• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Ömrünü sözə adayan adam

09.04.18 13:20 1488
Ömrünü sözə adayan adam
"Gülnar Qasımlı mənim doktorantımdır” – bu sözlər 2016-cı ildə çap olunan "Gül” şeirlər kitabımın ön sözünün ilk cümləsidir. Müəllifi də elmi rəhbərim Vaqif Yusiflidir. Azərbaycan ədəbiyyatşünaslığının sanballı tənqidçi kimi qəbul etdiyi Vaqif Yusifli həm də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiridir. Bu faktları əbəs yerə qeyd etmirəm, çünki həmin şöbə ilə birbaşa bağlılığım olduğu üçün yazımda daha çox Vaqif müəllimin doktorantı kimi çıxış etmək fikrindəyəm.
Mən 2014-cü ildə Ədəbiyyat İnstitutuna doktoranturaya qəbul olunanda həmin şöbə yeni yaradılmışdı. Həm şöbənin, həm də Vaqif müəllimin ilk doktorantı olmaq şərəfinə nail oldum. Qəribədir ki, Vaqif müəllim də 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edəndə mənim indiki yaşlarımda olmuşdur. Bununla belə, digər bir maraqlı tərəfimiz barəsində Vaqif müəllim kitabım "Gül”ün ön sözünün yekununda yazır: "Onun da atasının adı Vaqifdir, elə mən də onun şeirlərinə mənəvi Ata xeyir-duası verirəm”. Qeyd etdiyim faktlardan əlavə bizim doğum günümüz də eyni aya və "qonşu günlərə” təsadüf edir. Aprelin 20-də Vaqif müəllimin, 22-də mənim ad günümdür.
Cümhuriyyətimizin 100 yaşı qeyd edildiyi 2018-ci ildə Vaqif müəllimin də 70 yaşı tamam olur. Bir alim ömründə bir ölkənin ədəbi sözünün məsuliyyətinin öhdəsindən şərəflə gəlməyi bacarmaq özü böyüklük əlamətidir. Bu böyüklüyün dəyəri Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Yusifli Vaqifdən Vaqif Yusifliyə” məqaləsində də verilmişdir. İsa Həbibbəyli kimi görkəmli şəxsiyyətlərin Vaqif müəllimə bu cür yüksək dəyər verməsinin tutarlı səbəbləri var. Bunlardan ən əsası onun ciddi ədəbiyyatşünaslıq prinsipləri ilə yazıb-yaratmasıdır. Həmin prinsiplərə arxalanaraq ədəbiyyatşünaslıq elminə bəxş etdiyi kitablara on illiklər üzrə nəzər salsaq, zəhmətkeş bir alimin məhsuldar yaradıcılığı ilə qarşılaşmış olacağıq. 70-ci illərin sonunda "Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Vaqif Yusifli 80-ci illərdə "Nəsr, konfliktlər, xarakterlər” kitabını ədəbi aləmə təqdim edir.
XX əsrin 90-cı illərində isə "Məmməd Araz dünyası”, "Tənqid yarpaqları”, "Karvanbaşı, yolun hayanadır”, "Yollar hayana aparır”, "Bu nə sehrdir belə” məqalələr toplusundan ibarət kitablarını nəşr etdirir. Eyni ənənə XXI əsrdə də yüksək xətlə davam edir. Demək olar ki, hər il ardıcıl olaraq bir sanballı kitab oxuculara təqdim olunur: "Tənqid və bədii söz” (2002), "Tənqid də yaradıcılıqdır” (2003), "Yolayrıcı” (2004), "Fikrət Qoca – 70 il” (2005), "Yaxşı ki sən varsan” (2007), "Sındır qəfəsi” (2008), "Poeziyanın yolları və illəri – 1960-2000-ci illər” (2009), "Rəsul Rza və müasir Azərbaycan poeziyası” (2010).
Əsrin ilk illəri ilə müqayisədə onilliyin sonlarına yaxın məqalələr toplularını monoqrafiyalar əvəzləməyə başlayır. 1997-ci ildə yazılmış "Ürəyimi sərdim günəşə” monoqrafiyası təkmilləşdirilərək, 2005-ci ildə "Fikrət Qoca – 70 il” adı ilə yenidən çap olunur. 2009-cu ildə "Poeziyanın yolları və illəri – 1960-2000-ci illər”, 2010-cu ildə "Rəsul Rza və müasir Azərbaycan poeziyası”, 2011-ci ildə "Şeirimizin Nərimanı”, 2012-ci ildə "Poeziya və zaman” monoqrafiyaları işıq üzü görür.
2011-ci ildə "Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Vaqif Yusifli 2014-cü ildə yenidən məqalələr toplusu olan "Ədəbi həyat” kitabı ilə sözünü deyir. Həmin kitab "Ədəbi mənzərə – Poeziya (2011-2012)” araşdırması ilə başlayır. Bundan sonra hər il akademiyanın Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi "Ədəbi proses” kitablarında geniş məruzələrlə çıxış edir. 2014-cü ildən başlayaraq ardıcıl olaraq "2013-cü ilin ədəbi mənzərəsi”, "Ədəbi mənzərə – 2014”, "Bölgələrdə ədəbi həyat” (2015), "Bölgələrdə ədəbi həyat” (2016) məqalələri ilə hər il üzrə sanballı araşdırma aparır.
Vaqif müəllimin kitablarının adlarını əbəs yerə qeyd etmədim. Həmin kitablara bir mütəxəssis nəzərləriylə diqqət etdikdə görürük ki, Vaqif Yusifli heç bir istedadı ədəbi təhlildən kənarda qoymaq istəməyib. Bu həm artıq sözünü demiş yaşlı nəslə, həm də ilk qələm təcrübələrini təqdim edən gənc nəslə şamil edilə bilər. Təkcə "Ədəbi həyat” kitabında onun gənc yazarlar haqqında doqquz məqaləsi yer alıb. Bütün bunlardan əlavə gündəlik mətbuatda Vaqif müəllimin hətta bölgələrdə yaşayıb-yaradan yazarlara da münasibət bildirdiyini izləyə bilirik. Həmçinin çoxsaylı mətbu orqanlarda gənc qələm sahibləri haqqında peşəkar yazılarını bu gün də oxuyuruq.
70 illiyində isə "Azərbaycan qəzəli” kitabı ilə oxucuların görüşünə gəlir. Həmişə böyük şövqlə yazıb-yaradan Vaqif müəllimin bundan sonra da Azərbaycan ədəbiyyatşünaslığına əvəzolunmaz töhfələr verəcəyinə inanırıq. Həmçinin yetişməkdə olan yeni gənc alimlərə dəstəyini də diqqətdən kənarda qoymaq olmaz. Bu səbəbdəndir ki institutun Ədəbi tənqid şöbəsi ölkənin savadlı və peşəkar tədqiqatçılarını bir arada cəm edib. Həmin şöbənin doktorantı kimi elmi rəhbərim, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflini yubileyi münasibətilə təbrik edir, zəhmətkeş komandası ilə birlikdə uğurlar diləyirəm.
Gülnar Səma
banner

Oxşar Xəbərlər