MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov Gürcüstanın paytaxtı Tiflisdə Şərq
Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısında iştirak
edib.
Avropa Şurasının və Avropa
Birliyinin təşkilatlığı ilə keçirilmiş tədbirdə MŞ sədri çıxış edərək rəhbərlik
etdiyi qurumun fəaliyyət istiqamətlərindən, söz və ifadə azadlığı ilə bağlı
xarakterik tendensiyalardan söz açıb. Ə.Amaşov bildirib ki, Şuranın başlıca
missiyası media orqanları ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir.
Bu xüsusda o, şikayətlərin strukturuna, hansı tələblərin yer almasına, MŞ-nin
qərar və rəylərinin şikayətlərdəki tələblərə nə dərəcə adekvat olmasına diqqət
çəkib. Ə.Amaşov həmçinin internet media orqanlarının fəaliyyətindən
narazılıqların, onların peşə prinsiplərinə etinasız yanaşmalarının ənənəvi
medianı üstələməsini xarakterik hal kimi vurğulayıb. MŞ sədri eyni zamanda
praktika qarşılaşılan bir sıra məqamlar barədə fikirlərini bölüşərək
jurnalistikada peşə etikası ilə əlaqədar standartlara müxtəlif yanaşmaların
olduğunu bildirib. Mövcud istiqamətdəki yeniliklərin təbliğinə daim ehtiyacın
duyulduğunu söz və ifadə azadlıqlarının təminatında vacib məqamlardan biri
olaraq önə çəkib.
Qeyd edək ki, toplantıda
Şərq Tərəfdaşlığı Ölkələri Jurnalistləri Birliyinin regionda söz və ifadə
azadlığı ilə bağlı məsələlərə həssaslığının artırılması yolları ətrafında
müzakirələr aparılıb, bununla bağlı konkret situasiyalar təhlil olunub.
Müzakirələr gedişində təşkilatın informasiya portalının yaradılması və peşə
davranışı qaydalarının hazırlanması barədə qərar qəbul edilib.
Onu da deyək ki, toplantıda
Ə.Amaşovla yanaşı MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının
sədri Yadigar Məmmədli və «Baku Network»un
Ekspertlər Şurasının rəhbəri Elxan Ələsgərli də iştirak edib.