• cümə axşamı, 18 aprel, 20:37
  • Baku Bakı 21°C

Müasir milli təhsilin elçiləri - Fotolar

02.05.17 12:33 4980
Müasir milli təhsilin elçiləri - Fotolar
"Kaspi” Təhsil Şirkəti (KTŞ) may ayında 10 illik yubileyini qeyd etməyə hazırlaşır. "Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə fəaliyyətə başlayan təhsil ocağı bu fikirləri əsas leytmotivinə çevirib. Ulu öndər Heydər Əliyevin ”Təhsil millətin gələcəyidir” müdrik kəlamına söykənən təhsil ocağının onillik yolda uğurları az olmayıb. Müasir təhsilin ən yeni metodlarını milli təhsil proqramı ilə uzlaşdırmaqla yanaşı, təlim-tərbiyənin əsasında azərbaycançılıq ideologiyası təməl dəyər kimi qəbul edilib. Dövlət başçısı İlham Əliyevin "Mən çox istəyirəm ki, bizim bütün məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar” fikirləri isə təhsil müəssisəsi üçün iş prinsipinə çevrilib. Milli təhsili amala çevirən və fəaliyyətin bütün sahələrinin əhatə olunduğu "Kaspi” Təhsil Şirkəti təhsil sektorunda özünəməxsus yer tutur.

Fəaliyyətinə "Abituriyent”, "Kaspi-Kids”, daha sonra "Kaspi Qlobal” kimi başlayan təhsil şirkəti abituriyentlərin hazırlığı ilə yanaşı, tələbələrin bakalavr və magistr dərəcəsi üzrə təhsillərini davam etdirməsinə zəmin yaratdı. Beynəlxalq təhsil sərgiləri keçirən ilk şirkət kimi də fəaliyyəti uğurlu oldu. Həm məktəbəqədər, həm orta təhsil, həm də abituriyent hazırlığı sahəsindəki fəaliyyəti milli liseylərin yaranmasına əsas verdi. Azərbaycançılıq ideyası üzərində qurulan məktəb qarşısına ölkəsinin tarixini, incəsənətini, ədəbiyyatını öyrənmək, müasir dünyanın tələblərinə cavab verən şagird yetişdirməyi məqsəd qoydu. Şagirdlərdə yaradıcı düşünmə qabiliyyəti, tənqidi təfəkkürün formalaşdırılması, yeni texnologiyalardan istifadə bacarığı, dil bilgilərini aşılamaq əsas hədəfə çevrildi.

Liseylərə daxil olub səliqəli və rahat dərs otaqları, müasir tələblərə uyğun laboratoriyalar, zəngin kitabxana ilə, idman zalları, dərnəklərlə tanış olduqca, şagirdlərlə, müəllimlərlə söhbət etdikcə hədəfə çevrilən məqsədin və nəticənin harmoniyasının şahidinə çevrilirsən.

Dünya standartlarına uyğun təhsil

Təhsil müəssisəsində tədris Təhsil Nazirliyinin standartlarına uyğun keçirilsə də, müəllimlərin şagirdlərə fərdi yanaşma metodlarının zənginliyi ilə fərqlənir: "Elə fənlər var ki, liseydə beynəlxalq standartlara uyğun tədris olunur”, – deyə "Kaspi” Liseyin (Bakıxanov) direktoru Tural Əliyev bildirir: "İbtidai siniflərdən başlayaraq ingilis dili hər gün keçirilir. Rus dili isə 3-cü sinifdən start verilərək həftədə üç dəfə tədris edilir. KTŞ Kembric İngilis dilinin qiymətləndirmə mərkəzi ilə əlaqə qurub. Mərkəzin lisenziyası əsasında şagirdlər ingilis dilinə Kembric ingilis dili dərslikləri üzrə yiyələnirlər. Həmçinin mərkəz müəllim və şagirdlərin qiymətləndirilməsini həyata keçirir. Uğurlu şagirdlərə Kembric Universitetinin beynəlxalq sertifikatı verilir”.

Liseydə dil bilgiləri ilə yanaşı, müasir texnologiyaların mənimsənilməsi məqsədi ilə informatika dərslərinə də xüsusi önəm verilir. Bu sahədə ən son istifadə olunan proqramlardan istifadə edilir.

Hazırda Liseydə 450 şagirdin dərs aldığını deyən T.Əliyev təhsil ocağında I-XI siniflər üzrə şagirdlərin oxuduğunu bildirir: "Üstünlüklərdən biri odur ki, siniflərdə Təhsil Nazirliyinin Nizamnaməsində qeyd olunan 20 şagird tələbindən fərqli olaraq 14-16 şagird təhsil alır. Bu da müəllimlərin şagirdlərlə fərdi işləməsinə və ünsiyyətinə şərait yaradır. Siniflərdə birinci və ikinci müəllim heyəti çalışır. İbtidai siniflərin hər birində tədris prosesinə iki müəllim cəlb olunur. Məqsəd təhsil institutu olaraq müəllim yetişdirməkdə maraqlı olmağımızdır. Biz Liseyə kifayət qədər müəllim cəlb edərək ali məktəblərin məzunlarını tədris prosesinə cəlb etmək və müəllim kimi yetişdirmək məqsədi qoymuşuq. Onlar iş prosesində təcrübə qazanır, mənəvi dəyərləri hiss edə-edə formalaşırlar. Gənc müəllimlər gələcəkdə məktəbin qarşıya qoyduğu məqsədlərin həllində bizə yaxından kömək edə bilərlər. Hər ikinci müəllimə gələcək əsas müəllimimiz kimi yanaşırıq. Biz müşahidə komissiyası ilə birlikdə onların dərslərində iştirak edir və boşluqları müzakirə edirik. Yayda onlar üçün həm ünsiyyət, həm pedaqoji təlimlər təşkil edirik”.

T.Əliyev söyləyir ki, keçən ildən başlayaraq Liseyin X-XI siniflərində KTŞ-nin "Kaspi Abituriyent” modulunun genişləndirilmiş versiyası tətbiq olunmağa başlayıb. Bu il artıq 25 məzundan ibarət şagirdlərin ilk buraxılışı olacaq: "Ötən bazar günü onlardan 10 nəfəri 2-ci və 3-cü qruplar üzrə imtahanlarda iştirak edib. İnanırıq ki, ümidlərimizi doğrultacaqlar. Biz Təhsil Nazirliyinin proqramına uyğun olaraq 5 fənn üzrə şagirdlərin tədrisini təşkil etmişik. Onlar üçün aylıq mövzu, sınaq imtahanları, həmçinin gündəlik, həftəlik və aylıq qiymətləndirmə tətbiq olunur. Şagirdlərə ev tapşırıqları verilir və viktorinalar tətbiq edirik”.

Liseydə tədris təkcə şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə deyil, həm də onların sosial fəaliyyətlərinin səmərəli təşkili istiqamətində qurulub. Belə ki, günün ikinci yarısında şagirdlər özlərinin və ya valideynlərinin seçimi əsasında müxtəlif idman - voleybol, badminton, basketbol, stolüstü tennis, cüdo, gimnastika, şahmat və s. dərnəklərə cəlb olunurlar: "Şagirdlər rayon üzrə keçirilən müxtəlif yarışlara qatılır, çempionatlarda iştirak edir və qalibiyyət qazanırlar. Gələcəkdə Bakı şəhəri üzrə keçirilən yarışlarda da iştirak etmək niyyətindəyik. Bu cür yarışlar şagirdləri daha da həvəsləndirir. Fəaliyyətimizi şagirdlərə dünya standartlarına uyğun biliklərin verilməsi, bacarıq və vərdişlərin formalaşdırılması, həmçinin onların bilik və bacarıqlarına uyğun peşə yönümlü potensialın aşkarlanması istiqamətində qurduğumuzdan, bunların nəticəsini görmək istəyirik”.

Direktorun sözlərinə görə, Liseydə V-VIII siniflər üzrə müxtəlif fənn olimpiada qrupları təşkil olunur. Məqsəd həm xaricdə, həm də ölkə daxilində keçirilən olimpiadalar üçün şagird yetişdirməkdir: "Şagirdlər artıq müxtəlif fənlər üzrə final mərhələsinə qədər yüksəliblər. Bizə olimpiada qalibləri yetişdirmək üçün 2-3 il də lazımdır. Artıq bir sıra beynəlxalq olimpiada təşkilatlarına müraciətlərə müsbət cavab alınıb”.

Liseydə Robot dərnəyi də fəaliyyət göstərir. I-IV sinif şagirdləri üçün nəzərdə tutulan "Foster” proqramı sırf yapon mütəxəssisləri tərəfindən hazırlanıb. V-XI siniflər üçün "Genesis” proqramı üzrə müxtəlif yarışlar keçirilir. Şagirdlər bu il Nyu-York və Kosta Rikada keçiriləcək elmi və robot olimpiadalarında iştirak edəcəklər. Liseyin şagirdləri iki gün öncə Rumıniyada keçirilən "İnfomatiks-2017” olimpiadasında robotlar üzrə 2-ci, elmi layihə üzrə 3-cü yerə layiq görülüblər.
Milli yaddaş

Liseyin şagirdləri milli irs dərnəklərində də fəal iştirak edirlər. "Milli yaddaş” dərsləri onların vətənpərvər və milli-mənəvi ruhda böyümələri üçün böyük rol oynayır. Layihə çərçivəsində ölkənin görkəmli ədəbiyyat, incəsənət adamları, ictimai xadimləri ilə liseydə görüşlər keçirilir. Millət vəkili, tarixçi alim Yaqub Mahmudov, Xalq yazıçısı Anar, Xalq şairləri Nəriman Həsənzadə və Sabir Rüstəmxanlı, xalq artistləri Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, rejissor Ayaz Salayev, Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayev, Qarabağ müharibəsi iştirakçıları, Milli qəhrəmanlar layihə çərçivəsində Liseydə qonaq olublar: "Bu cür görüşlər şagirdlərin yaddaşına yazılır, onların vətəndaş kimi yetişmələrinə, peşə seçimlərini müəyyənləşdirmələrinə kömək edir”.
Beynəlxalq əməkdaşlıq

Lisey şagirdlərin başqa xalqların tarixinə, mədəniyyətinə, dilinə və dininə hörmət hissinin tərbiyəsi istiqamətində də layihələr həyata keçirir. Müxtəlif ölkələrin məktəbləri ilə beynəlxalq əməkdaşlıq da bu məqsədə köklənib.

Gürcüstanın Batumi şəhərindəki "Qanatleba” özəl məktəbi ilə Kaspi Liseyi arasında imzalanan memorandumda qarşılıqlı səfərlər də nəzərdə tutulub. Keçən ilin oktyabr ayında Liseydə qonaq olan və böyük təəssüratlarla ayrılan gürcü məktəbliləri və müəllimlərinin dəvəti ilə Kaspinin 20 nəfər şagird və müəllimlərindən ibarət qrup Batumiyə səfər edib: "Məqsədimiz xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət etmək, müxtəlif mədəniyyətləri şagirdlərə sevdirmək, onların tolerant böyüməsinə kömək etməkdir. Bu, əlaqələr şagirdlərin müxtəlif mühitlərə adaptasiyasını təmin edəcək. Gələcəkdə bu tip layihələri digər ölkə məktəbləri ilə də davam etdirmək niyyətindəyik. Şagirdlər ölkəmiz, mədəniyyətimiz, tariximiz haqqında məlumatları rahat şəkildə paylaşırlar. Bu cür layihələr şagirdlərin dünyagörüşünün inkişafına kömək edir”.

Liseydə kurikulum təlim metoduna əsasən şagirdlərin Ana dili və ədəbiyyat üzrə fikirlərini müstəqil ifadə etmələri istiqamətində işlər görülür: "Müəyyən dərnəklər və yarışlar var ki, şagirdlərin qabiliyyətini üzə çıxarır. Məsələn, şagirdlər arasında tarixi günlər və bayramlarla əlaqəli inşa, şeir, hekayə və rəsm müsabiqələri keçirilir. Rəsm dərsləri və dərnəkləri də şagirdlərin istedadlarını üzə çıxarır. Lisey şagirdlərinin əl işlərindən ibarət rəsm sərgiləri də təşkil olunur. Xeyriyyəçilik məqsədi daşıyan bu sərgilərdən əldə edilən məbləğ kimsəsiz, fiziki qüsurlu, onkoloji xəstələr və ahıl insanlarla bağlı müxtəlif sosial layihələrə yönəldilir: "Həmin layihələr şagirdlərin xeyirxahlıq, başqalarına hörmət və insanlara sevgi hissinin tərbiyəsində mühüm rol oynayır”.
Dəyərlərin önəmi

