AZE | RUS | ENG |

MTRŞ sədri: “Azərbaycanda analoq yayım dayandırılacaq“

MTRŞ sədri: “Azərbaycanda analoq yayım dayandırılacaq“
“Televiziya kanalları qanun pozuntularına görə cərimələnəcəklər”


Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi.

- Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni televiziya kanalının açılması üçün elan etdiyi müsabiqənin yekunlaşmasına az qalıb. Müraciət edənlər varmı?

- Artıq bir neçə müraciət daxil olub, Şuraya sənədlər göndərilib. Bəzi çatışmayan nüanslar var. Yəqin ki, bu həftənin sonuna qədər bu məsələ aydınlaşacaq.

- Telekanallarda sponsor reklamları ilə bağlı problemlər qalmaqdadır. MTRŞ bu sahədə hansısa tədbir görürmü?

- Əlbəttə, bu da ciddi məsələ kimi gündəlikdə qalır. Bu həftənin sonu digər televiziya kanalları ilə də bu məsələni müzakirə edəcəyik. Ola bilsin ki, daha ciddi tədbirlər görüləcək. Sponsor adı altında reklam verilməsi, gizli reklamın geniş yayılması bizi çox narahat edir. Bu sahədə qanunları pozan telekanallara qarşı ciddi tədbir görüləcək. İlk dəfə biz xəbərdarlıq etdik. Qərar vermişik ki, xəbərdarlıqdan sonra növbəti mərhələ cərimələrin tətbiqi olacaq. Yəni televiziya kanalları hər hansı qanun pozuntusuna görə cərimələnəcəklər. Onlar gizli reklamdan əldə etdikləri gəlirlərlə cərimələri müqayisə etdikdə görəcəklər ki, cərimələr onlara daha çox ziyan vurur. Ona görə də hesab edirəm ki, bunun müsbət təsiri olacaq. Cərimələrin miqdarı 2000 manata qədərdir. Ümumiyyətlə, gün ərzində “Reklam haqqında” qanun neçə dəfə pozularsa, o qədər də cərimə tətbiq etmək olar.

- Dekoderlərin aztəminatlı ailələrə verilməsi barədə müraciətinizlə bağlı hər hansı yenilik varmı?

- Ümid edirik ki, müraciətimiz müsbət həll olunacaq. Təkliflər hazırlanaraq Nazirlər Kabinetinə verilib. Bu ilin sonuna qədər rəqəmsal yayıma keçid tamamilə başa çatacaq, analoq yayım dayandırılacaq. Ona görə də biz istəyirik ki, aztəminatlı ailələr buna hazır olsunlar. Müraciətdə də məqsəd əhaliyə kömək etməkdir. Hesab edirəm ki, ayrılacaq vəsait dövlətimiz üçün elə böyük məbləğ deyil.

- MTRŞ vaxtaşırı televiziya kanallarında dil qanunlarına necə əməl olunması haqda monitorinqlər aparır. Bir müddətdir ki, həmin monitorinqlər səngiyib. Növbəti monitorinqlər gözlənilirmi?

- Azərbaycan dili ilə bağlı məsələ bizim daim diqqət mərkəzimizdədir. Amma burada son söz dilçiliklə bağlı aidiyyəti qurumların, bu sahəyə cavabdeh şəxslərin üzərinə düşür. Teleradio Şurası sadəcə monitorinq aparıb telekanallardakı nöqsanları üzə çıxara bilər. Monitorinqin nəticələri haqda mütəxəssis rəyi verilərsə, nöqsanlar sübut olunarsa, onda biz həmin telekanala qarşı tədbir görə bilərik. MTRŞ dilçilik üzrə mütəxəssislərdən ibarət deyil axı. Ona görə də biz çalışırıq ki, bu sahənin mütəxəssisləri ilə birgə monitorinq keçirək və mövcud vəziyyəti aydınlaşdıraq. Hesab edirəm ki, ildən-ilə bu sahədə nöqsanlar aradan qalxacaq. Problemlər təkcə dillə əlaqədar deyil. Televiziya və radio kanallarında təəssüf ki, kadr problemi çox böyük bir problem kimi gündəlikdədir. Kadr problemi həll olunmadıqca, istənilən məsələ ilə bağlı nöqsanlar ortaya çıxacaq.

- Daha çox hansı televiziya kanallarında dil normaları pozulur?

- Büdcədən maliyyələşən kanallarda Azərbaycan dili ilə bağlı pozuntu, demək olar ki, yoxdur. Bu pozuntulara daha çox özəl kanallarda rast gəlinir.

- Milli seriallara ayrılan vəsaitin dayandırılması gündəmdədirmi?

- Seriallara ayrılan vəsait xərclənməlidir ki, yeni vəsaitlərlə bağlı söhbət olunsun. Televiziya kanalları çox təəssüf ki, ilk ayırdığımız vəsaiti hələ də xərcləyib bitirməyiblər. Ümumiyyətlə, dövlət bu sahədə özünə öhdəlik götürməyib, ayrılan vəsait dayandırıla da bilər.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967