• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Müdir necə olmalıdır? - Polemika

04.04.15 06:37 8742
Müdir necə olmalıdır? - Polemika
Tarix boyu rəhbərlər ilə işçilər arasında xüsusi münasibətlər olub. Müdirlərin bəziləri işçilərinə qarşı sərt davranırlar. Bununla da onlar işdə nəzarəti əldə saxlamağa çalışırlar. Belə insanlar həmçinin xırda detallara da müdaxilə edirlər. Lakin işçilər rəhbərlərin onlara qarşı daha loyal münasibət göstərmələrini istəyirlər. Bəs əslində müdir sərt, yoxsa yumşaq olmalıdır? İşçilər müdirlərindən çəkinməlidirlərmi?
Müdir ədalətin tərəfdarı olmalıdır
Nərgiz Əhmədova, müəllimə
Nərgiz düşünür ki, idarə müdirinin sərt və tələbkar olması daha vacibdir, nə olursa olsun, o, hər zaman ədalətin tərəfdarı olmalıdır: “Müdir olan şəxsin ən əsas funksiyası rəhbərlik və idarə etməkdir. Çünki öz iş üslubunu düzgün quran müdirin işçiləri daha məsuliyyətli olurlar. İşlərindəki ciddiliyi hiss edirlər. Belə düşünürəm ki, işgüzar etika əsasında müdirin sərt olması əsas şərtdir. Bütün bunlara baxmayaraq, müdiri lider kimi görməyimin bir səbəbi də onun həm də öz işçilərinə qarşı qayğıkeş olmasıdır. Belə olan təqdirdə işçilər ilə rəhbərlik arasında inam daha çox olacaq. Müdir həmçinin işçilərinin problemləri ilə maraqlanmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, müdir bütün məsələlərdə tələbkar olmalıdır: “O, xırda detallara belə fikir verməlidir. Çünki işin uğurlu olması üçün xırda detal belə vacibdir. Təbii ki, işlədiyim idarədə tutduğum vəzifəyə uyğun olaraq üzərimə düşən tapşırıqları layiqincə yerinə yetirməyi özümə borc bilirəm. Əgər mən öz işimin ciddiliyini nəzərə alıramsa, işlə bağlı hər bir xırda və yaxud böyük detala görə müdirin məndən hesabat istəməsi yaxşı haldır. Bu, müdirin öz işinə və mənim işimə olan məsuliyyətimi daha da artırır”.
Müsahibimizin sözlərinə görə, müdir ilə işçi arasında ilkin münasibət hörmət və inamdır: “İşçinin müdirə olan münasibəti sırf müdirin ciddi olub-olmaması ilə bağlıdır. Sağlam işçi kollektivi həm də müdirin ikinci ailəsi sayılır, onların arasındakı səmimiyyət və inamla birgə müəyyən dərəcədə pərdə də olmalıdır. Belə bir deyim var, ən gözəl meyvə nardır, hamısı bir yerdədir, yumrudur, amma aralarında pərdə var”.
Müdirin işçilərə qarşı tələbkar olması normaldır
Ramal Muradov, satış üzrə mütəxəssis
Ramal düşünür ki, müdir işçilərə qarşı nə qədər yumsaq və xoş davranarsa, işçilər də bir o qədər rahat, sərbəst və yüksək əhval-ruhiyyə ilə çalışarlar: “Ataların bir misalını vurğulamağı zəruri hesab edirəm: “Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar”. Buna görə də, əgər rəhbər işçilərə qarşı sərt olarsa, bu, ümumi işə mənfi təsir göstərə bilər. Müdir ilə işçi arasında etimad azalar”.
Müsahibimiz müdirin işçilərə qarşı tələbkar olmasını normal qəbul etdiyini deyir: “Çünki müdirin də öz üzərinə düşən müəyyən bir vəzifə və öhdəlikləri var. Müdir işçinin nöqsanına göz yummamalı, əksinə, yol verilmiş nöqsanı işçiyə normal, sivil şəkildə izah etməlidir. Növbəti dəfə işçi eyni nöqsanı təkrarlamamaq üçün özündə bir məsuliyyət hiss edəcək. Rəhbər hər xırda detala, məsələyə belə fikir verməlidir. Bu, normal işçi üçün problem yaratmamalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, müdir yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olmalıdır: “Çünki o, tabeçilikdə olan işçilərə örnək olmalıdır. Müdirlə işçi arasında səmimiyyət arzuolunandır, amma müəyyən mövzularda pərdə mütləq olmalıdır. Bu pərdə üstünlük mənasında deyil, aradakı hörmətin uzunmüddətli olması üçün bir qarantdır”.
İşçilər tələbkar müdirləri sevmirlər
Ağa Ağayev, jurnalist
Ağa düşünür ki, müdirlər sərt və yaxud yumşaq kateqoriyalara ayrılmamalıdır: “Çünki hər bir kollektiv və gördükləri iş fərqlidir. Yaradıcı işlə məşğul olan kollektivə sərt müdir münasib olmaz. Belə işlərdə ab-hava daha mülayim olmalıdır. Müdirin də yumşaq biri olması onu kollektivin bir parçası edər. Bu, daha şəffaf iş şəraitinə gətirib çıxarar. Mən müdirin yumşaq olmasını daha münasib hesab edirəm. Çünki, o sahib olduğu kollektivə pozitiv təsir bağışlamalıdır. Bu, həmçinin, işçilərin faydalılığını da artırar. Sərt olduğu təqdirdə isə qeyri-səmimi atmosfer yarana bilər. Bir çoxları düşünür ki, sərt olmaq işçilər üzərində hakimiyyətə səbəb olur . Məncə, bu, səhv düşüncədir. Müdirə lazım olan işçinin faydalılıq əmsalıdır. Sərt atmosferdə faydalılıq arta bilməz”.
Həmsöhbətimiz hesab edir ki, əslində işçilər tələbkar müdirləri sevmirlər: “Çünki bütün dünyada insanlar tənqidi sevmir. Bu, insanların eqolarının yüksək olmasından irəli gəlir. Hər kəs gördüyü işi mükəmməl gördüyünü düşünür və düzəlişə ehtiyac duymur. Tənqid isə işə kənardan baxış və nöqsanlara müdaxilədir. Etiraf edək ki, heç də hamı işindəki nöqsanları qəbul edəcək səviyyədə deyil. Digər tərəfdən, tənqidi qəbul etmək – nöqsanlarını qəbul etməklə yanaşı onları düzəltməli olduğun anlamına gəlir. Bu isə daha çox çalışmağı tələb edir. Məncə, tənqid mütləqdir. Əgər gənc kadrsınızsa, müdirin tələbkarlığı sizin xeyrinizə olacaq. Bu, gələcək karyeranız üçün ən vacib şərtlərdən biridir. Tənqid sizi daha yaxşı olmağa məcbur edir, potensialınızı maksimum üzə çıxarmağınıza səbəb olur. Təbii ki, bu saydıqlarım bəzi zəif xarakterlərə aid deyil. Çünki xarakteri zəif olan biri tənqiddən ruh düşkünlüyünə meyillənə bilər. Bu, onun karyerasına zədə vura bilər. Bir çox faktorlar kimi tənqid də fərdi xarakter daşımalıdır. Çünki qeyd etdiyim kimi, insanlar fərqlidir və hamı eyni anlayışı göstərməyə bilər”.
Müsahibimizin sözlərinə görə, müdir və işçi arasında pərdə olur və olmalıdır da: “Çünki müdir özü kollektivi seçir. Burada seçici olan insan müdirdir və o, qərar verməlidir. Həm kollektivi seçən odur, həm də işçilərinin xarakterini bilməli olan məhz müdirdir. O, sahib olduğu kollektivdəki insanların xarakterinə uyğun tərzdə davranmalıdır. İstənilən halda müdir və işçi arasında pərdə olur və olmalıdır da. Lakin bu, səmimi münasibət olmayacağı anlamına gəlmir. Səmimiyyət kollektivə və görülən işə müsbət təsir bağışlayır. Nə qədər çox səmimiyyət olarsa, münasibətlərdə şəffaflıq olar. Bu, müdir və işçi üçün də əlverişlidir. Müdirin kollektivə daha yaxın olması tələbkarlığından vaz keçəcəyi demək deyil. Əksinə, kollektivə daha yaxın olduqda daha tələbkar görünmək olar və işçilərindən istədiyini almaq asanlaşar”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər