• şənbə, 20 Aprel, 04:08
  • Baku Bakı 15°C

Müasir tariximizdə dönüş nöqtəsi - Fotolar

24.09.18 19:09 1732
Müasir tariximizdə dönüş nöqtəsi - Fotolar
Sentyabrın 21-i Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar da iclasda iştirak ediblər. Dövlətimizin başçısı iclasda geniş nitq söyləyərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, cəmi 23 ay yaşamasından, süqut etməsindən və Azərbaycan dövlət müstəqilliyinin itirilməsindən danışıb. Qeyd edib ki, bu tarixi məqam müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin iş olduğunu sübut edir. Ölkə rəhbəri deyib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşub. Onun fikrincə, bu, tarixi şans, tarixi xoşbəxtlik idi. Çünki Azərbaycan xalqı əsrlər boyu müstəqillik, azadlıq eşqi ilə yaşayıb. Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda çox böyük fəlakətlərlə müşayiət olunub. Ölkə iqtisadiyyatı ağır vəziyyətdə olub, siyasi proseslər vəziyyəti gərginləşdirib, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti vüsət alıb. Bütün bunlarla yanaşı, daxildə olan çəkişmələr də Azərbaycanın uğurla inkişaf etməsinə imkan verməyib. 1992-ci ildə dövlət çevrilişindən sonra vəziyyət daha da ağırlaşıb və Azərbaycan çox çətin çağırışlarla üz-üzə qalıb.

Prezident İlham Əliyev deyib ki, 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələr ölkəmizi uçuruma aparıb, Azərbaycanda siyasi-iqtisadi böhran dərinləşib, Ermənistan işğalçılıq siyasətini genişləndirib, torpaqlarımız işğal altına düşüb, iqtisadiyyat tamamilə iflic olub. O, həmin illərdə ölkəmizdə vətəndaş müharibəsinə start verildiyini, qardaş qanı töküldüyünü də diqqətə çatdırıb. Bildirib ki, bu ağır, çətin günlərdə Azərbaycan xalqı müdriklik göstərərək düzgün addım atıb, Heydər Əliyevi hakimiyyətə dəvət edib və bu tarixi addım ölkəmizin müasir tarixində dönüş nöqtəsi olub.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin SSRİ dövründə Azərbaycan xalqı qarşısındakı xidmətlərinə toxunaraq qeyd edib ki, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Onun sözlərinə görə, məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət edib, 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında ulu öndər Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilib. Azərbaycan Prezidenti İlham Əliyev bir daha vurğulayıb ki, qeyd edilən hadisə müasir tariximizdə dönüş nöqtəsi sayılır. Çünki həmin andan etibarən ölkədə vəziyyət sabitləşməyə doğru getməyə başlayıb, vətəndaş müharibəsinə son qoyulub, qanunsuz silahlı birləşmələr tərk-silah edilib, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atılıb, Azərbaycan beynəlxalq təcriddən çıxa bilərək inkişaf yoluna qədəm qoyub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dövlət başçısının parlamentdəki çıxışına dəstək olaraq bildirib ki, həqiqətən də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub. Onun fikrincə, ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas olub, ölkədə sabitlik bərpa olunub və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atılıb. Millət vəkili deyib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi mühüm işlər nəticəsində ölkəmiz bəlalardan qurtulub: "Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxtı səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Prezident İlham Əliyevin Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı dediyi kimi, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi”.

Millət vəkili A.Hüseynov vurğulayıb ki, bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmayan guşə yoxdur. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə onun əməyi özünü göstərir: "Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır. Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin ərəfədə bu məsələnin reallaşacağı çox paradoksal görünürdü, çünki biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan qaldırılmasından danışa bilərdik. Həmin dövrdə Ulu Öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkdi. Çünki, o, iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də qəzetimizə açıqlamasında ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından söhbət açıb. Qeyd edib ki, məhz bu uğurlu missiya sayəsində Azərbaycan dünyaya günəş kimi doğub: "Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq, sabitlik təmin olundu, iqtisadi inkişafın təmin edilməsi, dövlətin, dövlətçiliyin güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı, geniş islahatlar həyata keçirildi. Bu islahatlar sayəsində müstəqilliyimizin ikinci dəfə itirilməsi təhlükəsi geridə qaldı, Azərbaycan inkişaf edən ölkəyə çevrildi. Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoydu, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etdi. Bununla da, Azərbaycan xalqı 70 illik totalitar rejimin ideoloji-siyasi buxovlarından azad oldu. Müstəqil Azərbaycanın yeni mərhələsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycan sözün əsl mənasında tam müstəqil siyasət yürüdən, güclü, qüdrətli ölkə olduğunu bütün dünyaya nümayiş etdirib”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər