• şənbə, 20 Aprel, 19:04
  • Baku Bakı 24°C

Müasir Ermənistanın tarixində ən fəlakətli siyasi xadim

10.04.18 18:52 735
Müasir Ermənistanın tarixində ən fəlakətli siyasi xadim
Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxan erməni müxalifəti ötən gün axşam paytaxtın "Azadlıq” meydanında ona etirazını özünəməxsus formada çatdırıb. Serj Sarkisyanın on illik idarəçiliyinin başa çatmasını "qeyd edən” müxalifət fəalları bəyan ediblər ki, heç bir halda, onun baş nazir olmasına imkan verilməməlidir. 2015-ci il Konstitusiya dəyişikliklərinə görə, Sarkisyan baş nazir olacağı təqdirdə, yenidən ölkədə real hakimiyyət sahibinə çevrilir. "Serji rədd et” təşəbbüs qrupunun rəhbəri Armen Qriqoryan Serj Sarksyanı müasir Ermənistanın tarixində ən fəlakətli siyasi xadim adlandırıb. Əlavə edib ki, onun idarəçiliyi dövründə ölkə əhalisi azalıb, dövlət borcu artıb. A.Qriqoryan bundan əlavə, Respublika Partiyasının Serj Sarkisyana təhlükəsizlik məsələlərində alternativin olmaması barədə ortaya qoyduğu arqumentləri təkzib edib. Müxalifət funksioneri xatırladıb ki, 2016-cı il aprel əməliyyatları zamanı Ermənistan 800 hektar torpaq sahəsindən məhrum olub. Çıxış edənlər həmçinin Serj Sarkisyanı verdiyi vədləri yerinə yetirməməkdə, eləcə də bir gündə qərar qəbul etməkdə günahlandırıb. Söhbət 2013-cü il sentyabrında Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına üzv qəbul olması barədə qərardan gedir. Aksiya iştirakçıları bildiriblər ki, onların tədbiri bir növ "zarafat” xarakteri daşıyacaq. Məsələ ondadır ki, ötən həftə ərzində "Serji rədd et” təşəbbüs qrupunun üzvləri Yerevan və digər şəhərlərdə Serj Sarkisyanı pensiyaya yollamaq üçün xırda pul yığımı kampaniyasına start veriblər. Dünən isə "Azadlıq” meydanında yığdıqları xırda pulları Serj Sarkisyanı xatırladan cizgi filmi personajı olan Çeburaşkaya veriblər.
"Biz Serj Sarkisyan hakimiyyətinin davam etməsinə qarşı çıxan hər hansı bir təşəbbüsə nə söz, nə də hər hansı bir münasibətlə mane olmaq istəmirik”. Bunu isə "Radio Azatyunyun” əməkdaşı ilə söhbətində parlamentdənkənar müxalifət partiyası "Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan bildirib. Onun qənaətincə, liderliyi öz üzərinə götürmək aksiyalara deyil, ciddi siyasi proseslərə əsaslanmalıdır. "Ümumiyyətlə, bu vəziyyət uzun müddət davam edə bilməz. Söhbət Serj Sarkisyanın baş nazirliyinin baş tutmasından getmir. Artıq nəyinsə qarşısını almaq mümkün deyil. Bunun qarşısını almaq lazım olanda, biz nə lazımdırsa etdik. Söhbət Serj Sarkisyanın hakimiyyətdən qovulmasından gedir. Bu, tamam başqa məsələdir. Serj Sarkisyan bütün xalqı küçələrdə, yüz minlərin axınını gördükdə gedəcək”, - deyə L.Zurabyan vurğulayıb. O əlavə edib ki, bu proses baş verdikdə, eləcə də, insanlar hər şeyə biganəlikdən, düşdükləri depressiya vəziyyətindən əl çəksələr, təbii ki, o zaman ciddi siyasi proseslər təşkil etmək olar.
Sarkisyana qarşı əhalinin mənfi mövqeyini "Qallup” şirkətinin keçirdiyi sorğunun nəticələri də təsdiq edir. Nəticələrdən belə məlum olur ki, ermənilər Serj Sarkisyanı baş nazir postunda görmək istəmirlər. Ölkə əhalisinin cəmi 24,8 faizi Sarkisyanı baş nazir kimi arzulayır. Karen Karapetyanı isə əhalinin 27,3 faizi dəstəkləyib. Maraqlı məqam odur ki, Sarkisyan bu göstərici ilə heç ikinci yerdə belə qərarlaşmayıb. Onu Karapetyanla bərabər məşhur iş adamı Qaqik Tsarukyan da üstələyib. Tsarukyanı əhalinin 26,5 faizi baş nazir görmək istəyir. Amma bütün bunlara rəğmən, Serj Sarkisyan fırıldaq və güc yolu ilə hökumət başçısı vəzifəsini ələ keçirməkdə israrlıdır.
Yeri gəlmişkən, Ermənistanın yeni prezidenti Armen Sarkisyan da ənənəni pozmayaraq ölkə rəhbəri kimi ilk rəsmi səfərini Rusiyaya etmək qərarına gəlib. Bu barədə A.Sarkisyan jurnalistlərə açıqlamasında bildirib. Yeni prezident ilk səfərin Moskvaya olacağını təsdiqləsə də, vaxtın hələlik dəqiqləşmədiyini söyləyib: "Moskvaya Ermənistan prezidenti kimi səfər etməkdə maraqlıyam. Ənənəvi olaraq Ermənistan rəhbərləri ilk rəsmi səfərlərini məhz Moskvaya edirlər. Hazırda dəqiq tarix məlum deyil”. Belə bir ehtimal var idi ki, forpost ölkənin yeni prezidenti bir qədər qərbyönümlüdür və ilk səfərini hansısa Qərb ölkəsinə, məsələn, Fransaya edə bilər. Lakin belə olmayıb. O, "TASS” agentliyinə müsahibəsində Rusiya ilə münasibətlərə toxunub. Rusiya ilə münasibətlərin müttəfiqlik, strateji xarakter aldığını qeyd edən prezident bütün məsələlərdə əməkdaşlığın pik həddə olduğunu etiraf edib. Ermənistanın yeni prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu da bildirib. Deyib ki, 25 ildən çoxdur münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır:"Rusiya bu məsələdə həlledici rola malikdir”. Sarkisyan vurğulayıb ki, 23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub:"Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”. Prezident qeyd edib ki, son nəticədə bütün regional münaqişələr həllini tapır:"Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”. Parlamentdə çıxışı zamanı ölkənin dördüncü prezidenti populist fikirləri ilə də yadda qalıb. Məsələn o bəyan edib ki, bütün mənfi hallar – korrupsiya, sosial bərabərsizlik və məsuliyyətsizliyə qarşı mübarizə aparılacaq. Lakin əlavə edib ki, "uğur əldə etmək üçün tək tənqid etmək yox, həm də birgə işləmək gərəkdir”. Yeni prezident nəinki miqrasiyanın qarşısını almaq, həm də gedənləri geri qaytarmağı planlaşdırır. Əvvəlki prezidentlərin də rolunu qeyd edən Armen Sarkisyan məhz üçüncü prezidentin dövründə mühüm nailiyyətlərə imza atıldığını bildirib. Belə ki, məhz Sarkisyanın prezidentliyi dövründə Avrasiya İqtisadi İttifaqına üzvlüyün, eləcə də, Avropa İttifaqı ilə assosiasiya sazişinin reallaşdığını vurğulayıb. Bəs yeni prezident nəyəsə nail ola biləcəkmi? Əksəriyyət bunu mümkünsüz sayır. Məsələn, ermənilərin nəzarətində olan "EADaily” portalı Serj Sarkisyanın yeni prezident Armen Sarkisyana ağır irs buraxıb getdiyini yazır. Bildirilir ki, bu irs daha da artan yoxsulluq və miqrasiya, işsizlik və xirtdəyə çıxan dövlət borcudur. Belə ki, 2008-ci ildə Serj Sarkisyan prezident postuna sahiblənəndə Ermənistanda yoxsulluğun səviyyəsi, rəsmi statistikaya görə, 27,6 faiz idi. Həmin vaxt bu, son 10 ildə ən aşağı göstərici hesab edilirdi. Hazırda isə Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizdən çoxdur.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər