• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

Ömrün və sözün işarələri

04.03.19 14:45 2252
Ömrün və sözün işarələri
Rafiq Ələkbərin yaradıcılığına çoxdan – Mingəçevirdə işlədiyim dövrdən bələdəm. Onun ədəbiyyata, bədii sözə ciddi münasibəti məndə həmişə maraq doğurmuşdu. Rafiq Ələkbər özünü şeirlərində aldatmayan şairdir – bunu həm də yaxından tanıdığım üçün deyirəm.
O heç vaxt taleyini, nə də xatirələrini epik süjet kimi danışmadı.
Ümumiyyətlə, Rafiqin sevgi şeirlərinin məsamələrində sözlə ifadə olunmayan özülə bağlı bir xəyal qırıqlığının, bir narahatlığın havasını hiss edirsən. Sanki misralara, sözlərə "yarımçıq ümidlərin nəmi” hopur – hər halda mənim şeirlərdən duyduğum budur. Hətta bəzən ürəyindən keçənləri, istəyini səbirlə dilinin altında saxlaya bilir.

Adımı ucadan çəkmə,
Yavaşca dilinə gətir.
Bir yol kağıza köçürüb,
Yüz yol da dilində bitir.

"Qonşu qız” şeiri itirilmiş ümidini dilə gətirir.


Bu həyat nə qədər amansız imiş,
Gülü də qoymurlar gültək açmağa.
Ona yol vermişəm, qapı açmışam,
O gedib özgəyə ürək açmağa.

Şairin poetik ünsiyyətinin başında Uca Yaradan durur. Şeirində tanrıya ünvanlanan xitablar, müraciətlər etməsə də, onun adını həmişə könlündə zikr edir.
Başqa şairlər kimi, Rafiq Ələkbər də eşqin cəfasından, ayrılıqdan yazır. Amma onun şeirlərində, maraqlıdır, sevgi etiraflarından daha çox, ömür-gün etirafları üstünlük təşkil edir. İki insanın sevgi münasibətinə ömrün dəyərini-mənasını öz ömrünə göylərin qanunları ilə dəyər verir – poetik ertirafları da bu haqdadır. Sevgi, həyat, ölüm, halal-haram, günah-cəza söhbətləri şeirlərinin ideya – məzmununu təşkil edir, fəlsəfi mənasını müəyyənləşdirir.

Sən abrına qısıldıqca,
Ruhun gözümdə böyüyür.

Rafiq Ələkbərin poetik inanc düşüncəsində ölüm ömrün sonu kimi deyil, mütləq dəyər kimi qəbul edilir. Ölüm sadəcə bu dünyada son imtahandır, haqqın dərgahına keçid sınağıdır, Tanrı qarşısında son hesabatdır. Onun şeirlərində "son”un gözləntisi

Elə ki, dünyaya gözünü yumdun,
Tamam başqa aləm, özgə an gəlir.
Dünya dəyişəndə sorğu qurtarmır,
Təzədən ən çətin imtahan gəlir.

Kitabdan belə örnəklərin sayını kifayət qədər artırmaq olar. İstənilən halda qənaətimiz odur: Rafiqi həmişə ömür yolunun sonu düşündürür. Yolun əvvəli deyil, yolun sonu ondan ötrü yaşanılmış ömrün mənasını anlama imkanıdır.
Rafiqin şeirlərində sanki sevinc hissinə yer yoxdur, Özünün dediyi kimi, "gülmək mənə aid deyil”. Adama elə gəlir ki, həyatında sevindirici bir hadisə baş verməyib. Hər görüşdən özü ilə ayrılıq kədərini aparır. İstənilən hadisə, poetik detal və fəlsəfi məqam yalnız kədərli ümumiləşdirmələrdən, həyat-ölüm, görüş-ayrılıq haqqında acı qənaətlərdən ibarətdir.
Bəlkə də Tanrının tapşırığıdır,
Səni qoruyuram, pəridən xəbərsiz.

Yaxud
Sənə şirinlik bəxş etsəm,
Əvəzində ağu çıxar.

Onun şeirlərin içindən bir zamanın havası keçir – gələcək zaman. İndiki və keçmiş zamanlar sanki onun içindədir. Bu günün içindən həmişə sabahı ümidlə düşünür.
Onun poeziyasının fəlsəfi mahiyyətini günah kateqoriyası təşkil edir. Daim "günah nədir” sualına cavab axtarır! Tövbə-etiraf məqamlarının çoxluğu və fəallığı da bu üzdəndir.

Şeytan ürəyimə yol istəyərkən,
Gördüm gözlərimə qaranlıq çökür.

İnanır ki, Uca Tanrı insana günahlardan təmizlənmək imkanı verir. Onun bir könül dostu, bir sirdaşı var Tanrı. Bəzən bu şeirləri oxuduqca adama elə gəlir ki, Rafiq Ələkbər özünü Tanrıyla görüşə hazırlayır. Şeirlər həm zikr etmə, həm də qutsal görüş, təqdimetmə vasitəsidir.

Dünyada bənd olma vurub yıxana,
Səadət buraxmaz səni yaxına.
Hazır ol ömrünün qürub çağına,
Onda günəş kimi batmağı düşün.

Yaxud

Ömrün tən yarısı günaha gedir,
Ömrün tən yarısı keçir yuxuda.

Şeirlərində ömrün simvolu kimi "qapı” obrazı, qapı motivinin diqqətimizi çəkir. Qapı iki dünya arasında sərhədi bildirir. Rafiq sanki şüuraltı özünü qapı ağzında hiss edir. Həmişə qapıdan keçmə imkanını gözləyir.

Ay qız, dayanmışam qapı ağzında,
Ay qız, əllərimdə çiçək tərpənir.

Yaxud

Mənə qapıdan əl etmə,
Qapı ağzında qalarsan.

Onun həyat fəlsəfəsində hicranın da, vüsalın da qapısı var. Vay o günə ki, bu qapılar bağlana. Qeyd etdiyimiz kimi, şeirlərində bəzən dilinə gətirmədiyi tale, bəxt qapısından söz açır. O, həmişə qapıların açılması ümidi ilə yaşayıb.
Rafiq Ələkbər sevgi şeirlərini gizlincə, utana-utana yazır. Bu utanc hissi onun yalnız xarakteri ilə deyil, həm də yaşam-ömür fəlsəfəsi ilə bağlı olsun gərək. Rafiq qadına sevgisini danışsa da, sirri sanki özü ilə bölüşür. Şeir sirrin başqasına bəyan edilməsi deyil, sadəcə içindəki sirrin sözdə yazıya alınmasıdır.
Rafiq öz ömrünün mənasını pis-yaxşı anlayıb, yer-göy problemini çözməyə çalışır. Bir şair kimi bir qızın taleyini mistik anlama duyğusu var.

Sevənlər son məktub yazıb gedirlər,
Bəxtdən gileylənib, susub gedirlər.
Qapıdan elçilər küsüb gedirlər,
O qızın gözləri yol çəkir hələ.

Rafiq Ələkbər bizə bir sevgi tarixçəsini danışmaq istəsə də, ayrılıq mövzusuna toxunmağa çalışır. O, kədərini də sözdən gizlətmək istəyir. Sevgi tarixçəsini şeirə etibar etmək istəmir. Hər şey sirli və gizli qalsa yaxşıdır.
Rafiqin şeirlərində xasiyyətindən, davranışından daha çox gündəlik ovqatının obrazını görmək olar. Onun qəribə "poetik immuniteti” var: gileylər, sentimental şikayətlər, acı etiraflar, şiddətli tənbehlər sözünü "yoluxdura bilməyib”dir.
Rafiq Ələkbərin iç dünyasında Yer ilə Göyün mübarizəsi gedir. Bu qarşıdurmada özünü göyə, ilahi işığa "özgə”ni Yerə şamil edir.

Sənin təmizliyin yerə aiddir,
Mənim təmizliyim Göyün olacaq.

Əlbəttə, Rafiq Ələkbərin təsəvvüf ovqatlı şeirləri sufiyanə düşüncələrinin nəzmə çəkilməsi deyil, ömür təcrübəsinin poetik ifadəsi yaradan və yaradılış haqqında inanclarıdır. İrfan, mistik, mənəvi saflaşma-işıqlanma ilə bağlı anlamdır, özünüdərk məsələsidir. Özünü dərk edən Allahını dərk etmiş olur.

Sevda yollarında sona çatmadıq,
Dedin: yolun sonu günahdı daha.
Eşqdə halal-haram olmur, əzizim,
Söylədin: göylər ki, agahdı daha.

Rafiqin hər bəndini öz məntiqi bütövlüyü var. Dördcə misrasını bir-birinə bağlayan qafiyələr bütövlüyün, qapanmanın qarantı olur. Qoşmada, gəraylıda sonuncu bənd ənənədə olduğu kimi aşığın tapşırması deyil, fəlsəfi ümumiləşdirmə statusunda çıxış edir. Şeirlərin fəlsəfi məzmununu suallar deyil, nidalar və nöqtələr müəyyənləşdirir. Şeirin sonundakı nöqtə həm də mətnin janr çərçivəsini işarələyir.
Rafiq Ələkbərin maraqlı bir şeiri var – "ömrün nişanları”. Şeirdə durğu işarələri (Vergül, nöqtə, nida, tire, nöqtəli vergül) ömrün nişanları kimi mənalandırılır. Şeirin "baş qəhrəmanı” isə vergüldür, bütün mənalar onun ətrafında və fonunda "dolaşır”.

Vergülü sevmədim cümlələrimdə,
Sözə yamaq vuran, söz saxlayandır.
Bəzən düşündüyüm yarımçıq qalır,
Fikri, düşüncəni buxovlayandır.

Bu şeiri orta məktəbdə Azərbaycan dili dərsliklərinə, "Durğu işarələri” bölməsinə salmaq olar.
Rafiq Ələkbərin "ömür mətni” beləcə, poeziya qrammatikası ilə paralel yazılır: nidası, vergülü və sualı ilə…

Rüstəm Kamal


banner

Oxşar Xəbərlər