Müdafiə Nazirliyi: Ermənistan dezinformasiyalar yaymaqla özünü məlumatlı göstərməyə çalışır
Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda
Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta
məlumatlar yayılmaqdadır. Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla
özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, əslində isə
nümayiş etdirilən "məxfi məlumatlarla dolu məktublar" o dərəcədə
bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç
bir şübhə doğurmur. Bütün bunlar erməni xüsusi xidmət orqanları və
"əks-təbliğat mütəxəssisləri" tərəfindən qeyri-peşəkar səviyyədə,
tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır.
Son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti
cəlb edir. Qeyd edək ki, Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət
haqqında Müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı
Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət
qalmır. Çoxlu qrammatik səhvlər və yazılış üslubundakı uyğunsuzluqlarla
(məktubda 20-dək səhv var) hazırlanmış bu məktubun Müdafiə Nazirliyində mövcud
olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa uyğunluğu yoxdur. İstər
mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar
saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar
da tamamilə uydurmadır.
Məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel
döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və
bilərəkdən qat-qat çox göstərilməsidir. Bütün ölkə mətbuatı və ictimaiyyət
həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu
proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib,
Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın
mükafatlandırmasının şahidi olub. Odur ki, üstündən bu qədər vaxt keçdikdən
sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar
tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır.
Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi
də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən
rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə
bu barədə düzgün məlumat verməyiblər.
Aprel döyüşlərindən sonra özünə gəlməyən, Ermənistan rəhbərliyi
bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə
Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır. Nədənsə uğurlu əks-hücum
əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunun 2000
hektaradək ərazini işğaldan azad etdiyini unudurlar.
Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi isə qarşı
tərəfin iddia etdiyinin əksinə olaraq, Azərbaycan Ordusunun uğurla
irəliləməsindən vahiməyə düşən Ermənistan rəhbərliyinin yalvarıcı, aşağılayıcı
və təkidli xahişi nəticəsində üçüncü tərəfin vəsitəçiliyi ilə mümkün olmuşdur.
Azərbaycan tərəfinin belə bir görüşə və addıma razılaşmasının yeganə səbəbi
əlavə qan tökülməsinə son qoyulması olub.
Düşmən tərəfinin bu kimi saxtakarlığı son günlər Azərbaycan
mətbuatında işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan
faktlara cavab olaraq ermənisayağı atılmış növbəti uğursuz bir addımdır. Özünü
təmizə çıxarmaq məqsədi daşıyan cinayətkar hərbi-siyasi rejim rəhbərliyi bu
xəbərlərlə Ermənistan ordusundakı acınacaqlı vəziyyət səbəbindən hərbi
qulluqçular arasında artan intihar, nizamnamədən kənar münasibətlər və digər
cinayət əməllərindən əhalinin fikrini yayındırmağa çalışır.
Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat,
virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan Ordusunda heç
zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və
azərbaycanlı bloqer adı altında "döyüşərək" qismən də olsa
uğursuzluqlarının əvəzini çıxmağa çalışır.
Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən
saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial
şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya
xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi təbliğata
uymamağa çağırırıq.