Ömrünü radioya bağlayan jurnalist
Tanınmış jurnalist, son dərəcə həssas, kifayət qədər qayğıkeş insan, əziz
dost, mehriban ailə başçısı, Azərbaycan mediasında öz dəst-xətti olan İlyas
Adıgözəllinin dünyaya göz açdığı, ulu Ləlvər dağının sazağını hiss etməyə
başladığı gündən 80 il ötür. O, 1938-ci il oktyabrın 15-də Gürcüstan SSR-in
Borçalı (indiki Marneuli) rayonunun Sadaxlı kəndində doğulmuşdur. Doğma kəndində
orta məktəbi bitirdikdən sonra seçdiyi peşənin - jurnalistikanın arxasınca
Bakıya yollanmış, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsinə
qəbul olunmuşdur. Bir çoxları kimi onun da, tələbə dostlarının da bəxti gətirmiş,
Həmid Araslı, Mir Cəlal, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Cəfər Xəndan,
Abbas Zamanov, Məmməd Cəfər, Feyzulla Qasımzadə, Pənah Xəlilov, Şirməmməd Hüseynov,
Nurəddin Babayev, Bəxtiyar Vahabzadə kimi məşhurlar onlara elmlərin əsaslarını
öyrətmişlər. İlyas Adıgözəllinin iftixar hissi ilə yazdığı kimi, bu şəxsiyyətlər
biz tələbələrin ziyalı və insan kimi formalaşmasında misilsiz xidmət göstərmişlər.
İlyas Adıgözəlli 1962-ci ildə universiteti bitirdikdən sonra təyinatla Zaqatala
rayon qəzetində işləməli idi. Lakin tale elə gətirmiş ki, Bakıda təzəcə nəşrə
başlayan "Abşeron” qəzetində işə götürülmüşdür. Bir il keçdikdən sonra isə Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə dəvət
almışdır. Elə o vaxtdan etibarən həyatı Azərbaycan radiosu ilə bağlı olmuş və hələ
orta məktəbdə oxuyarkən maraq göstərdiyi peşə ilə görüşmüşdür. Yeri gəlmişkən,
demək lazımdır ki, onun doğma kəndi Sadaxlıda, digər kəndlərdən fərqli olaraq,
elektrik stansiyası vardı. Gündüzlər orada dəyirman kimi dən üyüdülür, axşamlar,
adətən gecə saat 12-dək kənd elektrik işığına qərq olurdu. İlk vaxtlar hamı
kimi, İlyas da elektrik dirəklərinə bənd edilmiş radiodan Bakının verilişlərinə
qulaq asırdı. Bir az keçdikdən sonra isə evlərə radio xətləri çəkildi və ailənin
böyük uşagı kimi, ilk radioqəbuledicini də özü aldı və müntəzəm olaraq verilişləri
dinlədi. Bəlkə də jurnalistikaya marağı elə buradan başladı. İlyas hələ
yeddinci sinifdə oxuyarkən Tbilisidə nəşr olunan "Zarya Vostoka” ("Şərqin Şəfəqi”)
qəzetinə Azərbaycan dilində göndərdiyi məktubunu ilk qələm məhsulu hesab edir.
Elə o məktub nəticəsində mətbuatın böyük gücünü hiss etdi. Oxuduğu məktəbdə dərs
vəsaitinin çatışmadığından yazdığı məktubda qaldırdığı problem tezliklə öz həllini
tapdı, jurnalist olmaq istəyini, mətbuata gəlişini qətiləşdirdi.
Radioda başlanan jurnalist fəaliyyəti 2007-ci ilə qədər davam etdi. Bu
müddət ərzində İlyas Adıgözəlli "Araz” radiostansiyasında şöbə müdiri, baş
redaktorun müavini, baş redaktor, "Araz” proqramının baş direktoru, radioda şərhçi
ştatlarında çalışdı. Onun apardığı canlı verilişlər dinləyicilər tərəfindən çox
böyük maraqla qarşılanırdı. Mikrofon qarşısında özünü təmkinli və qətiyyətli
aparması dinləyiciləri sözün həqiqi mənasında valeh edirdi.
Mötəbər tədbirlərdə iştirakı və həmin tədbirlərdən
hazırladığı canlı verilişlər radio dinləyicilərinin böyük səbirsizliklə gözlədikləri
verilişlər idi. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının 24-cü
qurultayından-Kremlin Qurultaylar sarayından apardığı canlı verilişlər
yaşıdlarının və pərəstişkarlarının yəqin ki, hələ də yadındadır. İlyas Adıgözəlli
oradan verilişlərini aşağıdakı sözlərlə başlayırdı: "Danışır Moskva! Kremlin
Qurultaylar sarayından reportajımıza başlayırıq...” Bəli, Moskva da azərbaycanca
danışarmış! İlyas Adıgözəllinin
istedadı və bacarığı sayəsində bunu da görmüşdük.
