AZE | RUS | ENG |

Ömrünü zibilqabında “bitirən” kitablar

Ömrünü zibilqabında “bitirən” kitablar
Atmaq olmaz, kiməsə bağışla, de ki, mən oxudum, sən də oxu

Tez-tez sosial şəbəkələrdə küçələrdəki zibil qablarının yanına və ya elə zibilliyə tullanmış kitabları görürük. Evində təmir aparan, otağının dizaynını dəyişən, harasa köçən və ya sadəcə, kitabı evində lazımsız  hesab edənlər ondan qurtulmağın yolunu zibilliyə atmaqda görürlər. Kitablara bu cür münasibəti bəzən "artıq internet dövrüdür və bütün kitablar internetdə yerləşdirilib, istədiyimiz vaxt açıb oxuya biliriksə, evdə niyə yer tutsun” fikri ilə əsaslandırmağa çalışanlar da var. Bu səbəblər hər kəsə bəlli olsa da, kitabları zibil qablarına atmağa haqq qazandırmır. Kitab lazımsız ola bilər, amma ona hörmətsiz yanaşmaq düzgün deyil.
 
Kitaba münasibətdə xarici ölkələrin nümunəsi maraqlıdır. Məsələn, bir çox ölkələrdə, o cümlədən Almaniyada kitaba belə laqeyd münasibətin qarşısını almaq üçün yollarda səyyar kitabxanalar qurulub. Həmin kitabxanaya istəmədiyin kitabı qoya və ya oxumaq üçün hansınısa götürüb apara bilərsən. Onların fikrincə, kitabdan ayrılmağın ən yaxşı yolu ona yeni sahib və ya ünvan tapmaqdır.
 
Bəs bizdə bu istiqamətdə vəziyyət necədir? İnsanların evində saxlamaq istəmədiyi  kitabların zibil qablarına atılmaması, lazımsız nəsnəyə çevrilməməyi üçün nə etmək olar? Onları kitabxanalara təhvil vermək mümkündürmü? Kitabların əl-ayaq altında tapdanmamağı üçün səyyar qəbul məntəqələri varmı? Əgər varsa, insanlar onların fəaliyyətindən necə xəbər tutsun?
"Müzakirə”mizdə bu suallara aydınlıq gətirməyə çalışdıq.   Kitabı atmaq olmaz   Küçədə zibilqabının yanında kitab görəndə məyus olduğunu deyən yazar Səxavət Sahil bildirdi ki, həm kitabların atılmasına, həm də kitabları atanlara görə məyus olur: "Kitablar zibilliyə atılanda öz oxucusunu itirir, öz missiyasını itirir, eyni zamanda öz sahibini itirir. Bütün bunlar birləşəndə, kitabın necə bir əvəzsiz dəyər olduğunu görürük. Lakin təəssüf ki, bu gün də belə mənzərəyə şahid oluruq. Hərdən elə olur ki, bir neçə kitabın yox, bütöv bir kitabxananın atıldığını görürsən. Mən kitabın hara gəldi atılmasını nə başa düşə bilirəm, nə də qəbul edə. Yaxşı olar ki, kitabı atmaq istəyənlər onları kitabxanalara, hərbi hissələrə, uşaq evlərinə, həbsxanalara versinlər”. Yazar hesab edir ki, sahibsiz heyvanların sığınacaq yeri olduğu kimi, sahibsiz kitabların, daha doğrusu, atılan kitabların da bir toplanma yerinin olması məsləhətdir: "Hazırda belə bir yerin olduğunu bilmirəm, amma təklif edirəm ki, belə bir mərkəz və ya toplama məntəqəsi olsun. Ümumiyyətlə, kitabı atmaq olmaz, onu kiməsə bağışlamaq lazımdır.   Kitaba hörmətsizlik   Yazar Cavid Zeynallı kitabların zibilqabına atılması faktlarına  sosial şəbəkələrdə, saytlarda rast gəlib: "Əlbəttə, xoşagələn hal deyil, bu, kitaba çox böyük hörmətsizlikdir. Belə kitablar əsasən 50-60 il əvvəl çap olunan və keyfiyyətini itirən kitablar olur. İnsanlar təmir işi aparanda, evdən köçəndə kitaba, təhsilə hörmət naminə bu kitabları bukinistlərə verə bilərlər. Bundan başqa, müxtəlif şəxslər var ki, bu işlərlə fərdi məşğul olurlar. Onlarla əlaqə saxlamaq olar. Başqa bir çıxış yolu isə respublika əhəmiyyətli kütləvi kitabxanalardır. Həmin kitabxanalarda depozit fondlar olur. Atılan kitabları bu fondlara da təhvil vermək mümkündür”. Yazar hesab edir ki, ümumiyyətlə, kitabın dəyərini, qiymətini bilən şəxs üçün məsləhət lazım deyil: "O, özünə mənəvi borc biləcək ki, kitabı ayaq altına atmasın, qorusun, sevsin. Kitabları babasından qalan, özü başqa dəyərlərlə yaşayan insanlara isə tövsiyə verməyin mənası yoxdur. Onlar yenə də öz bildiklərini edəcəklər”.   Qəbul etməyə hazırıq
 
Azərbaycan Milli Kitabxanasının xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılovanın sözlərinə görə, atılmış kitabların qəbulu ilə bağlı kitabxanada şöbə fəaliyyət göstərir: «Milli Kitabxanaya müraciət olunanda, kitabları qəbul edirik. Elə müəssisələr var ki, onların həmin kitablara ehtiyacı var. Hazırda kitabxanamızın fondunda kiril qrafikası ilə olan kitabları saxlayırıq. Bu qrafikada yazılan, o cümlədən rus dilində nəşr edilən kitablarla bağlı bizə müraciətlər olur. Ola bilər ki, bizə müraciət edən adamların gətirdikləri kitablar kitabxananın fondunda olsun, buna baxmayaraq, biz yenə də həmin kitabları qəbul edirik». Ə.İsmayılova bildirir ki, evlərdən atılan kitabların içərisində qiymətli kitablar da olur: «Bizim nümayəndələrimiz gedib baxırlar. Onların içərisindən bizə lazım olanlarını seçib götürürük. Bəzən hansısa ziyalı öz kitabxanasını təhvil vermək istəyir. Həmin kitabları məhv etmək olmaz. Ona görə də, biz o kitabları qəbul edirik. Əksər insanlar kitablarını təhsil vermək üçün Milli Kitabxanaya müraciət edirlər». Ə.İsmayılova kitabların küçəyə, xüsusən də zibilqabına atılmasını pisləyir: «Kitabla bu cür davranış mənə çox pis təsir edir. Kitabı necə atmaq olar? Əgər kiminsə bu kitaba ehtiyacı yoxdursa, Milli Kitabxanaya ünvanlasın. Biz onu məmnuniyyətlə qəbul edərik. Bizim fondumuzda kifayət qədər kitabımız var. Ancaq insanlar öz kitabxanalarındakı kitablara yer tapa bilmirlərsə və onları atırlarsa, Milli Kitabxana həmin kitabların qayğısına qalar, onları yerləşdirməyə yer tapar». Direktor müavininin sözlərinə görə, Milli Kitabxananın nəzdində "Açıq kitabxana” həftənin bütün günləri fəaliyyət göstərir: "İnsanlar istəmədikləri kitabı təhvil vermək üçün həmin kitabxanaya da müraciət edə bilərlər. Bu kitabxanada «Mən oxudum, sən də oxu» devizi altında kitabların mübadiləsi də mümkündür. İnsanlar həmin kitabxanaya gəlib istədikləri kitabı götürüb oxuya, bəzən dəyişə bilərlər. Açıq kitabxana insanların atmaq istədikləri kitabları da qəbul etməyə hazırdır. Əgər bir kitab kiməsə lazım deyilsə, onu gətirib, əvəzində başqasını götürə bilərlər».
  İnsanlar kitabı istəmirlərsə   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, «ASAN School» konüllülük proqramının rəhbəri Cahangir Hacıyev 5 ilə yaxındır ki, "ASAN xidmət” mərkəzlərində kitab guşələrinin yarandığını deyir. Belə ki, vətəndaşlar kitabları gətirib həmin guşələrə təhvil verə bilərlər: "Kimsə mərkəzdə oturub xidməti gözləyəndə, kitablardan götürüb mütaliə edir. Bəzən də adamlar kitabı zibilliyə atmamaq üçün gətirib bizə təhvil verirlər. Təbii ki, biz yararlı olan kitabları  qəbul edirik. Sağlamlıq və ya qrafika baxımından yararlı kitabları "Yaşıl ASAN”-nın təşəbbüsü çərçivəsində təkrar emala göndəririk. Hər iki seçim bizdə var – əgər kitab yararlıdırsa, onu kitab guşəsinə, yararsızdırsa, təkrar emala göndəririk. Bununla, həm təbiəti qorumuş oluruq, həm də kitab boşuna israfa getmir». Gələcəkdə ASAN xidmətin küçələrdə, səyyar guşələrinin yaradılmasına gəlincə, Xidmət əməkdaşı bunu yaxşı ideya kimi dəyərləndirir: «Bu perspektivdə müzakirə olunacaq ideyadır. Hal-hazırda isə xidmətin bu cür guşələri yoxdur». İnsanların atmaq istədiyi kitabı hansısa məntəqələrə təhsil verməsi ilə bağlı məlumatlandırılmasına münasibət bildirən C.Hacıyev deyir ki, bununla bağlı müxtəlif verilişlərdə məlumat verirlər: "Bəlkə də daha intensiv təbliğata ehtiyac var ki, insanlar geniş məlumatlansınlar. Hesab edirəm ki, bu məsələ daha intensiv təbliğ olunsa, insanlar kitabı tullamazlar». C.Hacıyevin sözlərinə görə, xarici ölkələrdə insanlar kitabı istəmirlərsə, onu zibilliyə atmırlar. Sadəcə, qutunun içərisində qapılarının ağzında qoyurlar ki, bəlkə o kitab kiməsə lazım olar. Kimin üçünsə lazımsız olan bir kitab, kiməsə faydalı ola bilər. Bu ənənənin də təbliği yaxşıdır». C.Hacıyevin sözlərinə görə, ASAN xidmətin «Əsgərə məktublar» layihəsi çərçivəsində həyata keçirdikləri aksiyalarda əsgərlərə, yazılan məktublarla yanaşı, kitablar da verirlər: "İstəyirik ki, əsgərlərimiz o kitabları oxusunlar. Elə bilirəm ki, insanlar bu istiqamətdə maariflənsələr, onlar kitabları atmaq əvəzinə bu cür proseslərə qatıla bilərlər. Ən azı, hər kəsin evində, verə biləcəyi 1-2 kitab var. İnsanlar bunu "ASAN xidmət” vasitəsi ilə həyata keçirə bilərlər».    Təranə Məhərrəmova  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906