• şənbə, 20 Aprel, 18:18
  • Baku Bakı 24°C

Müəllim aqressiv olduqda...

03.06.14 11:10 2700
Müəllim aqressiv olduqda...
Bu yaxınlarda bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi Nahid Cavadovun məktəbin direktoru tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayıldı. İctimai rezonans doğuran həmin informasiyada
təhsil müəssisələrində və internat tipli məktəblərdə şagirdlərin müxtəlif fiziki təzyiqlərə məruz qalması ilə bağlı fikirləri yenidən gündəmə gətirdi.
Heç şübhəsiz, “müəllimlər işə götürülərkən onlar qabiliyyət imtahanından və xüsusi psixoloji testlərdən keçsinlər” tələbinin dilə gətirilməsi də bu cür nüanslardan qaynaqlanır. Belə ki, ekspertlər də, valideynlər də israrla “sovet dövründə müəllimlər şagirdlərə bir çırtma vurmağa belə qorxurdular“ fikrini dilə gətirməklə müəllim-şagird münasibətlərində tənzimlənməni, həmçinin müəllimlərin işə götürülən zaman psixoloji yoxlamadan keçməsində görürlər.
Hərçənd hələlik Təhsil Nazirliyinin bununla bağlı gəldiyi hər hansı bir qənaətin nə vaxtsa reallaşacağını qurumun özündən dəqiqləşdirə bilməsək də, ekspertlərin və bu sahəyə aidiyyəti şəxslərin bu barədə fikirləri maraqlıdır.
Müəyyən təcrübə qazandıqdan sonra

