• cümə axşamı, 28 mart, 12:38
  • Baku Bakı 16°C

“Ömrü bada verməmişəm” Reportaj

08.02.14 08:52 2793
“Ömrü bada verməmişəm” Reportaj
«75 yaş nədir ki? Ömrünü bütünlüklə elmə həsr edən, qəlbi vətən eşqi ilə döyünən, ürəyi torpaq sevgisi ilə dolu olan bir insan üçün 75 yaş nədir ki? Yaqub Mahmudov Azərbaycan elmində bir möhkəm qayadır. Yel qayadan heç nə qopara bilməz». AMEA Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun anadan olmasının 75 illik yubileyi ərəfəsində 12 cildliyinin, «Real tarix və «Böyük Ermənistan» uydurması», “Biblioqrafik göstərici əsərlərinin və tarixçi alim Yeganə Gözəlovanın «Azərbaycan tarix elmində Yaqub Mahmudov məktəbi» kitablarının təqdimat mərasimində səslənən bu fikirlər görkəmli alimin elmi və ictimai fəaliyyətinə güzgü tutub.
Ürək, təfəkkür, cəsarət
Prezident Kitabxanasının direktoru Mayil Əhmədov Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən bəhs edərək təqdimatı keçirilən 12 cildlikdə Azərbaycan tarixinin bütün dövrlərinə dair qiymətli tədqiqatlar toplandığını qeyd edib: “Mən Yaqub müəllimə uzun illər ərzində böyük zəhmət hesabına yazdığı bu əsərlərinin bizim kitabxanada təqdim olunmasına təşəbbüs göstərdiyinə görə, kollektivimizin minnətdarlığını çatdırıram. Bu, Yaqub müəllimin müdrik ziyalı olaraq kitabxanaya, mədəniyyətə yüksək dəyər verdiyinin bariz nümunəsidir. Fikrimcə, əsası bu böyük alim tərəfindən qoyulan gözəl ənənə davam etdirilməlidir”.
Qeyd edilib ki, 12 cildliyin I cildinə görkəmli alimin 1966-1978-ci illərdə yazdığı əsərlərin və məqalələrin biblioqrafik göstəricisi, II cildə müəllifin Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrini əks etdirən «Odlar yurduna səyahət» (1985), «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri: Ağqoyunlu dövləti (XV əsrin ikinci yarısı)» (1986, 207), 1981-1988-ci illərdə mövzu ilə bağlı dövri mətbuat və ensiklopediyada dərc edilən məqalələri daxil edilib. Nəşrin III cildinə rus dilində «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri (XV əsrin ikinci yarısı – XVII əsrin əvvəlləri)» monoqrafiyası, doktorluq dissertasiyasının avtoreferatı, «Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı münasibətləri (XV əsrin 60-70-ci illəri)» mövzusunda namizədlik dissertasiyasının avtoreferatı daxil edilib. IV cildə orta əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri tarixinə həsr olunmuş «Azərbaycan diplomatiyası» monoqrafiyası və Ağqoyunlu və Səfəvi dövlətlərində Azərbaycan diplomatiyasına aid 1991-2006-cı illərdə müxtəlif məcmuələrdə çap olunmuş elmi məqalələri yer alıb. Digər cildlərdə müəllifin xaricdə ingilis dilində nəşr olunmuş «Azərbaycan və Avropa adlı monoqrafiyası, «Azərbaycanın Avropa dövlətləri ilə əlaqələri. Ağqoyunlu dövrü» və «Azərbaycan-Avropa diplomatik əlaqələri» kitabları, beynəlxalq elmi konfranslarda etdiyi məruzələri, elmi toplularda dərc edilmiş məqalələri, Azərbaycan xalqının etnik siyasi tarixinə, dövlətçilik ənənələrinə və intibah mədəniyyətinə həsr olunmuş əsərləri, o cümlədən həmmüəllifi olduğu «Qarabağ: real tarix, faktlar, sənədlər», «Naxçıvan: tarixi və abidələri» və «İrəvan xanlığı» əsərləri daxil edilib. “Heydər Əliyev ideyalarının zəfər yürüşü» əsəri və həmin əsərin rus dilində mətni də nəşrlərdə yer alıb. «Qarabağ: real tarix, faktlar, sənədlər», «Naxçıvan: tarixi və abidələri» əsərlərinin rus dilində mətnləri, həmçinin müəllifin Azərbaycanın dövlətçilik və milli-mənəvi mədəniyyət tarixinə həsr olunmuş tədqiqatlarından ibarət 40-dan çox məqaləsi də nəşrlərə daxil edilib.
Tədbir iştirakçıları yubilyarı təbrik edərək Yaqub Mahmudovun elmi və ictimai fəaliyyətindən danışıblar. «Bu gün Azərbaycan tarix elmi üçün əlamətdar gündür» -deyən tarixçi alim Yeganə Gözəlova Yaqub Mahmudovun böyük elmi məktəbin banisi olduğunu qeyd edib: «Biz tarixçilər üçün isə milli məfkurəli tarixçidir. Onun qəlbi vətənlə döyünür. Yaqub Mahmudovun milli məfkurə sahibi olması onun qanında, genində və doğulduğu Şəki torpağındadır. Onun əsərləri cümlə-cümlə vətən sevgisi ilə yazılıb».
Tarixçi alim Nailə Vəlixanlı Yaqub Mahmudovun yazdığı əsərlərə toxunaraq «12 cildlik əsər elə-belə yaranmayıb. Bu cildləri yazmaq üçün ürək, təfəkkür, cəsarət lazım idi. Bunlar da Yaqub müəllimdə var. Hansısa bir tələbənin və ya kollektivin hörmətini qazanmaq hər müəllimə nəsib olmur. Yaqub müəllim bu hörməti qazana bilib. Yaqub müəllimin elm adamı kimi tarix elminə verdiyi töhfələr əvəzsizdir. Onun alimliyini ictimai fəaliyyətindən ayırmaq olmaz. Yaqub müəllim 75 ildə çox iş görüb. Həyatda əsas məqsədinə çatıb. Biz yenə də ona yaradıcılıq uğurları arzulayırıq!»
Milli Arxiv İdarəsinin rəisi, professor Ataxan Paşayev Yaqub Mahmudov Azərbycan tarix elminə yeni tədqiqatlar bəxş etdiyini qeyd edib: «Ümummilli lider Heydər Əliyev ermənilərlə bağlı məsələləri araşdırmaq üçün ona həmişə yaşıl işıq yandırıb. Ulu öndər haqqında ən sanballı monoqrafiyanı da Yaqub Mahmudov yazıb. Həmin kitab bir neçə dəfə nəşr olunub. Qısa müddətdə onun rəhbərliyi ilə akademiyanın tarix institutunda görülən işlər bu gün də prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir».
«Təhsil» nəşriyyatının direktoru Bəhruz Axundov qeyd edib ki, 30 ildən artıq əməkdaşlıq etdiyi görkəmli alimin 12 cildliyini Yaqub Mahmudovun yubileyinə töhfə olaraq nəşr ediblər: «Bu, onun elm qarşısında gördüyü işlərin müqabilində bir damladır».
“Təqib olunmağa vərdiş etmişəm”
«Mən təntənələrə, yubileylərə heç vaxt yol verməmişəm. Bu cür tədbirləri keçirmək heç ağlıma da gəlməyib. Amma indi elə bil giriftar qalmışam. Məni yaxından tanıyanlar dedilər ki, ömrün 75 il arxada qalıb və bunu qeyd etmək lazımdır. Mən də çox düşündüm”- deyən yubilyar kitabların təqdimatına fərəhini ifadə edib: “Tələbəlikdə bu kitabxanada çox günlərim keçib. Elə vaxt olub ki, gecə yatmayıb saat 2-yə kimi buralarda qalmışam. Bu mühitdə bizim yaradıcılığımız ərsəyə gəlib. Fikirləşdim ki, elə kitabların təqdimatını bu kitabxanada keçirmək lazımdır. Arxaya baxanda məndə bir təsəlli hissi yaranır ki, ömrü bada verməmişəm. Geriyə baxanda ən böyük sevinc hissi yaradan da budur. Ötən əsrin 60-cı illərində namizədlik dissertasiyasını müdafiə edəndə mənə birdən-birə doktorluq dərəcəsi verdilər. Amma bu gün də məni təqib edən şər qüvvə işə düşdü ki, nə üçün ona doktorluq verirsiniz? Belə cavan oğlana doktorluq dərəcəsi vermək olmaz. Sonra məni işlə təmin etmədilər. Baxmayaraq ki, mən institutu əla qiymətlərlə bitirmişdim. Sonra Rəsul Rza ilə birlikdə Milli Ensiklopediyada işlədim və mücadiləyə başladım. Elə o vaxtdan da bu yoldayam. Hər bir əsərim çap olunanda, hansısa bir yeniliyə imza atanda təqib olunmağa, sıxışdırılmağa vərdiş etmişəm”. Akademik elmi fəaliyyətinin Moskva ilə bağlı illərini də xatırlayıb: “Həyat elə gətirdi ki, mən Azərbaycanda edə bilmədiklərimi Moskva Dövlət Universitetində həyata keçirdim. «Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin diplomatiya tarixi»ni orada müdafiə etdim. Orada onun çap olunmasına imkan yaratdılar. Bu gün qürur hissi keçirirəm ki, mən sovet dövründə Azərbaycanın xəritələrini çap etdirməyə başladım. Rəsul Rza ilə birgə onların bəzilərini çap etdirdik. Amma hamısını çap etdirməyə qoymadılar. Amma mən Tarix İnstitutunun direktoru olandan sonra Azərbaycan prezidentinin xeyir-duası ilə həmin xəritələr buraxıldı. Mən Azərbaycan tarixi xəritələrini Moskvada, Londonda, Nyu-Yorkda, Los-Ancelesdə, Vaşinqtonda da çap etdirdim. Bu gün geriyə baxanda qürur hissi keçirirəm. Mənə vaxtilə mane olan qüvvələr gördülər ki, mən həmin xəritələri hətta, dünyanın ayrı-ayrı ölkələrində çap etdirdim. Bunun dövlətçilik baxımından böyük əhəmiyyəti var”. Tarixçi alim tədqiqatlarında ermənilərin torpaqlarımıza iddiaları ilə bağlı ortaya çıxardığı nüanslardan danışıb: “12 cildlikdən əlavə, «Real tarix» və «Böyük Ermənistan uydurması» kitablarımın ilk nüsxələri çapdan çıxıb. Bu kitablarda erməni qəsbkarlarına torpaqlarımızın tarixən bizə məxsus olduğu bir daha sübut edilib. Tarix İnstitutu sübut elədi ki, ermənilər bu torpağa köçürülüb gətirilmədir. İrəvan bizim torpağımızdır. Biz o torpaqların sahibləriyik. Bütün bunlar bu gün həqiqətdir və erməni qəsbkarlarının da buna qarşı çıxası halları yoxdur. Bu kitablarla tanış olanda görəcəksiniz ki, təkcə böyük Ermənistan uydurulmayıb, hətta, bu torpaqların qədim əhalisi olduqlarını sübut etmək üçün ermənilər qədim Anadolu, Kiçik Asiya dağlarının adını da dəyişdirib onu “erməni yaylası” adlandırıblar. Biz onlara qarşı döyüşdəyik. Bundan sonra da bu tədqiqatları davam etdirəcəyik”. Y.Mahmudov AMEA Tarix İnstitutunda aparılan tədqiqatlara görə, dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə görkəmli alimin ömür salnaməsini fotolarla əks etdirən videoçarx nümayiş etdirilib.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər