• cümə, 26 Aprel, 05:35
  • Baku Bakı 16°C

Müəllif hüquqları insanları müstəqilləşdirir

07.08.15 09:06 1014
Müəllif hüquqları insanları müstəqilləşdirir
Beynəlxalq Naşirlər Birliyi (İnternational Publishers Association –İPA) iyulun 28-də müəllif və insan hüquqları haqqında hesabat-bəyanat yayıb. Uzun müddətdir ictimai nüfuzundan yararlanmadan heç bir hadisəyə münasibət bildirməmiş qurum bu çoxşaxəli sənədlə səssizliyi pozub. “Müəllif və insan hüquqları” adlı xüsusi hesabatda müəllif hüquqları ilə yazıçı və naşirlərin söz azadlığının qorunması arasındakı əlaqə diqqət mərkəzinə çəkilib.
Hesabatın girişində İPA-nın idarəedici nümayəndəsi Cens Bammelin məsələ ilə bağlı fikir və mülahizələri yer alıb. Bammelin giriş yazısında müəllif hüquqlarının yazarların və naşirlərin hüquqlarını qoruyan bir hüquqi termin olduğu, bunun bir mülkiyyət göstəricisi sayıldığı və İnsan Hüquqları haqqında Beynəlxalq Bəyannamənin 17-ci maddəsində “mülkiyyət haqqı” kimi göstərildiyi qeyd olunub. Birliyin sədri müəllif hüquqlarının insan hüquqları ilə siyasi məhrumiyyətlər arasındakı ziddiyyətləri aradan qaldıraraq, insanların mədəni dünyagörüşünün formalaşmasına, elm adamları və yazarların əməklərinin qarşılığını ədalətli formada almasına kömək etmək üçün tərtib edildiyini bildirib: “Müəllif hüquqları yaradıcılığı bir sənaye sahəsinə çevirərək, insanların daha müstəqil və maddi cəhətdən daha təhlükəsiz yaşaması üçün zəmin yaradıb. Bu yaradıcı sənaye sahəsi yazıçılara və elm adamlarına vaxtlarını yazmaqla keçirməyə ayırmaları üçün sağlam və imtiyazlı mühit formalaşdırıb”.
Hesabatda müəllif hüquqlarının yazıçı və naşirlərin söz azadlığını qorumalarındakı roluna da diqqət çəkilib. Qeyd olunan bəndlərdə yazarın nəyi necə ifadə edəcəyini seçmək azadlığının təmin olunmalı olduğu dəfələrlə vurğulanıb. Müəllif hüquqlarının eyni zamanda yazarın əsərinin yayımlanıb-yayımlanmayacağı, hansı formada yayımlanacağı ilə bağlı qərarlar verməkdə sərbəstliyini qoruduğu da qeyd edilib.
Hesabatın diqqətçəkən bölmələrindən biri də yaradıcı sahələrin zəif inkişaf etdiyi ölkələrdə müəllif hüquqları və söz azadlığının da olduqca aşağı səviyyədə olması ilə bağlıdır. Məsələ ilə bağlı hazırlanmış hissədə belə ölkələrdə müəlliflərin gündəlik həyatlarını sadəcə, yazaraq təmin etmələrinin mümkün olmaması ön plana çəkilib. Əgər bu müəlliflərin əsərləri başqa ölkələrdə yayımlanmayıbsa, onda müəlliflər yaradıcılıqdan tamamilə uzaq sahələrdə işləməyə məcbur olurlar. Plagiatçılıq və müəllif hüquqları ilə bağlı ciddi tədbirlərin görülmədiyi və müəllif hüquqları gəlirlərinin təmin edilmədiyi ölkələrdəki bu xoşagəlməz vəziyyət elm və ədəbiyyata ciddi ziyan vurur.
Bu problemlərin həlli yolları axtarışı üçün hazırlanmış hesabatda birlik dövlət qurumlarını yazıçıları həvəsləndirmək üçün müəllif hüquqlarını qorumağa, kitab almaq imkanı olmayan insanlar üçün xalq kitabxanaları layihələrinə dəstək verməyə çağırıb. Hesabatda tanınmış yazarların, Norveç PEN mərkəzinin rəhbəri Uilyam Niqardın fikirlərinə, Nigeriya, Belarus, Latın Amerikası ölkələri üzərində aparılan analitik araşdırmalara da yer verilib.
banner

Oxşar Xəbərlər