• cümə, 19 Aprel, 17:38
  • Baku Bakı 25°C

Müasir gömrük sistemi iqtisadi inkişafın lokomotividir

12.07.18 10:00 1718
Müasir gömrük sistemi iqtisadi inkişafın lokomotividir
Davamlı iqtisadi artımı təmin etmək ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədlərindən biri və ən vacibidir. Çünki bu, bir tərəfdən makroiqtisadi sabitliyin təmin edilməsini, digər tərəfdən əhalinin maddi rifahının yüksəlməsini şərtləndirir. Təbii ki, iqtisadi artım müxtəlif amillərin təsiri ilə baş verir. Bunlara misal olaraq, investisiyaların dinamikası və strukturunu, ölkənin iqtisadi modernləşdirilməsi və innovativ inkişaf potensialını, əmək bazarının çevikliyi və mobilliyini, rəqabət qabiliyyətli biznes mühitinin səviyyəsini və s. göstərə bilərik.
Bu amillərin formalaşmasında və nəticədə iqtisadi artıma təsir baxımından gömrük sistemi də xüsusi rol oynayır. Başqa sözlə, gömrük nəzarətinin səmərəli təşkili, bu sahədə şəffaflığın təmini, qanunvericiliyin təkmilləşmə dərəcəsi, yeni yanaşmaların tətbiqi birbaşa iqtisadi artıma gətirib çıxarır. Gömrük sistemi ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran və nəticə etibarilə onun suverenliyinin qorunmasında fəal iştirak edən etibarlı qüvvədir. İqtisadi inkişafın dərinləşməsi, daxili bazarın yad təsirlərdən qorunması, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük sistemi böyük rola malikdir.
Məhz gömrük sisteminin önəmi nəzərə alınaraq Azərbaycanda bu sahənin inkişafı və müasir çağırışlara cavab verməsi üçün daim ciddi addımlar atılıb. Tam əminliklə deyə bilərik ki, ölkəmizdə gömrük sistemi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq formalaşıb və inkişaf edib. Heydər Əliyevin gömrük xidmətindən gözləntiləri hər zaman böyük olub. Xarici iqtisadi əlaqələrimizdə öz yerini tutan, iqtisadiyyatımızın inkişafına xidmət edən, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə töhfəsini verən gömrük sisteminin qurulması Heydər Əliyevin siyasi hakimiyyəti dövründə hər zaman prioritet olub. Bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib. Bu gün Azərbaycan gömrük sistemi mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini layiqincə qoruyur, qaçaqmalçılığa qarşı ciddi mübarizə aparır.
Gömrükdə həyata keçirilən kompleks tədbirlərdən biri də gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi, eləcə də bu nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsidir.
Bu istiqamətdə indiyədək bir sıra yeniliklər gerçəkləşdirilib. Buna misal olaraq "bir pəncərə” prinsipinin tətbiqini göstərmək olar.
Azərbaycanda "bir pəncərə” prinsipi 2009-cu ildən reallaşdırılmağa başlayıb. Bununla da, sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsinə, nəqliyyat və mal axınına əlverişli şərait yaradılmasına, vaxt itkisinin minimuma endirilməsinə və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunub. "Bir pəncərə” prinsipi nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə şərait yaradıb. Bu prinsip iqtisadi operator və sahibkarlıq subyektləri üçün resurslardan daha səmərəli istifadəyə, rəsmiləşdirmə müddətinin azaldılması nəticəsində yüklərin göndəriş və idxalına icazələrin alınması prosedurunun sürətlənməsinə, sərhəd-keçid prosedurları ilə bağlı tələblər haqqında məlumatlılığın və şəffaflığın artırılmasına, eləcə də ticarət əlaqələrinin genişlənməsinə və mal dövriyyəsi üçün daha əlverişli şəraitin yaradılmasına da imkan verir. Yükdaşıma imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də üstünlüklər sırasındadır.
Gömrük sahəsində əldə olunan uğurlar bununla bitmir. Prezident İlham Əliyevin 25 fevral 2011-ci il tarixli "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanına əsasən, gömrük orqanlarında inkişafa yönəlik işlər davam etdirilib. Həmin il ABŞ Dövlət Departamentinin İxraca Nəzarət və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində - partlayıcı maddələri, narkotik vasitələri və təhlükəli mayeləri aşkar edən əl detektorları, metalaxtaran detektor və digər belə cihazlar təmənnasız olaraq Dövlət Gömrük Komitəsinə verilib və gömrük orqanları arasında bölüşdürülüb.
Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində əməkdaşların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üzrə peşə biliklərinin artırılması işinə də xüsusi önəm verilir. Belə ki, əməkdaşlar üçün mütəmadi təlim və seminarlar təşkil edilir, onların xaricdə keçirilən görüşlərdə iştirakı təmin olunur. Bundan başqa, qabaqcıl ölkələrdə təcrübə mübadiləsi proqramları həyata keçirilir. Bu da olduqca vacib məsələlərdəndir.
Gömrükdən danışarkən "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadəyə toxunmamaq olmaz. Bu mütərəqqi buraxılış sistemləri Azərbaycanın gömrük xidmətinin müasirliyini ortaya qoyur.
"Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ölkəmizdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının aparılmasında şəffaflığın tam təmin olunmasına, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına, məmur-vətəndaş təmasının minimuma endirilməsinə xidmət edir. Sözügedən buraxılış sistemlərinin mövcudluğu bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu, gömrük nəzarətinin səmərəliliyinin artırılması, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında avtomatlaşdırılmış elektron informasiya sisteminin imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması baxımından xüsusi önəm kəsb edir.
Qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur.
"Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.
"Yaşıl dəhliz” buraxılış sisteminin üstünlüyü ondadır ki, aşağı və orta risk qrupuna aid olan idxalatçılara məmur-sahibkar təması olmadan gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə fiziki yoxlanması aparılmadan malların və nəqliyyat vasitələrinin gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışına şərait yaradır.
"Mavi dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.
"Sarı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq
ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.
"Qırmızı dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.
Əvvəldə də dediyimiz kimi, Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi prosesi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin bu ilin iyununda imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam buna misaldır. Sərəncamda idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemini tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib. Bunlar Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə nazirlikləridir.
Tədbirlər Planına əsasən, bu dövlət orqanlarına mallar gömrük sərhədindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. Sənədə görə, idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-nə qədər tətbiq olunmalıdır. İcraçı dövlət qurumlarına gömrük prosedurları üçün tələb olunan sənədlərin sayını azaltmaq, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işini təşkil etmək, gömrük rəsmiləşdirilməsi zamanı "Bir pəncərə" sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsini təmin etmək tapşırılıb.
Beləliklə, hazırda Azərbaycanda mükəmməl resurslara və kadr potensialına malik gömrük sistemi fəaliyyət göstərir. Bu isə gömrük işi sahəsində prosedurların sadələşdirilməsinə, şəffaflığın tam təmin olunmasına, ümumilikdə gömrük xidmətinin keyfiyyətinin artırılmasına birbaşa təsir göstərir.
Aygün ƏZİZ
"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur"
banner

Oxşar Xəbərlər