• cümə axşamı, 18 aprel, 12:37
  • Baku Bakı 22°C

Ümüdvar Əliyev: Ölkənin iqlim şəraiti nəzərə alınmaqla, əkin növbəliliyi təyin olunmalıdır

23.09.17 10:45 1469
Ümüdvar Əliyev: Ölkənin iqlim şəraiti nəzərə alınmaqla, əkin növbəliliyi təyin olunmalıdır
Vaxtilə kənd təsərrüfatı istehsalı respublikamızın ÜDM-nin təxminən 30 faizini təşkil edirdi. Burada bitkiçilikdə əsas sahələr olan pambıqçılıq, üzümçülük və tütünçülük böyük paya malik idi. Bu gün isə bu sahələrin məhsulları ÜDM-də çox cüzi çəkiyə malikdir. Hazırda respublikamızda ÜDM-in 6 faizə yaxını aqrar istehsalın payına düşür.
BunuAZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Ümüdvar Əliyev deyib.
2,7 milyon yerli mal-qaranı 600-650 min cins heyvanla əvəzləməklə örüşləri əkin dövriyyəsinə cəlb etmək mümkündür
Professor bildirib ki, dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən kənd təsərrüfatının inkişafı strategiyasının uğurla reallaşdırılması nəticəsində bu sahələrlə yanaşı heyvandarlıq, taxılçılıq, baramaçılıq, eləcə də tütün və çuğundur istehsalını inkişaf etdirməklə, ÜDM-də kənd təsərrüfatının xüsusi çəkisinin və mütləq həcminin artımına nail olmaq mümkündür. Ölkədə 2,7 milyon yerli mal-qaranın 600-650 min cins heyvanla əvəzləməklə (onların saxlanma şəraitinin dəyişdirilməsi nəticəsində) örüşləri əkin dövriyyəsinə cəlb etmək mümkün olacaq. Bu zaman təkcə iri cins mal-qara təsərrüfatlarının yaradılması ilə kifayətlənməməliyik. Fərdi, şəxsi təsərrüfatlarda cins mal-qaranın inkişaf etdirilməsinə də üstünlük verilməlidir.
Şəxsi təsərrüfatlarda süni mayalama yolu ilə iribuynuzlu mal-qaranın cins tərkibinin dəyişdirilməsi istiqamətində müəyyən işlərin görüldüyünü vurğulayan Ü.Əliyev deyib: "Lakin bu, kifayət deyil. Kənd yerlərində fərdi təsərrüfatlara daha çox güzəştli şərtlərlə, hətta pulsuz cins mal-qaranın verilməsi yaxşı olardı. Bu zaman mal-qaraya qulluğun səviyyəsi daha yüksək olur. Təbii ki, müəyyən müddət müvafiq dövlət orqanı tərəfindən ciddi nəzarət həyata keçirilməlidir”.
Kənd təsərrüfatı məhsulları istehsalının rayonlaşdırılması xəritəsi yenidən işlənilməlidir
Mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının rayonlaşdırılması xəritəsinin yenidən işlənib tərtib edilməsi məhsul istehsalının artımında əhəmiyyətli rol oynaya bilər. Bu barədə danışan professor bildirib ki, bitkiçiliyin hansı növlərinin yanaşı əkilib becərilməsinin faydalılığı müəyyənləşdirilməlidir. Avropa ölkələrində bu sahədə böyük təcrübə var. Ölkənin iqlim şəraiti nəzərə alınmaqla, əkin növbəliliyi təyin olunmalıdır. Məsələn, arpa biçinindən sonra həmin sahələrdə kələm əkib becərməyin, taxılçılıqla kartofçuluğun bir təsərrüfat ilində əkilib becərilməsinin nə dərəcədə faydalı olması elmi dərəcədə əsaslandırılmalıdır. Yazlıq, payızlıq taxıl əkini təcrübəsi genişləndirilməlidir. Burada elm adamlarının və təcrübə sahiblərinin sözü həlledici olmalıdır. Bir sözlə, aqrar istehsal elmi əsaslarla inkişaf etdirilməlidir.
Elmi-texnoloji yeniliyin genişmiqyaslı tətbiqinə nail olmadan istənilən nəticəni əldə etmək mümkün deyil
Müasir texnologiyalardan istifadənin önəminə toxunan professor qeyd edib ki, dünyada bütövlükdə iqtisadiyyatın inkişafı, o cümlədən də aqrar istehsalın inkişafı elmi yeniliklərdən və onun tətbiqi imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Elmi-texnoloji yeniliyin genişmiqyaslı tətbiqinə nail olmadan istənilən nəticəni əldə etmək mümkün deyil. Bu gün Azərbaycan innovativ texnika və texnologiyanın elmi axtarışına vəsait sərf etməkdən çox dünyanın qabaqcıl ölkələrində sınaqdan çıxmış texnika və texnologiyanın idxalına üstünlük verməlidir. Müasir xarici taxılyığan kombaynlar komfortlu olmaqla yanaşı, məhsul itkisini minimuma endirir, keyfiyyətli məhsul toplanmasına şərait yaradır.
Əlavə imkanları hərəkətə gətirməklə özümüzü taxılla tam təmin edə bilərik
Elmlə iqtisadiyyatın müxtəlif sahələrinin inteqrasiyasının daha da aktuallaşdığını deyən müsahibimiz bildirib ki, sahə milli elmi-tədqiqat institut və təşkilatları kənd təsərrüfatının inkişafında əvəzsiz rol oynaya bilər. Azərbaycan su ehtiyatları ilə o qədər də zəngin deyil. Ona görə də bu spesifik cəhətləri nəzərə almaqla, quraqlığadavamlı toxumların yetişdirilməsi aqrar elm sahəsində çalışan alimlərin diqqət mərkəzində olmalıdır. Kənd təsərrüfatının inkişaf etdiyi Qərb ölkələrindən yararlanaraq ətlik və südlük mal-qaranın bağlı şəraitdə saxlanılmasına keçməklə məhsuldarlığı artırmaq, otlaq sahələrini strateji bitkilərin əkin dövriyyəsinə qaytarmaq mümkündür. Taxılçılığın əkin dövriyyəsinə 200 min hektar əlavə torpağın cəlb edilməsi təxminən 1 milyon ton taxıl istehsalı deməkdir. Ekspertlərin hesablamalarına görə, əgər ölkə əhalisinin hər nəfərinə 500 kiloqram taxıl istehsal olunarsa, həmin ölkə özünü taxılla təmin etmiş sayılır. Nəzərə alsaq ki, son illər ildə təxminən 3 milyon ton taxıl istehsal olunur, əlavə imkanların hərəkətə gətirilməsi ilə özümüzü taxılla tam təmin etmək iqtidarında ola bilərik. Nəticədə bir neçə yüz min ton taxıl, un və un məmulatları idxalından azad olar (hətta milyon ton) və bu məqsədlə xərclənən valyuta digər məqsədlər üçün istifadə oluna bilər.
"Kənd zəhmətkeşlərinin, eləcə də ailə təsərrüfatlarının fəaliyyətində önəmli rol oynayan ABAD layihəsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər kənd təsərrüfatının inkişafında çox ciddi nəticələr verəcək. Bu istiqamətdə atılan addımlar bir-iki il ərzində 1 milyard manat dəyərində kənd təsərrüfatı məhsullarının artımına gətirib çıxara bilər”, - deyə Ü.Əliyev qeyd edib.
banner

Oxşar Xəbərlər