• cümə axşamı, 18 aprel, 16:00
  • Baku Bakı 22°C

Müasir Azərbaycanın gələcəyinə inamla

23.10.13 08:15 1521
Müasir Azərbaycanın gələcəyinə inamla
2003-2013-cü illər mühüm əhəmiyyətə malik mərhələ kimi Azərbaycanın müasir tarixində özünə yer almışdır. Bu dövrdə Azərbaycan görünməmiş bir templə inkişaf etmiş və dünyanın diqqətini özünə cəlb etmişdir. Ölkəmiz bu dövrdə həm iqtisadi, həm də siyasi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir. Azərbaycan 10 il ərzində regionun lider dövlətinə çevrilməklə mühüm geosiyasi aktor kimi öz mövqeyini möhkəmlətmişdir. Bunun da nəticə olaraq ölkəmiz bütün regional proseslərin açar dövləti funksiyasına sahib olmuşdur. Hazırda Qafqaz regionunda baş verən istənilən proseslərdə Azərbaycanın rolu mütləq nəzərə alınmaqdadır. Bu isə ölkəmizin qısa müddət ərzində nümayiş etdirdiyi prinsipial xarici siyasət və möcüzəvi iqtisadi inkişafın sayəsində mümkün olmuşdur.
Azərbaycan əldə etdiyi regional üstünlüklərindən yaralanmaqla, haqlı olaraq işğalçı Ermənistanı regional layihələrdən kənarda saxlamış, onun iqtisadiyyatını çökdürmüşdür. Bütün bunlar isə nəticə etibarilə Azərbaycanın qarşısında duran ən vacib problem olan Dağlıq Qarabağ probleminin ədalətli həllinə yönəlmişdir. Şübhə yoxdur ki, bu siyasət yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Tarix və həyat sübut edir ki, bir ölkənin qüdrətlənməsi və inkişaf etməsində onun liderinin rolu danılmazdır. Məhz bu mənada Azərbaycanın müasir dövrdə əldə etdiyi uğurlar birbaşa Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə yaradılmış stabillik və aparılmış uğurlu həm siyasi, həm də iqtisadi islahatlar zəminində Prezident İlham Əliyev Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi istiqamətində əhəmiyyətli addımlar atmağa nail oldu. Qısa müddət ərzində ölkənin həm iqtisadi, həm də siyasi potensialı xeyli gücləndirildi.
Əgər 2003-cü ildə dövlət büdcəsi 1,5 mlrd. manat idisə, artıq 20 mlrd. manata yaxındır. Bu isə əlbəttə ki, aparılmış uğurlu siyasətin nəticəsidir.
İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycan bir sıra beynəlxalq və regional əhəmiyyətli layihələrin reallaşmasına nail ola bilmişdir. Bu dövrdə diqqəti çəkən ən mühüm uğurlardan Bakı-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tam istifadəyə verilməsini, Bakı-Axalkalaki-Qars dəmir yolunun böyük ölçüdə tikintisinin həyata keçirilməsini, TANAP, Trans-Adriatik boru kəməri layihələrinin gerçəkliyə çevrilməsi və s. göstərmək olar. Bundan başqa, ölkəmizin siyasi müstəqilliyini təmin edən iqtisadi qüdrətinin artması istiqamətində digər mühüm addımlar da atılmışdır. Məlum olduğu kimi, ölkəmiz uzun müddət ərzində enerji baxımından asılı bir ölkə olmuşdur. Məhz Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan özünü elektrik enerjisi və qazla tam təmin etməklə yanaşı, onun ixracına da başlamışdır. Hazırda Azərbaycan nəinki qonşu dövlətlərin, hətta Avropanın da qazla təchizatında mühüm rol oynayır. Bu isə Azərbaycanın qısa müddət ərzində mühüm bir dövlətə çevrildiyini nümayiş etdirir.
Ölkəmizin iqtisadi qüdrətinin artması onun siyasi müstəqilliyini təmin edir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi müstəqilliyini təmin etməsi onun siyasi cəhətdən də müstəqilliyini artırmışdır: «Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır.
Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir. Biz bunu edəcəyik. Növbəti beş ildə mən Prezident kimi bunu təmin edəcəyəm».
Göründüyü kimi, son 10 il ərzində Azərbaycan görünməmiş bir şəkildə inkişaf etmişdir. Bu dövrdə dünyanı iqtisadi böhran öz cənginə alsa da, Azərbaycan dövlətinin, onun prezidentinin müəyyənləşdirdiyi düşünülmüş siyasət nəticəsində durmadan inkişaf tempi nümayiş etdirmişdir.
İnauqurasiya mərasimində etdiyi çıxışı zamanı dövlət başçısı bu tempin qorunub saxlanması və artırılması ilə bağlı strategiya irəli sürmüşdür.
Bununla da, Azərbaycan dövləti mövcud inkişaf göstəriciləri ilə kifayətlənmək niyyətində olmadığını nümayiş etdirmiş olub. Bu da onu sübut edir ki, növbəti beş ildə daha da ciddi uğurlar, nailiyyətlərin əldə edilməsi istiqamətində siyasət davam etdiriləcəkdir. Bu isə kifayət qədər gərgin əmək və resursların sərf olunacağı deməkdir.
Prezidentin çıxışında yer alan mühüm məqamlardan biri də ölkəmizin növbəti beş il ərzində etibarlı tərəfdaş kimi öz rolunu davam etdirəcəyi ilə bağlı səsləndirdiyi fikirlər olmuşdur. Məlumdur ki, ölkəmizin uğurlarından biri də beynəlxalq səviyyədə özünü etibarlı və ciddi bir dövlət kimi təqdim etməsi ilə əlaqədardır. Azərbaycan həm region ölkələri ilə, həm də Qərb dünyası ilə münasibətlərində öz mili maraqlarından çıxış etməklə etibarlı tərəfdaş münasibətləri qura bilmişdir. Bunun da nəticəsidir ki, ölkəmiz beynəlxalq müstəvidə əksər dünya dövlətləri tərəfindən dəstəklənir. Məsələn, BMT Təhlükəsizlik Şurasına üzv olarkən 155 dövlətin Azərbaycana səs verməsi bunun bariz nümunəsidir. Bundan başqa, Azərbaycan həm regional, həm İslam Konfransı, həm türkdilli dövlətlər, həm MDB platformasında kifayət qədər etibarlı və ciddi tərəfdaş kimi özünü göstrə bilmişdir. Həmçinin ölkəmizin Qərb dövlətləri ilə münasibətlərdə də ardıcıl siyasət yürütməsi öz bəhrəsini verməkdədir. Dövlət başçısı inauqurasiya mərasimindəki çıxışı zamanı bu xəttin davam etdiriləcəyini bəyan etdi: «Azərbaycan bundan sonra da prinsipial mövqe nümayiş etdirəcək və üzv olduğumuz təşkilatlarda, beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə edəcəyik. Əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da ancaq bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq və qarşılıqlı hörmət əsasında quracağıq. Çalışacağıq ki, dünyada dostlarımızın sayı çoxalsın».
Dövlət başçısı ölkəmizin uğurlu inkişaf tempinin saxlanılması və artırmasından bəhs edərkən son 10 ildə sənayenin inkişafı ilə bağlı da önəmli hadisələr baş verdiyini bildirməklə yanaşı, növbəti beş il ərzində bu istiqamətin prioritet olacağını xüsusi vurğulayıb.
Məlum olduğu kimi, ölkədə uzun müddət ərzində neft sənayesi prioritet təşkil etmiş və büdcənin formalaşdırılmasında da bu, mühüm amil olmuşdur. Lakin Prezident İlham Əliyevin apardığı uğurlu çoxşaxəli iqtisadi siyasət nəticəsində, qeyri-neft sektorunun inkişafı istiqamətində də ciddi uğurlar əldə edilmişdir. Hazırda həm Bakı şəhərində, həm Sumqayıtda, həm də ölkənin digər şəhər və rayonlarında böyük sənaye müəssisələləri fəaliyyət göstərir. Ayrı-ayrı texnoparkların salınması da sürətləndirilmişdir. Bütün bunlar Azərbaycanın neftdən asılı olan ölkə imicinin dağıdılması istiqamətində mühüm addımları təşkil edir. Dövlət başçısı nitqində bu siyasətin növbəti 5 il ərzində də davam etdirilməsini vəzifə kimi müəyyənləşdirmişdir.
Bu vəzifənin icrasının uğurla həyata keçiriləcəyi isə şübhəsizdir. Çünki ötən 10 il ərzində qarşıya qoyulmuş bütün vəzifələrin tam şəkildə icra edildiyini nəzərə alsaq, bu məqsədlərin də uğurla reallaşdırılacağına əmin olmaq olar. Bu istiqamətdə dövlətin, prezidentin iradəsi isə ortadadır. Digər tərəfdən ölkənin ciddi maliyyə resursları da istənilən layihəni yerinə yetirməyə imkan verir.
Azərbaycan dövlətinin qarşısına qoyduğu istənilən vəzifəni öz daxili imkanları hesabına yerinə yetirmək qabiliyyəti də mühüm əhəmiyyətə malikdir. Belə ki, xarici investor və maliyyə institutlarından asılılıq dövlətin nail olmağa çalışdığı prioritet vəzifələrin həll edilməsini ləngidə bilər. Lakin Azərbaycanın maliyyə imkanlarının yetərliliyi bu istiqamətdə onun əl-qolunu açmış olur.
Beləliklə də Azərbaycanın növbəti beş ildə də hazırkı sürətli inkişafının davam edəcəyi aydın görünür. Bu isə Azərbaycan xalqının müdrikliyinin göstəricisidir. Belə ki, məhz 9 oktyabr tarixində öz seçimini düzgün müəyyənləşdirən Azərbaycan xalqı öz firavan gələcəyini əmin əllərə etibar etmiş olub.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər