya çıxarılır. Sonra müvafiq günahkarlar cəzalandırılır, yaxud kimsə rəğbətləndirilir və s. Amma hamıya məlum olan faktların sadalanması kollegiya deyil, burada deyilməlidir ki, hansı direktor vakantı gizlədib, kim günahkardır, onlar müəyyən edilməli və ortaya nəticə qoyulmalıdır. Təhsil Nazirliyinin sonuncu kollegiyası 35 illik təhsil sahəsində olan bir adam kimi, mənə belə təsir bağışlayır ki, bu tədbir xatirinə keçirilən tədbirdir. Çünki həmin kollegiyada konkret qərar, niyə belə olub, səbəb nədir, problemi aradan qaldırmaq üçün nə etmək lazımdır və s. görmədik”.

N.İsrafilov əlavə edərək dedi ki, təhsildə baş verən yeniliklərin hamısı dünya praktikasında var. Məsələn, məktəblərdə elektron kitabxana, elektron məktəb, şagird gündəliklərinin valideynlərə elektron sms vasitəsilə çatdırılması, onlayn sisteminə keçid və s. Amma dünya təcrübəsinə inteqrasiya eləmək o demək deyil ki, o təcrübədə nə var biz də ona keçməliyik. Yəni nəyisə haradasa eşitmişiksə onu tətbiq etmək məcburiyyətində deyilik: “Əslində bu yenilikləri tətbiqi müsbət haldır. Amma gərək buna hazır olaq axı. Məsələn, Gürcüstanda müəllimlərə sertifikat verirlər, indi biz də sabah müəllimlərə sertifikat verək?! Hər bir ölkənin öz mentaliteti və inkişaf meyilləri var. Bizdə ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi o anlama gəlmir ki, təhsilimiz də iqtisadi inkişafımıza bərabərdir. Yəni biz elə hesab edirik ki, iqtisadiyyatımız inkişaf edirsə, təhsilimiz də o səviyyədədir. Deyək ki, Harvard Universitetində təhsil haqqı yüksəkdir və bizdə də təhsil haqları qaldırılmalıdır. Amma gəlin görək Harvardla bizim universitetlərin keyfiyyəti bərabərdirmi. Kompüterləri məktəblərə doldurmaqla deyil ki! Texniki tərəqqi nə qədər inkişaf etsə də, müəllimin canlı sözünü, müəllim-şagird ünsiyyətini heç bir informasiya-kommunikasiya vasitəsi əvəz edə bilməz. Əgər təhsilin keyfiyyətindən danışmaq istəyiriksə, müəllim-şagird münasibətlərini düzgün qurmağı bacarmalıyıq. Bu kompüter və digər vasitələr işin yardımçı tərəfləridir”.

Elgün Mənsimov