• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Mübahisədən əməkdaşlığa

20.04.17 10:00 1158
Mübahisədən əməkdaşlığa
Mərkəzi Asiya dövlətləri arasında uzun illər gərginliyə, hətta münaqişəyə gətirib çıxaran problemlər həlini tapmaq üzrədir. Bu problemlər ərazi, enerji resursları, su məsələləri üzrə uzun illərdir ki, həlini tapmayıb. Özbəkistanda İslam Kərimovun vəfatından sonra qonşularla normallaşma siyasəti yürüdən prezident Şövkət Mirzoyev ilk olaraq qonşu Tacikistanla problemləri həll etməyə başlayıb. Düşənbədə iki ölkənin işgüzar dairələrinin görüşündə əsas problem olan su məsələsi gündəmdə olub. Ekspertlər hesab edirlər ki, Daşkənd və Düşənbə indiyədək əldən buraxılan imkanlara yenidən nəzər salmaq niyyətindədirlər. Dəfələrlə mübahisə mövzusu olan Tacikistandakı Roqunsk SES-i artıq iki ölkə arasında problem və müzakirə mövzusu olmayacaq.
Yeri gəlmişkən, Düşənbədə keçirilən böyük sərgidə özbək istehsalçıları maşınqayırma məhsulları nümunələri, avtomobil məhsulları, kimya sənayesi, yüngül sənaye və toxuculuq, eləcə də parfümeriya və məişət məhsulları - bütövlükdə 160-dan artıq müəssisənin 1500-dən artıq məhsul növünü nümayiş etdiriblər. Tacik ekspert Şirəli Rizoev bu tədbiri iki ölkə arasında gələcək ciddi layihələr üçün yaxşı bir başlanğıc adlandırıb. Bu cür tədbirlər iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ən əsası, sərhəd ərazilərdə yaşayan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. "Sıx iqtisadi əməkdaşlıq Tacikistan və Özbəkistanın maraqlarına uyğundur”, - deyə tacik eksperti bildirib. İki ölkə arasında ötən ilin ticarət göstəriciləri üzrə rəqəmlər də pis deyil. Bu rəqəm azı altı dəfə artaraq, təqribən 70 milyon dollara çatıb. Onun 36 milyonu tacik mallarının Özbəkistana, yerdə qalan isə özbək mallarının qonşu dövlətə ixracından ibarətdir. İki ölkə arasında münasibətlərin normallaşması 2016-cı ilin oktyabrında Özbəkistan xarici işlər naziri Abduləziz Kamilovun Düşənbəyə səfərindən sonra başlayıb. O, hətta bu səfəri münasibətlərdə əsaslı dönüş də adlandırıb. Bundan sonra Daşkəndə nazirlər səviyyəsində bir neçə görüş təşkil edilib. Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazev qeyd edir ki, ölkələr arasındakı münasibətlərdə dəyişikliyi yerli xalqlar da dəstəkləyir. Tacikistan və Özbəkistan arasında münasibətlərdəki gərginlik SSRİ-nin dağılmasından və Tacikistanda vətəndaş müharibəsi başladıqdan sonra start götürüb. O zaman Özbəkistan Rusiya ilə birlikdə münaqişənin nizamlanmasında əsas rol oynamış və onun bütövlükdə Mərkəzi Asiya regionu üzrə yayılmasına imkan verməmişdi. Onun qənaətinə görə, Tacikistan Özbəkistan üçün problemli ərazi hesab edilir. Özbəklər hesab edir ki, bu ölkənin ərazisindən əfqan narkotrafiki keçir.
"İki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya problemi də mövcuddur”, - deyən Tacikistanın keçmiş xarici işlər naziri Xamroxon Zərifi bildirir ki, sərhəd məsələsi artıq həllini tapır. Lakin problemlər hələ də qalır. Belə ki, Düşənbədə biznes-forum ərəfəsində iki ölkənin sərhədində problem yaşanıb. Tacik çobanları özbək sərhədçilərin ərazidən çıxmaq tələbinə əməl etməyərək, onlara soyuq silah və dəyənəklərlə hücum edib. Onlar da silah işlətməyə məcbur olublar. Nəticədə, bir tacik ölüb. Bu kimi hallar dəfələrlə təkrarlanır. İki ölkə arasında sərhəd xəttinin uzunluğu 1161 km-dir. Sərhədlə bağlı problemlərin 80 faizi həlini tapsa da, həllini tapmayan mübahisəli ərazilər də mövcuddur.
