• cümə axşamı, 25 aprel, 21:11
  • Baku Bakı 21°C

Müdafiə Nazirliyi cəfəng yanaşmalara uyğunmu açıqlama verməlidir?

22.08.19 15:15 9546
Müdafiə Nazirliyi cəfəng yanaşmalara uyğunmu açıqlama verməlidir?
Müdafiə Nazirliyi iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsi ilə bağlı açıqlama yayıb. Açıqlamada bort qeydiyyatçısındakı ("qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlərin mütəxəssislər tərəfindən təhlil edilərək öyrənildiyi bildirilir. "Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan "Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.
Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”-, deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu məsələ ətrfında spekulyasiyalar edilirdi. Xüsusilə, AXCP və REAL partiyasının təmsilçiləri tərəfindən qəzanın səbəbləri başqa istiqamətlərə yönləndirilirdi. Eyni zamanda,"qara qutu”dakı məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması kimi cəmiyyəti çaşdıran iddialar səslənirdi.
Nazirliyin açıqlamasında yer alan məqamlar bu iddiaların nə dərəcədə əsassız olduğunu göstərir: "Hər uçuşdan sonra "qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik”.
Amma bu açıqlamadan sonra da bəlli dairələr sosial şəbəklərdə hansısa qaranlıq məqamlar axtarmağa başlayıblar. Xüsusilə, açıqlamadakı "Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb” ifadəsi bəylərin xoşuna gəlməyib. Və bu ifadədən yapışaraq indi də aparılan araşdırmanı gözdən salmağa cəhdlər edilir.
Səbəb isə sadədir. Bu çevrələr hadisəni maksimum dərəcədə başqa istiqamətə yönəltmək və hakimiyyətə qarşı çevirməyə çalışırlar. Gah MiQ-29-un köhnə olması, gah da hadisənin başqa bir ölkə tərəfindən törədilməsi kimi cəfəng fikirlər məqsədli şəkildə dövriyyəyə buraxılır.
Bir sözlə, bu bəylər istəyirlər ki, Müdafiə Nazirliyi çıxıb onların bu cəfəng yanaşmalarına uyğun açıqlama versin. Məsələn, heç bir fakt olmadan bu şəxslərin təfəkkürünə uyğun bəyanat yaysın ki, MiQ-29-u filan ölkə vurub. Onda bunların məntiqincə araşdırma olacaq obyektiv.
Görün, ölkəni idarə etmək iddiasında olanlar və onların çevrələri hansı bəsit düşüncənin daşıyıcılarıdır.
Elman BABAYEV
Bunların həlak olan pilotumuza sevgiləri də şübhəlidir. Əgər "REAL”çı gənc çıxıb deyirsə ki, "Təlim keçərkən ölmüş pilotun fotoları gözümü mozol elədi”, o zaman əlavə şərhə ehtiyac qalmır.
Yaradılan səs-küyün arxasından isə yalnız və yalnız hakimiyyəti, onun güc strukturlarını ləkələmək, gözdən salmaq niyyəti boylanır...
banner

Oxşar Xəbərlər