“Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) "Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisidir” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may
2017-ci il tarixli Sərəncamına əsasən
baş tutan tədbirdə çıxış edən ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri
Ələddin Əliyev Cümhuriyyətin millətimizin qürur mənbəyi olduğunu bildirib. Ölkəmizin
dünyada tanınmasında o dövrün yetirmələri olan milli
ruhlu ziyalılar nəslinin böyük rolunun olduğunu söyləyən Ə.Əliyev onların
gördükləri işlər haqqında geniş məlumat verib.
Kitabxana şöbəsinin bölmə müdiri
Güllüzar Məmmədova bu tədbirin keçirilməsini mənəvi borc hesab etdiyini
bildirib. Bu cür tədbirlərin ənənəvi olaraq keçirildiyini bildirən G.Məmmədova
çalışdığı sahədən, ixtisasdan asılı olmayaraq hər kəsin Azərbaycan tarixini,
keçmişini mükəmməl bilməli olduğunu söyləyib.
Qafqazşünaslıq kafedrasının müəllimi
Namiq Kərimov "Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan tarixində yeri
və rolu” mövzusunda çıxış edib. O, AXC-nin tariximizdə əvəzolunmaz iz qoyduğunu
söyləyərək Cümhuriyyətin yaranmasından öncəki tarixə nəzər salıb. Daha sonra
AXC-nin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verən N.Kərimov o dövrdə
bir sıra görkəmli şəxsiyyətlərin iştirakı ilə maarifçilik ideyalarının
yayılması, Azərbaycanda baş vermiş ictimai-siyasi və mədəni dəyişikliklər,
milli məfkurənin təşəkkülü və inkişafı haqqında danışıb.
Daha sonra Təhsil fakültəsinin tələbələri
İlahə Balakişiyeva "Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” və
Elşən Qəhrəmanov "AXC dövründə təhsil və maarifçilik” mövzularında çıxışlar
ediblər.
Dəyirmi masa tələbələri
maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.