• çərşənbə axşamı, 19 mart, 15:29
  • Baku Bakı 8°C

Müasir tariximizin şanlı mərhələsi

12.10.18 18:39 1398
Müasir tariximizin şanlı mərhələsi
Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə əmin-amanlıq, sabitlik bərpa olunub. Ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi neft strategiyası Azərbaycan iqtisadiyyatının, dövlətinin, dövlətçiliyinin, cəmiyyətinin davamlı inkişafının əsasını qoyub. Onun siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs 2003-cü ildən etibarən uğurla davam etdirilməkdədir.

Məhz bu siyasət nəticəsində Azərbaycan əmin-amanlığa görə regionun sabitlik adasına, iqtisadi inkişaf baxımından Cənubi Qafqazın lider dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşa, müstəqil siyasət yürüdən, beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən nüfuzlu ölkəyə çevrilə bilib. Qütbləşən dünyada iki böyük gücü təmsil edən diplomatların, generalların, rəsmi şəxslərin dialoq məkanı kimi dəfələrlə Azərbaycanı seçməsi də ölkəmizin dünyada artan nüfuzundan, beynəlxalq aləmin bizə olan münasibətindən xəbər verir.

Azərbaycan Prezidentininictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənovun "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində də qeyd olunub ki, ölkəmiz möhkəm ictimai-siyasi sabitlik əmsalına görə postsovet məkanında birinci yerdədir. Məqalə müəllifi vurğulayıb ki, İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunub. Prezident köməkçisinin sözlərinə görə, hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Əli Həsənov qeyd edib ki, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və sair üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Prezidentin köməkçisi Ə.Həsənovun məqaləsində son 15 ildə Azərbaycan dövlətçiliyinin əldə etdiyi nailiyyətlər, onun müasir beynəlxalq münasibətlər sistemində tutduğu yer və rol barədə çox mühüm, maraqlı məsələlər əksini tapıb. Millət vəkilinin sözlərinə görə, bu, 15 illik dövlətçilik tariximizin qısa salnaməsi kimi də qəbul oluna bilər: "Hər şeydən öncə Əli Həsənov dövlətçilik ənənələrinə diqqət çəkərək, müstəqil dövlətçilik tariximizin son 15 ilini 100 illik dövlətçilik tariximiz kontekstində qiymətləndirib. Beləliklə də Azərbaycan Prezidentinin son 15 il ərzində həyata keçirdiyi siyasəti Xalq Cümhuriyyətinin ənənələri ilə əlaqələndirib. Burada dövlətçilik ənənəsinə varisliyi önə çəkir. Bu, maraqlı detaldır. Həqiqətən də tarixi müqayisə kontekstində müasir mərhələdə Azərbaycanın daha çox uğurlar əldə etməsinin izahı baxımından olduqca maraqlı yanaşmadır. İkinci məsələ kimi siyasi sistemdə, siyasətdə vərəsəliyə toxunan hörmətli Əli müəllim, Azərbaycanda müstəqilliyimizin çox mürəkkəb dönəmində, ilkin illərində əldə olunan nailiyyətlərin və Azərbaycan dövlətçiliyinin bir növ müstəqil şəkildə bərpa olunmasının memarı sayılan ulu öndər Heydər Əliyevin siyasi ənənələri ilə bu gün həyata keçirilən siyasəti əlaqələndirir, uzlaşdırır. Bunları bir-birinin davamı kimi qiymətləndirir. Azərbaycanda son 15 ildə əldə olunan uğurları da məhz bu iki ənənə ilə əlaqələndirir. Düşünürəm ki, çox maraqlı təsbitdir. Həqiqətən də real tarixi keçmişimizə söykənən və onunla izah olunan bir hadisədir”.

H.Babaoğlu deyib ki, son 15 ildə ölkəmizin əldə etdiyi uğurları ardıcıllıqla sadalayan professor Ə.Həsənov Azərbaycanın xarici siyasətinə və ölkəmizin iqtisadi inkişafına, eyni zamanda dövlət tərəfindən həyata keçirilən sosial siyasət məsələlərinə diqqət çəkib: "O, bunları da bir-biri ilə əlaqələndirib. Doğrudan da müstəqil iqtisadi siyasət həyata keçirmədən müstəqil siyasət yürütmək olmaz. Eyni zamanda, iqtisadi uğurlar əldə olunmasa, siyasi varislik olmasa, sosial siyasətdə uğurlardan, sosial proqramlardan danışmaq, bu istiqamətdə siyasət həyata keçirmək olmaz. Bu üç mühüm komponent arasında məntiqi əlaqə quran və Azərbaycanın inkişafını məhz bu üçbucaqda şərh edən Əli Həsənov ölkəmizdə reallaşdırılan sosial siyasət, iqtisadi inkişaf və siyasi sabitlik arasındakı əlaqəni mühüm paradiqmatik komponentlər kimi önə çəkib”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da vurğulayıb ki, İlham Əliyevin 15 illik prezidentlik dönəmi müasir tariximizin şanlı mərhələsidir. Deputatın fikrincə, bu mərhələ ölkə rəhbərinin böyük uğurudur: "Müasir müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridirsə, İlham Əliyev bu əsərin nəsillərə örnək salnaməyə çevrilməsini təmin edən şəxsiyyətdir, parlaq liderdir. Ötən 15 il Azərbaycanı inkişafa can atan ölkədən sabit inkişaf yolunda inamla addımlayan ölkəyə çevirdi. Vətənimiz neçə-neçə çətinliklər adlatdı, neçə-neçə təsirlərə sinə gərdi. Artıq Azərbaycanda oturuşmuş, dünyanın hesablaşdığı dövlət modeli var. Bu model İlham Əliyevin prinsipiallığının, ardıcıllığının, qətiyyətinin və səriştəsinin bəhrəsidir”.

Ə.Amaşov deyib ki, Prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti çoxşaxəliliyi ilə diqqət çəkib: "Həm dünyaya inteqrasiya, həm türk dünyasında xüsusi mövqe, həm regionda mehriban qonşuluq siyasəti - bütun bunlar sanki bir-birini tamamlamaqdadır. Bu gün Azərbaycan dünyanın ən mötəbər toplantılarının keçirildiyi məkandır. Ölkəmiz müxtəlif millətlərin dinc birgəyaşam şəraitində ömür sürdükləri sabitlik adasıdır. Belə bir mürəkkəb siyasi coğrafiyada bu statusu əldə etmək heç də sıradan məsələ deyil. Tam əminliklə demək olar ki, İlham Əliyev buna nail olmağı bacarmış şəxsiyyətdir. İlham Əliyev xalqın şəriksiz lideridir. Onun siyasətinin mahiyyətində insan, vətəndaş faktoru dayanır. Ötən 15 ili media cameəsi üçün də önəmli edən cəhətlər çoxdur. Media sahəsində mühüm dövlət sənədləri qəbul edildi, təkmilləşdirildi, ən əsası isə, Azərbaycan jurnalistlərinə yönələn ən mühüm sosial layihə həyata keçirildi. Bu, media təmsilçilərinin mənzillərlə təmin olunmalarıdır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər