Moskvadan Yerevana “tərs şillə”
Rəsmi Moskva növbəti dəfə Ermənistan hakimiyyətini ifşa edən
ittihamlarla çıxış edib.
Rusiya kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Rusiya
Xarici İşlər Nazirliyiötən il Ermənistanda partiya kimi qeydiyyata
alınan "Sasna Srer” təşkilatının planlarını ifşa edib.Rəsmi
Moskvanın nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə bağlı hazırladığı hesabatda
vurğulanır ki, "Sasna Srer”in məqsədi Ermənistanın həm indiki ərazisinin,
həm də Dağlıq Qarabağın daxil olduğu "yeni Ermənistan yaratmaq”, habelə xarici
ölkələrdə yaşayan erməniləri ümummilli referendum vasitəsilə birləşdirməkdir.
Bundan əlavə, partiyanın proqram göstərişlərində guya Rusiya müstəmləkəçiliyi
tərəfindən tapdalanmış hüquqların bərpa olunması, Naxçıvanda və Axuryan çayının
qərbində Ermənistan hakimiyyətinin səlahiyyətinin bərqərar edilməsi vəzifəsi
əksini tapıb."Sasna Srer” ideologiyasının əsasında Ermənistan
Respublikasının "cinayətkar rus-türk müqaviləsi”nin (1921-ci il Moskva
müqaviləsi) ləğvi və "yeni dövlətin yaradılması” üçün mübarizə dayanır.
Hesabatda bildirilir ki, Ermənistanda irqçilik və xarici düşmənçilik
təzahürləri vahidlik xarakteri daşıyır: "Dövri olaraq İran və Hindistandan
gələnlərlə yerli erməni əhali arasında ədavətin olduğuna dair məlumat yayılır.
Bu da bir çox hallarda gələnlərin özünü qeyri-mütənasib aparmaları ilə
bağlıdır”.
Qeyd olunur ki, irqi zəmində törədilən cinayət hallarına görə,
Ermənistan Cinayət Məcəlləsində cəza müəyyən edilməsi nəzərdə tutulub. Belə ki,
bu motivli cinayət törədənlər 2 ildən 4 ilədək azadlıqdan məhrum edilə
bilərlər. Mətbuatda bu cür hallara yol verənlərin cəzası isə 3 ildən 6 ilədək
həbsdir. Hesabatda əksini tapmasa da, qeyd etmək yerinə düşər ki, 2017-ci ildə
Rusiyanın "Zvezda” telekanalında "Proqnozlar” tok-şousunda aparıcı, politoloq
Veronika Kraşeninnikova Ermənistanın Avropa İttifaqına daxil olmasının
mümkünlüyü mövzusuna toxunub. Aparıcı Ukrayna ilə paralellər aparıb, həmçinin erməni
hərbi və dövlət xadimi Qaregin Njdeni faşist adlandırıb və hakim Respublika
Partiyasının üzvlərini faşistlərlə müqayisə edib. Daha sonra "Zvezda”
telekanalı "Proqnozlar” tok-şousunun bu buraxılışını özünün "YouTube”
kanalından silib. Bir gün sonra isə telekanalın nümayəndəsi tok-şounun bu
buraxılışına görə üzr istəyib və Rusiyanın Ermənistandakı səfiri Vardan
Toqanyana üzrxahlıq məktubu göndərib. Məktubda aparıcının sözləri "xəta”
adlandırılıb. Xatırladılır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda
Yerevanda post-patrul xidməti alayının binasına silahlı hücum ediblər. Nəticədə
iki polis qətlə yetirilib. Şübhəsiz ki, bu məruzədə yer alan faktlar ATƏT-in
Minsk qrupuna həmsədr ölkə kimi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində
daha ayıq-sayıq olmağa vadar etməlidir. Sənəddə həmçinin Ermənistanın keçmiş
hakim Respublika Partiyası tərəfindən Üçüncü Reyxlə əməkdaşlıq edən
terrorçu Qaregin Njdeyə Yerevanda abidə qoyulduğuxatırladılır.Bəlli
olduğu kimi, Ermənistanda faşizmin təbliği çoxdandır ki, dövlət səviyyəsində
aparılır. Faşizmin nökəri olmuş erməni əsilli şəxslərin şərəfinə Yerevanda
küçələr adlandırılır, kitablar çap olunur, sikkələr buraxılır, filmlər çəkilir.
Ekspertlər hesab edirlər ki, rəsmi Moskvanın bu sənəddə faktları daha aydın
ifadə etməsi, həm də Ermənistan daxilində siyasi vəziyyətin dəyişməsi ilə
əlaqədardır. Rusiya XİNbu məruzə ilə həm də Ermənistandakı
bütün terrorçu qruplaşmaların məhvedilməli olmasına dair rəsmi
Moskvanın mövqeyini ifadə etmiş oldu.
Bir faktı da xatırlatmaq yerinə düşər ki, BMT Baş Assambleyası bir
neçə il əvvəl "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik,
ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm
və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Sənədin 4-cü
bəndində qeyd olunur ki, BMT Baş Assambleyası nasizm hərəkatının, neonasizmin
və "Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada
məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist
keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi
nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə
aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq
hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə
məşhurlaşdırılmasına görə dərin narahatlığını ifadə edir. Özü də BMT Baş
Assambleyasının bu qətnaməsi Rusiyanın təşəbbüsü ilə qəbul olunub. Hərçənd,
rəsmi Moskva İkinci Dünya Müharibəsinin nəticələrini yenidən yazmaq və təhrif
etməyin yolverilməz olduğunu dəfələrlə bəyan edib.
Ümumiyyətlə, artıq uzun müddətdir ki, Ermənistanda bir təmayül özünü
açıq-aydın büruzə verir. Əvvəlki hakimiyyətin dövründə Yerevandakı hakim rejim ölkədə davam edən
sosial-iqtisadi böhran içində çapalayan cəmiyyətin çoxsaylı problemlərinə çarə
tapa bilmədiyindən, ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə cəhd
edirdi. Bu istiqamət 74 il əvvəl tarixin zibilliyinə atılmış faşizmi
dirçəltmək, nasistlərə haqq qazandırmaq və onların hərbi cinayətlərini
qəhrəmanlıq kimi qələmə verib təbliğ etməkdən ibarətdir. Görünən odur ki, Ermənistan
həm erməni xalqı, həm də bəşəriyyət üçün son dərəcə təhlükəli olan faşizmə
pərəstiş yolu seçib. Bu siyasət özünü inqilabçı adlandıran indiki hakimiyyətin
də əsas siyasətindən birinə çevrilib. Yerevan rejimi hitlerizmlə çiyin-çiyinə
insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş "qəhrəman”lar ortaya
çıxarır, onları məşhurlaşdırmaq üçün hər vasitəyə əl atır.
Azər NURİYEV