Ömrünün ən şirin anlarını itirənlər
Pandemiya məktəblilər
və tələbələrə əlavə problemlər yaratmaqda davam edir
Pandemiya bizi bəzi
reallıqlarla barışmağa məcbur etdi. Bu bəla nə uşağı nəzərə aldı, nə məktəblini,
nə tələbəni, nə orta yaşlını, nə də qocanı... Hamımız bir ildən artıqdır ki, onun
əsirinə çevrildik.
Pandemiyadan öncə
artıq aprel, may aylarından 1-cilər ilk zəngə, 11-cilər son zəngə
hazırlaşardılar. Səhnəciklər, çıxışlar hazırlanar, məktəblə 11 ilin adına layiq
vidalaşma, son zəng qeyd olunardı. Həmin gün yaşananlar heç bir şagirdin xatirəsindən
silinməz. Az insan tapılar ki, məktəbin son zəng günlərini, qayğısız, xoşbəxt
vaxtlarını xatırlamasın. Lakin ötən il də, çox güman ki, bu il də 1-cilər və
11-cilər bu anları yaşamaqdan məhrum oldular.
Gələk tələbələrə...
Ömrün ən şirin, ağrısız, acısız illəri tələbəlik illəri deyilmi? Bəs o illəri
evdə, kompüter arxasında keçirən tələbələr? Bizim birinci kursda yaşadıqlarımızı,
əgər bu il koronavirusa qalib gəlsək, onlar 2-ci kursda yaşayacaqlar. Ömrün ən
şirin anlarından 1-2 il itirirlər.
Məsələn, Ruqiyyənin
son zəngi ötən ilə təsadüf edib. Hansı ki, həmin il ilk dəfə olaraq son zəngi
şagirdlər üçün o dönəmin təhsil naziri Ceyhun Bayramov səsləndirmişdi. Lakin
yarım qalan hazırlıqları, göstərə bilmədikləri səhnəcikləri onu və həmyaşıdlarını
incitmişdi. Çünki onun "Son zəngi” çalınmadı: "Həmin gün çox ağlamışdım. Bu
ilki 11-ciləri anlaya bilirəm. Amma bir fərqimiz var ki, onlar üçün bu qərar
gözlənilməz deyil. Biz isə bütün planlarımızı qurmuşduq. Neçə aylar idi ki, biz
son zəng üçün hazırlaşırdıq. Musiqimizi, rəqslərimizi, paltarlarımızı belə
seçmişdik. Amma bütün istəklərimiz puç oldu. Məktəblə vidalaşa bilmədik. Niyə
axı bu hadisələr bizim bəxtimizə düşdü...”.
Gülgün 11-ci
sinfi bu il bitirir. Ruqiyyənin dediyi kimi, üzülsə də, hər bir qərara
hazırlıqlıdır. Deyir ki, sinif yoldaşları ilə məktəbin həyətində görüşürlər:
"Sosial məsafəni saxlamaq və maskadan istifadə etməklə kim-kimə daha
yaxındırsa, görüşür, planlarımızdan danışırıq. Son zəngimiz olmayacaq. Təbii
ki, bu görüşlər son zəngin yerini verməz. Həyatın ən maraqlı, xatirələrlə dolu
olan səhifələri məktəb illərinə düşür. Məktəb illərinin möhtəşəm sonluğu isə
son zənglə olur. Təəssüf ki, bu hissi yaşaya bilməyəcəyik. Düzdür, pis təsir
edir, üzülürük, amma nə etmək olar, ən əsası, sağlamlıqdır. Pandemiyanın
tezliklə bitməsini arzulayırıq ki, heç olmasa, tələbəlik illərimiz ürəyimizcə
olsun”.
Bəs uzun müddət
insan xatirələrindən silinməyəcək illəri yaşaya bilməmək və bu məhdudiyyətlər gənclərə
necə təsir edir?
Psixoloq Gülnar Süleymanova deyir ki, ötən il son zəng tarixinə 2 ay qalmış tədbirin
təxirə salınması məzunlarımız üçün gözlənilməz oldu və onlar bu vəziyyətdən
stressə düşdülər: "Hamımız məzun olmuşuq. O günlərin necə əziz olduğunu
bilirik. Hər bir məzunun özünəməxsus xatirələri olur. Lakin bu xatirələr
pandemiya ilinin məzunlarında olmayacaq. Amma təbii ki, bu, hər şeyin sonu demək
deyil. Ötən ilki məzunlar plan qurdular və həmin planlar suya düşdü. İnsan həyatında
planlaşdırılmış bir işin təxirə düşməsi, yaxud pozulması gərginlik, əsəb,
stress gətirir. Ona görə də məzunlarımızda bu il də o hallara rast gəlmək
mümkündür. Amma keçən il bu daha qabarıq şəkildə özünü büruzə verirdi nəinki bu
il. Məzunlara məktəbin psixoloqları, yaxud təlimçilər onlayn şəkildə məşğul
olmalıdırlar. Onlar bilməlidirlər ki, hər insanın öncəlikləri var. Son zəng
onlar üçün bu məqamda elə də öndə dayanan, prioritet məqsəd olmamalıdır. Öncəliklərin
ən birincisi isə sağlamlıqdır. Düşünsünlər ki, sadəcə, son zəngin tarixi dəyişib.
Karantin bitdikdən sonra, yenidən bir araya toplanıb, tədbir edə bilərlər. Üstəlik,
onların son zəngi hamı kimi eyni deyil, daha fərqli və yaddaqalandır”.
Psixoloqun sözlərinə
görə, əsas olan insanların bir araya gəlmək istəməsidir, tarixin elə də önəmi
yoxdur: "Məzunlar üçün önəmli olan sağlamlıqları və qəbul imtahanlarıdır. Məsləhət
görərdim ki, qəbul imtahanına köklənsinlər. Karantin dönəmində daha çox oxuyub
aradakı boşluqları aradan qaldırmağa çalışsınlar. İndi dərs oxumağa daha çox
vaxt var. Panikaya düşməsinlər. Fikirləşməsinlər ki, kimlərsə onlardan daha
yaxşı səviyyədədir. Çünki karantin şəraiti hər kəsə eyni dərəcədə təsir edib.
Sakit və normal şəkildə dərslərini oxumağa davam etsinlər”.
Tələbəlik illərini
sinif otağında deyil də kompüter arxasında keçirən tələbələrə gəldikdə isə,
psixoloq vurğulayır ki, onlar problemi fürsətə çevirə bilərlər: "Hər bir insan
yeni reallıqlara öyrəşir. Həyat davam edir. Sağlamlıq olduqdan sonra həyatda hər
şeyi əldə etmək mümkündür. Tələbələr karantindən istifadə edib bədii əsərlər
oxuya, müxtəlif dillər öyrənə, filmlər seyr edə bilərlər. Bu, həyatdır.
Başlanğıc və son nöqtədə insan müəyyən şeylər itirə bilər, amma vacib olan gələcəyi
daha gözəl qurmaqdır”.
Təhsil eksperti Qoşqar Məhərəmov deyir ki, pandemiya dövrü ümumiyyətlə, abituriyentlərə,
tələbələrə çox böyük zərər vurdu. Xüsusilə də işin emosional tərəfinə baxsaq,
insanlar orta məktəbini bitirəndə normal qaydada universitetə hazırlaşa,
arzuladıqları kimi məzun ola bilmədilər. Çünki ortaq bir tədbir və ya məclisin
keçirilməsi mümkün olmadı: "Bu, əlbəttə onların həyatında müəyyən qədər iz
buraxır. Tələbələrə gəldikdə isə, onların məzun olmaları və yaxud universitet həyatları
daha acınacaqlıdır. Nəzərə alaq ki, universitet təkcə dərslər demək deyil,
universitetin sosial tərəfi və mühiti çox vacibdir. Universitet mühiti insanı
yetişdirir və orada qurulan sosial münasibətlər nəticəsində insanda kamilləşmə,
intellektual və emosional tərəf, komanda ruhu, ünsiyyət bacarıqları, bədən dili
də inkişaf edir. Əlbəttə, pandemiya dövründə bunların heç biri baş vermir və
yaxud çox az olur. Bununla da tələbələrin həyatında böyük bir boşluq yaranır”.
Ekspert
pandemiya səbəbindən tələbəlik illərində yaranmış boşluğu kompensasiya etmək
üçün tələbələrə tövsiyə verib: "Ömür boyu öyrənən olsunlar. Təhsillərinin
qeydinə qalsınlar, əks halda, mövcud vəziyyətdə ali metodlarla öyrəndikləri
onlara iş həyatında çox da kömək edə bilməyəcək. Bunun üçün ingilis dili öyrənsinlər,
İKT biliklərini inkişaf etdirsinlər. Əks halda, universitet həyatı onların həyatında
böyük bir boşluq olacaq”.
Ünsiyyət çatışmazlığı
Alimlər yeniyetmələrin
pandemiyaya xüsusilə həssas olduqlarına inanırlar. Çünki məhz yeniyetməlik
dövründə uşağın müxtəlif sahələr üzrə inkişafı çox intensivdir.
Oksford Universitetinin psixoloqu Mina Fazelin sözlərinə görə, yuxarı sinif şagirdlərinin 50 faiz
qədəri məhdudiyyətlər tətbiq olunduqdan sonra həyatlarından daha az razı
olduqlarını düşünür: "Yeniyetməlikdə bir uşaq necə bir insan, dost olmaq istədiyini,
digər insanlarla münasibətlərin ona sevinc gətirdiyini anlamağa başlayır. Eyni
zamanda, yeniyetmə fiziki və zehni olaraq inkişaf edir, əxlaqi davranış
qaydalarını öyrənir. Karantin ilə əlaqəli məhdudiyyətlər zamanı hər bir gəncin
bu sahələrdə inkişaf etməsi çətindir. Ümumiyyətlə, əksər gənclər üçün həyat
daha çətin oldu. Onlar başqa gənclərlə ünsiyyətdən məhrumdurlar”.
2018-ci ildə "Times”
qəzeti müxtəlif universitetlərdən 200 ən uğurlu tələb arasında sorğu keçirdi və
nəticələrə əsasən bütün tələbələr inanır ki, onlayn təhsil heç vaxt əyani təhsilin
yerini verə bilməz.
Bir çox tələbə
üçün universitet təhsilinin dəyəri təkcə təhsildən ibarət deyil. Sorğuda
iştirak edən tələbə və məzunların təxminən 60% faizi universitet həyatının
onlara sosial cəhətdən kömək etməsini, bunun sayəsində özlərini daha müstəqil hiss
etdiklərini və özlərinə daha çox inanan olduqlarını, komandada işləməyi və
vaxtlarını idarə etməyi öyrəndiklərini bildiriblər.
Aygün ƏZİZ