• cümə, 29 Mart, 04:10
  • Baku Bakı 7°C

Mübarizə əzmi

20.05.19 14:45 1911
Mübarizə əzmi
Alman yazar Remarkın yaradıcılıq macərası bütövlükdə Birinci Dünya Müharibəsi, Almaniyada imperial rejimin süqutu, 1920-ci illərdə alman demokratiyasının korşalması, nasizmin yüksəlişi və İkinci Dünya müharibəsi üçün uyğun şəraitin yaranması kimi silsilə tarixi-siyasi hadisələr tərəfindən şəkillənib. Bəli, dünya müharibələrinə həsr olunmuş bir-birindən dəyərli, əhəmiyyətli, müəllifinə ölümsüz ömür adı qazandırmış əsərlər çoxdur. Remarkın "Üç yoldaş” romanı da bu siyahıda şəksiz yer tutur. Lakin Remark əhəmiyyətli, tarixi romanlarına görə yox, tarix haqqında yazarkən insanların yaşadığı unudulmaz təcrübələri daha vacib hesab edib, ön plana çəkdiyi üçün xüsusilə seçilir.
Remarkın və dövrün əksər romanlarından fərqli olaraq, "Üç yoldaş”da yarım əsrdən çox davam edən, ardında itirilmiş nəsillər buraxan müharibənin çarxı tərsinə işləyən siyasiləri və intellektuallarının xilas edə bilmədiyi Qərb dəyərlərindən dəm vurulmur. Nə də burada bir zümrə müharibəsi, imkansız eşq də görmürük. Yazar ədəbi sadəliyini Robbi ilə Patın hekayəsində də fəxrlə sərgiləyir. Sadə kişilərin və qadınların yüksək hədəfləri olmayan həyatları Remarka ən maraqlı gələn məsələlərdir. Adi əsgərlərin, əsir düşənlərin, veteranların, didərginlərin, siyasi qaçqınların xırda hekayələri, köməkçi xatirələri ilə bəzənən süjet xəttində hər nüans oxucu marağı ilə qarşılanır. "Üç yoldaş” romanının uğurunun əsas səbəbini soruşsanız, mən öz adıma müəllifin sadə insanların hekayəsinə bəşəri bir həssaslıqla yanaşması olduğunu deyərəm.
Remark bu qəhrəmanları haradan tapmışdı?! Bir romanda bütün qəhrəmanlar kökündən qoparılmış, sovrulmuş və nakamdırlar. Heç kimin keçmişə qayıdacaq, gələcəklə bağlı xəyal quracaq gücü yoxdur, bugünlə, varlıqları ilə bağlı duyğuları isə boşluğa qarışıb. Dövrün insanı mütəmadi olaraq, həyatın ən əzablı üzünə gözünü açır. Cismən sağ qalsalar da, müharibəyə ömürlərini verənlər həyatın mənası haqqında düşünmürlər belə. Köməksizlik, sürgünlük dövründə onları ancaq yemək, ev və ən yaxın gələcək – sabah maraqlandırır.
