• şənbə, 20 Aprel, 01:46
  • Baku Bakı 15°C

Muğamı yaşadanlar - Reportaj

04.11.17 09:00 5343
Muğamı yaşadanlar - Reportaj
Şərqdə və Azərbaycanda ilk müasir professional musiqi müəssisəsi olan, dünya şöhrətli musiqiçi Yermolayeva tərəfindən yaradılan, daha sonralar Dövlət orta ixtisas məktəbinə çevrilən, keçmiş Asəf Zeynallı adına musiqi texnikumu, hazırkı Milli Konservatoriya nəzdində Musiqi kollecinə baş çəkdik. Səfərimizin də bir səbəbi vardı. Xalq artistimiz, sevilən sənətkar Gülyaz Məmmədova hər dəfə efirdə, mətbuatda çıxış edərkən tələbələri haqqında ağızdolusu danışaraq, yetişməkdə olan gələcək nəslin muğam sənətinə olan sevgisindən, onların istedadından fəxrlə bəhs edir. Biz də xalq artistinin sözlərini əsas götürüb, istedadlar yetişdirən bu təhsil mərkəzinə yollandıq. Xanəndədən icazə alıb, dərsində qonaq qismində iştirak etdik.

"Muğam dərsi”, yaxud istedadları üzə çıxaran musiqi kolleci

Əvvəla, onu bildirim ki, qonaq olduğumuz sinifdəki tələbələr 11 illik təhsil sistemini bitirdikdən sonra öz istedadları, qabiliyyət və test imtahanı nəticəsində buraya daxil olublar. Onlar seçim edərkən kimlərdən dərs alacaqlarını və hədəflərini öncədən müəyyənləşdiriblər.

1-ci, 2-ci, 3-cü kurs tələbələrinin "Muğam dərsi”ndə sanki bir muğam dünyasına səfər etmiş olduq. Gözəl səsə sahib olan tələbələrə müəllimələrinin hər sözü qanun idi. Gülyaz xanım tələbələri ilə tək-tək məşğul olub, ev üçün verdiyi tapşırıqları soruşur, onlara qəzəllərin oxunuş tərzini göstərirdi. Belə ki, səsin tonunu harada qaldırıb, harada tarazlamaq lazım olduğunu, hər mahnının öz tərzi olduğunu vurğulayırdı. Bəzən onlara daha məsuliyyətli olmağı, bəzən də öz üzərilərində çalışmağı tapşırırdı.

Qonağı olduğumuz dərs prosesində müəllim qismində təkcə xalq artisti deyil, təhsil müəssisəsinin iki müəllimi də uşaqların ifasına nəzarət edirdi. Onlardan biri - Dövlətov Məhərrəm nitq mədəniyyəti müəllimi kimi tələbələrə sərbəst danışıq, qəzəlin düzgün şəkildə ifa edilməsini söyləyir və bunu tətbiq etmələri ilə bağlı göstərişlər verirdi. Digər müəllim isə Musiqi kollecinin tar müəllimi, tarzən Mehman Mikayılov idi. O, eyni zamanda Gülyaz xanımın muğam sinfinin konsertmeysteridir. Dərs prosesində M.Mikayılov tələbələrə qavalı doğru tutmaq, xanəndənin düzgün oturuş qaydasından bəhs edirdi. Tarzən deyir ki, muğamı ifa edən xanəndənin öz oturuş forması olmalıdır. Bunları tələbə ilk kursdan öyrənməli və öz üzərində tətbiq etməlidir.

"Xanəndə olmaq istəyən tələbə musiqi tarixini yaxşı bilməlidir”

Gülyaz Məmmədova tələbələrə göstərişlərini verdikdən sonra onunla söhbət etməyə qısa vaxtımız oldu. Bu qısa müddəti qənimət bilib ona suallarımızı ünvanladıq. İlk olaraq tələbələrə nəyi öyrətdiyini, gələcəyin muğam ifaçısı olmaq üçün xanəndələrin nələri bilməsinin vacib olduğunu soruşduq. Xalq artisti deyir ki, 7 əsas muğamımız var və bunların tərkibində bizim başqa muğamlarımız da mövcuddur: "Muğam Şərq xalqlarına mənsub milli musiqi formasıdır. Şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisinin yeddi əsas muğamı var: "Rast”, "Şur”, "Segah”, "Şüştər”, "Çahargah”, "Bayatı-Şiraz”, "Hümayun”. Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Misal üçün, "Rast” - dinləyicidə mərdlik və gümrahlıq hissi, "Şur” - şən, lirik əhval-ruhiyyə, "Segah” - məhəbbət hissi, "Şüştər” - kədər, "Çahargah” - həyəcan və ehtiras hissi, "Bayatı-Şiraz” - qəmginlik, "Hümayun”- daha dərin kədər hissi oyadır. Muğamı tarzən, kamançaçı, xanəndədən ibarət trio (üçlük) ifa edir.

Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə "instrumental muğamlar” deyilir.

Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir”.

Muğamın çoxşaxəli qolları olduğunu deyən ifaçı bütün bu xırdalıqların hamısı haqda tələbələrin məlumatlı olmasının vacibliyini vurğuladı. Sözlərinə əlavə etdi ki, tələbələr muğam ifaçılarını da tanımalıdırlar: "Bizim tanınmış və istedadlı muğam ifaçılarımız olub. Tələbə onları tanımasa, necə peşəkar səviyyədə qəzəli ifa edə bilər? Fikrət Əmirov 1948-ci ildə "Şur” və "Kürd Ovşarı” simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və dirijor Niyazinin "Rast” (1949) simfonik muğamı da bu janrda yaradılmış əsərdir.XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü, Məşədi İsi, Ələsgər Şirin, tarzən Sadıqcan və başqalarının, ötən əsrin əvvəllərində fəaliyyət göstərmiş Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və başqalarının adlarını mənim tələbələrim əzbər bilir. Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova XX əsrin əvvəllərində yaşamış məşhur müğənnilərdir”.
Gülyaz xanım keçmiş zamanlarda bir muğamın 20-30 şöbəsi olduğunu və xanəndələrimizin onların hamısını uzun şəkildə muğam oxuduqlarını deyir: "Amma onlar illər ərzində qısaldılaraq bu şəklə gəlib çatıb. Çünki uzun-uzadı muğam oxumaq dinləyicini yora bilər”.

30 ildən artıq araşdırma tələb edən dərslik...

Dərs prosesi zamanı diqqətimizi çəkən bir məsələyə də aydınlıq gətirməyə çalışırıq. Xanəndə tələbələrə dərs keçərkən "Şifahi ənənəli Azərbaycan musiqisi” – I cild dərsliyindən faydalanır, tələbələrlə oradan dərslər keçirdi. Bu dərsliyin haradan qaynaqlandığını xəbər alırıq. Öyrənirik ki, sən demə, bu dərslik hər bir muğam müəlliminin stolüstü kitabına çevrilib və onun müəllifi də qonağı olduğumuz sinfin tarzəni Mehman Mikayılovdur.

Kitab barədə Mehman müəllimin də fikirlərini öyrənməyi özümüzə borc bildik: "33 ildən çoxdur ki, özüm də bilmədən qədim xalq mahnılarını toplamağa müvəffəq olmuşam. Bu kitabda 1300-dən çox mahnı var. O mahnılar ki, son yüz ildə nə lentə alınıb, nə də kimsə tərəfindən ifa olunub. Azərbaycanın hansı bölgəsinə və yaxud xaricə qastrola getmişəmsə, oradan bizim köhnə musiqilərimizi toplamışam. Kitabın arxasında disk var, o diskdə 100 mahnının hamısı notda da var. Bu qəzəllər xalqımızın sevilən sənətkarları Gülyaz Məmmədova, Fərqanə Qasımova, Gülyanaq Məmmədova – ümumilikdə 10 nəfər müğənninin ifasında lentə alınıb. Kitab iki dildə – ingilis və Azərbaycan dilində çıxıb. Artıq kitabın ikinci cildi nəşrə hazırlanır. Tələbələr mahnını eşidəndə daha yaxşı mənimsəyirlər”.

Kitabın nəşr olunmasında məqsədin nədən ibarət olduğuna gəlincə isə, müəllif deyir ki, hədəfi gənclərimizi təkrarçılıqdan uzaqlaşdırmaq və köhnə mahnılarımızın daimi olmasına zəmin yaratmaqdan ibarət olub: "Burada olan mahnıları tələbələr eşitdikcə, qədim xalq mahnılarımızı xatırlayırlar. Danılmaz faktdır ki, bugünkü gənc ifaçılar mahnıların qol-qanadını sındırıb oxuyurlar. "Təki, televiziyada görünüm, pul qazanım” – düşünərək mahnının keyfiyyətini aşağı salırlar. Elə hesab edirlər ki, puldan ötrü mahnıya, musiqiyə xəyanət etmək olar. Son vaxtlar gənclər televiziyada, internetdə bahalı maşınlara, evlərə baxıb daha çox pul qazanmağa meyillənirlər. Məqsədimiz həmin gəncləri sənətə yönəltməkdir. Onlar bilmirlər ki, əsil sənətkar heç vaxt ac qalmır. Heç vaxt sənəti dolanışığa qurban vermək olmaz. Azərbaycan musiqisinin gözəl gələcəyi var. Çünki sənətə böyük qayğı var. İnanmıram ki, bundan sonra Azərbaycan muğamı eroziyaya uğrayar, əksinə, daha çox inkişaf edəcək. Dövlət tərəfindən muğama qayğı o qədərdir ki, artıq gənclərin özləri meyil göstərirlər. Bu da bizi sevindirir”.

Dərs bitdikdə, biz də tələbələr və müəllimlərlə söhbətimizi yekunlaşdırıb redaksiyanın yolunu tuturuq. Azərbaycan muğamının gələcəyinin etibarlı əllərdə olmasına əminliyimiz daha da artır.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər