• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

“Moskvadan hansısa dəstək gözləmək axmaqlıqdır”

22.04.16 10:36 2555
“Moskvadan hansısa dəstək gözləmək axmaqlıqdır”
Aprel ayının əvvəlində cəbhə zonasında yaşananlar bəlkə də erməni tarixinə ən pessimist günlər kimi düşəcək. Həmin gündən erməni əhali arasında pessimizim, ruh düşkünlüyü hökm sürməkdədir. Məlum hadisələrə kimi ermənilər forpost olduqlarını fəxrlə etiraf edirdilərsə, indi artıq bu fikirdə deyillər. Artıq Ermənistandakı əksər siyasi dairələrdə, mətbuat orqanlarında antirusiya əhval-ruhiyyəsi güclənməkdədir. Erməni mətbuatına nəzər salarkən, açıq şəkildə ruslara qarşı nifrətin, kinin şahidi olmaq mümkündür. Məsələn, “Joxovurd” qəzet yazır ki, Rusiya heç də “ziyan vermə” prinsipi ilə hərəkət etmir. Qəzet bu prinsipin pozulmasında birbaşa prezident Vladimir Putini günahlandırır. “Ermənistan bu bir neçə gündə buna əmin oldu. Rusiya silahı ilə onlarla erməni əsgəri öldürüldü” - deyə qəzet yazır. Nəşrin qənaətincə, bugünkü proseslər 2011-ci ildən start götürüb. “Həmin dövrdə Azərbaycanı münaqişə ilə bağlı sənəd imzalamağa dəvət etmək əvəzinə, Rusiya ona 5 milyard dollarlıq silah satılması barədə saziş imzaladı” - deyə nəşr iddia edib.
Başqa bir nəşr “Qrparak” isə daha sərt mövqe ortaya qoyub: “Rusiya və Ermənistan tərəfdaş dövlətlər deyil və Moskvadan hansısa dəstək gözləmək axmaqlıqdır. Bundan əlavə, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) və Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatına üzvlükdən də heç nə gözləməməlidir. Müdafiə məsələləri həllini tapmayıb. İqtisadiyyat isə tam iflasa doğru hərəkət edir”. Qəzetdə dərc edilən məqalədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin ciddi tənqid olunur. Onun “Rusiya silah satışında balansı qoruyub saxlayır” fikrinin isə inandırıcı olmadığı vurğulanır. Əksinə, məqalədə iddia edilir ki, Rusiya regionda nüfuzunu qoruyub saxlamaq üçün müharibəni qızışdırır.
Başqa bir nəşr - “Aravot” isə bəyan edir ki, döyüşlərin başlamasında sonra Rusiya bir dəfə də olsun Azərbaycanı tənqid edən bəyanat səsləndirmədi. Əksinə, Kreml təmsilçiləri tərəfindən rəsmi Bakı ilə strateji tərəfdaşlıq barədə bəyanatlar verildi. Nəşrin iddiasına görə, Moskva Azərbaycana silah satışı ilə bağlı mənfəətindən imtina etməyəcək və Ermənistan da bununla razılaşmalıdır.
“Aykakan jamanak” isə daha maraqlı bir versiya səsləndirir. Nəşr iddia edir ki, “Azərbaycanın ildırım sürətli hücum planı Ermənistan üçün alçaldıcı sülh müqaviləsinin imzalanması, Azərbaycanın isə AİB-ə üzvlüyü ilə başa çatmalı idi. Rusiyanın planı bundan ibarət idi. Lakin indi Ermənistanın əlində ilk dəfə Rusiyaya qarşı ciddi arqumentlər düşüb – Ermənistan AİB-də qəbul edilən istənilən qərara qarşı çıxa bilər. Rusiyə dəfələrlə Ermənistanı satıb, onun düşməninə silah verib, planlaşdırılan hücum barədə məlumat verməyib, Minsk qrupunun həmsədri kimi sülhü təmin edə bilməyib. Bu da erməni cəmiyyətində hiddət doğurub” - deyə nəşr yazır.