Remarkın dövrün ən kataklismik hadisələrini ön plana çəkib, ədəbiyyata müharibə haqqında ziddiyyətli fikirlər aşıladığını düşünən tənqidçilərin çoxu da elə yazarın soydaşları olub. Çünki nəinki "Üç yoldaş”da ümumiyyətlə, Remarkın yaradıcılıq xəttində müharibənin "qazananı”, "güclüsü”, "sağ qalanı”, "fərasətlisi” tipajlarına rast gəlmirik. "Üç yoldaş” romanında da eşqin və həyatın baş qəhrəmanları var. Robbi, Pat, Otto, Qottfild oxucunun qarşısına həyatla sonuna qədər qəhrəman olmaq üçün yox, xoşbəxt olmaq üçün mübarizə aparanlar kimi çıxarılır. Əsərin bütün bünövrəsini müharibə və onun töküntüləri təşkil etsə də, əsas hekayə Robbi ilə Patrisiyanın məhəbbət macərasıdır. Yüksək sinfə aid olan Patrisiyanın ayrılmaz və bir-biri üçün ölümü də gözə almağa hazır dostların dünyasına girməsi o qədər də çətin başa gəlmir. Çünki o, zərif və humanist obrazı ilə Roberti ram etdiyi kimi Otto və Qotfildin də könlünə girir, kollektivin həssas nöqtəsinə çevrilir. Dördlüyün ən mehribanı, romantiki və pozitivi olan Qotfildin ölümü ilə münasibətləri daha da möhkəmlənən dostlar nasist rejiminin cücərməsi ilə daha əzablı günlərə doğru addımlamağa başlayırlar. Burada da Remark dövrün siyasi səhnəsində baş verənlərdən çox hadisələrin sadə insanların həyatındakı izlərini oxucunun diqqət mərkəzinə çəkir. Bu isə romanı siyasi ideologiyaları dəstəkləyən və ya tənqid edən petisiyaları xatırladan nümunələrdən tamamilə fərqləndirir. Remarkı bir yazıçı kimi bir neçə addım irəlidə saxlayan ədəbiyyatı müşahidələrlə korporativ işə cəlb etməsidir. Bəli, o siyasi yazardır. Amma onun siyasi görüşlərində bədiilik, emosionallıq görmədiyimiz kimi, ədəbi irsində də təbliğat görmürük. Patrisiyanın xəstəliyini, Robbinin ayrılıq və dost itkisindən aldığı yaraları, Rozanın həyatını, Georqun gündəlik qayğılarını dərin, iti müşahidəçi gözü ilə izləyən Remark bütün bu insani əzablarda bəşəri bir günah axtarır. Oxucusuna dünyada nüfuz və güc əldə etməyin sadə insanların həyatında bir irəliləyişə səbəb olmadığını, əksinə bu mübarizənin onların əzablarını dözülməz hala saldığını nümayiş etdirir. Baş qəhrəmanlardan Robertin təhkiyəsində oxuduğumuz romanda kiçik təmirxana işlətmək hesabına dolanan dostların gözü ilə işsizlik, əhali arasında artan şiddət, gərginlik, gündən-günə çətinləşən sosial vəziyyətə şahid oluruq. İqtisadi böhranın, müharibə qorxusunun dostların da həyatını çətinləşdirdiyi azmış kimi Robert Patrisiyanın ölümcül xəstəliyi və ayrılığı ilə də mübarizə aparır. Bütün bu çarpaz, qarışıq hadisələrin hamısına Robert öz sevən ürəyi ilə şahidlik edir. Qatı nihilist keçmişi olan Robertin Patrisiyaya bəslədiyi məhəbbətlə duyğu və düşüncələrində baş verən köklü dəyişikliklər onu romanın sonuna kimi izləyir. Sanki bu çətinliklərə sinə gərə bilmək üçün bu eşq Robbiyə hədiyyə edilmiş qalxandır.
Bəs, burdan "Üç yoldaş”-ın tənqid olunmazlığı qənaətinə gəlmək olarmı? Əsla. Remark Almaniyanın ən çox tanınan və bu səbəbdən də ən çox tənqid edilən yazarıdır. "Üç yoldaş”da Remarkın dövrün fəlsəfi və ideoloji problemlərinə sıx-sıx toxunması, sadə həyat mübarizəsi verən insanların fonunda dərin mövzulara aydınlıq gətirmək cəhdləri sərt tənqidlə üzləşib. Tənqidlərdə səslənən birinci ittiham Remarkın fəlsəfi düşüncələrini bölüşdüyü hissələrdə süjetin qarışıqlığa düşməsidir. Belə ki, işıqlı fəlsəfi düşüncələrlə sujetdə canlandırılan hekayələr, dərin həssas yanaşma daban-dabana ziddiyyət təşkil edir. Tənqidçilər Remarkın gələcəyə dair ideya sərgiləməsilə gələcəyə ümidi olmayan obrazlara kobudluq edildiyi qənaətindədir. Bir digər məsələ isə romanda bəşəri dəyərlərdən danışıb, fərdilik və fərqliliklərin nəzərə alınmaması probleminin qabardılması ilə bağlıdır. Halbuki bəşəri dəyərlər ümumiləşmələrdən yaranır.
Öz müasirləri arasında əsl natiq kimi fərqlənən Remarkın yazıçı kimi qazandığı uğuru da məhz "Üç yoldaş” romanından sonra tənqidçilər tərəfindən daha çox müzakirə edildi. Çünki onların fikrincə, bu roman milyonlarla nüsxədə satılacaq, iyirmidən çox dilə tərcümə olunacaq çəkidə deyildi. Terri Iqlton, Roland Bartes, Conatan Kuller, Uilyam Epmson kimi tənqidçilər romanın əsas uğurunun hekayədən və müəllifin dramatik təhkiyə üslubundan qidalandığı fikrini irəli sürür. Məsələn, Eleonori Gilburd Remarkın "Üç yoldaş”dakı üslubunu "klişelərlə dolu, təkrarçı, yersiz sentimental” kimi dəyərləndirir.
Lakin bu tənqidlər həqiqəti də kölgələmir. Remark "Üç yoldaş”-da ənənəvinin əksinə, insana insandan bir düşmən yaratmır. Sanki instinktiv şəkildə ümumi düşməni qeyri-insaniləşdirmək, eyni zamanda universallaşdırmaq üçün çalışır. Müəllifin ucaltdığı barrikadaların dörd bir yanında insanlar xilas yolu axtarır, bilinən üsullarla çapalayır, ağzını nəfəsliyə tərəf tutmaq üçün əlləşir. Bircə səhnədə belə yazıçı bizə müharibənin, qorxunc və ölümcül düşmənin varlığını unutdurmur. Bəli, hekayənin başında Remarkın qəhrəmanları əzabı o qədər də dərindən yaşamır. Ətrafdakılarla müqayisədə onların çox dərin yaralayır. Amma müəllif öz qəhrəmanlarını sadə insanların müharibədən aldığı zərbələrdən qəsdən qorumur. Hadisələri dəyişkən, canlı, enişə doğru aparan da müəllifin romanda həyat verdiyi bütün personajlara eyni mövqedən baxmasıdır. Remark onların həyatla ölüm arasında qalan vəziyyətlərini ruh və düşüncəsinin dərinliyi ilə duysa da, eşq və dostluğun varlığına geniş planda yer verərək, bu ağırlıq və çətinliklə mübarizə gücü tapır.
Romanın bütün qəhrəmanları, hətta səhhətindəki problemlərdən başqa bir çətinlik görməmiş Patrisiya belə əsl dövrün insanı kimi möhkəm və sakitdir. Buna baxmayaraq, qatıldıqları mitinqdə çıxan qarşıdurmada Lenzi itirən dostlar xəstəxanada müalicə alan Patrisiyaya bu xəbəri deyə bilmirlər. Bəli, ölüm müharibə, zülm, əsir düşərgəsi, ailə üzvlərinin ölümünü görən bu adamlar üçün köhnə xəbər idi. Amma romanın sonunda nə Robbinin, nə Ottonun artıq doğma bir insanın yaşamadığını dilə gətirəcək qədər mənəvi gücləri qalmır.
Qara dəlikdən çıxa bilməyən minlərlə insan kimi dostlar da ümid yoxsuluna çevrilirlər. Bir yanda bahar təsvirləri, bir yanda hər günə bir qara xəbər gəlişi roman üçün ən uğurlu sonluq hazırlayıb. Bir-birini sürətlə əvəz edən rəng tonlarında Remark ana xəttə sadiq qalaraq, oxucuda oyatdığı sevgi və dostluğun gücünə inamı sabit saxlayır.
Mənbə: "quickbook”-da yayımlanmış "The other side of the Barricade” sərlövhəli məqalə; "enotes”-da "World literature analysis” silsiləsi; "academichelp”-də yayımlanmış romanla eyniadlı mühazirə mətni.

İngilis dilindən tərcümə edən və hazırlayan: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər