“Moskvadan yaxşı nəticə ilə qayıtmaq istəyirik”

“Moskvadan yaxşı nəticə ilə qayıtmaq istəyirik”

İdman
10 Oktyabr 2012, 17:34 1147
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts dünən mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis AFFA-nın inzibati binasında keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Foqts öncə Rusiya yığması ilə oktyabrın 16-da Moskvada keçiriləcək rəsmi oyuna hazırlıq barəsində danışıb: “Bir neçə gündür təlim-məşq toplanışdayıq. Çox istərdim ki, jurnalistləri orada gördüm. Ancaq təəssüf ki, görmədim. Hazırlıq üçün şərait çox yaxşıdır. Moskvada süni meydançada oynayacağımızdan, biz də belə qazonda çalışırıq. Futbolçulardan tam razı qala bilərdim, ancaq bir az yorğundurlar. Əsas odur ki, çalışırlar və oyunu böyük həvəslə gözləyirlər. Moskvadan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Yaxşı oyun göstərəcəyimizə inanıram”.
Komandada əsas problemin Rəşad Sadıqovla bağlı olduğunu deyən Foqts kapitanın zədəli olduğunu bildirib: “Rəşad məşqdə zədələnib. Həkimlər vəziyyətinə baxır. Qarşıdakı günlərdə məşq etməlidir. Əgər edə bilməsə, Moskvada oynamayacaq. Bilsəm ki, Rəşad meydana çıxmayacaq, onu kiminlə əvəzləmək haqda fikirləşəcəyəm. Ancaq hələlik onun meydana çıxa biləcəyinə ümid edirəm”.
Almaniyalı mütəxəssis düşərgəyə yeni dəvət olunan futbolçular haqda da danışıb: “Almaniyanın III liqasında oynayan Dmitri Nazarov artıq gedib. Zədəli olduğundan düşərgədə qalmadı. Maraqlı, sürətli futbolçudur. Elhad Nəzirli isə Moldovadan dəvət edilib. Onu məni Almaniyada çalışan məşqçi məsləhət görüb. Noyabrda Şimali İrlandiya ilə oyunumuz var. Elhadı həmin matça da dəvət edə bilərik”.
Millimizin çalışdırıcı Premyer Liqanın lideri olan “Simurq”un kapitanı Rasim Ramaldanovun yığmaya çağırılmamağına da toxunub: “Sözsüz, həmin futbolçunu tanıyıram. Mən ölkə çempionatı ilə beynəlxalq oyunlardakı fərqi hiss edirəm. Onu və bir neçə futbolçunu dekabrda Bakıda təlim-məşq toplanışımıza çağıracağam”.
Foqts Moskvadakı qarşılaşmada qapıda Kamran Ağayevin duracağını bildirib: “Məşqləri buna uyğun qururam. Şadam ki, Anar Nəzirov son 2 matçda oynayır. Səlahət Ağayev isə inkişaf edir. Ancaq hazırda Kamran Azərbaycanda 1 nömrəli qapıçıdır”.
66 yaşlı mütəxəssis ölkəmizdə oynayan bəzi legionerlərin milliləşdirilməsinə də münasibət bildirib: “FİFA-nın bununla bağlı qaydası var. Həmin legioner 5 il ölkəmizdə oynamalıdır. Məndə olan məlumata görə, Nazarovun Azərbaycan kökləri var. Ancaq istənilən halda, bu sualı mənə yox, AFFA-ya vermək lazımdır. Biz Dmitrini yalnız yoxlayırıq. Azərbaycanda əvvəl də olub ki, burada oynayan legionerə milli pasport verilib. Oyunçu maraqlı olsa, ona pasport verəcəyik”.
Foqts müdafiənin sol cinahında oynaya bilən Elnur Allahverdiyevlə Ufuk Budakın yoxluğunda kimi oynadacağını hələ müəyyənləşdirməyib: “Bilirik ki, sol cinahda seçimimiz çox deyil. Bir sıra futbolçulara baxıb, sağdan sola keçiririk. Hazırlıq bitəndən sonra qərarımızı verəcəyik”.