Bu dövrü İlyas Adıgözəlli belə xatırlayır: "1971-ci ildə, 24-cü qurultaya
tək getmişdim. Estoniya radiosunun baş redaktoru Feliks Kazik isə jurnalistləri
ilə gəlmişdi. Qurultayın açılış günü - martın 30-da, Moskvada Kremlin saatı
10-u vurur və mən həmin an reportajımda deyirəm ki, hörmətli dinləyicilər, saat
10-dur, Kremlin Qurultaylar sarayındayıq. İndi qurultay öz işinə başlayır. Səfər
Rzayev adında bir neftçimiz də qurultaya gəlmişdi, əvvəlcədən səsini yazmışdım.
Lazım olan anda həmin söhbəti təqdim etdim. Gördüm ki, estoniyalı həmkarım çox
dilxor vəziyyətdədir. Deyinirdi ki, mən efirə veriliş verməliyəm, ancaq çıxış
tapa bilmirəm. Mən dedim ki, qurultay nümayəndəsinin səsini yazmışam, azərbaycanca
danışır, mətni verərəm siz eston dilində təqdim edərsiniz, Bakıdan gələn
neftçinin çıxışını verərsiniz. O çox sevindi və həmin reportajı Estoniya
radiosu ilə də verdi. Radio jurnalisti öncədən işini elə tutmalıdır ki, efir
anı çatanda əliboş qalmasın...”
İlyas təkcə Moskvadan deyil, Leninqraddan, Ukraynadan, Tatarıstandan,
Belarusdan, Moldovadan, Özbəkistandan, Estoniyadan, Latviyadan, Litvadan,
Gürcüstandan da radio reportajları aparmışdır. 1984-cü ildə Türkiyəyə, 1993-cü
ildə Amerika Birləşmiş Ştatlarına səfəri heç vaxt yadından çıxmır. Bu ölkələrdə
gördükləri, gələcək fəaliyyətində onun köməyinə gəlmişdir.
İlyas Adıgözəllinin əməyi yüksək qiymətləndirilmişdir.
Hələ 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına
layiq görülmüşdür. O, 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm”
mükafatının laureatıdır.
2007-ci ildən təqaüdə çıxmasına
baxmayaraq yenə də, necə deyərlər, əli işdən soyumur. Müqavilə əsasında Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində proqramlar
hazırlayır. Radionun tanınmış informatoru olan İlyas Adıgözəllinin fond
yazıları, onun bu sahədə mükəmməl bacarığa malik olduğunu təsdiq edən sənədli
nümunələrdir.
İlyas Adıgözəlli yaşının 80 olmasına baxmayaraq, yenə də gənclik eşqi ilə
fəaliyyət göstərir. Yazdığı 3 kitab möhtəşəm abidələrdir. "Elim-obam Sadaxlı”
kitabı 2000-ci ildə "Azərbaycan” nəşriyyatı, "Əzizim Vətən yaxşı...” kitabı
2004-cü ildə "Nurlan” nəşriyyatı, "Borçalının Sadaxlı dünyası” kitabı 2014-cü
ildə "Nurlar” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabların ümumi həcmi
1000 səhifəyə yaxındır. Bu kitablarda İlyas Adıgözəllinin yorulmazlığı, cəsarətliliyi,
istedadı özünü büruzə verir. Faktlara münasibətində o qədər dəqiqdir ki, nəyinsə
səhv gedəcəyi ehtimalı ola bilməz.
İlyas Adıgözəlli 80 yaşında belə "Araz”ı yenə də unutmur. Gəncliyində
Araz üzərində inşa olunan su-elektrik stansiyasının tikintisindən hazırladığı
silsilə reportajları, "Araz” redaksiyasında uzun illər can qoyması, uzaq
Vaşinqtonda Güneylə Quzeydən olan iki gəncin sevgisinə Araz adının verilməsi,
uzun illərdən sonra həmin Arazın müstəqil dövlətimizin ABŞ-dakı səfirliyinin
açılışında iştirakı, ömrünün 80-ci baharından Güney üçün söz ünvanlayan
jurnalistin əvvəl və axır sözünün Arazdan olması, hazırda Güney Azərbaycan
redaksiyasında o tayda yaşayan soydaşlarımız üçün verilişlər hazırlaması və s.
İlyas Adıgözəllinin radioda yaşadığı gerçək dolu anlardır.
Ad günün mübarək, böyük həmkarım, İlyas Adıgözəlli! Sənə möhkəm
cansağlığı və yeni-yeni uğurlar diləyirəm!
Həmid VƏLİYEV,
Bakı Dövlət Universiteti
Beynəlxalqjurnalistika kafedrasının
müdiri, professor