• cümə axşamı, 28 mart, 17:57
  • Baku Bakı 16°C

Müasir texnologiyaların Azərbaycana gətirilməsi

02.06.16 13:33 1982
Müasir texnologiyaların Azərbaycana gətirilməsi
2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq, layihə hazırlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlanır. Layihə çərçivəsində alimlərin iştirakı ilə Dəyirmi masalar keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına ünvanlanacaq.

Altıncı mövzu:

- Ən müasir texnologiyaların Azərbaycana gətirilməsi, tətbiq edilməsi, fəaliyyətin bu texnologiyalar əsasında səmərəli qurulması.

Dəyirmi masanın iştirakçıları: Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitunun Gənc alimlər və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, şuranın üzvləri - fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova, fizika üzrə fəlsəfə doktoru Xuraman Əhmədova, doktorantlar Səidə Məmmədova, Mobil Kazımov.

Dəyirmi masa”nın moderatoru Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu


Moderator: Qloballaşan dünyanın bir çox reallıqları var ki, onlardan biri də məhz yeni texnologiyaların ərsəyə gətirilməsi və tətbiq edilməsilə bağlıdır. Tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuş XXI yüzillik daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir. Elmin və təhsilin inkişafı heç şübhəsiz ki, bütövlükdə cəmiyyətin inkişafını təmin edir. Sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanda yeni texnologiyaların tətbiqi sahəsində kifayət qədər ciddi irəliləyişlər müşahidə olunur. Ayrı-ayrı sahələrin getdikcə yeni texniki standartlara uyğunlaşdırılması az qala hər gün müşahidə etdiyimiz reallıqdır. Bu gün demək olar ki, bütün sahələrdə elektron kargüzarlıq sistemindən istifadə olunur. Vergi, gömrük, ədliyyə, səhiyyə, təhsil, eləcə də informasiya və kommunikasiya sahələrində yeni texnologiyaların tətbiq olunması ilə işin keyfiyyəti və sürəti artırılır ki, bu da son nəticədə vətəndaşların rahatlığını təmin etməklə əvvəllər müşahidə olunan bürokratik əngəllərin tədricən aradan qalxmasına səbəb olur. Budəfəki müzakirəmizdə əsasən elm sahəsindəki vəziyyətə aydınlıq gətirməyə və yeni texnologiyaların tətbiqi xüsusunda atılmalı olan addımları müəyyənləşdirməyə çalışacağıq. Məsələn, siz - gənc fiziklər, nümayəndəsi olduğunuz sahənin daha da inkişaf etdirilməsi üçün hansı tədbirlərə ehtiyac görürsünüz və fizika sahəsində tətbiq olunması üçün hansı yeni texnologiyaların gətirilməsini vacib hesab edirsiniz?

