“Müdafiə şuralarında növbələri nizama salmaq lazımdır”

“Müdafiə şuralarında növbələri nizama salmaq lazımdır”

Müsahibə
22 Dekabr 2012, 09:41 2132
Təhsil naziri Misir Mərdanov bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, “Elm siyasəti haqqında” qanun layihəsində gənclərə elmi dərəcələrin verilməsi prosedurunun sadələşdirilməsinin öz əksini tapması yaxşı olardı. Nazir hazırda 30 yaşa qədər elmlər doktorunun olmadığını qeyd edib: “İndi bu işin səbəbləri öyrənilməli və dəqiqləşdirilməlidir ki, bunun günahı 30 yaşına qədər olan gənclərdədir, yoxsa bu prosedurun çətinliyində. Prosedurların sadələşdirilməsi məhdudiyyətlərin yüngülləşdirilməsindən ibarət ola bilər. Bunun da nəticəsində gənc alimlərin sayı arta bilər”. Gənclərin elmə gəlməməsinin səbəbləri barədə Gənc Alim, Aaspirant və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucovla söhbətləşdik.

- İlqar müəllim, necə hesab edirsiniz, bu gün alim olmaq üçün prosedurlar o qədərmi çoxdur və bunun sadələşdirilməsinə ehtiyac var?
- Hesab edirəm ki, prosedurun hazırkı formada davam etməsi düzgündür və heç bir çətinlikdən söhbət gedə bilməz. Bizdə bir neçə ildir, belə fikirlər var ki, Prezident yanında Ali Attestasiya Komissiyası (AAK) ləğv olunmalı, elmi dərəcələrin verilməsi institutlara həvalə edilməlidir. Amma Azərbaycan reallığında bunun zərərli tərəflərini görürəm. Elmi pillə sayılan təhsilin magistratura pilləsinə nəzər salaq. Bu gün magistratura pilləsində kadrlarımız elmi tələblərə cavab vermir. Çünki mövzuların seçilməsi, müdafiə olunan işlərin keyfiyyət məsələsində ciddi problem var. Hesab edirəm ki, Ali Attestasiya Komissiyasının olması vacibdir. Çünki alim olmaq heç də asan deyil, bunun üçün illər, kifayət qədər ciddi elmi araşdırmaların olması lazımdır. Alimlik dərəcəsi alma prosedurunda yeganə problem kimi müdafiə şuralarında olan növbələri görürəm. Belə ki, müdafiə şuralarında bir aya iki fəlsəfə doktoru və bir elmlər doktoru müdafiə edə bilər. Bu da namizədlər üçün problemlər yaradır. İnstitutlar var ki, orada kifayət qədər müdafiəyə iddiaçılar var və növbələrini gözləyirlər. Məhz bu məsələni nizama salmağa ehtiyac var. Ali Attestasiya Komissiyası müdafiəyə iddiaçı insanlar üçün baryer deyil.
- Dediniz ki, Azərbaycan reallığında Ali Attestasiya Komissiyasının ləğvi düzgün deyil. Hesab edirsiniz ki, müdafiə işlərinin institutlara həvalə edilməsi rüşvətə yol aça bilər?
- Bəli, AAK-nın olmaması nəticəsində müxtəlif neqativ faktorlar, məsələn, elə rüşvət faktoru ortaya çıxa bilər. Hər il xeyli sayda zəif dissertasiya işini AAK geri qaytarır, yaxud ləğv edir. Ali Attestasiya Komissiyasında zəif işlərin keçmə ehtimalı demək olar ki, yoxdur.
- Bəzi namizədliyə iddiaçılar alim olmaq üçün tələb olunan sənədlərin çox olduğunu deyirlər...
- Düzdür, kifayət qədər çox sənəd tələb olunur, amma, bunun alimlik dərəcəsi almaq istəyən insanlar üçün heç bir çətinliyi yoxdur. Alim olmaq axı asan məsələ deyil.
- Avropada alim olmaq üçün nə qədər prosedur keçmək lazımdır?
- Avropada ali attestasiya komissiyaları yoxdur. Ümumiyyətlə, Avropada elmi işləri akademiyada müdafiə etmirlər, elm yalnız institutlarda olur. Bu da təhsil və elm arasında vəhdətin formalaşması, elmlə təhsilin birgə olması anlamındadır. Buna görə də burada hansısa sistem formalaşıb. Amma bu, heç də o demək deyil ki, onların alimlərinin işləri bizim alimlərin elmi-tədqiqat işlərindən yüksəkdir. Bizim kifayət qədər alimlərimiz var ki, Avropada, Amerikada, Türkiyədə institutlarda, elmi müəssisələrdə çalışırlar. Yəni, alimlərimizin səviyyəsi aşağı olsaydı, onları həmin ölkələrə dəvət etməzdilər. Onu da deyim ki, bizdə də gələcəkdə Avropadakı prosedur tətbiq edilə bilər. Amma indiki halda dediyim kimi, bu, neqativ halların ortaya çıxmasına səbəb ola bilər.
- Alim olmaq üçün prosedurun çətin olmadığını bildirdiniz. Bəs , səbəb nədir ki, Azərbaycandakı elmlər doktorlarının orta yaş həddi 73-dür. Niyə gənclərin elmə həvəsi yoxdur?
- Vaxtilə Sovet məktəbində yetişmiş alimlər yaşlanıblar, onlar öz yerlərini yeni nəslə verməlidirlər, ancaq yeni nəsil yoxdur. Bizdə bununla bağlı ciddi problemlər var və biz bunun acı nəticələrini bir neçə il bundan sonra görəcəyik. Gənclərin elmə həvəsinin olmamasına gəlincə, bunun başlıca səbəbi onların bu elmdə öz sosial təminatlarını görməməsidir. Bu il AMEA-da doktoranturaya qəbulun təsdiqi ilə bağlı iclasda iştirak edirdim və fikir verdim ki, doktoranturaya gəlmiş gənclərin içərisində təxminən 70-80 faiz qızlardır. Bilirsiniz ki, elmə gələn yol doktoranturadan başlayır. Oğlanlar isə elmə həvəs göstərmirlər. Çünki gənclərin təqaüdləri aşağıdır, yataqxana ilə təmin olunmurlar. Oğlanlar düşünürlər ki, gələcəkdə ailə dolandırmalıdırlar və alacaqları əməkhaqqı ilə bu, mümkün olmayacaq. Görürlər ki, yaşlı alimlər, eyni zamanda, bu gün elmi dərəcə almış gənclər aldıqları əməkhaqqı ilə özlərini və ailələrini dolandıra bilmirlər. Bu da ilk növbədə istedadlı gənclərin elmə yox, digər sahələrə üz tutmasına gətirib çıxarır. Hesab edirəm ki, biz gənclərin elmə gəlməsinə nail olmaq istəyiriksə, ilk növbədə alimlərin sosial şəraitinin yaxşılaşdırılmasına çalışmalıyıq. Azərbaycanda büdcənin, yaxud da ümumdaxili məhsulun 0,2 faizi elmə ayrılır. Digər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmə bu qədər pulun ayrılması elmin zəif inkişaf etməsinə səbəb olur. Hesab edirəm ki, çəkinmədən, qorxmadan elmə pul ayrılmalıdır. Alimlərin dərəcə maaşlarının qaldırılmasına xüsusi ehtiyac var. Çünki onlar elmi araşdırmalarla məşğul olurlar, aldıqları maaş isə heç minimum tələblərini belə ödəmir. Bu da istedadlı insanların ciddi olaraq elmlə məşğul olmasına mane olur. Müşahidələrimdə görürəm ki, alimlərimizin əksəriyyəti universitetlərdə, kurslarda dərs deməklə ehtiyaclarını ödəyirlər.

Lalə Musaqızı