• cümə axşamı, 02 may, 01:47
  • Baku Bakı 15°C

Müasir insanın portreti Maraqlı

23.01.14 10:55 1875
Müasir insanın portreti Maraqlı
Psixoloqlar müasir rus insanının portretini çəkiblər. Portretə görə ruslar münaqişəyə meyilli, qəzəbli, ədəbsiz və özünənəzarət qabiliyyətini itirən keyfiyyətlərlə göstərilib. Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun ekspertləri 1981-ci ildən 2011-ci ilə qədər doğum tarixi olan vətəndaşlarının tipik psixoloji zahiri görünüşünü yaradarkən bu qənaətə gəliblər. Məlum olub ki, hazırkı psixoloji görünüş arzu olunandan dəhşətli vəziyyətdədir. «Nə üçün biz belə olduq?», «Aqressiyanın səbəbi nədir?» suallarına cavab axtaran REA Psixologiya İnstitutunun direktoru Andrey Yuryeviç belə qənaətə gəlib ki, ümumən təkcə rus insanı deyil, dünyanın müasir insanı aqressivləşib.
- Andrey Vladislavoviç, açıqlamalarınıza görə, uzaq 80-ci illərdən fərqli olaraq biz üç dəfə artıq aqressiv olmuşuq. Həmçinin bir o qədər kobud və tamamilə ədəbsiz insana çevrilmişik. Aqressiyanın göstəricisi nədir?
- Dərhal dəqiqləşdirim ki, biz hamımız aqressiv olmamışıq. Söhbət cəmiyyətin ümumi psixoloji xarakterindən gedir. Ümumiyyətlə, xəstəxana üzrə “orta temperatur”dan. Aqressivliyin səviyyəsini müəyyənləşdirmə və qiymətləndirmə metodlarına gəlincə, ən sadə üsul statistik göstəricilərdir. Aqressiv xarakterdə ağır cinayətlərin miqdarı. Ən inandırıcı göstərici qətllərin statistikasıdır. Bu parametrlərə görə, biz ABŞ-ı demək olar ki, 4 dəfə qabaqlayırıq və Qərbi Avropa ölkələrindən 10 dəfə irəlidəyik. İkinci üsul - sosial və ya sosial psixoloji tədqiqatlardır. Məsələn, ictimai nəqliyyatda aparılan müşahidələrin nəticələri ilə razılaşmamaq olmur. Bu cür tədqiqatların klassik variantı müşahidəçinin məsələn, qatarda gedərkən sərnişinlərin davranışına fikir verməsidir. Yaşlı bir insanın və ya uşaqlı qadının oturan gəncdən yer istəyərkən onun xahişinə göstərdiyi reaksiya əsas götürülür. Üçüncü metod isə bizim məişət təcrübəmizdir. Biz ictimai nəqliyyatdan mütəmadi istifadə edirik. Sürücülərimizin yollarda, mağazalarda, küçədə özlərini necə aparmasını müşahidə edirik. Kim bilir, bizə qarşı nə qədər müxtəlif hörmətsizliklərin şahidi oluruq. Qeyd edim ki, bu münasibətlərdə aqressiyanın – fiziki, dilcavabı və s. müxtəlif formalarını görürük. Məsələn, adi bir sorğuya göstərilən saymazlıq da aqressiyanın yaranmasıdır.
- Mənə elə gəlir ki, indi nəqliyyatda daha həvəslə yer verməyə başlayıblar.
- Bu, düzdür. 1990-cı illərin əvvəllərində belə hallar çox az olurdu. Bundan əlavə, cavab reaksiyasını müşahidə etmək mümkün idi. Məsələn, cavan, sağlam, yekəpər gənc 2-3 nəfərin yerini tutur və heç kimə güzəşt etməyəcəyini nümayiş etdirir və bununla sanki özünün dikbaşlığını göstərirdi. Bu gün başqalarını yer vermək halları daha çoxalıb. Eyni zamanda, əgər ağır cinayətlərdən danışırıqsa, bizim ölkəmiz üçün xarakterik tendensiya yaranıb. Bizdə 80 faizə qədər qətllər öz-özünə yaranan aqressiya nəticəsində baş verir. Bunlar əsasən məişət zəminində baş verən qətllərdir. Ər-arvad ilboyu sərxoş vəziyyətdə mübahisə edir və nəhayət, bir-birini öldürürlər. Həmçinin özünün badə dostu ilə eyni hadisəni törədir. Ümumiyyətlə, statistikaya görə, bizdə hər 4 ailədən birində məişət zorakılığı hallarına rast gəlinir. Onların səbəblərindən biri məişət mədəniyyətinin aşağı səviyyədə olmasıdır. Zorakılıq əsasən aztəminatlı, təhsil səviyyəsi aşağı olan və sərxoşluğu vərdişə çevirən ailələrdə baş verir.
- Sizin tədqiqatlarınızda deyilir ki, KİV və kriminal hadisələr aqressiyanı dəb salıb. Bu, necə baş verir?
- Kriminal aləm üçün aqressivlik normadır. Amma kriminal mədəniyyət 80-ci illərin sonlarından başlayaraq bizim cəmiyyətə çox böyük təsir edib. KİV canlı kadrlar göstərmək üçün meyitləri ekrana gətirməkdə maraqlıdır. Şou-biznes ulduzlarının gözqamaşdıran həyatı xüsusən gənclər üçün mənfi nümunədir. İstər-istəməz onlarda «nə üçün biz belə yaşaya bilmirik?» sualı yaranır. Bu isə gənclərdə aqressiya doğurur. Bəzən «aqressiya» sözü müsbət mənada da işlənir. Məsələn, «Aqressiv reklam» yaxşı reklamdır, «avtomobilin aqressiv dizaynı» bu da yaxşı dizayndır. Aqressivlik dəbi müxtəlif submədəniyyətlər, məsələn, futbol azarkeşləri, milli təşkilatlar formalaşdırır. Bizim hakimiyyət və KİV də bu istiqamətdə öz xəzinəsini təklif edir. Siyasi televerilişlər ölkələr arasında kifayət qədər aqressiv münasibətlər formalaşdırır. Ölkənin obrazını dünyada təhlükəli, düşməncəsinə formalaşdırır. Hakimiyyətdən narazılıq da aqressiya yaradır.
- Axı aqressivlik epoxasını ilk yaşayan biz deyilik...
- Özünü sivil hesab edən əksər dövlətlərin tarixində dəhşətli hadisələrlə xatırlanan dönəmlər var. Orta əsrlər Avropasını və ya indiki sivil Almaniyanın tarixində iz qoyan faşizmi xatırlayaq. Bəs ABŞ 1930-cu illərdə quldurluq və qanqsterlərə qarşı hansı mübarizə üsulunu tətbiq etdi? Müasir tendensiya da ondan ibarətdir ki, hər hansı ölkə kardinal reklamlar həyata keçirəndə kəskin sosial-siyasi və iqtisadi dəyişikliklər onun vətəndaşlarında aqressivliyin səviyyəsini gözəçarpacaq dərəcədə böyüdür.
- İnsanlığın zahiri görünüşünə qayıtmağın hansısa mexanizmi varmı?
- Görünür, istənilən millət uzun müddət aqressiv vəziyyətdə qala bilməz. Qəzəb və aqressivlik dövrü keçicidir. Ondan sonra kifayət qədər sakit dövr başlayır. Bundan əlavə, istənilən millətin özünüqoruma mexanizmləri mövcuddur. Əgər aqressivlik yüksək səviyyədədirsə, məsələn, müharibədən sonra insan itkiləri çox olarsa onda millət özünüməhvetmə ilə üzləşə bilir.
- 90-cı illərdən sonra bizi nə xilas etdi? Yoxsa, xilasetmə haqqında danışmaq hələ tezdir?
- Hələ tezdir... Hələ bizim cəmiyyətdə aqressivliyin səviyyəsi çox yüksəkdir. Yalnız vəziyyətin müəyyən hissələrinin yaxşılaşmasından danışmaq olar. Amma hələ ki, əsaslı dəyişiklikdən söhbət gedə bilməz.
- Qismən də olsa yaxşılaşmaya görə kimə və ya nəyə minnətdar olmaq lazımdır?
- Biz 90-cı illərdən uzaqlaşmışıq. Cəmiyyətdə radikal dəyişikliklər baş verəndə insanlar tədricən sakitləşir və yeni reallıqlara öyrəşirlər. Buna görə də bizim çoxlu vətəndaşlarımız istirahət etmək üçün Avropa ölkələrinə üz tutur və orada özlərini rahat hiss edirlər. Yaxşı ünsiyyət onların da rəftarını dəyişdirir. Qayıdanda sosial münasibətlər normasını öz doğma vətənlərinə də gətirirlər.
- Bizdə də xeyirxahlıq nə vaxtsa norma idi…
- Hə... Hətta, keçmiş sovet dövründəki növbələr, qıtlıq vaxtında insanlar bir-birlərinə kömək edirdilər. Onların arasında kifayət qədər xeyirxahlıq var idi. Həmçinin ayrı-ayrı millətlər arasında olan xoş münasibətləri yada salaq. Qloballaşma tədricən dəyərləri, norma və davranış qaydalarını mənimsədi. Hazırda bu keyfiyyətləri Avropa ölkələrində görürük və bu bizə təbii və xoş görünür.
- Sizcə qəzəbdən qurtulmağın daha asan vasitələri varmı?
- Bunun üçün xüsusi psixoloji metodikalar var. Məsələn, ABŞ-da belə taktika genişlənib. Əgər yol polisi sürücünü aqressiv idarəetməyə görə saxlayırsa, onda onu aqressiyasına nəzarət üzrə xüsusi kurslara göndərirlər.
Yaxşı olardı ki, bunu bizdə də tətbiq etsinlər. Hazırda Qərb ölkələrində insan keyfiyyətlərinin daha da yaxşılaşdırılmasına yönəldilən «pozitiv psixologiya» çox populyardır. Psixoloqlar və psixoterapevtlər aydınlaşdırıblar ki, insanı bədbəxt edən nevroz, fobiya, depressiya kimi xəstəliklərdən az xilas etmək olur. Buna görə də xüsusi müsbət halları inkişaf etdirmək lazımdır. Əgər insanın müsbət obrazını formalaşdırmaq mümkün olarsa, onun ətraf aləmlə münasibətləri də yaxşılaşacaq və aqressivliyi itəcək. İnsanın özündən və həyatından narazılığı, başqa adamlara və sosial qruplara mənfi münasibəti, başqalarını öz uğursuzluqlarında günahkar bilmək hissləri aqressiyanın əsas psixoloji xüsusiyyətləridir. Bu cür mənfi elementlərdən qurtulmağın yeganə yolu aqressivliyin azaldılmasıdır. Hələlik isə təəssüf ki, hər şey əksinə gedir. Güclü informasiya vasitələri, televiziya kimi informasiya resursu cəmiyyətdə mənfi rol oynayır.
- Biz televiziyamızı dəyişə bilmərik.
- Gəl ümid edək ki, hər şey zamanla dəyişəcək. Digər güclü təsir kanalı – təhsil və tərbiyə sistemidir. Bu sistemin dünyaya müsbət münasibət formalaşdırması çox vacibdir. Yeni tarix dərsliklərini nümunə götürək. Hesab edilir ki, dərsliklərdə bizim ölkəmizin tarixi haqqında kifayət qədər mənfi epizodlar yer alıb. Amerikada isə hər şey əksinədir. Onlarda tarix yaxşı tərəfə hesablanıb. Onlar amerikalıların və ölkələrinin müsbət obrazını yaratmaq üçün canfəşanlıq göstərirlər. Ağıllı addımlar atmaq lazımdır. Mənfi epizodların çoxluğu ölkənin tarixinin mənfi obrazını yaradır. Ümumiyyətlə, istənilən fənni müxtəlif mövqelərdən tədris etmək olar. Məlumdur ki, sosial fəlsəfi ənənənin iki tip insan modeli mövcuddur. Razılaşaq ki, bunlardan birinə görə insan pisdir, aqressivdir, ədavətə meyillidir. Dövlətin vəzifəsi isə bu keyfiyyətləri necə məhdudlaşdırmaqdan ibarətdir. İkinci modelə görə insan prinsipcə yaxşıdır, ona etibar etmək olar. Yalnız ona dövlət tərəfindən minimal nəzarət lazımdır. Ona görə bu gün bu və ya digər dərsliyin pedaqoqu və müəllifi axırıncı modeli seçir. Bizim cəmiyyətdə aqressivliyin gələcək göstəriciləri bundan çox asılıdır.
“Rossiyskaya qazeta”dan tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər