• cümə, 19 Aprel, 21:50
  • Baku Bakı 24°C

“Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq”

10.12.18 22:21 440
“Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq”
Dekabrın 10-da Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə "Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Dəyirmi masada Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos D.Kanellos, Avstriyaın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bayerl, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Aleksandroviç, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, səfirliyin birinci katibi Georgi Selski, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Viktoroviç Barkov, Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Artur Taraseviç, Azərbaycanın bir çox rəsmi dövlət strukturlarının rəhbərləri və o cümlədən universitetin tələbə-müəllim heyəti iştirak edib.

Dəyirmi masanı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq BSU-nun slavyan ölkələri, o cümlədən Yunanıstan Respublikası və Türkiyə Cümhuriyyəti ilə sıx əlaqələrindən danışıb. Rektor cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb: "Əgər BSU-nun tarixinə, keçdiyi inkişaf yoluna nəzər salsaq, bu ali təhsil ocağının Ulu Öndər Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə ərsəyə gəldiyini görə bilərik. Hər bir ölkənin və cəmiyyətinin tərəqqisinin, inkişafının təhsilin səviyyəsi ilə birbaşa bağlıdır. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində səmərəli tədbirlər icra olunmaqdadır. Bugünkü Azərbaycan gəncliyi beynəlxalq aləmə inteqrasiya olunur. Onlar beynəlxalq layihələr vasitəsilə müasir dünyaya çıxış imkanı əldə edirlər”.

N.Əliyeva nitqinin davamında BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri vasitəsilə tələbələrin slavyan ölkələrinin mədəniyyəti, tarixi, etnoqrafiyası, siyasi-iqtisadi vəziyyəti ilə yaxından tanış olduqlarını deyib: "Azərbaycan multikultural ölkədir. Azərbaycanda multikulturalizm siyasəti dövlət tərəfindən hərtərəfli dəstəklənir və bu ideya ölkəmizdə fəaliyyət göstərən bütün ali məktəblərdə gənclərə aşılanır. O cümlədən də rəhbəri olduğum Bakı Slavyan Universitetində bu məsələyə xüsusi diqqət yetirilir. Bu gün biz ölkə başçısının "Multikulturalizm Azərbaycanda həyat tərzidir!” fikrinin tədrisin bütün mərhələlərində artıq özünü tam şəkildə doğrultduğunu çəkinmədən söyləyə bilərik. Azərbaycandakı xarici ölkə səfirlərini maraqlandıran əsas məsələlərdən biri də təhsil sahəsinin inkişafıdır”.

Daha sonra təhsil və müasir dünya, təhsilin problemləri, beynəlxalq layihələr və s. mövzularda müzakirələr aparan diplomatlar təhsil sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini bildirib və bu sahəyə öz töhfələrini verməyə hazır olduqlarını qeyd etdilər.

Tədbirin sonunda Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos D.Kanellos beynəlxalq konfransa ev sahibliyi etdiyinə və yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. Səfir konfransın gündəmin aktual məsələlərindən birinə həsr olunduğunu diqqətə çatdıraraq dəyirmi masanın Azərbaycanın digər ölkələrlə humanitar istiqamətdə münasibətlərinə yeni töhfələr verəcəyinə əmin olduğunu deyib.
Şəbnəm

banner

Oxşar Xəbərlər