“Çorrord işxanautyun” qəzeti isə diqqəti AİB-nin Yerevanda keçirilməli olan toplantısının təxirə salınmasına yönəldir. “İclasın təxirə salınması o deməkdir ki, Azərbaycan maraqları ermənilərdən üstün tutulur. İclası Ermənistanda keçirməklə AİB ölkələri dünyaya göstərməli idilər ki, onlar vahid mövqedədirlər. İclasın təxirə salınması isə birliyin nüfuzuna xələl gətirdi. Artıq heç bir ölkə onun bir hissəsi olmaq istəməz. Ermənistanın baş naziri də Moskvada keçirilən iclasa qatılmamalı idi”, - deyə nəşr vurğulayır.
Başqa bir mətbu orqan “Azq” isə Rusiyanı müdafiə edir və iddia edir ki, Ermənistandakı hərbi baza Türkiyə təhlükəsinin qarşısını almaq üçündür və Moskva işğal altındakı torpaqların qorunmasında iştirak edə bilməz. Forpost rolunu ifadə edən qəzet yazır ki, ruslardan küsmək lazım deyil. “Axı onlar bizə ucuz qiymətə qaz satır, iş yerləri yaradır, investisiya yatırır” deyə nəşr iddia edib. “168 jam” isə rusiyalı politoloq Andrey Yepifançevin fikirlərini dərc edir. Həmin ekspert açıq şəkildə bildirir ki, Rusiya ilə Ermənistan arasında saziş Rusiyanın digər ölkələrə silah satışını qadağan etmir. Azərbaycana silah satışı da Moskvanın Yerevan qarşısında götürdüyü öhdəlikləri pozmur. Politoloq qəzetə müsahibəsində bildirir ki, Ermənistan üçün vəziyyət pisləşməyə doğru gedir. Onun sözlərindən belə çıxıb k, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatları hər an başlaya bilər. Və müəllif sonda erməniləri bir növ sahiblərinə ayaq atmamağa çağırır. Qeyd edir ki, Rusiya Ermənistanın yeganə etibarlı müttəfiqidir. Ona ən ucuz qiymətə qaz və silah satır. Bəlli olduğu kimi, hərbi əməliyyatlar başladıqdan sonra rəsmi Minsk Azərbaycana dəstək nümayiş etdirmiş, bu da ermənilərin kəskin narazılığına səbəb olmuşdu. Hətta Belarusun Ermənistandakı səfirinə etiraz da bildirilmişdi. Bu fonda “İrates” qəzeti dəxli olmaya-olmaya xristian Belarusun prezidentinin İslam Əməkdaşlıq Təşkilatının samitində iştirakının başadüşülən olmadığını yazıb. Qəzet əlavə edib ki, hərbi əməliyyatlar başladıqdan sonra Ermənistana qarşı əks mövqedə olan dövlətlərin sayı artıb. Bu sırada Belarusla yanaşı, Qazaxıstanın da adı çəkilir.
“Erkir” qəzeti isə cəbhə zonasında baş verənlərə dini məna verir və iddia edir ki, Ermənistana qarşı müsəlman dünyası birləşir. Nəşr Rusiyanın “korluğundan” təəccübünü gizlətmir. Moskvanın son proseslərdə Azərbaycanı müdafiə etdiyini xüsusi vurğulayır. “Moskva anlamır ki, keçmişdəki səhvləri təkrar etməklə Ermənistanı itirmiş olur” - deyə məqalə müəllifi vurğulayıb.
Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, ermənilər arasında rusofob əhval-ruhiyyə güclənir və bunun qarşısını almaq mümkün olmayacaq. Təəssüfedici hal ondan ibarətdir ki, Rusiya mətbuatı Ermənistanda antirus əhval-ruhiyyənin artmasına reaksiya vermir. Əksinə, ermənilərin mövqeyindən çıxış edərək, onlara dəstək verən məqalə və reportajlar yayımlayır.
Azər
banner

Oxşar Xəbərlər