Beləliklə, belə kiçik problemlər qalsa da, münasibətlər normallaşma xətti götürüb. Özü də münasibətlər tək ticarət deyil, digər sahələri də əhatə edir. Hazırda gündəmdə iki ölkə arasında dəmiryolu əlaqəsinin bərpası var. Söhbət Qalaba-Amuzanq xəttindən gedir. Bu xətt Özbəkistanı Tacikistanın cənub əraziləri ilə birləşdirirdi. Özbək tərəfi əvvəlcə bu xətti yenidən bərpa edəcəyini bildirirdi, sonradan ümumiyyətlə, relsləri belə sökdü. Tacik tərəfi əmin idi ki, bu, Roqun SES-lə bağlıdır. Çünki məhz bu xətlə Daşkəndin əleyhinə olduğu Roqun SES-in inşası üçün yüklər daşınırdı. Düşənbə üçün isə bu SES-in inşası milli ideya idi. Lakin Özbəkistan bu məsələ ilə bağlı mövqeyində qəti idi və hesab edirdi ki, SES tək mili təhlükəsizlik üçün deyil, həm də bütün regionun ekologiyası üçün təhlükədir. Və bu mövqeyini beynəlxalq tribunalardan səsləndirirdi. Məsələn, Özbəkistan XİN rəhbəri Abduləziz Kamilov bütün maraqlı tərəfləri BMT-nin Amudərya və Sırdərya ilə bağlı təklif etdiyi konvensiyanı imzalamağa çağırıb.
Mərkəzi Asiya ilə bağlı başqa bir müsbət məqam Daşkənd və Bişkekin ərazi iddialarından imtinasıdır. Bu məsələ Qırğızıstan prezidenti Almazbek Atambayevin Daşkəndə başlayacaq səfərində müvafiq sənədlə təsdiqini tapacaq. Tərəflər XİN səviyyəsində bu yaxınlarda təqribən 1000 km-ə qədər uzanan sərhəd xətti ilə bağlı razılıq əldə ediblər. Özbəkistanın XİN rəhbəri Abduləziz Kamilov bildirib ki, hazırda 58 sərhəd məntəqəsində 300 km-lik ərazi ilə bağlı mübahisəli məsələ var. "Biz tarixdə qalacaq bir sənədə imza atmağa hazırlaşırıq”, – deyə özbək nazir Daşkənddə keçirdiyi mətbuat konfransında bəyan edib. Onu da qeyd edək ki, sərhəd problemi üç Mərkəzi Asiya respublikası - Tacikistan, Özbəkistan və Qırğızıstan arasında sovet sistemi dağıldıqdan sonra aktuallaşıb. Problem Fərqanə bölgəsindəki anklavlarla bağlıdır. Özbəkistan Ali Palatası sədrinin müavini Sadık Safayev bildirib ki, ölkənin prezidenti Şövkət Mirzəyevin məqsədi problemlərin həllindən uzaqlaşmaq yox, onları birgə həll etməkdir. Onun sözlərinə görə, bu gün Özbəkistanın aktiv regional siyasəti var: "Qonşularla münasibətlərin prioritet xarakteri - diplomatiyanın əlifbasıdır. Son aylar ərzində hər zaman ediləsi işlər edilir”. O, əlavə edib ki, Özbəkistan ciddi əhəmiyyət kəsb edən məsələlərlə bağlı dialoq aparmağa hazırdır.
Beləliklə, təqdirəlayiq haldır ki, Mərkəzi Asiyanın bir vaxtlar münaqişə vəziyyətində olan ölkələri problemləri həll etmək istiqamətində ciddi addımlar atıb və məsələləri danışıqlar stolu arxasında çözməyə başlayıblar. Ümid etmək olar ki, bu, uzun illər davam edəcək və dövlətlərin prioritet siyasətinə çevriləcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər