Mübariz İbrahimova həsr olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan
Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil
edilən "Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi" mövzusundakı
yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqə Azərbaycan Dillər Universitetinin III kurs
tələbəsi, jurnalist Şahin Sərdarlının təşəbbüsü ilə keçirilib. ADU-nun rektoru
və professor-müəllim heyəti də şəxsi təşəbbüsləri ilə müsabiqəyə dəstək veriblər.
Tədbirdə ziyalılar, görkəmli ictimai-siyasi xadimlər
iştirak edib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin
Mübariz İbrahimovun dəfn mərasimində çıxışını əks etdirən videoçarx nümayiş
olunub.
Daha sonra ADU-nun rektoru, münsiflər heyətinin sədri
akademik Kamal Abdulla Prezidentin qəlbdən gələn sözlərinin hamının ürəyində
yaşadığını deyib. Vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqəni
yüksək qiymətləndirən rektor Mübariz və onun kimi qəhrəmanların "Təki Vətən sağ
olsun” deyərək düşmənin üzərinə yeridiklərini söyləyib. K.Abdulla Vətən uğrunda
canından keçən gənclərin qəhrəmanlıq dastanlarını xatırlatdığını deyib. İnsan üçün onun həyatının əziz olduğunu deyən
rektor dərk edərək ölümünə qarşı getməyin ölməzlik olduğunu bildirib. K.Abdulla
yaxın gələcəkdə doğma torpaqlarımızın azad olacağı günün qeyd ediləcəyinə inam
hissini ifadə edib.
Daha sonra müsabiqənin münsiflər heyətində təmsil
olunan jurnalist, filosof İlham Tumas, o cümlədən Qarabağ qazisi, jurnalist Rey
Kərimoğlu və "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov müsabiqənin təşkilini
yüksək qiymətləndiriblər və əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər.
Layihə rəhbəri Azərbaycan Dillər Universitetinin tələbəsi
və əməkdaşı, jurnalist Şahin Sərdarlı Mübarizin Azərbaycan gənclərinə nümunə
olduğunu bildirib. O, qeyd edib ki, əziz şəhidlərimizin adlarını uca tutmaq,
onları öz canımızdan da çox qorumaq hər bir gəncin mənəvi borcudur. Bu gün dövlətimizin
şəhid ailələrini daim diqqətdə saxladığını, cənab prezident İlham Əliyev və
birinci-vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək
ehtiram göstərdiklərini vurğulayıb.
Qeyd edək ki, müsabiqədə 300 nəfərə yaxın şəxs
iştirak edib. Müsabiqəyə tələbələr, müəllimlər, məktəb direktorları, o cümlədən
ölkəmizin 25-ə yaxın rayonunun təhsil müəssisələrindən şagirdlər də qatılıb.
İştirakçılar arasından 1 nəfər 1-ci yerə, 2 nəfər
2-ci yerə, 3 nəfər 3-cü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq
görülüb. Qaliblərə diplom və pul mükafatı təqdim olunub. Qaliblər müsabiqə
haqqında təəssüratlarını bölüşüblər.