"Kaspi-Ağşəhər” Liseyi 2015-ci ildə fəaliyyətə başlayıb. Bakının dinamik inkişaf edən rayonunda yeni məktəbin açılması ərazidə yaşayan məktəbyaşlı uşaqların və valideynlərin istəyi ilə səsləşib. Valideynlər "Milli təhsil amalımızdır” şüarını dəyərləndirərək övladlarını bu təhsil müəssisəsinə etibar ediblər. 155 şagirdlə fəaliyyətə başlayan Liseydə hazırda 360-dan çox şagird təhsil alır.

Həftənin beş günü, səhər saat 8.30-dan 16.10-dək davam edən dərs saatlarında şagirdlər hərtərəfli bilik və bacarıqlara yiyələnirlər.

"Kaspi- Ağşəhər” Liseyinin direktoru Asif Əzizov söhbətimiz zamanı məktəbin fəaliyyətində əsasən milli istiqaməti önə çəkdi: "Milli dəyərlərə söykənən təhsilə yiyələnmək, milli tarixini, dilini, ədəbiyyatını, mədəniyyətini gözəl bilən vətəndaş yetişdirmək məqsədi ilə fəaliyyətə başladıq. Dəyərlər çox önəmlidir. Müasir dövrdə yaşayırıq və qloballaşan dünyada simamızı qorumaq çox mühümdür. Ona görə milli dəyərlərə sahib çıxan nəsil yetişdirmək əsas məqsədimizdir”.

Liseydə valideynlərlə əlaqələrə xüsusi diqqət yetirilir. Bu istiqamətdə məktəbdə xüsusi müəllimlər fəaliyyət göstərir. Valideynlərlə əlaqə e-Kaspi vasitəsi ilə aparılır: "Əsas ünsiyyət istiqaməti online həyata keçirilir. Həmçinin valideyn iclaslarında aktual məsələlər müzakirə olunur. Valideynlərlə məktəbin bütün fəaliyyətini əhatə edən suallar vasitəsi ilə sorğular aparılır. Məktəb üçün məlumat bazasının olması önəmli məsələdir. Şagird-məktəb-valideyn üçbucağı mühüm faktordur”.

Liseydə ev tapşırıqları məsələsinə kurikulim təlim metodunun tələblərinə uyğun yanaşılır. Belə ki, kurikulum sinifdə analiz yönümlü dərsin keçirilməsi olduğundan bütün uşaqlar dərsə cəlb olunur: "Bu, şagirddə özünəinamı möhkəmləndirir. Ev tapşırığı məsələsi valideynləri narahat edən məsələ olduğundan buna diqqətlə yanaşılır. Fəaliyyətin ilk günündən tapşırıqların 80 faizinin sinifdə edilməsi məsələsi tələb kimi qoyulub. Yazı tapşırıqları və kömək tələb edən məsələlər məktəbdə həll edilir. Amma mövqeyimiz elədir ki, şagird mütləq evdə də oxu tapşırıqları, müstəqil edə biləcəyi kiçik layihələri hazırlamalıdır. Bu şagirdi mobil telefon, planşet və s. texnologiyalardan, TV serialları izləməkdən uzaqlaşdırar. Həmçinin dərsə məsuliyyəti artırır”.

Şagirdlərin fərdi qabiliyyətlərini üzə çıxarmaq üçün "Ana dili günü”, "Ədəbiyyat günü”, "Bədən tərbiyəsi günü” və s. tarixlərlə bağlı inşa müsabiqəsi və ya hər hansı yarış keçirilir. Liseydə rəqs, şahmat, xor, rəsm dərnəkləri fəaliyyət göstərir: "Məqsədimiz şagirdlərin istedadlarını üzə çıxarıb onlara dəstək verməkdir. Bu istiqaməti daha da genişləndirmək niyyətindəyik”.

Liseyin şagirdləri üçün dil bilgiləri önəm daşıyır. Əcnəbi dillər arasında xüsusən ingilis dilinə maraq böyükdür.

Liseyin İngilis dili üzrə fənn rəhbəri Elnurə İncə şagirdlərin ingilis dilinə maraqlarının yüksək olduğunu deyir: "Bu maraq günümüzün tələbidir. İnternetdən istifadə də ingilis dilini öyrənmələrini tələb edir. Onlar artıq həyatda ingilis dilinin rolunu əyani olaraq görürlər. Bu baxımdan, ingilis dili onların ən çox sevdiyi fənlərdən biridir. Xüsusən ingilis dilində danışığa üstünlük verirlər. Bunu onların motivasiyalarından, maraqlarından görürük. Həmçinin "Yay məktəbləri” layihəsi ilə şagirdlərin İngiltərəyə və ABŞ-a getmək imkanları var. Kaspi- də açılan Kembric Qiymətləndirmə Mərkəzi beynəlxalq lisenziyalıdır. Burada şagirdlər müxtəlif səviyyələr üzrə imtahanlardan keçə və sertifikat ala bilərlər. Şagirdlər bu təcrübəyə çox maraq göstərirlər. İldə bir neçə dəfə imtahan sessiyaları keçirilir”.

Rəqs, şahmat, etüd...

Liseydə nahardan sonra şagirdlərin fiziki sağlamlığı üçün müxtəlif dərnəklərin fəaliyyəti nəzərdə tutulub. Şagirdlər kapoeyra – rəqs, idman və döyüş növünün qarışığından ibarət dərnəkdə, eləcə də kikboksinq, stolüstü tennis dərnəklərində məşğul olurlar. Həmçinin gün ərzində keçirilən dərslərin möhkəmləndirilməsi üçün nəzərdə tutulan xüsusi Etüd dərsləri var.

Liseyin Kikboksinq dərnəyinin rəhbəri Sakit Məmmədovhesab edir ki, şagirdlərin fiziki hazırlıqları olmasa, onların dərsə motivasiyası da olmayacaq: "Ölkəmizdə idmana qayğı göstərilir. Müxtəlif yaşda olan uşaqlar idman növlərinə həvəs göstərirlər. Uşaqlar çox həvəslidirlər. Başa düşürlər ki, fiziki tərbiyə çox vacibdir. Aralarında gələcəkdə böyük idmançılar ola biləcək uşaqlar var”.

Kaspi liseylərinin nəzdində yaradıcılıq mərkəzi fəaliyyətə başlayıb.Mədəniyyət və Turizm Nazirliyinə xüsusi lisenziya alınması ilə bağlı müraciət də olunub. "Növbəti tədris ilindən peşəkar istiqamətdə şagirdlərin yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi ilə məşğul olunacaq”.

Hazırda şagirdlərin məktəbə qəbul prosesi davam edir. Liseydə ibtidai istiqamət üzrə 30 nəfərlik, yuxarı siniflər üzrə də təxminən bu sayda müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur: "Siniflərdə, xüsusən ibtidai siniflərdə şagirdlərin sayına xüsusi diqqət yetirilir. Valideynlərin də övladlarına fərdi yanaşma istəyi nəzərə alınaraq sinif otaqlarının sahəsindən asılı olaraq hər sinifdə 16-18 şagird təhsil alır. İbtidai siniflərdə iki – birinci və ikinci müəllim işləyir”.

Liseydə tədris ilinin əvvəlində tərtib olunan "İllik fəaliyyətlər – gəzintilər və ekskursiyalar” planına əsasən, şagirdlər Bakı ərazisində yerləşən muzeylərə, tarixi abidələrə gəzintiyə aparılır. Bu da şagirdlərin tariximiz, mədəniyyətimizlə praktik tanışlığına kömək edir.

Azərbaycanlılar kimi dostumuz...

Yuxrıda qeyd etdiyimiz kimi, Liseyin nümayəndə heyəti bu günlərdə Batumidən səfərdən qayıdıb.