Xuraman Əhmədova: Əlbəttə, fizika sahəsində yeni texnologiyaların tətbiqi çox vacibdir. Bu gün biz öz bilik və bacarığımızı, elmi yeniliklərimizi və təkliflərimizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, deməli, hazırda dünyada tətbiq olunan yeni cihazlarla işləməli, yeni texnologiyaların yaratdığı üstünlüklərdən istifadə edərək daha təkmil iş nümunələri yaratmalıyıq. Lakin hesab edirəm ki, biz yeni texnologiyaların ölkəyə gətirilməsindən əvvəl, hansı avadanlıqlara, hansı cihazlara ehtiyac duyduğumuzu dəqiq müəyyənləşdirməliyik. Araşdırma aparılmalı, elmi-tədqiqat institutlarının hazırkı imkanları, zəif tərəfləri müəyyənləşdirilməli, alim və mütəxəssislərlə söhbətlər aparılmalıdır ki, əslində nəyə, hansı cihazlara daha çox ehtiyac olduğu dəqiq müəyyən edilsin. Ehtiyac üzə çıxarılmadan ölkəyə yeni texnologiyaların gətirilməsi arzulanan səmərəni verməyəcək. Bu gün bizim dövlətimizin imkanı var ki, dünyada tətbiq olunan ən yeni texniki avadanlıqların Azərbaycana gətirilməsi təmin olunsun. Son illər ərzində biz bunun şahidi oluruq ki, ayrı-ayrı sahələrin yeni texnologiya ilə təmin olunması istiqamətində ciddi işlər görülür. Lakin, dediyim kimi, ölkəyə gətirilən müasir cihazların nə dərəcədə səmərə verəcəyi hələ ki, sual altındadır. Çünki gətirilmiş avadanlığa hansı formada ehtiyac duyulduğu məlum deyil. Bu baxımdan, ən xırda cihazın belə ölkəyə gətirilməsinin zəruri olub-olmaması məsələsinə ciddi önəm verilməlidir. Bununla dövlət vəsaitlərinin səmərəsiz istifadə olunmasının da qarşısını almaq olar.
Mobil Kazımov: Bu gün bütün dünyada sürətli yaddaş sistemlərinin yaradılmasına maraq göstərilir. Bunun üçünsə maqnit materiallardan istifadə olunmalıdır. Fikrimcə, yarımkeçirici maqnit materialların, maqnit xassələrini - maqnitlənmə və maqnit qavrayıcılığını tədqiq etmək üçün müasir cihazların gətirilməsinə ehtiyac var.

Ulkər Səmədova: Müdafiə sənayesi üçün yararlı ola biləcək "Elektromaqnit şüalarını udan nazik təbəqəli maqnit qoruyucu örtüklərin hazırlanması indiki dönəmdə çox vacibdir. Bizim bu istiqamətdə araşdırmalarımız və konkret layihələrimiz var. Lakin təəssüf ki, biz bu layihəni təcrübədə yoxlaya bilmirik. Nəzəri cəhətdən xeyli işlər görülüb. Amma bunu təcrübədə yoxlamadan işi başa çatdırmaq olmur. Ümumiyyətlə, bir çox hallarda zəruri cihazlara əlimiz çatmır. Məsələn, ola bilər ki, mənə öz işimi ölçmək üçün lazım olan cihaz başqa bir müəssisədədir. Amma mənim həmin cihaza çıxışım yoxdur. Yaxşı olardı ki, alimlərin işinin yüngülləşdirilməsi və səmərəli işin təşkili üçün xüsusi mərkəz yaradılsın və texniki avadanlıqlar da məhz orada toplanılsın. Belə mərkəzləşdirilmiş bir yer olarsa, hər kəs gedib öz layihəsini təcrübədə yoxlaya bilər. Başqa bir müəssisəyə və universitet laboratoriyalarına düşmək üçün kimdənsə xahiş edilməsinə ehtiyac olmaz, vaxt itkisi yaşanmaz.
Hələlik Azərbaycanda olmayan cihazlara gəldikdə, müzakirə iştirakçıları qeyd etdilər ki, həmin cihazlarla işin təşkili məsələsinin həll yolu xarici ölkələrə ezamiyyətlərin təşkilindən keçir. Gənc alimlərin fikirlərini ümumiləşdirərək təqdim edirik: "Elə cihazlar var ki, bizdə yoxdur. Amma elə cihazlar da var ki, bizdə var başqalarında yoxdur və əcnəbi mütəxəssislərin Azərbaycana gəlib həmin cihazlarla işləməsi hallarına rast gəlinir. Yaxşı olar ki, biz gənc alim və mütəxəssislər də elmi təkliflərimizi təcrübədə yoxlamaq üçün başqa ölkələrə ezam olunaq, orada həm lazımı cihazlarla işləyib təklifimizin nə dərəcədə işlək olduğunu müəyyənləşdirək, həm də yeni texnologiyalarla tanış olub, onların funksiyaları ilə yaxından tanış olaq. Əsas məsələ həm də yeni texnologiyalarla işləmək bacarığıdır. Dövlət yeni avadanlıqlar alıb gətirsin və burada da onları işlətməyə mütəxəssis tapılmasın. Bax, problemlərdən biri də budur. Əgər söhbət yeni texnologiyalardan gedirsə, deməli, onları işlədənlər də gənclər olacaq. Buna görə də gənc alimləri imkan daxilində xarici ölkələrə göndərmək lazımdır ki, orada öyrənib burada tətbiq etsinlər”.

