AZE | RUS | ENG |

Müasir Azərbaycanın siması: DOST mərkəzləri - Fotolar

Müasir Azərbaycanın siması: DOST mərkəzləri - Fotolar
Yenilik və islahatlar, həmçinin gənclərin bu işlərə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mütərəqqi, çoxşaxəli ardıcıl və mərhələli şəkildə həyata keçirilən islahatlar konsepsiyasının tərkib hissəsi və  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olan "DOST” Mərkəzinin başlıca vəzifəsi əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim etməkdir. 2025-ci ilə kimi ölkə ərazisində, ümumilikdə, 31 DOST mərkəzinin açılacağı planlaşdırılıb. Bir neçə ay bundan əvvəl Bakıda fəaliyyətə başlayan 1 saylı Bakı DOST mərkəzində hazırda gün ərzində təxminən 350-400 vətəndaş müraciəti qeydə alınır. İndiyədək mərkəzə 30 minə yaxın vətəndaş müraciət edib. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının sakinləri üçün nəzərdə tutulan mərkəzdə il ərzində 100 mindən çox vətəndaşa xidmət göstərmək mümkündür. Aparılan monitorinq və təhlillər bu mərkəzdə vətəndaş məmnunluğu səviyyəsinin 100 faizə yaxın olduğunu göstərir. Bu isə o deməkdir ki, DOST Mərkəzi ona tərəf uzanan əlləri həqiqətən dostcasına sıxır, vətəndaşlara nümunəvi xidmət göstərir.
 
 
 
Dövlət başçısı İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində sözügedən qurumun müasir Azərbaycanın simasını əks etdirdiyini xatırladaraq, ölkəmizin məhz bu yolla inkişaf etməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, müasirlik, yenilik və islahatlar, həmçinin gənclərin bu işlərə böyük dərəcədə qoşulması Azərbaycanın inkişafına xidmət göstərəcək. Dövlət başçısı deyib ki, Azərbaycan iqtidarının siyasəti DOST mərkəzlərində öz əksini tapır. Bu, islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyətidir. 
 


Vətəndaşlar üçün əlçatan

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qəzetimizə açıqlamasında qeyd edib ki, bu mərkəz innovativ yeniliklərin tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə çalışır. Onun sözlərinə görə, sözügedən xidmətlər əhaliyə vahid standartlar əsasında "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə çatdırılır ki, bu da ölkədə davamlı xarakter alan islahatlara daha bir nümunədir: "ASAN Xidmət Mərkəzləri kimi DOST Mərkəzləri də Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərindən biridir. DOST layihəsi innovativ yenilikləri, optimal və effektiv idarəçiliyi ehtiva edən yeni keyfiyyət mərhələsinə keçidin təmin olunmasıdır. Xüssən sosial sferanı əhatə edən bu layihə müasir Azərbaycanın siması kimi də diqqət çəkməkdədir. Yaşadığım, millət vəkili seçildiyim Qaradağ rayonunun timsalında DOST Mərkəzin fəaliyyətindəki müsbət məqamı qeyd edə bilərəm. Rayon sakinlərinin məşğulluğunun təmin edilməsində bu mərkəz mühüm rol oynayır. Orada tamamilə şəffaf bir sistem yaradılıb. Rayon sakinlərimiz, eləcə də digər vətəndaşlar sərbəst şəkildə müraciət edib Qaradağ ərazisindəki vakant iş yerləri ilə tanış ola, ixtisasına, bacarığına uyğun işlə təmin oluna bilirlər. Xüsusilə sosial işləri qeyd etmək istərdim. Bu iş yerləri DOST Mərkəzi sayəsində vətəndaşlar üçün əlçatandır. Bu da onu sübut edir ki, cəmi bir neçə aydır fəaliyyət göstərən DOST Mərkəzi dövlət başçısının nəzərdə tutduğu şəkildə, əhalinin sosial problemlərinin həllinə müsbət töhfəsini verir”. 
 
  

Vətəndaşların məmnunluğunun artırlması

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, hüquqşünas Elşad Həsənov cari ilin iyun ayında bir qrup millət vəkili ilə birlikdə DOST Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olduqlarını diqqətə çatdıraraq, DOST-un fəaliyyətə başlamasını əhalinin sosial müdafiəsinə Azərbaycan rəhbərliyinin verdiyi mühüm önəm kimi dəyərləndirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin DOST agentliyinin yaradılması ilə bağlı fərmanı sıravi vətəndaşların maddi rifahını təmin etmək və daha da yüksəltmək niyyətindən qaynaqlanıb: "DOST-un yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldilməkdir və bütün bu məqamlar xüsusi qurumun yaradılmasını tələb edib. Əminəm ki, DOST Agentliyinin göstərdiyi xidmətlər vətəndaşların məmnunluğunun artırılmasına səbəb olacaq. Azərbaycan hökuməti hər zaman sosialyönlü siyasət yürüdüb və DOST-un təsis edilməsi bunu əyani şəkildə sübut edir. DOST mərkəzlərində müşahidə etdiyimiz "bir pəncərə" prinsipi, çeviklik, vətəndaş məmnunluğu, şəffaflıq, yüksək etika və məsuliyyət hər kəsi sevindirir”.
 

Sosial sahənin diqqətdə saxlanılması
 

Millət vəkili deyib ki, Azərbaycanda sosial sahənin diqqətdə saxlanılması hər zaman prioritetdir: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və pensiya təminatı ən həssas və vacib istiqamətlərdən biridir. İndiki məqamda insanları qayğılandıran sosial məsələlərin həlli xüsusi diqqət tələb edir. Bunun üçün vətəndaşların dövlət məmuru tərəfindən qəbul edilməsi, müraciət və şikayətlərin qəbulu mühüm əhəmiyyət daşıyır. Bu baxımdan DOST mərkəzlərinin üzərinə böyük və məsuliyyətli iş düşür. Mən bu işdə DOST Agentliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə uğurlar arzu edirəm. Əminəm ki, DOST mərkəzləri üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər”.
 


Dünyaya səs salan Azərbaycan brendi

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin (GDU) elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə mövzu ilə bağlı açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb. Onun fikrincə, davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi həyata vəsiqə alan çoxsaylı infrastruktur layihələr ilk növbədə Azərbaycan vətəndaşının firavan yaşayışını, vətəndaş məmnunluğunu təmin edib: "Bir neçə dövlət orqanının xidmətlərini vahid məkanda, əlaqələndirilmiş şəkildə vətəndaşlara təqdim edən, artıq bu gün dünyada Azərbaycanın brendi olaraq tanınan "ASAN xidmət” dövlət xidmətlərindən istifadəni vətəndaşlar üçün daha əlçatan edib. "ASAN xidmət” vətəndaş məmur münasibətlərində birbaşa təması minimuma endirərək milli innovasiya sistemlərinin və səmərəli idarəçiliyin təmin olunmasında son dövrlərdə cəmiyyətə nüfuz etmiş elektron dövlətin mühüm rol oynadığını təsdiq edib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan və DOST adlanan daha bir innovativ xidmət növü də artıq xeyli vaxtdır vətəndaşların ixtiyarına verilib. Dövlət başçısı özü bu mərkəzin fəaliyyətini yüksək qiymətləndirib. DOST mərkəzi az bir zamanda cəmiyyətdə özü haqqında olduqca müsbət rəy formalaşdırıb. Vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında işini quran DOST hətta digər orqanların fəaliyyəti ilə müqayisədə üstün mövqe tutub, minlərlə vətəndaşın əsl dost ünvanına çevrilməyi bacarıb”. 
 


Müyəssərlik yüksək səviyyədədir

"Əlil Təşkilatlatları İttifaqı”nın sədri Davud Rəhimli bildirib ki, pensiya, sosial və tibbi sığorta məsələləri, əlilliyi olan şəxslərə xidmətlər, onların müvafiq işlə təmini, əlillik dərəcəsinin müəyyənləşdirilməsi, ümumən bütün sosial xidmətlərlə bağlı DOST-a müraciət edən vətəndaşlar daim bu məkandan razılıqla, məmnunluqla ayrılırlar. Onun qənaətincə, əlilliyi olan şəxslər əvvəllər bir sıra məsələlərlə əlaqədar ayrı-ayrı idarələri, qurumları gəzib hansısa sənədləri toplamaq məcburiyyətində qalıblar. Bir çoxları bunu fiziki və vaxt baxımdan çatdıra, hazırlaya bilməyiblər və bu da son nəticədə əlilliyi olan şəxslərin müəyyən hüquqlarının təmin edilməməsi ilə nəticələnib. Lakin indi əlilliyi olan şəxs cəmi bir ünvana müraciət etməklə iş, pensiya, əlillik dərəcəsini müəyyənləşdirmə və sair hüquqlarını rahatlıqla təmin edə bilir. D.Rəhimli xüsusilə vurğulayıb ki, DOST Mərkəzdə müyəssərlik yüksək səviyyədə olduğundan əlilliyi olan şəxslər burada özlərini rahatlıqla, başqa vətəndaşlardan seçilmədən, kimsənin yardımı olmadan idarə edə bilirlər. O, əlilliyi olan şəxslər üçün bunun mənəvi-psixoloji  baxımdan böyük önəm daşıdığını vurğulayıb. 
 


Gələcəkdə şəbəkə daha da genişlənəcək

BDU-nun professoru, hüquq elmləri doktoru, əmək və sosial hüquqlar üzrə ixtisaslaşdırılmış "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayıs Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsi istiqamətində atılan hər bir addımın, həyata keçirilən istənilən sosial layihənin cəmiyyət tərəfindən dəstəkləndiyini ifadə edib. O deyib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ƏƏSMN-də nazir Sahil Babayevin rəhbərliyi altında gənc, bacarıqlı, innovativ komanda formalaşdırılıb, gələcək üçün hesablanmış sosial layihələr paketi hazırlanıb: "Buraya sosial ödəmələrin məbləğinin artırılması, o cümlədən tələbə təqaüdlərinin, pensiyaların, sosial müavinətlərin, Prezident təqaüdünün, QHT-lər üçün ayrılmış sosial layihələrin həcminin dinamik artımı daxildir. Əlbəttə ki, bütün bunlar müsbət haldır. Həmin layihələr içərisində DOST Agentliyinin yaradılması və ilk belə mərkəzin fəaliyyətə başlaması xüsusilə qeyd edilməlidir. DOST Mərkəzində "Bir pəncərə”dən vətəndaşlara 126 xidmət təklif edilir. Beləliklə məmur süründürməçiliyinin qarşısı alınır, vaxta qənaət olunur, asan, rahat, operativ, əlçatan şəkildə hər bir vətəndaş bu mərkəzin fəaliyyətindən yararlana bilir. Dəfələrlə bu mərkəzdə olmuşam, onun fəaliyyətinə yaxından bələdəm. Gələcəkdə Mərkəzin şəbəkəsi daha da genişlənəcək. Tam məsuliyyətimlə deyə bilərəm ki, indi bu Mərkəz müasir Azərbaycanın simasına çevrilib”.  
 


Sıfır bürokratiya və vətəndaş marağının təmin edilməsi

"Konstitusiya Araşdırmalar Fondu”nun Prezidenti, ƏƏSMN yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev DOST Mərkəzlərini Azərbaycanda sosial müdafiə sisteminin inkişafı, təkmilləşdirilməsi və müasir standartlar səviyyəsində yenidən qurulmasında yeni bir mərhələ və ölkə təcrübəsində mühüm bir yenilik kimi qiymətləndirib. O qeyd edib ki, DOST Mərkəzləri sosial müdafiə sisteminin yeni kosnepsiyasi deməkdir: "Bu konsepsiya özündə müasir dövrün ən yeni tələblərini - innovativlik, vətəndaş məmnunluğu, ünvanlılığın təmin edilməsi, vaxta və resurlsra qənaət, şəffaflığın təmin olunmasını ehtiva edir. Şübhəsiz ki, ən mühüm müsbət cəhətlərdən biri əlçatanlıqıdr, inklyizivlikdir. DOST Mərkəzləri sosial sahədə dövlət xidmətlərini operativ və vətəndaşın rahatlığı nəzərə alınaraq təqdim etməyə imkan yaradır. Bu, artıq yeni yanaşmadır və bir nöqtədən mərkəzləşdirilmiş qaydada xidmətlərin təqdim edilməsi vətəndaşlar üçün çox böyük rahatlıq yaradır. Bu, həmçinin resurslara qənaət etməyə imkan verir, xidmətlərin göstərilməsini daim monitorinq etməyə, təkmilləşdirməyə, effektiv əks-əlaqə yaratmağa imkan verir. Bu sui-istifadə hallarına, məmur özbaşınalığına qarşı da ən yaxşı sistemdir və bütün prosesi səmərəli şəkildə nəzarət altında saxlamaq imkanları var. DOST Mərkəzləri hazırda bütün dünyada populyarlıq qazanan "sıfır bürokratiya və vətəndaş marağının təmin edilməsi” sistemlərinin uğurlu nümunələrindən biridir. Düşünürəm ki, DOST mərkəzlərinin yaradılması multipikativ effekt verəcək və digər sahələrə də müsbət təsir göstərəcəkdir”.
 


Son olaraq qeyd edək ki, mütərəqqi siyasi iradəyə əsasən formalaşdırılmış müasir Azərbaycanın siması – DOST Mərkəzi qısa müddət ərzində əhali arasında böyük nüfuz qazanıb. Bu nüfuzun gündən-günə artacağı, ölkə sərhədlərini aşacağı, sırf Azərbaycan brendi kimi tanınan digər ölkələrdə də tətbiq olunacağı heç kimdə şübhə doğurmur.

Rufik İSMAYILOV

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873