Muğam genimizin kodudur

Muğam genimizin kodudur

Mədəniyyət
11 Oktyabr 2012, 15:35 1352
Azərbaycan Milli Konservatoriyasının fəxri professoru, xalq artisti, “Şöhrət” ordenli Ağaxan Abdullayev haqlı olaraq dünya muğam sənətinin çırağı sayılır. Böyük artist və müəllim olan A.Abdullayev uzun yaradıcılıq illəri ərzində neçə-neçə nəsil gənc xanəndə hazırladığına görə həmkarları arasında ustad adını qazanıb. “Kaspi” qəzetinin əməkdaşı ilə söhbətində Ağaxan müəllim sənətkarlıq zirvəsinə doğru keçdiyi yollar, həmçinin Azərbaycan xalqının həyatında muğamın rolu barədə fikirlərini ifadə edib.
- Siz Azərbaycan muğam məktəbinin görkəmli nümayəndəsi kimi tanınırsınız. Yaradıcılıq yolunuz necə başlayıb?
- 1950-ci ildə Bakının Türkan kəndində anadan olmuşam. Dörd yaşımda ikən ailəmiz Əmircan kəndinə köçdü və mən indiyədək orada oluram. Elə birinci sinifə getmişdim ki, ata-anam məni musiqi məktəbinin tar sinfinə qoymaq qərarına gəldilər.
- Bəs muğam ifaçılığına necə qədəm qoydunuz?
- Bizim ailədə hamının yaxşı səsi olub. Bu qabiliyyət bizdə nəsildən nəsilə, atadan oğula ötürülüb. Babamın ailə məclislərində oxuması yaxşı yadımdadır. Atam Meyxanın nadir tembrli gözək səsi vardı, özü müğənni olmasa da, mənim bu sənətə yiyələnməyim üçün, indiki Ağaxan olmağım üçün çox zəhmət çəkdi. Atamdan xüsusilə də təlimin ilkin mərhələsində çox şey əxz etmişəm.
- Bəs peşəkar səviyyədə muğam sənətini kimlərdən öyrənmisiniz?
- 1969-cu ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam sinfinə qəbul olunarkən artıq Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Yaqub Məmmədov kimi böyük sənətkarların səviyyəsinə çatmaq arzusu ilə yaşayırdım. Məktəbdəki müəllimim Seyid Şuşinskinin istedadlı tələbələrindən biri və layiqli davamçısı Nəriman Əliyev olub. Mənə çox şey öyrətmiş bu insanı indiyədək özümə ən gözəl nüminə hesab edir və müqəddəs xatirəsi qarşısında ehtiramla baş əyirəm.
- Məzun olandan sonra həyatınızda nələr oldu?
- Məzun olandan sonra müəllimliyi seçdim və 1976-cı ildə musiqi məktəbinin muğam sinfində müəllim vəzifəsinə təyin olundum. O vaxt dərs deyib həm də səhnədə çıxış etməyə icazə vermirdilər.
- Müəllimlik öz yerində, bəs solo konsertlər, tamaşaçılar, alqışlar – bütün bunlara daxili tələbatınız yoxuydumu?
- Əlbəttə, vardı və bunlardan məhrum deyildim, konsertlərdə, toylarda oxuyurdum. Bu məclislərə hər zaman ən yaxşıları dəvət ediblər və edirlər. Toylar haqda ayrıca danışmaq istərdim. “Durğunluq” deyilən dövrdə muğam sənətimiz indiki imtiyazlı vəziyyətdə deyildi, toylar da həm gözəl peşakarlıq məktəbi, həm də mühüm dolanışıq mənbəyimiz olub. Mən isə tez-tez respublika rayonlarına, SSRİ-nin müxtəlif şəhərlərinə qastrola gedərdim, bu da artist kimi məşhurlaşmağıma gətirib çıxarırdı. Yəni muğam ifaçısı kimi həmişə üzdə olmuşam və buna görə tamaşaçılarıma sonsuz minnətdaram.
- Ən istedadlı tələbələrinizin adını çəkə bilərsiniz?
- (gülümsəyir) Mən müasir muğam sənətinin ən parlaq ulduzu, bənzərsiz istedad sahibi Alim Qasımovun adını çəkə bilərəm. Sizi inandırım ki, Alimə verilən bütün mükafatlar, fəxri adlar onun malik olduğu böyük istedadın, qüdrətli ilahi vergisinin az bir hissəsini ifadə edir. Bu gün Alim Azərbaycan muğamını bütün dünyada tanıtmaq missiyasını layiqincə yerinə yetirir, bunun sayəsində muğam sənətimizin yenidən dirçələrək başqa xalqların qəlbini fəth etdiyindən fərəhlənir, qürur hissi keçiririk. Alim Qasımov qədim mədəniyyətimizin, zəngin mənəvi irsimizin elçisidir. Bəli, mən də neçə nəsil istedadlı tələbə yetişdirmişəm, amma Alim olan yerdə başqa ad çəkməyə dilim gəlmir. Yəqin ki, onlar da məni düzgün başa düşərlər.
- Şəxsən Sizin üçün muğam nədir?
- Muğam mənim həyatımdır. Həyatımı ailəm, övladlarım olmadan təsəvvür etmədiyim kimi muğamsız da təsəvvür etmirəm. Daha geniş mənada əhəmiyyətinə gəlincə, muğam xalqımız üçün təməl daşı, mənəviyyatımızın əzəli mənbəyi, qan yaddaşımız, lap genimizin kodudur. Şübhə etmirəm ki, bütün dünyada muğamı sevməyən, muğamla mübhəm tellərlə bağlı olmayan əsl azərbaycanlı yoxdur. Bu qədim xalq yaradıcılığı növü hamımızın içindədir, milli mənliyimizə, şüurumuza həkk olunub. Bu, qətidir.
- Bir çox muğam festivallarının, müsabiqələrinin münsiflərindən olmusunuz. Ölkəmizdə bu gün gənc muğamatçıların peşəkarlığı barədə fikriniz nədir?
- Bildiyimiz kimi, bu bənzərsiz sənət janrını notla öyrənmək mümkün deyil, onu yalnız şifahi məınimsəmək olar. Bu, uzun illər davam edir, həm də bəzən muğam öz sirlərini illərlə açmır. Muğam bir xəzinədir, bir ümmandır, onun intəhasızlığı insanı heyrətə gətirir, zənginliyi isə ağlasığmazdır. Şərq musiqi sənətinin bu incisinə bələd olduqca onun böyüklüyünü, nəhəngliyini daha aydın dərk edirsən. Muğam ifaçısı olmaq şərəfi insana Allah tərəfindən verilir, sonrası isə onun öz öhdəsindədir. Cavanlığımda muğamın filan guşəsini necə ifa etmək barədə Seyid Şuşinskidən, Əlibaba Məmmədovdan, Hacıbaba Hüseynovdan, sonradan Şövkət xanım Ələkbərovadan məsləhət istəyərdim. Məndən böyük və təcrübəli xanəndələrdən kömək umar və həmişə də görərdim. Əsl ustada xas olan - ustalığının sirlərini həmişə gənclərlə bölüşməyə hazır olmaqdır. Uzun illərdir məşhur xanəndələrimiz bölgələrə gedib gənc ifaçıları axtarıb tapır, dinləyir, seçirlər. Seçilənlər isə paytaxta gəlirlər. Belə olub və yəqin ki, olacaq. İndi Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın qayğısı və diqqəti sayəsində qədim muğam sənətinə münasibət tamamilə dəyişib. Artıq gənc ifaçılar istedadını ortaya çıxarmaq üçün geniş imkanlara malikdirlər, bircə istəmələri kifayətdir. Heydər Əliyev Fondu muğamın beynəlxalq festivallarını, televiziya müsabiqələrini keçirir, məşhur xanəndələrimizin diskləri buraxılır, istedadlı gənclər üçün təqaüdlər ayrılır. Bu yaxınlarda ən müasir standartlara uyğun təchiz olunan Azərbaycan Milli Konservatoriyası açılacaq. Artıq uzun illərdir Muğam Teatrı fəaliyyət göstərir, Bakıda müasir Beynəlxalq Muğam Mərkəzi tikilib. Əvvəllər bütün bunları yalnız yuxuda görə bilərdik. Gənc istedadlı muğam ifaçılarına gəlincə, Azərbaycanda bunlar həmişə olub, var və olacaq. Amma onların peşəkarlıq baxımından püxtələşməsi üçün çoxlu səbr və zəhmət lazımdır.
- Sizin övladlarınız necə, yolunuzu davam etmək istəmirlər?
- Elə burada gördüyünüz kiçik oğlum Hikmət Bülbül adına musiqi məktəbinin 9-cu sinif şagirdidir, kamança çalmağı öyrənir. Çox ümidlər bəsləyirəm ona. Atamın şərəfinə adını Meyxan qoyduğum böyük oğlum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, ortancılı Xoşbəxt isə hərtərəfli istedada malikdir, az qala bütün alətlərdə çalır. Orxan da Bülbül məktəbinin tar sinfini bitirib.
- Son olaraq gənc xanəndələrimizə arzularınız?
- Əvvəla, onlara xatırlatmaq istərdim ki, Azərbaycan muğam sənəti bizə dədə-babalarımızdan saflıq və gözəllikdə bənzərsiz olaraq gəlib çıxıb. Əcdadlarımızın bu misilsiz əsəri xalqımızın inamını, ümidini, arzusunu, dualarını, ən gözəl nailiyyətlərini özündə ehtiva edir. İndi də gənc xanəndələrimiz unutmasınlar ki, muğam milli sərvətimizdir, onun qədrini bilmək, əvvəlki saflığında gələcək nəsillərə çatdırmaq onların, hamımızın borcudur.

Nelli Atəşgah