Professor Əjdər Ağayev “Kaspi”yə açıqlamasında bildirdi ki, bəzi təcrübəsiz müəllimlərin psixoloji testdən keçməsi çox vacibdir: “Çox vaxt onlar «Diplomu almışam, onsuz mənə ixtiyar verilib, gedib dərs deyəcəyəm» - deyə düşünürlər. Ancaq xarici ölkələrdə institutu qurtarıb diplom alandan sonra da müəllim adını doğrultmaq istəyənlərdən lazımi müsahibələr götürülür və onların nəzəri hazırlıqları və s. öyrənilir. Bundan sonra onlar lazımi məktəblərə göndərilir. Bu, onların məsuliyyətini artırır. Bu baxımdan yoxlama çox əhəmiyyətlidir». Ekspert hesab edir ki, müəllim psixoloji testdən keçiriləcəyi təqdirdə onlar üçün hazırlanacaq suallar mütəxəssislər tərəfindən tərtib olunmalıdır. Belə ki, bu testləri 20-30 il təcrübəsi olan pedaqoqlar hazırlamalıdır. Dünən ali məktəb qurtarıb təlimçi kimi fəaliyyət göstərən müəllimlərin pedaqoji təcrübəsi yoxdur. Bu adamlar 3-4 xarici ölkə aliminin adını əzbərləyir, nəzəriyyəçinin adını bilirlər. Ancaq bu məsələləri pedaqoji təcrübə ilə əlaqələndirirlər. Tutaq ki, ədəbiyyat müəllimi ədəbiyyatın tədrisi metodikasında hansı üstünlükləri həyata keçirir, hansı müasir texnologiyalardan istifadə edir – bunları ortaya qoymaq, müasirliyi gözləmək lazımdır. Həm də ənənəni və elmin məzmununu bilmək lazımdır. Əgər suallar bu istiqamətdə hazırlansa elə bilirəm ki, müəllimlərin işə yanaşma metodlarına və məsuliyyətlərinin artırılmasına kömək edər”.
Ə.Ağayev hesab edir ki, ali məktəbi müəllimlik ixtisası üzrə bitirib diplom alan məzunların hansısa məktəbə işə göndərilməsi daha məqsədəuyğundur. Belə ki, müəyyən təcrübə qazandıqdan sonra o, işə qəbul üçün imtahandan keçməli, onların müəllimlik məharəti ən azı bir il işləyəndən sonra yoxlanılmalıdır: “4-5 illik ali təhsil dərsləri həmin adamlara ümumi nəzəri məlumatlar verir. Onların pedaqoji hazırlığı, təcrübəsi işlədiyi məktəbdə qazanılır. Ona görə də bu məsələdə praktikaya üstünlük verilməlidir. Bu məsələdən sonra praktik və nəzəri yoxlama həyata keçirilsə və hər kəsin əməyinə görə əməkhaqqı müəyyənləşdirilsə, daha faydalı olar”. Ekspert sovet dövrü təhsil sisteminin üstünlüklərindən danışaraq o zaman müəllimlərin şagirdə yanaşma metodlarının da fərqli olduğunu bildirib: “Kommunizm quruculuğunun kodeksləri - insanların hamısının hüquq bərabərliyini və aliliyini, dürüstlüyü, humanizmi və s. formalaşdıran 13 kodeks var idi. Bunlar hamısı həyata keçirdi. Ancaq o dövrün də öz qüsurları vardı. Partiya prinsipləri var idi, milliyimiz, müstəqilliyimiz gözlənilmirdi. Amma müəllimlik prosesində o dəyərlər gözlənilirdi. Həm də müəllimlər təhsil aldıqları illərdə 4-6 ay müddətində praktika keçirdilər. Onlar nəzəri məlumatları müəllim kimi praktikada tətbiq edirdilər. İndi belə deyil. Ali məktəbi qurtaranların 100-dən 30-u müəllim olmaq istəmir. Müəllim olmaq istəyənlər içərisində də 10-15 nəfər layiqliləri var. Qalanları isə kafi və ortababdır”.
Ekspertin sözlərinə görə, keyfiyyətin enməsi ali məktəblərdə kadr hazırlığında dəhşətli vəziyyət yaradıb: “Bu cür keyfiyyətsizlik indi məcbur edir ki, Təhsil Nazirliyi heç olmasa özü seçib keyfiyyətlisini üzə çıxartsın. Bu, cəmiyyətdəki müasirlikdən və deformasiyalardan irəli gələn bir şeydir. Vaxtilə biz kapitalizm cəmiyyətini tənqid edirdik. Amma indi həmin cəmiyyətdə olan bütün qüsurlar bizdə var. Belə olan təqdirdə yaxşılıq və keyfiyyət naminə işə götürənləri yoxlamalı, nəzarət etməliyik. Adam var, qüsurunu bilir, ancaq icra eləmir. Adam da var icra edir – yəni qarışıq bir zamandır. Təbii ki, bu sahədə birdən-birə yüksək nəticə eldə etmək mümkün deyil. Çünki vəziyyət bir müddət çox başlı-başına buraxılıb. Amma yenidən saflığa, təmizliyə tam nail olmaq olmasa da, müəyyən nəticəyə gəlib çatmaq olar”.
Labirintdən çıxmağın düzgün yolu

Əməkdar müəllim Almaz Həsrət bizimlə söhbətində müəllimlərin işə qəbulu zamanı onların psixoloji durumunun öyrənilməsinə böyük ehtiyac duyulduğunu qeyd etdi. Belə ki, müəllimlik ixtisası üzrə ali təhsil müəssisəsini bitirmək hələ pedaqoq olmaq demək deyil: “Ali təhsil müəssisələrini bitirən məzunlar bu adı təsdiqləmək üçün çalışmalı və öz üzərlərində işləməlidirlər. Hər bir insanın özünəməxsus müəyyən psixoloji durumu var. Müəllimləri işə qəbul zamanı elə xüsusi test anketləri hazırlanmalıdır ki, həmin testdən keçənlər müəllim adını daşımağa və auditoriya qarşısına çıxmağa layiq olsunlar. Psixoloji durumunda qüsur olan insan auditoriya qarşısına çıxa bilməz. Bəzən psixoloji durum deyəndə biz başqa yöndə fikirləşir, “filankəs ağıldankəmdir və s” deyirik. Ancaq belə deyil. Əgər müəllim sinif otağında 25-30 şagird qarşısına çıxırsa, o, o bu bacarığa çox mədəni və peşəkar şəkildə malik olmalıdır”.
A.Həsrət hesab edir ki, insan hər hansı psixoloji vəziyyətin təsiri altında özündən çıxa, aqressiv hərəkət edə bilər. Belə ki, əsl müəllim bütün durumlarda çıxış yolunu düzgün tapmağı bacarmalıdır: “Müəllim gərək özündə elə bir qüvvə hiss eləsin ki, hər bir vəziyyətə tab gətirə bilsin. Müəllim özünün hər bir hərəkəti, öz psixoloji durumunun tamlığı ilə dərs dediyi şagirdlərin qarşısında nümunə olmalıdır ki, uşaqlar ondan ibrət götürsünlər». Bəzi müəllimlərin şagirdlərə qarşı fiziki təzyiqlərinə gəlincə, Əməkdar müəllim hesab edir ki, bütün müəllimlərin psixoloji durumunun tamlığı mümkün deyil: «Biz bu labirintdən çıxmağın düzgün yolunu tapmalıyıq. Şagirdə fiziki təzyiq göstərən müəllimdə iradə, yüksək tərbiyə vermək metodikası olmadığı üçün o zorakılığa əl atır».
Yoxlama üsullarını düzgün hazırlasalar

«Kaspi» Təhsil Mərkəzinin direktoru Elnur Əliyev inkişaf etmiş dünya ölkələrində müəllimlərin işə qəbul zamanı bu cür metodlardan istifadə olunduğunu bildirib. Belə ki, “emotional intelligence” (emosional ağıl) deyilən bir metoda xüsusən məktəb direktorları və direktor müavinlərini işə götürərkən üstünlük verilir. Bu baxımdan dünyada artıq belə bir təcrübə var: “Bu metodun özünün yoxlama üsulları var. Belə ki, qərar qəbulu, konfliktli vəziyyətlərdə davranış, təcili vaxtlarda təzyiq altında işləmə məsələləri və s. görə xüsusi yoxlama metodları mövcuddur. Bu metodlar isə testlə tətbiq edilmir. Həmin üsul müəllimlərin konfliktə meyilli olub-olmamalarını, onların davranış xüsusiyyətlərini və s. üzə çıxarır. Hələ ki, Azərbaycanda məsələ ilə bağlı oxşar metod işlənib hazırlanmayıb».
TM rəhbəri hesab edir ki, sovet dövründə müəllimlərin psixoloji durumu ilə bağlı məsələlərin gündəmə gəlməməsinin səbəbi o dövrdə davranışların standartlar çərçivəsində olması ilə bağlı olub. Yəni müəllim həmin standartların çərçivəsində hərəkət etməli və kənara çıxmamalı idi: “Bundan əlavə, ideologiya da bəlli idi. Hazırda məktəblərimizdə sərbəstləşmə, kurikulum islahatı və s. tədris üsulları üzə çıxır. İndiki tədris metodunda uşağın qulağının çəkilməsi, onun küncə qoyulması və s. kimi tənbeh üsulları bəyənilmir. Bu baxımdan həmin davranışda psixoloji məsələləri yoxlamaq ehtiyacı gündəmə gəlir. Hesab edirəm ki, əgər bu istiqamətdə yoxlama üsullarını düzgün hazırlasalar, bu, ziyanlı deyil”. E.Əliyev hesab edir ki, müəllimlərin yoxlanması zamanı sualların düzgün qoyuluşu daha önəmlidir: “Sualların düzgün qoyuluşu müəllimlərin davranışı ilə bağlı hər şeyi dürüst ortaya çıxarar”.
Təbii ki, ekspertlərin fikirlərində səslənən həqiqətlər müəllim-şagird davranışındakı reallığı tam əks etdirməklə yanaşı “aqressiv müəllim” probleminin həlli yönündə düzgün addım atılmasına istiqamət də verir. Heç şübhəsiz, bu sahəyə səlahiyyətlilərin bu istiqamətdə iş görmək istəyəcəkləri təqdirdə. Hələlik isə bununla bağlı səslənən yalnız fikirlər və təkliflərdir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər