Muğamın ağrı, sevinc və poeziyası Parisə gəlir - Fotolar
Artıq altıncı ildir ki,
Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyi "Migrations exist.
Death does not exist” ("Miqrasiya var. Ölüm yoxdur") şüarı ilə
keçirilən on ikinci Avropa "L’Europe autour de l’Europe" kinofestivalının
təşkilatçısı "Europa Film Akt” birliyi ilə sıx əməkdaşlıq edir. Festivalın
şüarı ilk dəfə 1929-cı ildə məşhur serb şair və diplomatı Miloş Crnjanksi tərəfindən
qələmə alınmışdır. Avropa Azərbaycan Cəmiyyətinin "Young Voices, Ancient Song" ("Gənc
səslər, qədim nəğmə”) adlı
yeni etnoqrafik sənədli filminin nümayişində Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov, eləcə də UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya məsələləri
üzrə xüsusi nümayəndəsi Hedva Ser də daxil olmaqla 120-yə yaxın diplomat və Azərbaycanın
dostları iştirak etmişdir. Bu film festivalda Karlos Saura, Jan-Luk Godard,
Volker Schlöndorff və Anjey Vayda kimi məşhur kinematoqrafların köhnə və yeni
filmləri ilə yanaşı nümayiş etdirlmişdir. Filmin rejissoru və Amerik Muğam Cəmiyyətinin
prezidenti Jeffri Verbok da təqdimatda iştirak etmişdir.
"Young Voices,
Ancient Song" filminin nümayişi aprelin 12-də Parisin "L'entrept"
adlanan çoxprofilli ədəbi incəsənət mərkəzində baş tutmuşdur.
Avropa Azərbaycan Cəmiyyətinin
direktoru Lionel Zetter öz çıxışında demişdir: "Biz məqsədi mugamın təbliği,
eləcə də azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlarının acı həyatını dünya
ictimaiyyətinə çatdırmaq olan bir film təqdim etdiyimizlə qurur duyuruq. Bu
azyaşlılar uşaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
qurbanlarıdır.
1994-cü ildə sülh
sazişinin bağlanmasına baxmayaraq, münaqişə öz qanlı qurbanlarını tələb etməkdədir.
Unudmamalıyıq ki, ötən ilin aprelində baş vermiş dörd günlük müharibə çoxlu
sayda insanın ölümü ilə nəticələnmişdir. Bütün bu hallar münaqişənin təxirəsalınmaz
həllinin zəruriliyini göstərir. Bizim ən böyük arzumuz Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll edilməsidir. Bu, münaqişənin əsas qurbanı olan mülki əhaliyə
öz ata-baba yurduna qayıtamağa və Azərbaycan muğamını öz doğma məkanına, yəni
Dağlıq Qarabağa aparmağa imkan verər”.
Azərbaycan Avropa Cəmiyyətinin
Fransa nümayəndəliyinin direktoru Mari-Letitiya Gourdin: "Young Voices,
Ancient Song" filmi Azərbaycanın ən mühüm və doğma ənənəsi olan muğamdan bəhs
edir. Muğam Dağlıq Qarabağda yaranmış möhtəşəm bir improvizasiya musiqisidir.
Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi Azərbaycan torpaqlarının
iyirmi faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında
saxlanması və bir milyona yaxın insanın qaçqın və məcburi köçkün həyatı
yaşaması deməkdir. Bu münaqişə muğamın mövcudluğunu da sual altında qoyur. Bu
film qaçqın və məcburi köçkün uşaqlarının muğam ənənəsinə sadiq qaldıqlarını
göstərir”.
Sonra Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü
ilə çəkilən "Gənc səslər, qədim nəğmə” sənədli filmi nümayiş etdirilmişdir.
Filmdə Dağlıq Qarabağdan qaçqın düşən uşaqların əsrarəngiz ifaları səslənib.
Xalqımızın qədim muğam ənənəsini yaşatdığı, ona Vətən torpağının erməni
işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi
baxdığı, gənc nəslin mədəni irsimizi qoruyub saxladığı öz əskini tapıb. Muğam
musiqisinin mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı
uşaqların fenomenal istedadından bəhs olunub.
Filmdə muğamın beşiyi olan Qarabağın
işğalından bəhs edilir. Bu uşaqlar - muğam ifaçıları Ermənistan Qarabağı işğal
etməzdən əvvəl həmin ərazilərdə anadan olublar. Filmdə Ermənistan təcavüzünün
işğal olunmuş ərazilərdəki mədəni irsə necə mənfi təsir göstərdiyi əks olunur.
Tamaşaçıya çatdırılır ki, muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi,
onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün çətinliklərə
baxmayaraq, xalqımızın Qarabağın muğam ənənəsini yaşatması və muğamın qorunub
saxlanmasına dövlət dəstəyi diqqətə çatdırılır.
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamın ölkəmizdə və
xaricdə tanınmasına verdiyi töhfələr vurğulanır. Bildirilir ki, 2003-cü il
noyabrın 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri
elan olunub.
Filmin nümayişinin sonunda
tamaşaçılardan biri demişdir: "Mövcudluğu haqda belə əvvəllər xəbərsiz olduğum
ölkənin qədim musiqisi məni çox təsirləndirdi. Bu film mənə çox həqiqətləri
açıqladı. Uşaqların bu musiqini öz babalarına oxuması çox heyrətamiz idi”.
UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya
məsələləri üzrə xüsusi nümayəndəsi Hedva Ser:
"Ölkənizə olan məhəbbətinizi nümayiş etdirən bu film məni çox təsirlənirdi.
Azərbaycanlılar çox mehriban və xoşrəftardırlar. Bunu mən, Azərbaycana etdiyim
ilk səfərdə şahidi oldum. Muğam oxuyan uşaqları görmək isə mənə xüsusi zövq
verdi. İncəsənət bir insanın digəri ilə ünsiyyət qurmasının ən sadə və qısa
yoludur. Hər nə olursa olsun, muğam oxuyan uşaq özünü xoşbəxt hiss edir”.
Tədbir Cefri Verbokun kamançada
heyranedici və möhtəşəm solo ifası ilə başa çatmışdır.