Mövcud problemlər barədə fikirlərini davam etdirən müzakirə iştirakçıları qeyd etdilər ki, Azərbaycanda spintronika və kondensə olunmuş mühitlər fizikasının inkişafı ox zəifdir. Hazırda dünyanın inkişaf etmiş bütün ölkələrində bu sahə sürətlə tədqiq edilir. Bizdə bu sahənin geridə qaldığını deyən gənc alimlər, vəziyyəti dəyişməklə fizika sahəsində nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasının mümkünlüyündən də danışdılar. Qeyd edildi ki, belə olan təqdirdə, bu sahə yaddaş elementlərini, sabit maqnitləri, qoruyucu örtükləri almağa imkan verəcək.
Ülkər Səmodova fənlərarası inteqrasiyanın inkişafının təşkilindən danışaraq təklif etdi ki, bir-birinə yaxın olan sahələrin mütəxəssisləri (Fizika, kimya, biologiya və s) ölkə iqtisadiyyatına, sənayesinə və elmi inkişafına xeyirli ola biləcək birgə layihələr işləsinlər və problemlərin həlli yollarını birgə müəyyənləşdirsinlər.
Gənc alimlər texniki terminlərin tərcümə məsələsindən də danışdılar. Bu sahədə də müəyyən çətinliklərin olduğunu deyən mütəxəssislər terminlərin tərcümə olunub-olunmaması məsələsilə bağlı hələlik yekdil qərarın olmadığını dedilər. Onların sözlərinə görə, fizika sahəsində çalışanların müəyyən bir qismi beynəlxalq terminlərin tərcümə olunmasının tərəfdarı deyil. Sözlərin tərcümə olunmuş formasının gənc alimlərin yaddaşında möhkəmlənməsi onlara beynəlxalq konfranslarda çətinliklər yaradır. Belədə həmin sözlərin təzədən beynəlxalq terminalogiyadakı forması axtarılır. Gənc alimlərin fikrincə, terminlərlə bağlı vahid mövqe olmalıdır: "Məşhur alimlərimizin hazırladığı texniki lüğət var. Onun təkmilləşdirilməsi üzərində də iş aparmaq olar. Ümumiyyətlə, bu məsələyə xüsusi diqqət ayrılmalıdır”.
Müzakirədə PhD dərəcəsi almış və ya gənc tədqiqatçılar üçün posdoctoral Fellowship proqramlarının təşkilindən də geniş söhbət açıldı. Qeyd olundu ki, bu proqramların təşkili gənc alimlərimizə xarici alimlərlə əlaqə yaratmaq və beynəlxalq layihələr çərçivəsində xarici ölkələrdə tədqiqat apararaq təkmilləşmək imkanı verəcək.
Səidə Məmmədova: Fikrimcə, fizikanın elə sahələri inkişaf etdirilməlidir ki, təcrübəçilər və nəzəriyyə ilə məşğul olanlar birgə işləsinlər. Məsələn, aşağı temperaturlu ifratkeçiricilər fizikası, kondensə olunmuş hallar nəzəriyyəsi və sair istiqamətlərdə birgə işin təşkili mümkündür.
Sonda Fizika İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova gənc alimlərə gərəkli olan proqram paketlərindən də danışdı: "Nəzəri hesablamalar aparmaq üçün proqram paketlərinin alınması (ATK Virtual Nanolab, TranSiesta) da bizim işimizə çox böyük fayda verə bilər.
Hazırladı:
Jurnalist Ekspert Mərkəzinin sədr müavini
Nicat Dağlar

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb

banner

Oxşar Xəbərlər