Batumidə olduqları günlər məktəb şagirdlərinin yaddaşına xoş xatirə kimi yazılıb.

VII "B” sinif şagirdi Fərzalı Abbasov maraqlı xatirələrlə geri döndüklərini deyir: "Batumi çox xoşuma gəldi. Biz gürcü məktəbliləri ilə maraqlı günlər keçirdik. Tarixi yerləri gəzdik, mətbəxləri ilə tanış olduq. Ölkəmiz haqqında onlara çoxlu məlumatlar verdik. Həmçinin çoxlu dostlar qazandıq”.

VI "B” sinif şagirdi Nərgiz Bəşirova "Biz Nizami haqqında onlara, onlar sa Şota Rustaveli haqda bizə danışdılar”, - deyə sevinclə dillənir: "Batuminin görməli yerlərini gəzdik, onların mədəniyyəti və tarixi ilə yaxından tanış olduq. Biz bu cür dostluq əlaqələrinin davam etməsini istəyirik”.

Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Namiq Əmirov layihəni məktəblərarası əlaqələr, eyni zamanda milli mədəniyyətin, tarixin qarşılılıqlı tanıdılması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirdi: "Biz gürcülərə bir daha azərbaycanlıların necə xalq olmasını göstərdik. Onlar bizimlə dostluqdan çox razı qaldılar. Ola bilər ki, orada hansısa millətlər bizim haqqımızda xoşagəlməyən məlumatlar yaysınlar, amma gürcülər Bakıya gəldikləri, həm də bizimlə yaxından tanış olduqlarından məmnun qaldılar. Biz azərbaycanlıların başqa millətlərə necə münasibət bəslədiyini sərgilədik. Bu görüş uşaqların yaddaşında qalacaq. Hesab edirəm ki, bu cür dostluq əlaqələrimizi təkcə Gürcüstanla deyil, başqa ölkələrlə də qurmalıyıq”.

Layihədə iştirak edən Liseyin psixoloqu və nümayəndə heyətinin qrup rəhbəri Məlahət Qazıbəyova səfərin uşaqlar üçün önəmli olduğunu qeyd etdi: "Belə layihələrlə şagirdlər özlərini necə aparmağı öyrənirlər. Onlar öz mədəniyyətlərini nümayiş etdirdilər. Həmçinin, dostluq əlaqəsi yarada bildilər. Biz öz musiqimizi, rəqsimizi və onlara töhfə olaraq "Sulikonu” təqdim etdik. Gürcülər çox məmnun oldular. Bu cür görüşlər şagirdlərin dünyagörüşünü formalaşdırır, onlara başqa xalqlara hörmətlə yanaşmağı öyrədir”.

Batumi Liseyinin direktoru Ketevan Qoşseteliyani Kaspi Liseyinin rəhbərliyinə ismarıc yazaraq qrup üzvlərinə heyranlığını gizlətməyib: "Xoşbəxtik ki, Azərbaycanda belə bir dost məktəbimiz var”.

Lisey direktorunun sözlərinə görə, Gürcüstanın başqa məktəbləri ilə, o cümlədən Türkiyə və Rusiya məktəbləri ilə əlaqələrin qurulması nəzərdə tutulur: "Yəqin ki yaxın gələcəkdə Avropa məktəbləri ilə əməkdaşlıq haqqında da düşünəcəyik”.

"Kaspi” liseylərində "Uşaqlar bizim gələcəyimizdir” sözləri bütün dövr və zamanlar üçün öz aktuallığını qoruyur. Liseylər yüksək mənəvi əxlaqi keyfiyyətlərə malik, aydın düşüncəli, sağlam əqidəli və fiziki cəhətdən sağlam, dünyanın elmi tərəqqisinə qoşulmağa qadir Azərbaycan VƏTƏNDAŞI yetişdirməyi əsas hədəfə çevirib. Liseyin rəhbərliyi də, müəllimləri də milli mənsubiyyətin, milli-mənəvi dəyərlərin qoruyucusu və daşıyıcısı olan vətənpərvər şəxsiyyət yetişdirmək arzularının şagirdlərin uğurlu nəticələri ilə mükafatlandırılacağına əmindir.

Uğur olsun!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər