• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

Moşu Göyəzənlidən min dəfə istedadlıyam

30.09.19 15:30 889
Moşu Göyəzənlidən min dəfə istedadlıyam
Müsahibimiz gənc yazar Pərvindir. Pərvin xanım Gənclər və İdman Nazirliyinin "İlin gənci”, Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə”, Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür. əsərləri rus, türk, latış və Litva dillərinə tərcümə olunub. 2014-cü ildə ölkə prezidentinin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
– Pərvin xanım, müsahibəyə bir qədər fərqli sualla başlamaq istəyirəm. Ədəbiyyatda, kinoda, musiqidə və bu kimi sənət sahələrində peşəkar qadın imzalar az olur. Uğurlu, tanınan yazıçılar da azdır, istər bizim ədəbiyyatda, istər dünya ədəbiyyatında. Sizcə, qadınlar özlərini ifadə etmək istəmirlər, yoxsa edə bilmirlər?
– Doğrusu, bu sual fərqli şəkillərdə o qədər soruşulur, ümumiyyətlə, bu mövzu o qədər müzakirə olunur ki, daha da dərinə getməyə çalışıram. Özüm də anlamaq istəyirəm... Səbəbləri ən azı özüm üçün müəyyənləşdirməyə çalışıram. Bəlkə, qadının ilkin başlanğıcdan başqa missiya ilə göndərilməsidi səbəb, bilmirəm. Bəlkə də, yaradıcılığın zərif çiyinlər üçün ağır olmasında. Özünü ifadə etməkdə deyil məncə məsələ, sadəcə o düşüncələri daşımağa və yaradıcılıq çətinliklərini yaşamağa gücü çatmaqdadı. Bu mənada Otto Veyninqerin "Cins və xarakter” əsərindən bir çox suallarıma cavab tapmışdım. Hətta yadınızdadırsa, o, kişi və qadın başlanğıcından danışanda yaradıcı qadınlarda kişi başlanğıcının üstünlük təşkil etdiyini deyirdi. Yəni bir qayda olaraq yaradıcılıq kişi işi sayılırmış... Amma yenə də istisnalar haqqında saatlarla danışmaq olar...
– "Qadın olmaq” kitabında dünyaya səs salmış dahilərin həyatını dəyişən zərif cinsləri araşdırmısınız. O kitabdakı hansı obrazınızın yerində olmaq istərdiniz?
– Əgər haqlarında yazmışamsa, ən azı yazdığım müddətdə özümü onların yerinə qoymuşam. Amma açıq söyləsəm, xeyr. Hələ heç bir qadının həyatına, yaşantılarına həsəd çəkməyim olmayıb. Nə keçmişdə yaşayanların, nə də müasirlərimin... Məncə, hər kəs öz rolunu oynamalı və öz olduğu yerdə, məqamda, məkanda lazımlı olmağı bacarmalıdı... Öz həyatımda buna nə dərəcədə nail ola bilmişəm, demək çətindi. Ancaq hər halda əsrlər ya illər öncə yaşayan güclü qadınların həyatını təkrar etməyə, ya da onlara bənzəməyə çalışmıram. Onlardan sadəcə öyrənmək olar. Səmimi söyləyirəm ki, məni ən çox qadın fədakarlığı təsirləndirir.
– Bir nümunə deyə bilərsinizmi?
– Yadımdadı, Mirzə Cəlilin xanımı Həmidə xanım Cavanşir haqqında oxuyanda, sonra da esse yazanda özümə qəzəbli idim. Çünki o çətinliklərdən keçən böyük qadınların, fədakar, təəssübkeş qadınların yaşadıqları ilə müqayisədə əndişələrim, narahatlıqlarım çox mənasız görünmüşdü mənə. İndi bunu yadıma saldım və başa düşdüm ki, bəlkə əslində o fərqli qadınların taleyini araşdırmaq onlardan öyrənmək üçün, özünü tərbiyə üçün faydalı olub...
– Qadının əks cinsdən daha qüvvətli sənət yaradacağına inanırsınız, ümumiyyətlə?
– Hansı əks cinsdən? Məsələn, mən Vaqif Səmədoğlunun məşhur personajı şair Moşu Göyəzənlidən min dəfə istedadlıyam. Amma Marsel Prust qabağıma çıxsa, "gizlənməyə bir yer göstər”sələr də, həyəcanımdan çaşıb qalaram... (gülür). Nə demək istədiyimi anladız... Məncə sənəti bu cür cinslərə bölmək, hansı daha güclüdü, "qadın döyər, yoxsa kişi” prinsipləri ilə dəyərləndirmək doğru deyil. Görürsüz, mövzu o qədər qəlizdir ki, Otto Veyninqerlə polemikaya girirəm artıq... (gülür) Axı, dünya tarixində sənəti ilə kişiləri heyran qoyan qadınlar da, yaxud qrafoman kişilər də az deyil. Misal üçün elə daha öncə dediyiniz "Qadın olmaq” kitabımdakı esselərdən birini Lu Salomeyə həsr etmişəm. Qadın bütün varlığı ilə, yazdıqları, ağlı, düşüncəsi ilə üç dahini – Rilke, Nitşe və Freydi heyran qoyub... Yaxud rus ədəbiyyatından Axmatova, Svetaeva kimi şairələr heç də öz kişi dostlarından geri qalmırdılar sənətdə. Frida Kalonun rəsm əsərləri qarşısında əri, dünya şöhrətli rəssam Dieqo Rivyera söz tapmırdı bəzən deməyə... Viktor Hüqo Jorj Sandın vəfatını eşidəndə yazmışdı: "Ölən üçün yas saxlayıram, ölməzi salamlayıram”. Bu cür nümunələri çox gətirmək olar...
– Hekayələriniz nə qədər realist təsir bağışlasa da, magik detalları sezmək olur. Mətnlərinizin saf tərəfləri daha çoxdur, yoxsa düşüncəli?
– Orxan Pamukun məşhur kitabındakı izahlar – saf, ya düşüncəli – sualları məni də zaman-zaman məşğul edir. Bir ara həyatdan yaxud kitabdan gəlmə ideyaları müzakirə olunurdu. Oxuduğum, sevdiyim yazıçıların mətnlərində bəzən bunları ayırd etməyə, sərhədlərini seçməyə çalışıram. Amma, düzü, öz yazılarımda hansının payı nə qədərdir, deyə bilmərəm. Bəlkə, ona görə ki, məhz hekayələrdə daha AZAD oluram... Bəzən gülməli yazmaq istədiyim mövzu tamam fərqli formada üzə çıxır... Yaxud öncədən düşündüyüm sonluq, yazdıqca sıradan çıxır, dəyişir və nəticə özümü də təəccübləndirir... Ona görə sualınızın cavabı mənim özümə müəmmadı. Hər halda bir etirafı edim ki, mətni yazdıqca həm də "oxuyuram”... Yəni oxucu kimi yanaşıram mətnə və çalışıram səmimi olum, özümlə də, digər oxucularla da...
– Yazı mətbəxinizdən danışardınız bir az...
– Təkcə yazı yox, bütün "mətbəxlərim” ovqatımdan asılıdır. Yəni ovqatım yerindədirsə, yemək də dadlı alınır, yaxud sadə bir qara paltarda özümü ən baxımlı hiss edirəm. Yerində deyilsə, saatlarla soba qarşısında durmağın da, gözəllik salonunun bütün ustalarını yormağın da mənası yoxdur. Və mən illərlə bu xasiyyətimi yaradıcılığın xeyrinə işlətməyi öyrənməyə çalışıram. Bəzən deyirlər beynini problem məşğul edirsə, yaza bilməzsən... Yaxud xoşbəxtlikdən sənət yaranmaz deyirlər. Məncə, zamanla, peşəkarlıq artıqca idarə etmək mümkündü bunları. Yəni hər ovqatda, hər halında yazmaq çox vacibdir. Amma yazdığın da sənət olacaq, ya yox, bu sonrakı məsələdir. Oxucuların, zamanın, tarixin hökmünə bağlıdır. Əsas hər halını, hər fikrini yazıya çevirmək bacarığını itiləməkdi... Ona görə demək olar hər gün yazıram və təbii bir yaradıcı adam məsuliyyətsizliyini yaxına buraxmıram.
– Müsahibələrinizdə ən çox yaradıcılığın zəhmətlə uğurlu olduğunu vurğulamısınız. Çağdaş ədəbiyyatda, xüsusən romançılıq və hekayəçilikdə istedad, zəhmət, müşahidə necə bölünür, sizcə?
– Çağdaş nəslin zəhmətdən qaçdığını hiss edirəm. Daha asan yolla getməyə, daha az işləyib tez məşhurlaşmağa can atırlar. Doğrusu, indiki zamanın da tələblərini və dünyanın gəlib çatdığı məqamı düşünəndə nəyin doğru, nəyin yalnış olduğunu demək çətindir. Amma bütün hallarda məncə bu sadaladıqlarınızın payı bərabər olmalıdır. Bunu hər zaman tələbələrimə də söyləyirəm ki, başını kitabların səhifələrindən qaldırmadan, real həyat sevinclərini, hisslərini yaşamadan hər hansı bir işdə uğur qazanmaq mümkünsüzdü. Yəni insan hər şeydən öncə YAŞAMAĞı bacarmalıdır... Elə yaradıcı adam üçün də belədir. Sadəcə siz dediyiniz kimi bütün yaşananları müşahidə edib, düşünüb, dərinliklərinə enib yadda saxlasan da, yenə də yazmaq məqamı çatır... Onda da Allahın verdiyi istedad, özünün zəhmətkeşliyin... Bir sözlə, hamısı bir-biri ilə bağlıdır.
– O klassik sualı sizə vermək istəyirəm – necə yazmaq, yoxsa nəyi yazmaq?
– Əslində, ikisi də... Çünki yaradıcı adam bir az zamanla hesablaşmağı da bacarmalıdır. Amma necə yazmaq mənim üçün daha ciddi və çoxqatlı məsələdir...
– Pyesləriniz teatrların repertuarına tez-tez düşür və kifayət qədər uğur qazanıb. Obrazları səhnədə düşünmək asandı, yoxsa oxucunun təxəyyül dünyasında?
– Hərəsinin öz tələbləri var... Səhnə üçün yazmaq daha çətindir, bəlkə. Çünki nəsr əsərinin sonrakı taleyində sən varsan, qəhrəmanın, hadisə var və oxucu var. Səhnə əsəri isə işıqçıdan tutmuş aktyora, rejissora qədər hamının yaradıcılığına çevrilir. Yəni sən yazdıqca o mətnin üzərində işləyəcək, tamaşanı quracaq, ifa edəcək digərlərini də düşünməlisən. Bu peşəkarlıqla bağlı məqamdı və mən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayandan, məşq prosesslərini izləyəndən sonra bunun nə qədər çətin olduğunu bir daha anladım. Bəzən hissə qapılıb uzun bir monoloq yazan dramaturq rejissoru da, aktyoru da necə çətin vəziyyətə saldığını təsəvvür etmir bəlkə... Ona görə dramaturgiya qızıl ortanı daha çox tələb edir. Çalışıram bu incəlikləri öyrənim... Amma əlbəttə bu, üç-beş ilin işi deyil!
– Azərbaycan oxucusunu qane edə bilirsiniz? Necə düşünürsünüz?
– Mən oxucu qarşısında müttəhim kürsüsündə hiss etmirəm özümü... Yəni oxucuya haqlı, ya da günahsız olduğumu və yaxud yaxşı yazdığımı sübut etməyə ehtiyac yoxdur. Sadəcə yazıram, özümü, düşüncələrimi ifadə edirəm, bildiklərimi, öyrəndiklərimi bölüşürəm. Oxucu bu yazıları oxuyurmu, nə xoşuna gəlir, nə gəlmir, bunlar onun öz dünyasına, sənət zövqünə, düşüncələrinə, hətta yazını oxuyandakı ovqatına bağlıdır. Ona görə istənilən fikrə çox sakit və təmkinlə yanaşıram. Tənqidin də, müsbət fikirlərin də yazıçıya faydası var. Amma heç şübhəsiz yazılarım haqda müsbət fikir, özü də zövqünə inandığım insanların xoş sözlərin eşidəndə sevinirəm, gördüyüm işə inamım artır. Bu isə çox vacibdir.
– "Qar yağacaq” kitabındakı hekayələrlə "525”də son çıxan hekayələrinizdə üslub, təhkiyə fərqi var. Dəyişməyən obrazlarınızın görünüşləridir, həm daxili, həm xarici?
– Maraqlı müşahidədir. "Qar yağacaq” mənim ilk hekayələrimin toplandığı birinci kitabımdır. Əlbəttə, ilk vaxtlarda özünü, üslubunu, təhkiyəni çox axtarırsan. Yəqin hələ də axtarıram. "Qar yağacaq” kitabımla bu son hekayələri on il ayırır və dediyiniz dəyişikliklər varsa, buna ancaq sevinə bilərəm. O ki qaldı obrazların daxili və zahiri görünüşlərinə, burda bir qədər fikrə gedirəm... Çünki əvvəlki yazılarda daha çox qadınların, hətta gənc qızların ovqatını, düşüncələrini, başına gələnləri yazırdımsa, son hekayələrdə əfsanəvi qəhrəman Piqmalion, yaxud ölümlə üz-üzə durmuş yaşlı kişi Çingiz müəllim düşündürüb məni...
– Yaradıcılığınızda nə yenilik var? Nə üzərində işləyirsiniz?
– Bu günlərdə "190 yaşlı həmdəmim” adlı esselər kitabım işıq üzü görəcək. İlin sonuna kimi hekayələr kitabımı da çapa hazırlamaq niyyətim var. Oktyabrın 6-da Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün Ərəb xalq nağıllarının motivləri əsasında yazdığım "Sindbad” pyesimin əsasında əməkdar artist Nicat Kazımovun hazırladığı eyniadlı tamaşanın premyerası olacaq. Yeni yazdığım "Ürəyə düş” pyesimə Azərbaycan Teatr Xadimləri İttifaqının rejissor laboratoriyasında Səbinə Məmmədova quruluş verib. Oktyabr ayında həmin tamaşanın da premyerası olacaq.
– Uğurlar! Çox sağ olun!
– Tamaşalara gözləyəcəm...

Söhbətləşdi: Rəvan Cavid

banner

Oxşar Xəbərlər