• cümə, 29 Mart, 10:49
  • Baku Bakı 5°C

MTRŞ radio kanallarının yayımı ilə bağlı monitorinqlərə başladı

21.11.13 10:50 1082
MTRŞ radio kanallarının yayımı ilə bağlı monitorinqlərə başladı
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan ərazisində radio kanallarının yayımı ilə bağlı monitorinqlərə başlayıb.
Bunu APA-ya açıqlamasında MTRŞ sədrinin müavini Qafar Cəbiyev söyləyib.
Qafar Cəbiyev deyib ki, “Kəpəz” radiosu istisna olunmaqla, Azərbaycanda digər radio kanalları respublika yayımçılarıdır. Bu radio kanalları MTRŞ-dən yayımla bağlı lisenziya alarkən ölkə ərazisində yayımın keyfiyyətli təşkili ilə bağlı öhdəliklər götürüb: “Monitorinqlər göstərir ki, “Azərbaycan”, Anten”, ANS ÇM, “İctimai” radio kanallarının yayım dairəsi və keyfiyyəti daha yaxşıdır. Ancaq bəzi radio kanallarının siqnalları respublikanın bir sıra ərazilərinə, xüsusən sərhədyanı bölgələrə çatmır, yaxud proqramları yerlərdə zəif və keyfiyyətsiz qəbul olunur. Nəticədə Azərbaycan radio kanallarının siqnallarının zəif çatdığı yerlərə qonşu dövlətlərin radiolarının siqnalları daxil olur. Dövlət Radio Tezliklər İdarəsi, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin apardığı monitorinqləri zamanı da analoji mənzərə qeydə alınıb. Bununla bağlı MTRŞ-ə müraciətlər var və ona görə də istəyirik ki, radio yayımlarının dairəsi və keyfiyyəti ilə bağlı məsələləri araşdıraq, müvafiq tədbirlər görək. Azərbaycanın Qərb, Cənub, Şimal və Mərkəzi Aran rayonlarında vəziyyətin necə olduğunu öyrənmək istəyirik. Radio kanallarımız lisenziya öhdəliklərinə uyğun olaraq bu problemlərin aradan qaldırılması üçün texniki işlər görməli, ötürücülərin gücləndirilməsi ilə məşğul olmalıdırlar. Elə etmək lazımdır ki, Azərbaycanın bütün guşələrində, bütün yaşayış məntəqələrində vətəndaşlarımız radio proqramlarını rahatlıqla qəbul edə bilsinlər”.
banner

Oxşar Xəbərlər