• şənbə, 20 Aprel, 12:11
  • Baku Bakı 23°C

Ömrün səksəninci aşırımı...

22.11.16 13:01 1658
Ömrün səksəninci aşırımı...
Arxada qoyduğu səksən illik həyat yoluna nəzər saldıqda, onun kamilliyi, müdrikliyi, böyük əzmkarlıqla fəth etdiyi zirvələr insanı heyrətləndirməyə bilmir. O, fəaliyyətinin bütün sahələrində mükəmməldir, bütövdür, tamdır. O, kamil şəxsiyyətdir - Doktor İbrahim Yıldırım…

Beynəlxalq tibb ictimaiyyətində tanınmış simalardan biri olan, dünya şöhrətli plastik cərrah, İstanbul Universitetinin professoru Doktor İbrahim Yıldırım uzun illərin gərgin əməyi nəticəsində tibb elmində bir çox ilklərə imza atıb. Dəyərli alimin elmə verdiyi töhfələr müsbət nəticələri ilə zaman-zaman onu şöhrətləndirib. Doktor İbrahim Yıldırımın ayrı-ayrı xarici dövlətlərdə keçirilən elmi konfranslardakı məruzələri həmişə yüksək qiymətləndirilib. Fikirlərini bir neçə dildə səlist və sərbəst ifadə etməyi bacaran İbrahim Yıldırım elmi simpoziumların ən dəyərli iştirakçılarından birinə çevrilib.

Soy kökü Qazax bölgəsindən olan İbrahim Yıldırım Türkiyədə anadan olub. İbtidai və orta təhsilini Qırıqqala və Merzifon məktəblərində alıb, Trabzon liseyində oxuyub. Orta təhsilini başa vurduqdan sonra İstanbul Universitetinin tibb fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra 6 il ümumi cərrahlıq, plastik, rekonstruktiv və estetik cərrahlıq ixtisaslarına yiyələnib. Bu ixtisaslar üzrə Türkiyə və İngiltərədə akademik imtahanları verib. 1970-ci ildə Cərrahpaşa tibb fakültəsində ümumi cərrahlıq, 1976-cı ildə İngiltərədə plastik, rekonstruktiv və estetik cərrahlıq , 1979-cu ildə plastik, rekonstruktiv və estetik cərrahlıqdan yüksək ixtisas imtahanı verib. 1979-1980-ci illərdə plastik cərrahiyyə dosenti, 1988-ci ildə plastik cərrahiyyə professoru adını qazanıb. Beləliklə, gənclik illərini bütövlükdə təhsilə həsr edən İbrahim Yıldırım bir ali təhsillə kifayətlənməyib, bir-birinin ardınca Avropanın ən nüfuzlu təhsil ocaqlarında elmin dərinliklərinə yiyələnib. Bu gün dəyərli ziyalı vaxtilə tələbə kimi daxil olduğu həmin auditoriyalarda professor kimi mühazirələr oxuyur.

Doktor İbrahim Yıldırım olduqca zəngin dünyagörüşünə malik insandır. Dünyada baş verən proseslərə onun özünəməxsus baxış bucağı, fərqli tərzdə təhlil etmə qabiliyyəti var. O, bir çox beynəlxalq miqyaslı, kifayət qədər ciddi, nüfuzlu elmi və ictimai qurumların üzvüdür. Professorun dərin təfəkkürə və güclü məntiqə əsaslanan fikir və təklifləri bu təşkilatlarda bir çox hallarda həlledici rol oynayır.

Doktor İbrahim Yıldırım tibb fəaliyyəti ilə yanaşı, həm də çox ciddi şəkildə tarixi etnoqrafik araşdırmalarla məşğuldur. Onun bu araşdırmaları tariximiz, ədəbiyyatımız, folklorumuz, milli mənəvi dəyərlərimizlə bağlıdır. Belə ki, o, öz tarixi keçmişini, zaman və məkan baxımından araşdıraraq, bütövlükdə türk dünyası üçün önəmli olan bir iş qoyub ortaya. Uzun illərin gərgin araşdırmaları ilə o, ictimaiyyətə zəngin, müasir dövrümüz üçün də önəmli olan tarixi faktları çatdırıb. Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi şəxsiyyətləri ilə bağlı araşdırmalarından sonra professor İbrahim Yıldırım "Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar", "Baş üstündə bir kitabın olması”, "Türkiyədə Azərbaycan kültürü", "İstanbul Universitetini bitirmiş azərbaycanlılar", "Amasya araşdırmaları” və s. əsərlərini yazaraq, orta əsrlərdən bəri Türkiyəyə köç etmiş yurddaşlarımızla bağlı sanballı kitabları türk dünyasına təqdim edib.

Almas İldırım, Nigar Rəfibəylinin böyük qardaşı Kamil Aran, müxtəlif dövrlərdə Türkiyə Böyük Millət Məclisinə seçilmiş Azərbaycan əsilli millət vəkilləri, onların siyasi fəaliyyəti haqqında da professor İbrahim Yıldırımın araşdırmaları maraqlı və diqqətəlayiqdir.

Doktor İbrahim Yıldırım bütün varlığı ilə Azərbaycana bağlı insandır. Gərgin iş qrafiki, vaxt məhdudiyyətinə baxmayaraq, o, mütəmadi olaraq Azərbaycana səfər edir. Dəyərli ziyalı Azərbaycanın ən ağır və həm də ən xoş günlərində mövqe sərgiləməyi özünə borc bilir.

Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı ilk illərdə Doktor İbrahim Yıldırımın ölkəmizə təmənnasız köməyi az olmamışdır. Həmin ağır dövrdə Qarabağ savaşında yaralanmış döyüşçülərimizin müalicə olunmasında, ölkəmizə dərman ləvazimatlarının gətirilməsində, hətta ağır yaralıların xarici ölkələrdə müalicə almasında professorun xidmətləri danılmaz fakt kimi Azərbaycanın müharibə tarixində yer alıb.

Ümumiyyətlə, Azərbaycan səhiyyəsinin inkişafı üçün İbrahim Yıldırım heç vaxt öz köməyini əsirgəməyib. Xüsusilə, tibb kadrlarının hazırlanması, azərbaycanlıların Türkiyə ali təhsil ocaqlarında təhsil alması üçün o, bütün lazımi tədbirləri həyata keçirməyə nail olub.

Doktor İbrahim Yıldırım olduqca maraqlı həmsöhbət, sədaqətli dost, düzgün yol göstərməyi bacaran ağsaqqal, gözəl ailə başçısıdır. Professorun həyat yoldaşı da Azərbaycan əsillidir. İbrahim Yıldırım 1965-ci ilin dekabrın 23-də Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqən xanımla ailə qurub.

Şəxsiyyət o zaman tarixdə izini qoyur ki, o, əvəz gözləmədən xalqına, millətinə təmənnasız xidmət edir. Şəxsiyyət o zaman xoşbəxt olur ki, o öz ziyası, nuru ilə insanların həyatına işıq salır. Bu baxımdan Doktor İbrahim Yıldırım həqiqətən də xoşbəxt insandır.

Bütövlükdə götürsək, İbrahim Yıldırım öz əxlaqı, davranışı, sadəliyi, hətta yaşadığı həyat tərzi ilə bəşər övladı üçün müqayisəsiz nümunədir. İçində gəzdirdiyi yurd, torpaq, millət sevgisi hamıya örnək ola biləcək bir sevgidir.

Bu gün Doktor İbrahim Yıldırım ömrünün səksəninci aşırımındadır. O, bu aşırımdan iti baxışları ilə qarşıdakı zirvələri seyr edir. Seyr edir ki, fəth etsin…

İlham Cəmiloğlu

banner

Oxşar Xəbərlər