Müasir Azərbaycanın siması: DOST mərkəzləri - Fotolar
Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə
mütərəqqi, çoxşaxəli ardıcıl və mərhələli şəkildə həyata keçirilən islahatlar
konsepsiyasının tərkib hissəsi və Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olan "DOST”
Mərkəzinin başlıca vəzifəsi əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara
dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ, şəffaf və nəzakətli,
vətəndaş məmnunluğu prinsipi əsasında təqdim etməkdir. 2025-ci ilə kimi ölkə ərazisində,
ümumilikdə, 31 DOST mərkəzinin açılacağı planlaşdırılıb. Bir neçə ay bundan əvvəl
Bakıda fəaliyyətə başlayan 1 saylı Bakı DOST mərkəzində hazırda gün ərzində təxminən
350-400 vətəndaş müraciəti qeydə alınır. İndiyədək mərkəzə 30 minə yaxın vətəndaş
müraciət edib. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının sakinləri
üçün nəzərdə tutulan mərkəzdə il ərzində 100 mindən çox vətəndaşa xidmət göstərmək
mümkündür. Aparılan monitorinq və təhlillər bu mərkəzdə vətəndaş məmnunluğu səviyyəsinin
100 faizə yaxın olduğunu göstərir. Bu isə o deməkdir ki, DOST Mərkəzi ona tərəf
uzanan əlləri həqiqətən dostcasına sıxır, vətəndaşlara nümunəvi xidmət göstərir.
Dövlət başçısı İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati
binasının açılış mərasimində sözügedən qurumun müasir Azərbaycanın simasını əks
etdirdiyini xatırladaraq, ölkəmizin məhz bu yolla inkişaf etməsinin zəruriliyini
vurğulayıb. Qeyd edib ki, müasirlik, yenilik və islahatlar, həmçinin gənclərin
bu işlərə böyük dərəcədə qoşulması Azərbaycanın inkişafına xidmət göstərəcək.
Dövlət başçısı deyib ki, Azərbaycan iqtidarının siyasəti DOST mərkəzlərində öz əksini
tapır. Bu, islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə,
yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyətidir.
Vətəndaşlar üçün əlçatan
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qəzetimizə açıqlamasında qeyd edib ki, bu mərkəz
innovativ yeniliklərin tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin
yüksəldilməsinə çalışır. Onun sözlərinə görə, sözügedən xidmətlər əhaliyə vahid
standartlar əsasında "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş
rahatlığı və məmnunluğu prinsipi ilə çatdırılır ki, bu da ölkədə davamlı
xarakter alan islahatlara daha bir nümunədir: "ASAN Xidmət Mərkəzləri kimi DOST
Mərkəzləri də Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərindən
biridir. DOST layihəsi innovativ yenilikləri, optimal və effektiv idarəçiliyi
ehtiva edən yeni keyfiyyət mərhələsinə keçidin təmin olunmasıdır. Xüssən sosial
sferanı əhatə edən bu layihə müasir Azərbaycanın siması kimi də diqqət çəkməkdədir.
Yaşadığım, millət vəkili seçildiyim Qaradağ rayonunun timsalında DOST Mərkəzin
fəaliyyətindəki müsbət məqamı qeyd edə bilərəm. Rayon sakinlərinin məşğulluğunun
təmin edilməsində bu mərkəz mühüm rol oynayır. Orada tamamilə şəffaf bir sistem
yaradılıb. Rayon sakinlərimiz, eləcə də digər vətəndaşlar sərbəst şəkildə
müraciət edib Qaradağ ərazisindəki vakant iş yerləri ilə tanış ola, ixtisasına,
bacarığına uyğun işlə təmin oluna bilirlər. Xüsusilə sosial işləri qeyd etmək
istərdim. Bu iş yerləri DOST Mərkəzi sayəsində vətəndaşlar üçün əlçatandır. Bu
da onu sübut edir ki, cəmi bir neçə aydır fəaliyyət göstərən DOST Mərkəzi dövlət
başçısının nəzərdə tutduğu şəkildə, əhalinin sosial problemlərinin həllinə müsbət
töhfəsini verir”.
Vətəndaşların məmnunluğunun
artırlması
Milli Məclisin Gənclər
və idman komitəsinin üzvü, hüquqşünas Elşad Həsənov cari ilin iyun ayında bir qrup millət vəkili ilə
birlikdə DOST Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olduqlarını diqqətə
çatdıraraq, DOST-un fəaliyyətə başlamasını əhalinin sosial müdafiəsinə Azərbaycan
rəhbərliyinin verdiyi mühüm önəm kimi dəyərləndirib. O vurğulayıb ki, Prezident
İlham Əliyevin DOST agentliyinin yaradılması ilə bağlı fərmanı sıravi vətəndaşların
maddi rifahını təmin etmək və daha da yüksəltmək niyyətindən qaynaqlanıb: "DOST-un
yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində
vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldilməkdir və bütün bu məqamlar
xüsusi qurumun yaradılmasını tələb edib. Əminəm ki, DOST Agentliyinin göstərdiyi
xidmətlər vətəndaşların məmnunluğunun artırılmasına səbəb olacaq. Azərbaycan
hökuməti hər zaman sosialyönlü siyasət yürüdüb və DOST-un təsis edilməsi bunu əyani
şəkildə sübut edir. DOST mərkəzlərində müşahidə etdiyimiz "bir pəncərə"
prinsipi, çeviklik, vətəndaş məmnunluğu, şəffaflıq, yüksək etika və məsuliyyət
hər kəsi sevindirir”.
Sosial sahənin diqqətdə
saxlanılması
Millət vəkili deyib ki, Azərbaycanda sosial sahənin
diqqətdə saxlanılması hər zaman prioritetdir: "Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və pensiya təminatı ən həssas
və vacib istiqamətlərdən biridir. İndiki məqamda insanları qayğılandıran sosial
məsələlərin həlli xüsusi diqqət tələb edir. Bunun üçün vətəndaşların dövlət məmuru
tərəfindən qəbul edilməsi, müraciət və şikayətlərin qəbulu mühüm əhəmiyyət
daşıyır. Bu baxımdan DOST mərkəzlərinin üzərinə böyük və məsuliyyətli iş düşür.
Mən bu işdə DOST Agentliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
uğurlar arzu edirəm. Əminəm ki, DOST mərkəzləri üzərinə düşən vəzifənin öhdəsindən
layiqincə gələcəklər”.
Dünyaya səs salan Azərbaycan
brendi
Milli Məclisin Elm və
təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin (GDU) elm və innovasiyalar
üzrə prorektoru Pərvin Kərimzadə mövzu ilə bağlı açıqlamasında bildirib ki, ölkə
başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata
keçirdiyi sosial siyasət artıq ənənə halını alıb. Onun fikrincə, davamlı olaraq
həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi həyata vəsiqə alan çoxsaylı
infrastruktur layihələr ilk növbədə Azərbaycan vətəndaşının firavan yaşayışını,
vətəndaş məmnunluğunu təmin edib: "Bir neçə dövlət orqanının xidmətlərini vahid
məkanda, əlaqələndirilmiş şəkildə vətəndaşlara təqdim edən, artıq bu gün
dünyada Azərbaycanın brendi olaraq tanınan "ASAN xidmət” dövlət xidmətlərindən
istifadəni vətəndaşlar üçün daha əlçatan edib. "ASAN xidmət” vətəndaş məmur
münasibətlərində birbaşa təması minimuma endirərək milli innovasiya sistemlərinin
və səmərəli idarəçiliyin təmin olunmasında son dövrlərdə cəmiyyətə nüfuz etmiş
elektron dövlətin mühüm rol oynadığını təsdiq edib. Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü olan və DOST adlanan daha bir innovativ xidmət növü də artıq
xeyli vaxtdır vətəndaşların ixtiyarına verilib. Dövlət başçısı özü bu mərkəzin
fəaliyyətini yüksək qiymətləndirib. DOST mərkəzi az bir zamanda cəmiyyətdə özü
haqqında olduqca müsbət rəy formalaşdırıb. Vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik,
məsuliyyət və rahatlıq prinsipləri əsasında işini quran DOST hətta digər
orqanların fəaliyyəti ilə müqayisədə üstün mövqe tutub, minlərlə vətəndaşın əsl
dost ünvanına çevrilməyi bacarıb”.
Müyəssərlik yüksək səviyyədədir
"Əlil Təşkilatlatları
İttifaqı”nın sədri Davud Rəhimli bildirib ki, pensiya, sosial və tibbi sığorta məsələləri,
əlilliyi olan şəxslərə xidmətlər, onların müvafiq işlə təmini, əlillik dərəcəsinin
müəyyənləşdirilməsi, ümumən bütün sosial xidmətlərlə bağlı DOST-a müraciət edən
vətəndaşlar daim bu məkandan razılıqla, məmnunluqla ayrılırlar. Onun qənaətincə,
əlilliyi olan şəxslər əvvəllər bir sıra məsələlərlə əlaqədar ayrı-ayrı idarələri,
qurumları gəzib hansısa sənədləri toplamaq məcburiyyətində qalıblar. Bir
çoxları bunu fiziki və vaxt baxımdan çatdıra, hazırlaya bilməyiblər və bu da
son nəticədə əlilliyi olan şəxslərin müəyyən hüquqlarının təmin edilməməsi ilə
nəticələnib. Lakin indi əlilliyi olan şəxs cəmi bir ünvana müraciət etməklə iş,
pensiya, əlillik dərəcəsini müəyyənləşdirmə və sair hüquqlarını rahatlıqla təmin
edə bilir. D.Rəhimli xüsusilə vurğulayıb ki, DOST Mərkəzdə müyəssərlik yüksək səviyyədə
olduğundan əlilliyi olan şəxslər burada özlərini rahatlıqla, başqa vətəndaşlardan
seçilmədən, kimsənin yardımı olmadan idarə edə bilirlər. O, əlilliyi olan şəxslər
üçün bunun mənəvi-psixoloji baxımdan
böyük önəm daşıdığını vurğulayıb.
Gələcəkdə şəbəkə daha
da genişlənəcək
BDU-nun professoru,
hüquq elmləri doktoru, əmək və sosial hüquqlar üzrə ixtisaslaşdırılmış "Sosial
Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayıs Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsi istiqamətində
atılan hər bir addımın, həyata keçirilən istənilən sosial layihənin cəmiyyət tərəfindən
dəstəkləndiyini ifadə edib. O deyib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə
uyğun olaraq ƏƏSMN-də nazir Sahil Babayevin rəhbərliyi altında gənc, bacarıqlı,
innovativ komanda formalaşdırılıb, gələcək üçün hesablanmış sosial layihələr
paketi hazırlanıb: "Buraya sosial ödəmələrin məbləğinin artırılması, o cümlədən
tələbə təqaüdlərinin, pensiyaların, sosial müavinətlərin, Prezident təqaüdünün,
QHT-lər üçün ayrılmış sosial layihələrin həcminin dinamik artımı daxildir. Əlbəttə
ki, bütün bunlar müsbət haldır. Həmin layihələr içərisində DOST Agentliyinin
yaradılması və ilk belə mərkəzin fəaliyyətə başlaması xüsusilə qeyd edilməlidir.
DOST Mərkəzində "Bir pəncərə”dən vətəndaşlara 126 xidmət təklif edilir. Beləliklə
məmur süründürməçiliyinin qarşısı alınır, vaxta qənaət olunur, asan, rahat,
operativ, əlçatan şəkildə hər bir vətəndaş bu mərkəzin fəaliyyətindən yararlana
bilir. Dəfələrlə bu mərkəzdə olmuşam, onun fəaliyyətinə yaxından bələdəm. Gələcəkdə
Mərkəzin şəbəkəsi daha da genişlənəcək. Tam məsuliyyətimlə deyə bilərəm ki,
indi bu Mərkəz müasir Azərbaycanın simasına çevrilib”.
Sıfır bürokratiya və
vətəndaş marağının təmin edilməsi
"Konstitusiya
Araşdırmalar Fondu”nun Prezidenti, ƏƏSMN yanında İctimai Şuranın üzvü Əliməmməd
Nuriyev DOST Mərkəzlərini Azərbaycanda
sosial müdafiə sisteminin inkişafı, təkmilləşdirilməsi və müasir standartlar səviyyəsində
yenidən qurulmasında yeni bir mərhələ və ölkə təcrübəsində mühüm bir yenilik
kimi qiymətləndirib. O qeyd edib ki, DOST Mərkəzləri sosial müdafiə sisteminin
yeni kosnepsiyasi deməkdir: "Bu konsepsiya özündə müasir dövrün ən yeni tələblərini
- innovativlik, vətəndaş məmnunluğu, ünvanlılığın təmin edilməsi, vaxta və
resurlsra qənaət, şəffaflığın təmin olunmasını ehtiva edir. Şübhəsiz ki, ən
mühüm müsbət cəhətlərdən biri əlçatanlıqıdr, inklyizivlikdir. DOST Mərkəzləri
sosial sahədə dövlət xidmətlərini operativ və vətəndaşın rahatlığı nəzərə
alınaraq təqdim etməyə imkan yaradır. Bu, artıq yeni yanaşmadır və bir nöqtədən
mərkəzləşdirilmiş qaydada xidmətlərin təqdim edilməsi vətəndaşlar üçün çox
böyük rahatlıq yaradır. Bu, həmçinin resurslara qənaət etməyə imkan verir, xidmətlərin
göstərilməsini daim monitorinq etməyə, təkmilləşdirməyə, effektiv əks-əlaqə
yaratmağa imkan verir. Bu sui-istifadə hallarına, məmur özbaşınalığına qarşı da
ən yaxşı sistemdir və bütün prosesi səmərəli şəkildə nəzarət altında saxlamaq
imkanları var. DOST Mərkəzləri hazırda bütün dünyada populyarlıq qazanan "sıfır
bürokratiya və vətəndaş marağının təmin edilməsi” sistemlərinin uğurlu nümunələrindən
biridir. Düşünürəm ki, DOST mərkəzlərinin yaradılması multipikativ effekt verəcək
və digər sahələrə də müsbət təsir göstərəcəkdir”.
Son olaraq qeyd edək ki, mütərəqqi siyasi iradəyə əsasən
formalaşdırılmış müasir Azərbaycanın siması – DOST Mərkəzi qısa müddət ərzində əhali
arasında böyük nüfuz qazanıb. Bu nüfuzun gündən-günə artacağı, ölkə sərhədlərini
aşacağı, sırf Azərbaycan brendi kimi tanınan digər ölkələrdə də tətbiq
olunacağı heç kimdə şübhə doğurmur.
Rufik İSMAYILOV
Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir