• çərşənbə axşamı, 19 mart, 06:02
  • Baku Bakı 8°C

Müasir şeirimiz dünya şeiri ilə ayaqlaşırmı?

16.10.18 12:45 2235
Müasir şeirimiz dünya şeiri ilə ayaqlaşırmı?
Yüksək ədəbi mükafatlar əlimizə gəlib çatmayanda həm ədəbiyyatçılar, həm də daha çox oxucular arasında "biz dünya şairləri kimi yaza bilmirik” fikri səslənir. Müasir şeirimizin dünya şeiri ilə ayaqlaşa bilməməsi fikirləri də az deyil. Ancaq poeziya adamlarının özləri, tənqidçilər "çağdaş şeirimiz dünya şeiri ilə birgə yürüyür” fikrində israrlıdırlar.
Tərcümə və piar problemi
Çağdaş dünya poeziyasında yeni forma və qəliblərin olduğunu deyən «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəsin fikrincə, biz onların bir qismindən istifadə etsək də, bir qismindən ümumiyyətlə, istifadə etmirik. Amma bəzi şeir növləri var ki, onlar artıq dünya şeirindən geridə qalıb: «Biz təbii ki, inteqrasiya baxımından istər dünya ədəbiyyatına, istərsə də Avropa ədəbiyyatına, sovetlər dövründə isə rus ədəbiyyatına sonradan gəlib çıxmışıq. Tutaq ki, sovet dövründə və ondan qabaq Rusiyada hansısa cərəyanlar, təmayüllər yaranırdı və sonra onun əks-sədası gəlib çıxırdı. Rus ədəbiyyatındakı təmayüllərin də bəzən Avropadan sızıb gəlməsi başqa mövzudur. Biz adətən bu prosesə bir az gec qoşuluruq. Bunun da təbii ki, çox sadə bir izahı var. Azərbaycan uzun illər müstəqil olmayıb. Bu baxımdan bizim bu kənar təmayüllərdən, çeşidli cərəyanlardan o qədər xəbərimiz olmayıb”. Q.Ağsəs məsələdə dil faktorunu da mühüm amil hesab edir. Belə ki, dünyada ispandilli, ingilisdilli ədəbiyyat daha çox oxunur və populyardır. Bu ədəbiyyatlar ümumiyyətlə, dünya oxucularının və ədəbiyyatla məşğul olan adamların böyük faizini təşkil edir: "Bizdə isə həmişə ingilis dili və ya ispan dili ilə bağlı problemlər olub. Yəni bizə əsərlər daha çox rus dilindən gəlib çatırdı. Biz ədəbiyyatda gedən prosesləri daha çox tərcümə əsasında izləyə bilmişik. Rus dilində olan əsərlər də yalnız sovet ideologiyasının süzgəcindən keçənlər olub. Müəyyən müəlliflər və əsərlər olub ki, sovet ideologiyası onların rus dilinə tərcüməsinə mane olub. Ya da o əsərləri yalnız özləri üçün tərcümə edib, digər respublikalara sızmasına imkan verməyiblər. Son vaxtlar artıq birbaşa tərcümələr, birbaşa ünsiyyət forması yavaş-yavaş ayaq açmaqdadır. Biz artıq ingilisdilli, ispandilli ədəbiyyatla orijinaldan tanış ola bilirik. Bu cür nümunələrin orijinaldan tərcüməsini məsələn, «Ulduz» jurnalında çap edirik.
Əsas odur ki, Azərbaycan poeziya nümunələri bu söz okeanına yavaş-yavaş çıxmağa cəhd edir». Baş redaktor inanır ki, bizim ədəbiyyatçılar başqa ölkələrin ədəbiyyatına müxtəlif dillərlə çıxa biləcəklər. Bununla belə, Azərbaycan şeirinin dünyaya çıxmasında problemlərdən biri də tərcümə məsələsidir: "Gərək Avropa ölkələrində və yaxud Amerikada Azərbaycanı sevən, ədəbiyyatımızla maraqlanan, həm öz dilini, həm Azərbaycan dilini yüksək səviyyədə bilən, həm də Azərbaycanı sevən elə mütəxəssislər olsun ki, bizim çıxışımıza yardımçı olsunlar. Yoxsa özümüz yazıb, özümüz tərcümə edəndə o qədər də effektiv olmur. Qarşı tərəfin bizdən hansı ədəbiyyat istədiyini dəqiqliklə bilə bilmərik. Mənim qənaətimə görə, o çıxış nöqtələrini qarşı tərəfdə axtarmalıyıq. Yəni Azərbaycan tərəfi öz tərcüməçilərini yetişdirməklə bərabər, həm də Avropa ölkələrində Azərbaycan dilini bilən, ədəbiyyatımızdan nümunələri tərcümə etməyə can atan və bunun heç də ona pulsuz başa gəlmədiyini anlayan insanlar tapmalı və onlarla əlaqələr yaratmalıdır». Bu yaxınlarda şeirlərinin Belçikanın ədəbi saytında tərcümə edilərək yer aldığını deyən Q.Ağsəs deyir ki, həmin tərcümələr yazıçı-tərcüməçi Kamran Nəzirliyə məxsusdur: "Mən çox istərdim ki, şeirləri qarşı tərəf özü tərcümə etsin. Məncə, biz dünyaya çıxırıqsa şeirlərimiz dünya ölkələrinin tərcüməçiləri tərəfindən tərcümə etməlidirlər. Bu, çox böyük zəhmət tələb edən işdir. Biz əgər Almaniyada çap oluruqsa, bu, müsbət haldır. Ancaq bizim şeirləri alman dilinə orada yaşayan türk tərcümə edir. Və yaxud Böyük Britaniyada çap olunuruqsa, orada yaşayan hansısa türk və ya rus tərcüməçi rus, daha sonra ingilis dilinə çevirir. Əgər həmin şeirləri onların n öz insanı tərcümə etsə, bundan sonra dünyanın o şeirlərə reaksiyasını gözləmək lazımdır. Əgər indi desək ki, dünya bizi bəyənmir və ya biz dünyadan yaxşı yazırıq – bu fikirlər yanlışdır. Müqayisə o zaman düzgün olar ki, bizi də peşəkar səviyyədə tərcümə etsinlər və portallarda yerləşdirsinlər. Avropadakı ədəbi portallar bizim yazdıqlarımızla tirajlasın. Orda portallar nüfuza görədir.
Təəssüf ki, biz yuxarı liqaya daxil ola bilmirik. Çünki onlar yalnız dünyanın qəbul etdiyi insanların yazdıqlarını yerləşdirirlər. Biz isə həmin imzalar arasında deyilik. Bu, ilk növbədə tərcümə, piar problemi ilə bağlıdır». Q.Ağsəs Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatından heç də geri qalmadığını düşünür. O mənada ki, Azərbaycan poeziyası həm tarixən, həm də bu gün kifayət qədər ciddi çəkiyə malikdir: "Bizim poeziya insan hisslərinin ən mübhəm nöqtələrinə belə sirayət etməyi bacarır. Azərbaycan poeziyasının dərinliyi, bizim sözlə davranma mədəniyyətimiz və ədəbi alətlərlə işləmək məharətimiz dünya poeziyasının heç bir nümunəsindən geri qalmır. Təəssüf ki, biz sadəcə, dünyaya çıxmağın yollarının həllini hələ də tapa bilmirik. Bunun üçün həddindən artıq çox iş görmək lazımdır”. Q.Ağsəsin fikrincə, "Azərbaycanın dostları” kimi bir klub yaranmalıdır ki, onun üzvləri həm dili mükəmməl şəkildə bilsinlər, həm də özləri də şair olsunlar. Belə ki, kənardan hər hansı Azərbaycan dilini bilən və sevən adamı tapmaqla məsələ həll olunmur: "Tərcümə edənin özü də yaradıcı insan olmalıdır. Bizim tərcümə olunmağımız böyük əhəmiyyət kəsb edir. Məsələn, Rəsul Həmzətovun şeirləri Azərbaycan dilinə o qədər gözəl tərcümə olunub ki, biz onu öz şeirimiz kimi qəbul edirik. Hələ sovetlər vaxtında rus poeziyasından çoxlu şairlər dilimizə tərcümə olunub. Bəs bizim şeirimizi Rusiyada hansı rus şairi öz dillərinə tərcümə edib? Elə nümunələr çəkmək çox çətindir. Və yaxud dünya ədəbiyyatından Şekspirin poemalarını Azərbaycan şairləri olduqca gözəl tərcümə ediblər. Ancaq biz deyə bilmərik ki, bizim «Leyli və Məcnun» ingilis dilində belə gözəl tərcümə olunub. Belə nümunələr yoxdur. Şekspirin bütün yaradıcılığı dilimizə tərcümə olunub. Ancaq Nizaminin poemaları o şəkildə dünya dillərinə tərcümə olunubmu? Təəssüf ki, yox. Füzuli dünyada az tanınan Azərbaycan şairidir. Və ya Mirzə Ələkbər Sabirin bir beyti tərcümə olunubmu? Yox! Ona görə problemin kökü tərcümədədir. İnanmaq istəyirəm ki, Azərbaycan ədəbiyyatı nə vaxtsa dünyada layiqli yerini tutacaq».
Bizim öz yanaşmamız
Yazar Səxavət Sahil hesab edir ki, müasir Azərbaycan şeirində bir neçə aparıcı xətt var: "Lakin Müasir Azərbaycan şeirinin zəngin hesab etmək məncə, düzgün deyil. Mövcud olan bir neçə aparıcı xətt müasir şeirimzin arealını müəyyən edir. Deyərdim, hətta məhdudlaşdırır. 60-70-ci illər poeziyasının nümayəndəsi olan Ramiz Rövşən bu gün də müasir şerimizin sahəsini "zəbt” etməklə məşğuldur. Hətta bu gün ədəbiyyata gəlmiş gənc nəsil də onu təqlid etməklə təzə nəsə yazdığını düşünür. Belə olduğu halda bu təqlid müasir şeir adlana bilərmi?” S.Sahil hesab edir ki, müasir şeirimizdə digər xətt Həmid Herisçi, Səlim Babullaoğlu və Xanəmirin xəttidir: "Bunlar da Əli Kərim kimi öz dövrünün ziddiyyətli qəbul olunan şairləridir. Zənnimcə, bu şairlərin şeirləri müasir dünya şeiri ilə ayaqlaşır. Çünki onlar axına qarşı gedərək, müasir ədəbi tendensiyalara uyğun olaraq öz şeirlərini yaza biliblər. Müasir dünya şeiri də postmodernist və ya hansısa yeni "izmdən” çox, yeni düşüncə, yeni yanaşma və heç bir ədəbi məktəbə, ədəbi axına qoşulmayan, öz yolunu yaradan şairlərin əsərləridir”. Yazarın fikrincə, müasir şeir hər şeydən əvvəl müasir düşüncə, müasir yanaşmadır: "Kimsə düşünürsə ki, bu gün Avropada yazılan şeir etalondur, ona uyğun yazmaq lazımdır, bu, düzgün deyil. Və ya Amerikada yazılan şeir etalondur, ona uyğun yazmaq lazımdır, bu da düzgün deyil. Avropanın da, Amerikanın da öz müasir düşüncəsi, öz müasir yanaşması var. Bizim də müasir şeir məhz belə olmalıdır. Müasir dünya şeiri anlayışı isə konkret nəsə demək deyil”.
Azərbaycan şeri dövründən geri qalmır
"Şeir bir az, daha doğrusu, kifayət qədər milli hisslərə bağlı hadisədir”- deyən yazar Aqşin Yeniseyin fikrincə,şeirin bədii gücünü müqayisədə üzə çıxarmaq qüsurlu qiymətləndirmə olardı. Digər tərəfdən, şeir dil hadisəsidir. Yazıldığı dilin ruhunu, musiqisini, rəngini özündə daşıyır. Bu da yenə müqayisəni əngəlləyir: "Ümumi götürdükdə, bu gün Azərbaycan şeri yalnız bəzi şairlərimizdə dilimizin müxtəlif qatlarına xitab edir. Buna baxmayaraq, oxuduğum qədəriylə günümüzün Azərbaycan şeri heç də öz dövründən geri qalmır. Məsələn, çağdaş türk poeziyasında məna artıq öz əhəmiyyətini itirib, şeir dil oyunları üzərində qurulur, hətta çağdaş türk şairi bilərəkdən anlaşılmaq istəmir. Bizdə bu hadisə hələ baş verməyib, bizim şair mənanın nazı ilə çox oynayır, dili mənaya qurban verir. Mən bunu şerimizin çatışmazlığı kimi görürəm. Yəqin ki, bu mərhələnin də şairi olacaq, hələ yol gəlir”.
Dünya poeziyası ilə bərabər
Tənqidçi Əsəd Cahangirin fikrincə, müasir Azərbaycan şeirinin vahid siması yoxdur. O mənada ki, "bu, Azərbaycan və ya dünya şeiri ilə ayaqlaşır” demək mümkün deyil: "Həm Azərbaycan şeirinin, həm də dünya şeirinin qabaqcıl və bir qədər arxada gələn nümayəndələri var. Məsələn, müasir Azərbaycan şeirinin ən fəal nümayəndələrindən birini Həmid Herisçi hesab edirəm. İstər müasir türk, istər rus, istərsə də Avropa şeirindən heç bir cəhətdən geri qalmayan, əksinə, onlardan öndə gedən bir poeziyanın yaradıcısıdır. Onun şeirlərindəki qeyri-adi metaforik tapıntılar, rassionalla irossionalın, realla qeyri-realın vahid nöqtədə birləşməsi, bir tərəfdən romantik duyğusallıq, bir tərəfdən gerçəklik və hətta siyasi gerçəkliyin dövrlə boğuşması, ümumiyyətlə götürəndə damlada dəryanı və ya dəryanı damlada göstərmək bacarığı onu müasir türk poeziyasının maraqlı örnəklərindən birinə çevirir. Əminəm ki, əgər Həmid Herisçinin təkcə şeirləri yox, bütün yaradıcılığını öyrənsəydilər və Nobel komissiyasının üzvləri ədalətli olsaydı o, bu mükafata layiq görülməyə haqq edərdi”. Tənqidçi bizim poeziyamızın təkcə bir nəfərlə məhdudlaşmadığını da deyir. Belə ki, keçən əsrin ikinci və birinci yarısında da poeziyamızın ən yaxşı nümunələri dünya poeziyasının ən gözəl nümunələri ilə uyğunlaşırdı: "Məsələn, Sabirin poeziyası təkcə Azərbaycan yox, dünya satirik şeirinin əlçatmaz zirvələrindən biridir. Hüseyn Cavid poeziyası romantik şeirin ən əlçatmaz zirvələrindən biridir. O cümlədən, sovet dövründə Səməd Vurğunun poeziyası ümumittifaq və dünya miqyasında sayılıb-seçilən poeziya nümunələrindən olub. 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının Qurultayında poeziya haqqında məruzə etmək missiyası məhz Səməd Vurğuna tapşırılıb. Rəsul Rzanın poeziyası dünyanın ən müxtəlif dillərinə çevrilib.
Modern şeirin Nazim Hikmət, Mayokovski, Uolt Uitmen və digər nümayəndələri ilə adı yanaşı hallanıb. 20-ci əsrin ikinci yarısından sonra Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlının yaradıcılığı Azərbaycan poeziyasının dünya poeziyası ilə bərabər addımlamaq bacarığını nümayiş etdirib”. Ə.Cahangirin fikrincə, bugünkü poeziyamızda mərhum Adil Seyidin poeziyası modern şeirin qabaqcıl nümunəsi kimi təkcə Azərbaycan deyil, əslində dünya poeziyasına məxsus hadisədir: "Bir müddət əvvəl Elçin İsgəndərlinin dərc olunan beşcildliyinin şeirlər və poemalardan ibarət ikicildliyini oxuyub yaxşı mənada təəccüb etdim. Azərbaycan şairinin dünya poeziyasının nümayəndəsi olmaq nöqteyi-nəzərindən iddiasını yox, həm də gerçək imkanlarını əks etdirirdi. Bu şeirlərdə həm Azərbaycançılıq, həm türkçülük, həm planetarlıq və qloballıq var. Bütün bunlar onu göstərir ki, Azərbaycan poeziyası özünün ən qabaqcıl nümayəndələrinin timsalında dünya poeziyası ilə bərabər yürüyür. Əminəm ki, bundan sonra poeziyaya gələn gənclər də bu estafeti qabaqcıl şairlərimizdən alaraq daha da irəliyə doğru aparacaqlar. Mən öz poeziyamızın nə bu günündən, nə keçmişindən, nə də gələcəyindən o qədər də bədgüman deyiləm. Çünki Azərbaycan xalqı poeziya nöqteyi-nəzərindən həmişə zəngin olub”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər