• cümə, 26 Aprel, 00:57
  • Baku Bakı 16°C

Mübariz Mənsimovun şirkəti “Şövkət Ələkbərova“nı suya buraxdı

01.05.14 13:43 1406
Mübariz Mənsimovun şirkəti “Şövkət Ələkbərova“nı suya buraxdı
“Mən fəxr edirəm ki, anamın adıni daşıyan gəmi dünya dənizləri və okeanlarında üzəcək!” ANSPRESS bildirir ki, bunu Azərbaycan musiqi sənətinin korifeyi Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov bu gün Yalovadakı tərsanədə “Palmali” Şirkətlər Qrupunun “Şövkət Ələkbərova” adlı yeni tankerini suya endirmə mərasimində söyləyib. “Şövkət Ələkbərova” tankeri RST22M layihəsinə uyğun olaraq 7 min ton yükgötürmə qabiliyyətinə malikdir.
“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə gəmiyə Azərbaycanın xalq artistinin adı verilib. RST22M, RST22, 005RST01 və RST12 tipli gəmi layihələri ilə hazırlanan gəminin texniki xüsusiyyətlərinə gəldikdə, qeyd etmək lazımdır ki, hərəkət mexanizmini tənzimləyən və sükanı tam surətdə döndərməyə malik sütunu, DP sistemində artıq uzununa kəsiyinin olmaması, yükləmə nasosunun tətbiqi, yük çənlərində qəbulun olmaması və geniş gövdəsi olması xüsusiyyətlərinə görə fərqlənir.
Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. RST22M layihəli gəminin ümumi uzunluğu 139,95 metr, eni isə 16,6 metr, bortun hündürlüyü 6,0 metrə bərabərdir. Gəmi “Volqa-Don maks” tankeri sinfinə aiddir. “Armada” tankeri ilə müqayisədə yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 750 ton dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir.
Gəmi yenilənmiş beynəlxalq tələblərə tam cavab verməklə yanaşı, həm də bitki yağlarının daşınmasında batmamağa təminat verir. Layihə hazırlanarkən Rusiya və dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub.
Gəminin suya endirilməsi mərasimində görkəmli müğənni Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov, “Palmali” Şirkətlər Qrupunun vitse prezidenti Marif Mənsimov, şirkətin rəhbərləri və əməkdaşları, yerli və xarici qonaqlar iştirak ediblər. Bəşir Səfərov “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova minnətdarlığını bildirib. Qeyd edək ki, “Palmali” şirkətinin gəmilərinin əksəriyyəti görkəmli Azərbaycan şəxsiyyətlərinin adını daşıyır. Məlum olduğu kimi, məşhur müğənni Şövkət Ələkbərova sağlığında dünyanın 20-dən çox ölkəsində qastrollarda olub. O özünün gözəl səsi, ifası ilə Avropada, Asiya ölkələri və Afrikada insanları valeh edə bilib. İndi isə onun adını daşıyan tanker dünyanı gəzəcək. “Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOKAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.
banner

Oxşar Xəbərlər