AZE | RUS | ENG |

Moskvadan şad xəbər ümidi ilə

Moskvadan şad xəbər ümidi ilə
Yığmamız indi də Rusiya paytaxtında sensasiya etməyə çalışacaq


Oktyabrın 16-dA DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. F qrupunda mübarizə aparan Azərbaycan milli komandası özünün 3-cü qarşılaşmasına çıxacaq. Almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri Rusiya yığması ilə görüşəcək. Millimizin seçmə mərhələdəki 2-ci səfər oyunu Moskvadakı məşhur “Lujniki” stadionunda baş tutacaq.
Qazandığı yeganə xalı öz meydanında əldə edən komandamız qrup lideri ilə qarşılaşmada sensasiyaya imza atmağa çalışacaq. Çünki ilk 3 oyunda xal itirməyən Rusiya millisi bu matçlarda qol da buraxmayıb.
Rusiyalılar Rumıniya və İspaniya ilə birlikdə seçmə mərhələdə qol buraxmayan 3 Avropa təmsilçisindən biridir. Lakin millimiz şimal qonşularımızı bu siyahıdan kənarlaşdıra bilər.
Bu qarşılaşma rəqiblər arasında 3–cü duel olacaq. DÇ-2010-un seçmə mərhələsində də Berti Foqtsun yetirmələri Rusiya ilə eyni qrupda yer almışdı. Həmin vaxt “Lujniki”də 0:2 hesabı ilə uduzan yığmamız Bakıda rəqibindən xal almağı bacarmışdı. Belə ki, seçmə mərhələnin Bakıdakı son görüşü 1:1 hesabı ilə başa çatmışdı.

Berti Foqts: Mənim üçün qələbə vacib deyil

“Hazırda Rəşad Sadıqov müalicə olunur. Onun Rusiya ilə oyunda meydana çıxması üçün əlimizdən gələni edəcəyik. Komandanın kapitanı oynamayanda, çox çətin olur”. Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə sabah baş tutacaq oyunu ərəfəsində baş tutan mətbuat konfransında heyətlə bağlı danışıb.
Foqts zədəli müdafiəçi Rəşad Sadıqovun milli üçün vacibliyini vurğulayıb: “Rəşadın oynamayacağı halda onu kimin əvəzləyəcəyini mən də, köməkçim də bilir. Lakin bunu açıqlamaq istəmirəm. Mənə elə gəlir ki, Fabio Kapello üçün Sadıqovun oynayıb-oynamamağının elə də fərqi yoxdur. Amma bizim üçün fərqi var. Çünki Rəşad seçmə oyunlarda çox yaxşı təsir bağışlayıb. Meydana çıxacağı halda, ondan yenə eyni oyunu gözləyirik”.
Foqts yığmamızın az qələbə qazanmağından narahat olmadığını da açıqlayıb: “Mənim üçün Azərbaycan yığmasında qələbə elə də vacib deyil. Mən bura futbolu inkişaf etdirməyə gəlmişəm. Bilirdim ki, burada məğlubiyyətlərim çox olacaq. Mənim məqsədim Azərbaycan yığmasını Avropada ortabab səviyyəsinə qaldırmaqdır.”
Rəqib haqda sualların əksəriyyətini köməkçisi Olaf Yansenin cavablandırmasını lazım bilən Foqts Rusiya haqda öz fikirlərini də bildirib: “Rusiya yığması həmişə güclü olub: 3 il əvvəl də, indi də. Onların AVRO-2012-dəki uğursuzluğu sadəcə təəssüf doğurur. Onların sadəcə bəxtləri gətirmədi. Rəqibimiz ilk 2 oyunda fərqli, Portuqaliya ilə matçda başqa cür çıxış etdi”.
Almaniyalı mütəxəssis yığmamızın Moskvada qol vura biləcəyini mümkün sayır: “Ötən seçmə mərhələdə Almaniya yığmasına hər 2 oyunda qol vuran yeganə komanda Azərbaycan millisi oldu. Rusiyaya niyə qol vurmayaq ki? Bəlkə də lap 2 qol vurduq. Düzdür, Portuqaliya kimi komanda onlara qol vura bilmədi. Amma futbolda komanda oyunu var. İspaniya məhz belə oyun oynayır. Portuqaliya isə daha çox Kriştianu Ronaldonun fərdi oyunu ilə seçilir”.
Foqts matçın süni örtükdə keçirilməsinin problem olmadığını düşünür: “Oyunun süni meydanda keçirilməsi problem deyil. Azərbaycanda çox belə meydança var. “Lujniki”də isə ən yaxşı süni örtük mövcuddur. Burda oynamaq çətinlik yaratmamalıdır. Moskvaya tez gəlməyimiz buranın soyuq havasına uyğunlaşmaq məqsədi daşıyır”.
Almaniyalı hər dəfə olduğu kimi yenə klublarda aparılan işdən narazılıq ifadə edib: “Futbolçuları 10 günlük toplanışla ərzində nə qədər hazırlamaq olar. Bu iş klublarda aparılmalıdır”.

Fabio Kapello: “Azərbaycan yığması hörmətə layiq komandadır”

“Sizə elə gəlir ki, Azərbaycanla oyun asan olacaq? Mən belə hesab etmirəm”. Bu sözləri isə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan millisi ilə baş tutacaq qarşılaşması ərəfəsində baş tutan mətbuat konfransına qatılıb.
Oyun barədə fikirlərini açıqlan Kapello bildirib ki, Azərbaycan yığması hörmətə layiq komandadır: “Onlar İsraillə heç-heçə etdilər ki, həmin görüşü uda da bilərdilər. Portuqaliyada 1 saatdan artıq dözdülər, yalnız son dəqiqələrdə buraxılan qollarla böyük hesabla məğlub oldu. Üstəlik, Moskvaya istirahət etmiş, bərpa olunmuş vəziyyətdə gəlib. Axı onlar oktyabrın 12-də oynamayıblar. Ona görə də ilk dəqiqələrdən matçın taleyini həll etməyə çalışmalıyıq. Yoxsa, “gec-tez vuracağıq” deyə düşünmək olmaz. Əvvəldən aqressiv davranmalıyıq”.
Kapello Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts və millimiz haqda da fikir bildirib: “Mən Foqtsu əla tanıyıram. Ona qarşı oynamışam. Azərbaycan yığması onun rəhbərliyi altında çox intizamlı komanda olub. Rəqibin hücum xəttində isə çox təhlükəli olan və fərdi bacarıqları ilə seçilən bir neçə futbolçu var”.
İtaliyalı mütəxəssis inamlı qələbə haqda düşünür: “Futbolu 2 komanda oynayır. Çox şey rəqibdən asılı olur. Bəzən rəqib sənə 1-ci nömrədən çıxış etməyə imkan vermir. Şimali İrlandiya ilə oyun yadıma düşür. Onlar ilk dəqiqələrdən öz qapılarında oturub üstünlüyü bizə verdilər. Azərbaycan böyük qüvvə ilə müdafiə olunsa, biz də eyni güclə hücum edəcəyik. Amma əgər onlar xoşbəxtliyini bizim qapımız önündə axtarsa, biz də müdafiəyə daha çox vaxt ayıracağıq. Bir sözlə, vəziyyətə uyğun hərəkət etmək lazımdır. Sonda top fərqinin həlledici ola biləcəyini unutmadan inamlı qələbə qazanmağa çalışmalıyıq”.

20:00. RUSİYA – AZƏRBAYCAN
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
Baş hakimin köməkçiləri: Marjan Kirovski, Dejan Kostadinov (hər ikisi - Makedoniya)
Moskva. “Lujniki” stadionu

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299