AZE | RUS | ENG |

“Ömrümü “Tənha ana” mahnıma bənzədirəm”

“Ömrümü “Tənha ana” mahnıma bənzədirəm”
Şəfiqə Axundova: “İndiki mahnılar atasız-anasız, “bic” dünyaya gələn uşaqlara bənzəyir”

XXI əsrdə Üzeyir Hacıbəylinin yeganə yadigarı və davamçısı “Şöhrət” ordenli Xalq artisti Şəfiqə Axundovadır. 88 yaşlı bəstəkar Şəkidə anadan olub. O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb. Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirən Şəfiqə xanım "Gəlin qayası" operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını tarixə həkk edib. Bir çox operetta, süita, xor üçün silsilə əsərlər müəllifi olan sənətkar "Leyla", "Bəxtiyar ellər", “Nədən oldu”, “Gözlərimin işığı sənsən”, “Neyçün gəlməz”, “Bağışla” kimi 600-dən çox mahnı və romans, eləcə də 60-dan çox tamaşanın musiqi müəllifidir. Məşhur bəstəkar ustadı Üzeyir Hacıbəyli, eləcə də Azərbaycan musiqisi haqqında fikirlərini “Azadinform”la bölüşüb. - Üzeyir Hacıbəylini necə xatırlayırsınız? - Üzüyumşaq, mərhəmətli, istiqanlı bir gözəl insan idi. Onun nurani siması heç vaxt mənim yadımdan çıxmaz. İnsanlara münasibətdə çox mehriban idi. Hər kəsə həm dahi insan, həm də sənətkar olmaq nəsib olmur, Üzeyir bəy seçilənlərdən idi. Onun ilk tanışlığımız günü mənə elə gəldi ki, sanki imam nəvəsini görürəm, çox işıqlı, parlaq gözləri vardı. Onun qarşısında ilk dəfə öz yazdığım “Bala” mahnısını ifa etdim. Çox bəyəndi. - Üzeyir bəy tələbələri ilə münasibətdə necə idi? - Heç vaxt onda sərtlik görmədim. Üzeyir bəy tələbələrinə çörək yedirirdi. Müharibə vaxtı idi, çörək tapılmırdı, dəfələrlə cibinin pulunu tələbələrinə xərcləyib. Bir gün halsız idim, dərsə gəlib piano arxasına keçəndə - “Şəfiqə, mənə bax!” – dedi, baxdım və soruşdu ki, niyə rəngim qaçıb?! Biz də çox çətin vəziyyətdə yaşayırdıq, tələbə idik, bir gün tapırdıq, bir gün tapmırdıq, əlbəttə ki, çətinliyimiz simamıza da yansımışdı. Üzeyir bəy bütün tələbələrinə qarşı belə diqqətcil, həssas, mərhəmətli idi, hamının dərdi problemi ilə maraqlanır, dərhal onu həll etməyə çalışırdı. - Üzeyir bəy Azərbaycan musiqisinin gələcəyini necə görürdü? - O, daim musiqimizi inkişaf etdirməyə çalışırdı. Bütün musiqi janrlarında milli köklərimizi əsas tutmağına baxmayaraq, hər zaman tələbələrinə dünya musiqisi ilə də maraqlanmağı məsləhət görürdü. Təsadüfü deyil ki, Üzeyir bəy Konservatoriyaya bir çox xarici ölkədən məşhur musiqiçiləri dəvət edirdi. - Onun sizə dediyi hansı söz qulaqlarınızda sırğadır? - Hər zaman deyərdi ki, insan olmaq lazımdır. Hər şeydən əvvəl insanlıqdır, sənətkar olmaq asandır, amma insanlıq çox vacibdir. - İlk bəstənizin dinləyicisi kim olub? - Elə Üzeyir bəyin qarşısında ifa etdiyim “Bala” mahnısı ilk əsərimdir, 17 yaşımda yazmışam. Bu mahnı Azərbaycanda və Rusiyada çap edildi. İkinci Dünya müharibəsində öz balasını müharibəyə yola salan anaya həsr edilib. Bala həsrəti, onun geri dönməməsi ananı yaralayır və ana mənən bu dünyadan köçür. Böyük bacım Zümrüdün həyat yoldaşı yaradıcı insan idi, hər zaman onların evlərinə tanınmış mədəniyyət xadimləri, şair və yazıçılar yığışardı. İlk əsərlərimin dinləyiciləri də elə onlar olub. Sonralarsa Üzeyir Hacıbəyli və digər müəllimlərim oldu. - Sonuncu əsərinizi nə zaman bəstələmisiniz? - 2009-cu ildə Xalq şairi Bəxtiyar Vahabzadənin “Sevgi ölmür” şerinə mahnı bəstələmişəm. Müğənni Eldar Ələkbərov çox gözəl ifa edib. Hətta Bəxtiyar Vahabzadə də dinləmişdi və çox kövrəlib “Şəfiqədir də......” demişdi. Bəxtiyar Vahabzadə mənim yaradıcılığımı çox yüksək qiymətləndirirdi. Mahnılarımın yarısından çoxu onun şeirlərinə bəstələnib. Qəlbən bir-birimizə çox yaxın idik, sanki mənim ürəyimdən keçən sözləri o qələmə alırdı. Biz həm də Şəkidə qonşu idik, sonralar dostluq münasibətlərimiz yarandı və bu bizim birgə yaradıcılığa başlamağımıza səbəb oldu. - İndiki Azərbaycan musiqisinə neçə qiymət verərdiniz? - Mən milli ruhda yazılan musiqiləri dinləmək istəyirəm. Amma indi kökümüzə bağlı olan mahnılar yoxdur. İndiki mahnılar atasız-anasız, “bic” dünyaya gələn uşaqlara bənzəyir. Bir gün oxunur və sonra yaddan çıxır. “İntizar”, “Gözlərimin işığı sənsən”, “Nədən oldu”, “Neyçün gəlməz”i 40-50 il bundan əvvəl yazmışam, amma hələ də oxunur. Hər dəfə müğənnilərin ifasında bu mahnılarımı eşidəndə özümü çox xoşbəxt hiss edirəm. - Müasir Azərbaycan musiqi sənətində nə çatmır? - Səhərdən-axşamadək televiziyaya baxıram. Tək-tük hallarda xoşuma gələn mahnıya rast gəlirəm, ürəyimə yatır. Amma televiziyaya baxandan sonra da bütün günü fikir məni götürür ki, Azərbaycan musiqisinin axırı necə olacaq? Niyə Fikrət Əmirovlar, Qara Qarayevlər, Cahangir Cahangirovlar yaranmır? Onlar bir dövr idi, gəldilər və getdilər, bəs sonra, bəs indi? Sadaladığım istedadlı və hərtərəfli musiqiçilər kimi ümidverici bəstəkarlar görmürəm. “Gəlin qayası” operasını 8 ilə yazdım. Aylarla balamı atıb gedib Moskvada qalırdım, bütün günüm arxivlərdə, məşhur musiqiçilərlə məsləhətləşməklə keçirdi. Arif Məlikovla uzun müddət bu opera üzərində çalışdıq. İncəsənət yolunda belə çalışmaq-vuruşmaq yoxdur indi. Hamı pul, maşın yaxşı şərait arxasınca qaçır. - İfa edilməyən mahnılarınız varmı? - Bu yaxınlarda bacım Rəfiqə ilə arxivimi gözdən keçirirdim, çox sayda işıq üzü görməyən mahnım var. Arxivimə heç baxmaq istəmirəm, 70 ildir yazıram, artıq çox yorulmuşam. Bəzi mahnılarımsa heç çap olunmayıb, əlyazmada qalıb. Nailə Mirməmmədli ilə yaxın dostuq, ondan xahiş etmişdim ki, bu mahnıların aqibəti ilə maraqlansın, lakin onun da ailəsində faciə oldu, başı qarışdı, mən də həvəsdən düşdüm, soyudum. Heç müğənnilər də mənə oxunmayan mahnılarım üçün müraciət etmirlər. Çoxları artıq yazmadığımı düşünür, amma hələ oxunmayan mahnılarımdan da xəbərləri yoxdur. Yalnız Gülyaz və Gülyanaq bacıları indiyədək səslənməyən mahnılarımı oxumaq üçün mənə müraciət etdilər. - Mahnılarınızın demək olar ki, hamısı lirik, məhəbbət mövzusundadır. Sevgini tapmayanda belə mahnılar yaranır, yoxsa tapanda? - Mənim mahnımda deyildiyi kimi “Sevgi ölmür”. Gözəl sevgi daim ürəkdə yaşayır. Lakin sevgini tapmayanda o, daha çox mahnılarda yaşanır (gülür). - Peşman olduğunuz əməliniz varmı? - Xeyr. Baxmayaraq ki, bir çox qadın kimi geniş ailəm, övladlarım olmadı, amma çox xoşbəxtəm. Sənəti hər şeydən üstün tutdum, həyatımı musiqiyə qurban verdim. Xalqım mənimlə fəxr edir, mən də onların mənə olan hörməti və sevgisi ilə fəxr edirəm. Çox şadam ki, bəstəkar oldum və canımı incəsənətə qurban verdim. - Ömrünüzün indiki çağını hansı əsərinizə bənzədirsiniz? - (kövrəlir) “Tənha ana” mahnıma. Baxmayaraq ki, bacım, onun övladları, nəvələri hər zaman mənim yanımdadırlar, qayğı göstərirlər, amma hər zaman özümü tənha hiss edirəm. Oğlum məni tənha qoydu... - Sizin mahnıları dinləyib ağlayanlar var. Maraqlıdır, ağlayaraq bəstələdiniz mahnılar olubmu? - Bəli, “Lay lay” və “Gözlərimin işığı sənsən” mahnılarımı yazanda da, hər zaman onları dinləyəndə də ağlayıram. Bu mahnılar ən daşürəkli insanları belə kövrəldir. Hər zaman övladım gözlərim qarşısına gəlir (kövrəlir). - Şerə baxıb musiqi yazırsınız, yoxsa musiqini yazırsınız, sonra ona uyğun şeir tapırsınız? - Mütləq birinci şerə baxıram, əgər şeir məni tutursa, ürəyimə yatırsa, sonra musiqini bəstələmə başlayıram. Şeir məni dindirməsə, özünə çəkməsə, musiqi yaza bilmərəm, musiqilərim şeirdən doğub. Ümidə Həsənli (AZADİNFORM)

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862