• çərşənbə axşamı, 16 aprel, 17:36
  • Baku Bakı 19°C

Muğam qəlbin dərinliyindən gəlməlidir – Müsahibə

01.08.15 12:37 2904
Muğam qəlbin dərinliyindən gəlməlidir – Müsahibə
Güllü Muradova: “Mənim üçün qələbə əsas deyil, daha mühüm olan mənimsədiyim təcrübədir”

İstedadlı gənc xanəndə Güllü Muradova muğamsevərlərin diqqətini çoxdan çəkib. Özü də təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da.Onunla IV Beynəlxalq Muğam müsabiqəsinin kluarlarında görüşmüşdük.
- Güllü, tez-tez müsabiqələrdə iştirak edirsən. Dəfələrlə qalib olmuş bir ifaçının öz gücünü dönə-dönə sübut etmək istəyini necə izah etmək olar?

- Hələ Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbində oxuyarkən bütün məktəb, rayon və şəhər tədbirlərində çıxış edirdim. Festival, müsabiqə, ya bayramlarda iştirak prosesinin özü həmişə maraqlıdır və bu, özü də bir məktəbdir, potensialın inkişafı, dünyagörüşünün genişlənməsidir. Həm də maraqlı, istedadlı insanlarla görüş deməkdir. Bəzən əlaqələr xeyli davam edir, bəzən də yox. Bu, həyatdır, hər şey dəyişir, axır. Amma ürəkdə izi qalır, bu isə əsasdır. Gərək qəlbin çalışa, həmişə zənginləşə, yeni təcrübə qazanasan, onu daha da dərinləşdirəsən. Bu, muğam oxuyanda hisslərin, emosiyaların, həyəcanın, sevincin daha dərindən verilməsi üçün mühümdür.
- Ən çox hansı müsabiqə yaddaşında dərin iz buraxıb?

- “Oxu tar” (2005) müsabiqəsini yaxşı xatırlayıram. Ancaq ən yaddaqalanı, özü də tək mənimçün yox, 2007-ci ildə Heydər Əliyev Fondunun təşkil etdiyi gənc xanəndələrin II telviziya müsabiqəsidir. Təkcə ona görə yox ki mən qalib olmuşdum, münsiflər heyəti üzvlərinin, məşhur xanəndələrimizin master-klasları yaddaşımda ömürlük qalacaq. Biz gənc xanəndələr ağlımıza gətirə bilərdikmi, korifeylərlə - Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimovla şəxsən ünsiyyətdə ola bilərik?.. O vaxt qonaqlar arasında Alim Qasımov, Aygün Bayramova, Nəzakət Teymurova və başqa görkəmli xanəndələr də vardı. Onlar məşqlərə gəlir, bizi dinləyir, ruhlandırır, səxavətlə təcrübələrini bölüşürdülər. Müsabiqənin çox isti, yaradıcı atmosferi vardı. Müsabiqə iştirakçıları arasında xoş münasibət yaranmışdı, nə məkr, nə paxıllıq, nə çəkişmədən söhbət gedə bilməzdi. Bu gün də bir çoxları ilə yaradıcı və şəxsi münasibətlərimiz davam edir. Həmin müsabiqədə mən ilk efir təcrübəsi, çəkiliş, telekamera ilə işləmək vərdişləri mənimsədim. Bu mənim ilk müsahibələrim, küçədə, nəqliyyatda tanınmaq dövrüm idi... Lakin mənim üçün ən qiymətli olan son dərəcə gözəl sənətkarlıq məktəbi keçməyim idi. Biz hamımız dövrümüzün şöhrətli ustadlarından daha çox bilik, bacarıq əldə etməyə, mənimsəməyə can atırdıq. Bütün müsabiqə ərzində onlarla ünsiyyətimiz bizim ağlagəlməz uğurumuzdu.
- “Muğam dünyası” beynəlxalq müsabiqəsində də iştirak etmişdiz...

- Bəli, 2009-cu ildə həmin müsabiqənin laureatı oldum. Əslində, IV müsabiqədə də iştirak etmək, respublika turunun 1 və 2-ci turundan keçmək imkanım var.
- Finala keçmək üçün nə ifa etməli idiniz?

- İlk turda üç muğamdan birini hazırlamalıydıq: “Segah”, “Mahur”, yaxud “ Şahnaz”. Mən “Mirzəhüseyn segahı” nı seçdim. Növbəti mərhəldə ritmik muğam tələb olunurdu və mən “Simayi-şəms” oxudum.
- Siz Zümrüd Məmmədova ilə 3-cü yeri bölüşdüz, Hüseyn Məlikov və Xətai Hacıyev 2-ci yerə çıxdılar. Orxan Hüseynli 1-ci oldu. Bu müsabiqə sizinçün nə demək idi?

- Mən paxıl deyiləm. Əlbəttə hər şey olur, mən sağlam rəqabətin tərəfdarıyam. Əgər yaxşı formadasansa, hazırsansa, qələbə də çətin olmur. Hər şey sənin özündən asılıdır! Əsas odur ki, müsabiqəyə düzgün hazırlaşasan, öz gücünü düzgün hesablaya biləsən və lazımi ovqata köklənəsən. Bu, mühüm məqmdır. Nə isə istədiyin, gözlədiyin kimi alınmaya bilər, ancaq mən müxtəlif müsabiqələrdə məmnuniyyətlə iştirak edirəm. Mənim üçün qələbə əsas deyil, daha mühüm olan mənimsədiyim təcrübədir. Bu müsabiqədə mən iki gənc ifaçıya görə çox sevindim.
- Alim Qasımovla “Dəşti” muğamı oxudunuz, hətta ifanız diskə yazıldı. Bu, Güllü Muradova üçün nə deməkdir: təcrübə, etiraf, mükafat, şərəf?..
- Alim Qasımov mənim kumirimdir. Mən onun sənətinin vurğunuyam, onun daxili dünyası, onun insanlarla ünsiyyət bacarığı, yüksək mənəviyyatlı insana xas gözəlliyinə heyranam. O həmişə zarafat edir, rahat, çox həssas, dərin, zəngin daxili aləmi olan insandır. Mən onun İctimai Televiziyada Adil Məlikovla apardığı master- klasların birini də buraxmırdım. Bilirsizmi, bəzən elə olur ki, oxumağın daşını birdəfəlik atmaq istəyirsən. Amma elə ki, ekranda Ustadın tanış simasını görürsən, başa düşürsən ki, əgər o hər şeyə sinə gərə bilibsə, sən də bacaracaqsan. Daxilən yenidən doğulursan, yenə də muğama qərq olmaq istəyirsən, Odlar ölkəsinin sərvətini, əcdadlarımızın əsrlərlə qorunub saxlanmış bu böyük sənətini sən də yaşamaq istəyirsən. Ustad Alim Qasımovla birgə ifama gəlincə, mənimçün bu, həyat iksiridir, ilham çeşməsidir, güc mənbəyidir.
- Hər ifaçının qəlbinə daha yaxın olan bir muğam var. Güllünün ruhuna yaxın olan muğam hansıdır?

- Hər muğamın öz ladı var. Hər ifaçının da özünün naturası, təbiəti, xarakteri, həyat təcrübəsinə uyğun muğamı var. Burada nəqamın və vəziyyətin də əhəmiyyəti var. Mən bütün muğamları oxuyuram və hamısını da eyni dərəcədə sevirəm. Əvvəllər məndə “Segah” daha yaxşı alınırdı və bunu hamı deyirdi, məhz onu oxumağımı xahiş edirdilər. Bu günsə “Şur”u könlümə, ruhuma daha yaxın bilirəm, xüsusən də “Dilkəş təsnifi”ni. 2013-cü ildə “Amin, amin, İlahi, amin” muğam kompozisiyasına klip çəkdirdim. Mürəkkəb iş idi, adamdan böyük güc tələb edidi. Kadrlarda Qarabağ didərginləri, onların doğma yerləə qayıtmaq arzusundan danışılırdı. Ancaq sən təbiətin etibarilə həyatsevər insansa, minor tonallıqlar major, ya ritmik muğamdakı kimi alınmayacaq. Muğam qəlbin özündən gəlməlidir, ürəyin necə istəyirsə, necə arzulayırsa. Peşəkarlıq bir şeydir, nəğmənin ruhu başqa bir şeydir. Muğamı bütün qəlbinlə oxumalısan.
- Oxucularımız Güllü Muradovanı daha yaxından tanımaq istəyirlər.

- Bakıda doğulmuşam. Atam qarabağlıdır, anam aran bölgəsindən, bilmirəm haralıyam. Ailədə yaxşı səslər olub, peşəkar muğamla mən məşğul oldum. Atamgil səsim olduğunu bilən kimi məni musiqi məktəbinə qoyublar. Çox ağladım, etiraz elədim; musiqi ilə məşğul olmaq istəmirdim. İlk müəllimim Cabir Abdullayev olub. Məhz onun sayəsində məndə muğama sevgi oyanıb. Milli Konservatoriyanın nəzdindəki kollecdə də müəllimim o olub. İndi Milli Konservatoriyada Arif Babayevin sinfindəyəm.
- Muğamdan başqa hansı musiqini dinləyirsiz?

- Cazı, roku, müasir dünya hitlərini dinləməyi sevirəm.
- Başqa maraqlarınız...

- Fotoqrafiya. Xanəndə olmasaydım, peşəkar fotoqraf olardım. Təbiəti çəkməyi, xarakter fotoları çox sevirəm. Xüsusən ağ-qara şəkilləri.
- Bəs ədəbiyyat?

- Əlbəttə, çoxlu şeir oxumaq lazım gəlir. Nəsrdən daha çox poeziyayla tanış oluruq. Ancaq nəsr də oxuyuram. Sevimli müəllifim İlyas Əfəndiyevdir, onun nəsrində başdan-başa Qarabağ təsvir olunub. Onun “Mahnı dağlarda qaldı” əsərini dönə-dönə oxuyuram.
- Həmişə gözəl milli zinət əşyaları gəzdirirsiz...

- Bu, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadan gəlir. Mənə belə diqqətinə görə ona çox minnətdaram.
- “Qarabağdır məkanım” adlı ilk albomunuz çıxdı.

- Alboma daxil edilən 10 kompozisiyada Mir Həmzə Seyid Nigari, Mir Sədi Ağa, Mir Məhəmməd Ağa, Mir Paşa Ağanın qəzəllərindən istifadə olunub. Əlağa Sədiyevin “Xarı bülbül” qrupu ilə yazmışıq. 2013-cü ildə təqdimatı keçirildi, yaxşı qarşılandı; bütün tiraj satılb. Görünür, yeni albom hazırlığına başlamaq lazımdır.
- Solo konsert haqqında necə, düşünürsünüzmü?

- Ötən il dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Axşamüstü Qarabağdan” layihəsi çərçivəsində solo konsertim oldu.
- Sizə yaradıcılıq uğurları arzulayırıq!

Südabə Ağabalayeva
banner

Oxşar Xəbərlər